2018-ci il: ədəbi tənqid refleksləri
Çox
hörmətli xalq yazıçısı və tənqidçi
Elçin 27 fevral 2019-cu il tarixində AYB-nin Natəvan
zalında ədəbi tənqidə dair "Məsuliyyətimizi
nə üçün janrın boynuna atırıq?"
vurğusu altda məruzə ilə çıxış etdi. Məruzə üç məqalə şəklində
"525-ci qəzet" və "Ədəbiyyat qəzeti"ndə
(2, 8, 16 mart 2019) çap olundu və rəsmi ədəbi dairə
və instansiyaları həmişəki təki bir yel olub silkədi.
Bugünlərdə məruzə kitab şəklində
də (Bakı, "Təhsil", 2019) çıxdı.
Zira Elçinin zaman-zaman "tənqidi tənqid"
çıxışlarının başlıca önəmi
də bu: hər vaxt bizi "ol uyqudan bidar" etmədə...
Elçin bu dəfə də tənqidçiləri
ətalətdə qınayırdı və Sözə,
Ədəbiyyata münasibətdə ədalətə
çağırırdı. Zira məsuliyyətimizi
janrın boynuna atmayaq!
Əslində,
heç atmaq imkanımız da yox… Əgərçi bir az
metafizikasına dalsaq, Elçinin özünün də daim
"bidar" bu qəbil çıxışları daxil
olmaqla, belə görünür ki: bizdə "tənqiddən
şikayət" bir növ onun (janrın) yaşama və hərəkət
düsturuna çevrilmiş. Məsələn, "Tənqid.net"in
2016-2017-ci illəri əhatə edən 2018-ci ildə
çapdan çıxmış 12-ci sayından belə bir
passaj: "Belə. Onlar tənqidə yox dedi. Amma biz
vardıq: v.yusifli, c.yusifli, bir də mən... Onlar tənqidə
yox dedi. Biz bir az da çoxaldıq:
v.yusifli, c.yusifli, ə.cahangir... bir də mən. Onlar tənqidə
yox dedi. Biz yenə də vardıq: v.yusifli, c.yusifli, ə.cahangir,
b.əlibəyli, nər.cabbarlı... və mən. Onlar tənqidə
yenə yox deyir... R.kamal: "Azərbaycanda şairlər nə
qədər desən, tənqidçi istedadı isə tək-təkdir..."
v.yusifli, c.yusifli, e.akimova, nər. cabbarlı,
i.musayeva... bir də mən".
Etiraf
edim: Elçinin ədəbi tənqidimizin son 30 illik mənzərəsinə
"bir nəzər" yetirən məruzəsində (ikinci
adı belədir: "Tənqidimiz və ədəbi prosesimiz
ətrafında bir neçə söz") müəyyən
qədər kədər notları da duydum; nədən ki, nədən
biz hələ də, hələ də ədəbi-tənqidi
gəlişmədə sosrealizmin alternativini yarada bilməmişik,
deyək ki, Vissarion Belinskidən Rolan Barta
adlayammamışıq... (Məruzədən: "...bu
gün Belinski kimi yazmaq olmaz - fikri zaman faktorunun vacibliyindən,
hətta mən deyərdim ki, mütləqliyindən doğur
və bu, elə həqiqətdir ki, mübahisəyə yer
yoxdur...") Amma insafən, oxucuların diqqətinə
çatdırmağa hazırlaşdığım, haman o 30
ilin lap son - 2018-ci il ədəbi yekunlarına dair məqaləmdə
mən həmin bu kədər ovqatını heç vəch
bölüşə bilməyəcəm;
açığı, müstəqillik havasının
ağzına alıb gen-bol gətirdiyi hər növ "tənqid
refleksləri" bu fürsəti mənə vermir...
Aydındır
ki, məruzədə Elçinin tam obyektiv
"qınağı" (və kədəri!) məhz bu
"gen-bolluq" stixiyası içərisində Ön
mövqenin, ədəbi tənqidin Öncül
platformasının görünməməsi, bilinməməsi,
sərgilənməməsi səbəbinədir. Necə ki,
bir zamanlar 60-cıların estetik platforması Ön mövqedən
sosrealizmi yenirdi, 70-80-ci illərin modernist müstəviləri
hər gün bir yeni Ön mövqe nümayiş etdirirdi...
Ön mövqe narahatlığı 1990-cı illərin olduqca
nigaran "müstəqilliyə keçid" əhvali-ruhiyyəsində
də qorunub- saxlanırdı (təkcə elə Elçinin
"Ədəbi proses: olum və ya ölüm" silsiləsini
yada gətirmək bəsdir) və hətta 2000-ci illərin əvvəllərinin
təklif etdiyi kəskin mövqe savaşlarında da təslim
olmaq istəmirdi (bircə elə Elçinin "ədəbiyyatda
lümpenləşmə"yə qarşı "Vaysman xəstəliyi"
silsiləsini anmaq kifayətdir)...
Sual olunur. Bu gün kimdir öz tənqidçi imicini, "tənqid
platforması"nı məhz ədəbi
prosesin (oxu: Ədəbiyyatın!) Ön cəbhəsi,
Ön mövqeləri, Ön manifestləri, Ön tələbləri
iddiası-sevdası-həvəsi... cidd-cəhdi ilə quran, yeridən,
ardıcıl gəlişdirən?
Bəlkə
bir az bunu "Ədəbiyyat qəzeti"nin
baş tənqid yazarı Elnarə Akimova haqqında söyləmək
olar. Ötən il ərzində moderatorluğu ilə ədəbiyyatın
müxtəlif problemlərinə dair "dəyirmi
masa"ların təşkili ("Repressiya: gizlin və
gerçəkləri ilə" - 20, 27 yanvar 2018; "Azərbaycan
Cümhuriyyəti: tarixi, siyasi və ədəbi-fəlsəfi
aspektləri ilə" 17, 24 fevral 2018 və s.), diskursiv hekayə
axtarıcılığı, uğurlu nəsr və poeziya
nümunələrini ardıcıl təfsir və təhlili,
müxtəlif gündəm mövzularını
aktuallaşdırması və günün təklif etdiyi ən
müxtəlif müsabiqələrdə irəli çəkilmiş
ekspert mövqeyi... Doğrudur, bəzən
Elnarə xanımın intensiv tənqid fəaliyyətində
gündəlik qəzetçilikdən gələn bir
"peşə avtomatizmi", normativ ritual notları da yox
deyildir, amma tənqidçinin ədəbiyyatımızın
son yarım əsrlik estetik təcrübəsindən
çıxış edərək, ədəbi prosesi
ardıcıl gəlişdirmək əzmi də
danılmazdır... Bu belə.
Bir az da
bu mövqeni bəlkə tənqidçi Nərgiz
Cabbarlının "Azərbaycan" jurnalında
dürüst, səliqəli, gündəm vurğuları
yerli-yerində ədəbi müsahibələri ("Ölkədə
kitabları ən çox satılan üç
yazıçıdan biri - yazıçı Varislə",
"Azərbaycan", ¹ 9, 2018; "Çalışmaq və
irəliyə ümidlə baxmaq - akademik İsa Həbibbəyli
ilə", "Azərbaycan", ¹ 10, 2018 və s.) və
roman əndişələrində ("Müasir roman: həqiqətdən
simvolikaya", "Azərbaycan", ¹ 6, 2018) görə bilərik.
Nərgiz Cabbarlı tənqidində məxsusi fərqli
mövqe iddiasında olmasa da, son onillər ədəbi
prosesinin sorumlusu, sıra "Yeni nəsil ədəbiyyatı"
kitablarının müəllifi kimi, şəksiz ki, göz
qabağında, üzərinə düşən məsuliyyət
və borc duyğusu ilə daim Ön sıralarda səriştə
nümayiş etdirir... Bu da belə.
Tənqidçi
İradə Musayevanın bir zaman əvvəl mentor ədası
ilə bütünlükdə çağdaş ədəbiyyatımıza
dərs vermək həvavü həvəsi ötən il xeyli
səngidisə də (görünür ki, Elçinin
"525-ci" və "Ədəbiyyat qəzeti"ndə
"Söz azadlığı tənqidimizə nə
verib?" silsilə tənqidi təsir və təpkisini
göstərmiş- bax: Tənqid.net, ¹ 12, 2016/2017), tənqidçinin
"böyük ədəbiyyat" cəfakeşliyi ilə
Ön cəbhə açmaq ehtirasları, şəksiz ki, nəzərdən
qaçmadı. İradə Musayeva "böyük pərişanlıq"dan
sonrakı (yada gətirək Elçinə cavab məktubunu)
depression enerjisini, əvvəlki gücdə olmasa da, ötən
il daha çox ədəbiyyatın sosial şəbəkə
"qara sevdalıları" ilə bölüşdü,
paylaşdı...
Və bir
də Elçinin, məruzəsində əvvəldən-axıra
polemika etdiyi Əsəd Cahangirin "alilər xaki-məzəllətdə...",
ədəbiyyatda durmadan "böyük hadisələr"
araçılığını yapan başdan-başa
"polemik cığallıqlar" tənqidi... Gərək ki, vəssalam.
Bütün bu cidd-cəhdləri, tənqidçi
Elçinin özünün də janrın məsuliyyətinə
çağıran usanmaz çabaları daxil,
alqışlamalıyıq, əlbəttə. Amma bir daha, bir daha
Elçin "kədəri"nə hali olaraq ki, hazırda ədəbi
prosesdə Ön dəyər axtarışları (Belinski
mövqeyi) çox da səmərə vermir...
Yeri gəlmişkən,
bu sıradan Vaqif Yusifli tənqidinin "Belinski statusu" barədə
polemikada mən də Elçinin tərəfindəyəm ki:
tənqidçinin məhsuldar fəaliyyətində
"Belinskinin ədəbiyyat təəssübkeşliyi,
Belinski səriştəsi, Belinski zövqü və
intuisiyası dəyişməzdir" bəlkə də;
ötən il 70 yaşını bayram etmiş Vaqif Yusifli həmişə
olduğu kimi, yenə də "Belinski kimi öz ədəbiyyatına
xidmət etmək, onu qaldırmaq" səylərini qətiyyən
səngitmir (təkcə elə il ərzində "525-ci qəzet"də,
"Ədəbiyyat qəzeti"ndə, "Ədalət"də,
"Azərbaycan" və "Ulduz" jurnallarında tənqidin
gündəlik Sizif əzabını çəkməsini
göstərmək bəs edir). Amma deməzdim ki, bir zamanlar
1970-1980-ci illərdə və hətta 1990-2000-ci illərdə
olduğu təki tənqidçinin "belinskiçilik"
şövqü, ədəbi tənqiddə Ön mövqe
iddiası və israrları eynən dəyişməz
qalır; əksinə, indi prosesdə
"belinskiçilik" iştahında olanlar daha çox
onu bu "mərəz"də suçlayanlardır. Vaqif Yusifli tənqidçi ömrünün
müdrik çağlarını yaşayır və o
işləri görür, o yazıları yazır ki, ədəbiyyatımızda
ondan özgəsi, istəsə də indən belə o əlçatmaz
yerlərə gedib çatammayasıdır. Vaqif
Yusiflinin son illərdə qələmə aldığı
"Ədəbi əyalət" sırasından yazılar
və ayrıca kitabları ("Bölgələrdə ədəbi
həyat", Bakı, 2017; "Şabranda ədəbi həyat",
Bakı, 2019); məxsusən ötən il "Köhnə kişilər"
silsiləsindən Əkrəm Cəfər, Qulam Məmmədli,
İmamverdi Əbilov, Məmməd Cəfər, Qılman
İlkin, Ənvər Məmmədxanlı, Əli Səbri və
s. "uzaqlar"a işıq salan portret-oçerkləri təkrarsız
mətnlərdir. Bu ki, Vaqif Yusifli özü də indi tənqidimizdə
"köhnə kişilər"dən sayılır...
"Tənqid.net"in
12-ci sayından daha bir passaj yerinə düşür: "Belə.
Tənqiddə hər aşiqin öz
dövranı. Son sovet, milli varlığın
restavrasiyası dövrü - n.cəfərov; müstəqilliyə
keçid dövrü - t.mustafayi; əsrin əvvəlləri
qarışıqlıq dövrü - ə.cahangir; sonrakı
diletantizm dövrü - c.yusifli... Bütün
dövrlər - v.yusifli. Və Azər-turançılıq
- R.kamal və "qadın tənqidi".
Perpetium-mobile..." Bəzi həmkarlarımın
yanlış yozumlarına rəğmən, hədəfimdə
zəmanənin sürəkli dəyişkənliyidir.
Belə ki, Belinski statusunda, ya Rolan Bart tərzində tənqidin
ədəbi prosesdə klassik yeri, funksiyası: seçmə-ayırma,
mühakimə yolu ilə ədəbi faktları, hadisələri,
əsərləri, ümumən ədəbiyyatı dəyərləndirmə
missiyası dəyişmir; intəhası həssas olarsaq,
müstəqilliyimizin otuz ili ərzində
ədəbi prosesin özünün strukturu, necə deyərlər,
poetikası dəyişmiş. Ədəbiyyatda, ədəbi
prosesdə olduğu kimi, tənqiddə də Öndən Mərkəzə
doğru bir sürüşmə baş vermiş; ədəbi
tənqid missiyasını Ön dəyər
axtarıcılığından (haradasa oralarda,
"olmadığımız yerlər"də) daha çox
Mətnin (Ədəbiyyatın) dərinliklərinə -
"sirr axtarıcılığı"na
yönəltmiş...
***
Biz də (yerimizi) dəyişək. Ötən ilin "ədəbi
proses və tənqid" müstəvisini ən çox
işğal edən imzalardan Kamal Abdullanın, Nizami Cəfərovun,
Cavanşir Yusiflinin, Rüstəm Kamalın, Məti
Osmanoğlunun, Azər Turanın baxış bucaqlarını
sürəkli gördük, izlədik, ədəbiyyatımıza
təsir imkanlarının şahidi olduq...
Bir
zamanlar Asif Əfəndiyev tənqidinin küncə
sıxışdırıldığından bəri bizdə
esselər sanki əlahiddə, ədəbi-tənqidi prosesə
"əlavə", "haşiyə" olaraq
alt-yaddaşa ötürülmüşdü; amma Kamal
Abdullanın otuz il ərzində, habelə 2018-də bir daha
intensivləşmiş "Əvvəl-axır
yazılanlar"ının, bir anlıq düşünsək,
ədəbiyyatımıza baxış tərzi və oxucu
zövqünü nə qədər dəyişdiyinin fərqindəyikmi?!
Qərb dəyərlərinə mükəmməl bələd
olan ədib, amma "tənqid məxrəci"ni XVIII əsrdən, şərqli Hacı Mir Həsən
Ağanın "sirrlər kitabı"ndan quraraq, ədəbiyyatımızı
uğurla modern üfüqlərə daşımaqda... "Hacı Mir Həsən ağa Səyyah. Sirlərin sərgüzəşti. Hicri 1056. V risalə.
Payız fəsli... Bu yazı tərzi Hacı
Mir Həsən ağaya xas cəhətdir. Digər əsərlərində də o, bu tərzdən
yer-yer istifadə edib. Müəllif, sanki
müxtəlif dəyişmələr vasitəsilə mahiyyəti
daha dərindən görmək istəyir və beyninin
bütün qırışlarını işə salır.
Amma nəyə nail olur - bilinmir. Mahiyyət yenə də və
əbədiyyən dəyişməz qalır..."
("Ədəbiyyat qəzeti", 8 mart 2019-cu il)
Nizami Cəfərov
çox yazır, çox şeydən yazır; dildən,
dindən, türkologiyadan, milli şüurdan, aristokratiyadan,
etnoqrafiyadan, o cümlədən yeri düşdükcə
günün ədəbiyyatından; ötən il akademikin həm
də əzəlki illər tənqidini ehtiva edən
"Ədəbiyyat söhbətləri" (Bakı, "Elm
və təhsil", 2018) çap olundu. Nizami Cəfərovun
tənqidinin "məxrəc"i ədəbiyyatın
içində(n) deyil ki, daha geniş məcrada türk, islam,
Şərq, Qərb dəyərlərini həzm etmiş,
özündə qapsamış milli mədəniyyətin,
ideologiyanın, Azərbaycançılıq məfkurəsinin
bətnində(n) qurulmuş, otuz ildir usanmadan, habelə ötən
ilin yazılarında ədəbiyyatı da bu çətir
altına daşıyır, geniş oxucu auditoriyalarının
malı edir. "... yox, tamamilə başqa Tanrı - Türk
Tanrısıdır ki, onun ən azı I minilliyin
ortalarından (ən çoxu isə e. ə. III minillikdən)
gələn konkret etnoqrafik tarixi var. Və bununla belə,
türklərin dünyanın müxtəlif dinlərinə
(və İnsanın Tanrı axtarışlarına)
ehtiramının təzahürüdür ki, həm Azərbaycan
dilində, həm də Azərbaycan poeziyasının dilində
Tanrı tək deyil, Tanrı-Təla var, Allah var, İlahi var,
Haqq var, Xuda var, Pərvərdigar var, Yaradan var... Yaradana etiqad
var, yaradılana hörmət var..." ("Şairin
Tanrı sevdaları" məqaləsindən, "Ədəbiyyat
qəzeti", 28 aprel 2018)
Cavanşir
Yusiflinin ötən il 60 yaşı tamam
oldu; "Ədəbiyyat qəzeti"ndə Elnarə
Akimovanın layiqi yubiley yazısından bir passajı sitat gətirmək
istəyirəm: "90-cı illərin dəyişən tarix
və zaman keçidində dəyərlərin
qorunmasında, ədəbi tənqidin formalaşmasında,
onun yeni düşüncə vüsəti ilə dolğunluq
qazanmasında Cavanşir Yusiflinin xidməti
böyükdür. O zaman sovet xərabələri altından
dikələn yeni dövr tənqidi üçün bu təhlillər
qeyri-standart, klişelərdən arınmış səciyyə
kəsb edirdi. Günün tənqidi içindən
baxanda onlar qəribə, özgə və yad idi, amma bu
çağımızdan baxanda aktuallığı və
orijinallığı göz önündədir. Avropa
elmi-nəzəri düşüncəsinin hərəkət
trayektoriyasının, estetik müəyyənliyinin yeni
dövr tənqidimizin idrak və təhlil müstəvisinə
gətirilməsində Cavanşir Yusifli mətnləri
miqyaslı missiya daşıyıcısıdır..."
("Ədəbiyyat qəzeti", 29 sentyabr 2018) Belə ki,
hazırda Cavanşir Yusifli ədəbiyyata xidmət və tənqidçi
ömrünün zirvəsini yaşayır; ötən il təkcə elə "Ədəbiyyat qəzeti"nin
az qala hər sayında yazıları getmiş. Məxsusən, "Formanın müqəddəs
sirri" nəzəri-tənqidi silsiləsi, əslində, elə
tənqidçinin digər yazılarını da içinə
alır. Yazılarında "tənqid məxrəci"ni
Cavanşir Yusifli oxucuya özü, aşkar təklif edir; bu, hər
bir mətnin içində gizlənən hər hansı nəzəri
başlanğıcdır, həmin mətnyaradıcı
"nəzəriyyə nöqtəsi"ndən predmeti
"sökə-sökə" tənqidçi bacardıqca
oxucuya, oxucu içinə açılmağa yönəlir;
zira nəzəriyyəsiz oxucu ilə təmas qayətdə
bietibar olar. Cavanşir Yusiflinin söykəndiyi,
şəksiz, modern Qərb nəzəri fikridir, amma
ustalıqla həmin arsenalı milli ədəbiyyatın təhlili
metodologiyasına çevirə bilir. Bu baxımdan ədəbiyyat
tariximizdə Qasım bəy Zakirin yerinə işıq salan
"Formanın müqəddəs sirri: ayrılan yollar"
("Ədəbiyyat qəzeti", 15 dekabr 2018), yaxud Məmməd
Araz şeirinin poetikasını açan "Şeirdə
şahmat oyunu"
("Ədəbiyyat qəzeti", 13 oktyabr 2018) məqalələri,
mənimcə, tənqid klassikamıza yozulası
yazılardır. C.Yusifli haqlıdır: "Kəskin
çevrilmə anında ədəbiyyatın
"özünüqoruma refleksi" işə
düşür. Çevrilmə anında
yaddaş itmir, əksinə, daha dərinləri fəhm etmək
naminə mötərizə arasına alınır,
dövrün, zəmanənin aparıcı ideyasını,
daxili refleksiyasını fərqli biçimlərdə ifadə
edir. Bu istiqamətin tam şəkildə
aparıcılığını təmin etmək
üçün qopub ayrıldığı ənənəyə
münasibətdə "düşmənçilik işarəsi"
boy atıb cücərir..."
Tənqidçi qələmini XX yüzilin modern nəzəriyyələrinə
kökləyən imza sahiblərindən biri də Məti
Osmanoğludur.
2018-də Məti Osmanoğlunun da 60 yaşı tamam oldu və
ədəbiyyatşünas-tənqidçi yubiley
yaşını çox gözəl, gərəkli kitablarla
- Platondan Yaşar Qarayevəcən seçmə mətnlər
çevirdiyi və təqdim etdiyi "Ədəbiyyat nəzəriyyəsi.
Müntəxabat" (Bakı, "Kitab klubu", 2018), "ədəbi
fraqmentlər"dən ibarət "Sözün o
üzündə" məqalələr toplusu (Bakı,
"Kitab klubu", 2018) və lap bugünlərdə
çıxmış S.Vurğun, Y.Səmədoğlu və
V.Səmədoğluya həsr olunmuş "Ocaq yeri"
kitabları ilə qutladı. Nəzəriyyə
kitabları barəsində xoş sözləri mütəxəssislərə
tapşırıb, deməliyəm ki, həmin platformalar tənqidçiyə
ilk növbədə günün ədəbiyyatına
gözlənilməz baxış bucaqları gətirmək
şansı vermişdir. Bunu Məti Osmanoğlunun il boyu "Ədəbiyyat qəzeti"ndə
dərc olunan tənqid məqalələrində ("An və
əbədiyyət", "Sözün zamanla dialoqu: deyilənlər
və deyilməyənlər", "Ölüm xoşbəxtlikdirmi?"
və s.) görürük; məxsusən də Mixail Baxtin nəzəriyyəsi
ilə silahlanıb "Komsomol poeması"nı
çağdaş oxucu üçün yenidən-kəşfi
("Təhkiyə, müəllif və oxucu" // "Ocaq
yeri", Bakı, 2019, s.3-38) buna bariz nümunə ola bilər.
Bizim
bugün nəzəriyyə sahəsində effektiv
çalışan Qorxmaz Quliyev, Asif Hacılı, Ülviyyə
Rəhimova kimi ədəbiyyatşünaslarımız var, Qərb
nəzəriyyələrini ədəbi prosesin ixtiyarına
verən çalışmaları ədəbi tənqid
haqqında xətti təsəvvürləri də (ədəbiyyatşünalığın
üç ölçüsü və üç tərkib
hissəsi) alt-üst etməyə kömək edir. Ötən
il Qorxmaz Quliyevin "Ədəbi cərəyanlar
və istiqamətlər" (Bakı, AU, 2018) və Asif
Hacılının "XX əsr ədəbi
düşüncələr tarixi (xatirələr, manifestlər,
konsepsiyalar)" (Bakı, AU, 2018) kitabları bu zəmini daha
da möhkəmlətdi; bu məqamı da buraxaq nəzəriyyəçilərin
ixtiyarına. Bununla yanaşı, önəmlidir ki, Qorxmaz
Quliyev son illərdə nəzəriyyə arsenalından
passajları milli ədəbiyyat üzərinə
düşüncələrlə geniş feysbuk şəbəkəsinə
gətirir, müntəzəm paylaşır və modern ədəbi
təsəvvürlərin demokratikləşməsinə
böyük təkan verir...
Elçinin
"Tənqidimiz və ədəbi prosesimiz ətrafında
bir neçə söz"ündə ədəbi tənqiddən
umduğu daha bir iş klassik irsin (o
sıradan sovet dövrü əsərlərinin) varislər tərəfindən
yenidən yozumu və günün ədəbi prosesinin
mühakiməsinə verilməsidir. Hər bir tənqidçinin
çalışmalarında az və ya
çox qədər mövcud bu məqam məxsusən
Rüstəm Kamal tənqidinin "məxrəci"ni təşkil
edir. Tənqidçi bir müddət əvvəl
"Güzgü günü" kitabına (Bakı,
"Çaşıoğlu", 2017) topladığı esse
yaradıcılığını 2018-ci ildə də davam
etdirir; əsasən "Ədəbiyyat qəzeti"ndə
ardıcıl dərc olunan: "Əbdürrəhim bəyin
qəstinləri", "Bağlarımızın
poeziyası, poeziyamızın bağları", "Mir Cəfərin
qara maşını", "Mirzə Cəlilin
tanatoqrafiyası", "Əbdürrəhim bəy və
pasport", "Oyunçu", "Şeytanbazar:
itirilmiş yaddaş yeri", "Alo, Müşfiq",
"Xoşbəxtlər" və s. yazılarında
Ə.Haqverdiyev, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə,
A.Şaiq, M.Müşfiq, S.Vurğun, S.Rüstəm,
M.Hüseyn, S.Rəhman, R.Rza, X.R.Ulutürk, V.Səmədoğlu,
Elçin kimi klassiklərin irsini bir böyük Mətnin -
milli ədəbiyyatın məhz bugünə açılan
mənzərələri kimi oxumağa çalışır
və bu zaman yazıçı şəxsiyyəti,
bioqrafiyası, yanaşma və üslubunun izləri Rüstəm
Kamalın iti və səhih müşahidələrindən mətnin
(və böyük Mətnin) görünməmiş tərəfləri
və effektlərini üzə çıxarır. Tənqidin
"Belinski ölçüləri"ndən yorulub
"Rolan Bart tərzi" axtaranların nəzərinə məgər
Rüstəm Kamal cidd-cəhdləri misal ola
bilməzmi?!
***
Gəlirik
ədəbi proses və tənqidimizdə Azər Turan faktoru və
onun "Ədəbiyyat qəzeti" üzərinə.
Günün ədəbiyyat mənzərəsində Tənqidin
sözünü deməyə cəhd edən ədəbi
proses subyektləri çoxdur, amma bu məramda-mənzilədə,
şəksiz ki, "Ədəbiyyat qəzeti"nin tayı-bərabəri yoxdur. Az
əvvəl qeyd etdiyim kimi, hazırda ədəbi həyatımızda
gəlişməni düzxətli (Ön - Mərkəz -
periferiya) təsəvvür etmək olmur; ədəbi proses
ayrı-ayrı dairələrə, çevrələrə
bölünmüş, çox-köklü, çox-mərkəzli
olmaqla, hər birisi də günün ədəbiyyatını
təmsil etmək iddiasındadır... "Tənqid.net"in
2018-ci ildə çıxmış 12-ci sayında ədəbi-tənqidi
prosesi cəmiyyət(d)ə yeridən "mərkəzləri"
akademik ölçülər səviyyəsindən
tanıtmağa cəhd etdik: "AYB və ədəbi
525", "Yaradıcılıq Fondu və Simsim.az",
"AYB və Ədəbiyyat qəzeti", "Kulis.az",
"Kaspi və artkaspi.az" və s. Bu instansiyaların hər
birisi günün ədəbiyyatını fərqli oxuyur və
dəyərləndirir. Məsələn, "525-ci qəzet"də
ədəbiyyata və AYB-yə sədaqət əsas
ölçü vahididir; təbii, burda otuz ilin ədəbiyyat
stixiyasını izləyən, saf-çürük edən,
nəzarətə götürə bilən Rəşad Məcid
kimi AYB katibinin dəst-xətti görünür... Simsim.az-da ədəbi
tənqid bölməsinə heç ayrıca yer
ayrılmamışdır; amma Kamal Abdullanın, Qismətin, Rəşad
İlyasovun, Mehman Qaraxanoğlunun və digərlərinin tənqid-mətnləri
ümumən modern fon yaradır və ədəbi prosesi də
məhz bu kontekstdə qəbul və həzm edir... Kulis.az
başdan-başa ədəbiyyat stixiyası içərisindədir;
və tənqid refleksiyası da pozitivi-neqativi ilə, həmin
stixiyanı qəti cilovlamadan, görükdürməyə
yönəlmiş... Artkaspi.az-da tənqidi
prosesi intensivləşdirən maraqlı layihələr,
müsahibələr yer alır; məxsusən Fərid
Hüseynin "Sevdiyim əsər" layihəsi əksərən
klassik mətnlərin yenidən oxunuşuna, gündəmə
gəlməsinə səbəb olur.
"Ulduz"
jurnalının bircə ədəbi tənqid layihəsi var;
amma ki, uğurludur, il boyu peşəkar tənqidçilər,
ədəbiyyatşünaslar, yazıçılar jurnalın
əvvəlki sayının materiallarını tənqidi
süzgəcdən keçirir, "yaxşı nədir, pis
nədir" qaydasında prosesə qatır. 2018-ci ildə
"Ulduz"un lokal ədəbi prosesi elə buradaca,
tanınmışlar: Nizami Tağısoy, Natiq Məmmədli,
Vaqif Yusifli, Pərvin, Rahid Ulusel, Nərgiz Cabbarlı, Şəfa
Vəli, Abid Tahirli, Rüstəm Kamal, Ələmdar
Cabarlı, Buludxan Xəlilov, Məti Osmanoğlu tərəfindən
izlənmiş, birmənalı olaraq bəyənilmişdir.
Jurnalda ardıcıl yer tutan daha bir layihə -
"Özüylə söhbəti və yazısı
(şeirləri, hekayəsi)" müxtəlif imzaları mətnlərində(n)
tanıtmaqla yanaşı, ədəbiyyatı və "ədəbiyyatda
özü"nü dəyərləndirmə notları da
daşıyır, fərqli baxışlara diqqət cəlb
edir...
"Azərbaycan"
jurnalında ədəbi tənqidin mövqeyi həmişə
dar olub, ədəbiyyatşünaslıqdan sonra gəlir; Vaqif
Yusiflinin ardıcıl tənqid və Qəşəm Nəcəfzadənin
poeziya yazıları, Südabə Ağabalayevanın
ara-sıra ədəbi esseləri də bütövlükdə
jurnalın kifayət qədər zəngin 2018-ci il "tənqid
materialları"nı ədəbiyyatşünaslığın
kölgəsindən çıxara bilmədi. Neçə il əvvəl Əsəd Cahangirin müavin
statusunda jurnala gətirdiyi polemik əhval-ruhiyyəni hesaba
almasaq, "Azərbaycan" sanki daima sakit-salim, kənarda, məhz
"öz ədəbi prosesi"nə üstünlük verir...
Habelə,
bu və ya digər məqamlarda "Ustad" və "Sənət.az",
"Axar.az", "Avanqard.net", "Yazı",
"Manera.az", "Modern.az" və s. kimi dərgi və
saytların ədəbi-tənqidi prosesə düz və
çarpaz qatılmalarını da xatırlatmaq olar. Amma
bütün bunlarla belə, "Ədəbiyyat qəzeti"nə
qayıdaq; günün ədəbiyyatını
bütövlükdə oxumağa çalışan və
bizim də oxuduğumuz baş "ədəbi proses
kitabı", təkrar edirəm: şəksiz ki, "Ədəbiyyat
qəzeti"dir. Qətiyyətlə demək olar, bugün
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
akademik ədəbiyyatşünaslıq pilləsində
gördüyü işin müqabilini "Ədəbiyyat qəzeti"
ədəbi-tənqidi proses səviyyəsində həyata
keçirir...
"Fb
düşüncələrim"dən daha bir sitat: "Belə.
Azər-turançılıq... Anar-izm hərəkatı,
Ayo-çuluqdan sonra ədəbi prosesdə gəlib-gəlişən
növbəti ciddi dalğa..." (Tənqid.net, 12, 2016/2017) Bəzən yanlış yozulan həmin mülahizədə
son otuz ilin ədəbi-tənqidi prosesində köklü
fikir və mövqe gəlişmələrini qeydə
almışam. Azər Turan günün ədəbiyyatında
missiya daşıyıcılığını öhdəsinə
götürmüş şəxsdir; bunu onun bir zaman əvvəl
çapdan çıxmış kitabı da göstərmişdi: "XX əsr
- Fəryadın metafizikası" (Bakı, "Elm və təhsil",
2017). Azər Turan tənqidinin "məxrəc"i hələ
110 il öncədən, Əlibəy
Hüseynzadənin mədəni turançılıq hərəkatından
gəlir; esselərində tənqidçi böyük mütəfəkkirin
gördüyü və görmək istədiyi modern gəlişmələri
çağdaş Azərbaycan üfüqlərində
arayır, təsbit edir, göstərir. Eyni zamanda, təqribən
iyirmi il əvvəl "Yeni Azərbaycan" qəzetində
başlatdığı həmin istiqaməti baş mühərriri
olduğu "Ədəbiyyat qəzeti"ndə hərəkata
çevirməyə cəhd edir... Bütünlükdə Qərb
parametrləri ilə, Azərbaycan miqyasında, bu bir modernizm hərəkatıdır
və heç də paralel, çarpaz, ya alternativ digər
mövqeləri inkar etmir... Şəxsən mənimcə,
bütün ifratlarına baxmayaraq AYO-nun əsrin əvvəllərində
irəliyə doğru qəfil sıçrayışlı
post-modern manifestasiyaları yanında bu dalğa geriyə-çəkilmədir...
Amma belə görünür ki, zəruri addımdır...
Neyləyəcəyiz?; olanı söyləyəcəyiz, əlbəttə.
Hardadır bugün AYO-nun simasında
"geriçi dünya"da irəliyə tələsən
geniş solçu mövqe və ideyalar?
"Alatoran"ın 18 sayı və beş
o qədər də "Alatoran yayınları"... - bir
zamanlar "yox" yerdən böyük rezonans qoparıb, "azad
yazarlar" platforması yaradanlar yeraltı (andeqraund) küncə
sığınıb bugün bir kərə yüksəltdikləri
bayrağın hesabını və hesabatını
çözməyə məşğul... Az qala otuz il öncə
Azad Yaşarın və Rasim Qaracanın bir əyalət şəhərində
başlatdığı "sərbəst düşüncə
estetikası" bir az Həmid Herisçidə, Murad Köhnəqalada
bulaşıb, bir az Şərif Ağayarda, Qan Turalıda,
Mirmehdi Ağaoğlu və s.-ində dolaşıb, Zahir
Əzəmətin Kult.az-ında, Qan Turalının Kulis-ində,
Qismətin Simsim.az-ında müəyyən kanonlaşma cəhdi
edib, hazırda heç cür təmərküz nöqtəsi
tapa bilmir, daha da çox "sərbəst düşüncələr
ölkəsi" - sosial şəbəkələrdə adiləşir,
kütləviləşir, utilitarlaşır... Bəlkə
bircə Nərmin Kamalın Azərbaycan - dünya arası gəzişən
iki-Dilli yazılarında o Sərbəstliyi hələ yenə
də görə bilirik... Bu əsnada Rasim Qaracanın ötən
il işıq üzü görmüş "Zülmətdə
bir Alatoran" avtobioqrafik romanı (Bakı, "Alatoran",
2018), Seymur Baycanın "Mənim mübarizəm"
publisist kitablar silsiləsi və Azad Qaradərəlinin
"Renessans həsrəti" sırasından ikinci kitabı
(Bakı, "Alatoran", 2018) böyük maraq kəsb edir; ən
müxtəlif epizod, hadisə, esselər və
"yazıçı tənqidi"ndə ədəbi proses
gerçəkləri ilə üz-üzə gələn
ideya mücahidlərinin barışmaz obrazı
özlüyündə həm də bir xiffət
notlarını qapsayır...
***
Azər
Turan "Ədəbiyyat qəzeti"ndə
başlatdığı (davam bulduğu) estetik hərəkatı,
hər hansı sərbəstlikdən yox, toplumun harda(n)sa sıxılmış modern
yaddaşından qurdu. Əslində, belə demək olar:
bugün "Ədəbiyyat qəzeti" 60-cılar hərəkatından
start götürən modern estetikasını bütün
genişliyi ilə sərgiləməyə, bu zəmində
milli ədəbiyyatın fakt və gerçəklərini
dünya ədəbi prosesinin ötüb-keçmiş
kontekstinə yerləşdirməyə məşğuldur;
qapalı mühitin uzun sürən, hər növ mənasız,
xırdaçı təzyiq və qadağalarından ən nəhayət
qurtulub, modern yanaşmalar qəzetin səhifələrində,
necə deyərlər, məlum "yetmiş il"in
acığına müstəqilliyin dadını
çıxarır...
Milli ədəbiyyatda
modernin total qələbəsinə nail olmaq üçün
Azər Turan yüngülünə-ağırına
baxmayıb, bir çox layihələrə eyni zamanda meydan vermiş.
Bir yandan, kütləvi janrda maarifləndirici yazılar il ərzində
dünya modernizm ədəbiyyatı klassiklərini yada
salırsa (bu istiqamətdə: Murad Köhnəqala, Kənan
Hacı, Əyyub Qiyas, Azər Qismət, Xuraman Hüseynzadə,
Günel Eyvazlı, Mirmehdi Ağaoğlu, Mətləb Ağa, Sərdar Amin, Bəsirə Əzizəli,
Nərmin Cahangirova, Günay Rzalı və s. imzaların prosesə
aktiv cəlb olunduğunu görürük), eyni zamanda qəzet
modern sənət kontekstini də gözləməyə
çalışır (Azər Turanın sənət esseləri,
İlham Rəhimlinin teatr tarixi, Niyazi Mehdinin fəlsəfə,
Ziyadxan Əliyevin rəssamlıq, Əlisəfdər
Hüseynovun kino sahəsində ardıcıl yazıları,
Sevda Sultanovanın "Ekranlaşdırılmış bədii
əsərlər", Samirə Əşrəfin
"Dördüncü divar" layihələri və s.); bu
növ işlər daha da professional səviyyədə bizdə
hələ 1970-ci illərin "Qobustan"ında(n)
başlamışdır. Həmin zəmində bəs
çağdaş ədəbiyyatımız necə
görünür: Hədiyyə Şəfaqətin
"Əsərini danışdır" layihəsində,
Nuranə Nurun çağdaş ədiblərlə
ardıcıl yaradıcılıq söhbətlərində,
Samirə Əşrəfin "Kürsü"sündə
müsahibələr yolu ilə son illər ədəbiyyatına
nəzər salınır və "Ədəbiyyat qəzeti"nin
səyi ilə müstəqillik illərinin şair və
yazıçıları danışır,
çağdaş ədəbiyyatımızı, öz ədəbi
mövqeyini təqdim edir, dəyərləndirirlər
(Əlabbas, Seyran Səxavət, Məmməd Oruc, Orxan Aras,
Əlizadə Nuri, Salam, Qurban Yaquboğlu, Qulu Ağsəs, Qəşəm
Nəcəfzadə, Fəxri Uğurlu, Həmid Piriyev və
b.-ları)
Günün
ədəbiyyatını başqa necə necə dəyərləndirmək
olar ki; 2018-ci il ərzində Anarın, Elçinin, Kamal
Abdullanın, Mövlud Süleymanlının, Musa Yaqubun, Vaqif
Səmədoğlunun, Nəriman Həsənzadənin,
Nüsrət Kəsəmənlinin, Çingiz
Əlioğlunun, Çingiz Abdullayevin, Vaqif Nəsib
Sarıoğlunun, Vaqif Bayatlı Odərin, Əjdər Olun, Səfər
Alışarlının, Əlabbasın, Ramiz
Qusarçaylının, Ağacəfər Həsənlinin,
Avdı Qoşqarın, Dəyanət Osmanlının, Zahid
Sarıtorpağın, Kamran Nəzirlinin, Meyxoş Abdullayevin,
Orxan Fkrətoğlunun, Natəvan Dəmirçioğlunun və
b. yazıçı və şairlərin
yaradıcılığı, yaradıcılıq portreti, əsərləri
ən müxtəlif ədəbi tənqid janrlarında
"Ədəbiyyat qəzeti"nin təhlil süzgəcindən
keçir, görünür, şərh olunur.
Anarın
80 illiyinə (10 mart 2018), Elçinin 75 illiyinə (5 may 2018) həsr
olunmuş qəzetin "Xüsusi
buraxılış"ları çağdaş ədəbiyyatımızın
iki aparıcı sənətkarının
yaradıcılıq portretinə, ümumiləşmiş
şəkildə "60-cılar" ədəbiyyatına
geniş baxış və çoxtərəfli dəyərləndirmə
aktı olmaqla yanaşı, çağdaş ədəbi tənqidimizin
də gücünü, səriştəsini, səviyyəsini
ortaya qoydu. Eyni sözü qəzetin AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 illiyinə
(9 noyabr 2018) və İnstitutda sürəklil davam edən
"ədəbi proses hərəkatı"nın son beş
ilinə (2 iyun 2018) həsr olunmuş "Xüsusi
buraxılış"lar barəsində də söyləmək
olar...
Yazıçı
sözünə qəzetdə böyük dəyər verilir
və bu özünü "yazıçı tənqidi"nin daha da intişarında göstərir.
Ölkənin baş yazarı Anarın, yazıçı
Elçinin, şair-publisist Sabir Rüstəmxanlının,
şair Məmməd İsmayılın il boyu doğma qəzetdə
məqalələr dərc etdirməsi, AYB-nin katibi İlqar Fəhminin
ardıcıl yer alan publisist traktatları (məsələn,
"Şərq arxetipləri kitabından" - 13 yanvar; 3, 17,
31 mart; 21 iyul 2018; "Qızılbaş mistikası, Səfəvi
metafizikası kitabından" - 17 fevral 2018; "Fəna -
"mən"sizlik": incəsənət və ədəbiyyat
müstəvisində", 7 iyul 2018; "Milli ənənələr,
kütləvi mərasimlər. Dünəndən
bu günə və bu gündən sabaha atılan
körpü" silsiləsi, 27 oktyabr, 3 noyabr 2018) ruhunu
qaldırmaqla yanaşı, modern Qərb dəyərlərini
"çırtlayan" qəzetin milli-türk-Şərq -
Azərbaycan kontekstini daha da gücləndirir. Anarın
"Türkçülüyün banisi" (3 mart 2018),
"Dilimizi yaşadanlar" (31 mart 2018), "Koroğlu -
Goroğlu" (14 aprel 2018), "Özbəkistan
görüşləri" (18 avqust 2018), "Tahir Salahovla
söhbət" (8 dekabr 2018); Elçinin "Koroğlu
ölməzliyi" (8 sentyabr 2018), "Maarifçiliyin
klassiki Henri Fildinq haqqında bir neçə söz" (1
dekabr 2018), Məmməd İsmayılın "Qürbətin
bircə adı var, o da qürbətdir" (31 mart 2018),
"Yatağını dəyişən çay kimisə həyatın"
(28 aprel, 2018), Sabir Rüstəmxanlının
"Tanıdığımız və
tanımadığımız Dağıstan" (13 oktyabr
2018), "Sabir Əhmədlinin evi" (15 dekabr 2018) və s. məqalələr
bu qəbildəndir...
"Ədəbiyyat qəzeti"ndə "ədəbiyyatşünas
tənqidi" ənənəvi olaraq geniş yer tutur, ədəbi-tənqidi
prosesin professional qatını gücləndirir. 2018-ci ildə akademik İsa
Həbibbəylinin, akademik Muxtar Kazımoğlunun, professor
Nizaməddin Şəmsizadənin qəzetdə mütəmadi
çıxışları milli epos, folklor, ədəbiyyat
tarixi mətnlərini müasir elmi təfəkkürün fərqli
zirvə məqamlarından görməyə imkan verdiyi kimi,
çağdaş ədəbi proses materiallarını da həmin
elmi müstəvilərin tələbkar kontekstində dərk
etməyə stimul yaradır. İl ərzində qəzetdə
adı çəkilən tənqidçi və ədəbiyyatşünaslardan
başqa, habelə Təhsin Mütəllimov, Qəzənfər
Paşayev, Şirindil Alışanlı, Məmməd
Əliyev, Bədirxan Əhmədli, Hüseyn Həşimli,
İslam Qəribli, Asif Rüstəmli, Rahid Ulusel, Abid Tahirli,
Nizami Tağısoy, Baba Babayev, Rafiq Yusifoğlu, Himalay
Qasımov, Təyyar Salamoğlu, Əlizadə Əsgərli,
Tofiq Məlikli, Mahirə Quliyeva, Tahirə Məmməd, Səadət
Şıxiyeva, Pərvanə Məmmədli, Salidə Şərifova,
Mərziyyə Nəcəfova, Səyyad Aran, İsmixan
Osmanlı, Safurə Quliyeva, Sərxan Xavəri, Mətanət
Vahid və b.-ları çağdaş ədəbiyyatın
hadisələri, faktlarına dair çoxsaylı məqalələr
dərc etdirmiş, ölkənin "ədəbiyyat
gücü"nü nümayiş etdirmişlər. XX əsr
ədəbiyyatının Mir Cəlal, Rəsul Rza, Nigar Rəfibəyli,
Əlağa Kürçaylı, Mirzağa Quluzadə,
Çingiz Aytmatov, Qabil, Samət Əlizadə, Nahid Hacızadə,
Teymur Bünyadov, Teymur Əhmədov, Ağalar Mirzə, Xaliq
Koroğlu, Arif Əmrahoğlu, Əşrəf Veysəlli, Məmməd
Kazım, Yusif Həsənbəy və b. simaları
haqqında yazılar prosesdə milli ədəbiyyatın ənənə
ruhunu hiss etməyə kömək etmişdir.
Belə bir incə müşahidəmi də
bölüşmək istərdim. "Ədəbiyyat qəzeti"nin
baş yazarı Azər Turanın və baş tənqid
yazarı Elnarə Akimovanın uğurlu fəaliyyət tandemi
qəzetin can atdığı geniş ideya üfüqlərini
və eyni zamanda praktik proses gerçəklərini üzvi
birləşdirməyə imkan verir.
Azər Turan tənqidinin modern ehtiraslar "məxrəci"ndə
köklənən esseistik tembrinə bir diqqət edək:
"Azərbaycanın gücü" (31 mart 2018), "Və
yazarsan adını rəsmin bir köşəsinə"
(Jak Preverin bir şeirindən qanadlanan azadlıq essesi - 7 aprel
2018), "Sonuncu Yeni - Şəhriyar del
Gerani" (28 aprel 2018), "Caz, sadəcə, musiqi
deyildir..." (23 iyun 2018), "Dünyanın Cavad mifi - Azərbaycan
modernizmi" (21 iyul 2018), "Ayrılıqların sürreal
mənzərəsi" (Ümid Nəccari haqqında esse, 11
avqust 2018), "Ədəbiyyatdan Vətən yaradanlar (Özbəkistan
qeydləri)" (24 noyabr 2018)...
Eyni zamanda həmincə saylarda Elnarə Akimovanın
analitik "məxrəc"də "Hekayə diskurs
kimi" layihəsinə həssas olsaq: "Hekayə diskurs
kimi: "Dəli Bəybala" (31 mart 2018), "Hekayə
diskurs kimi: "Dəccal" (7 aprel 2018), "Hekayə diskurs
kimi: "Qan azlığı, yaxud ölən
uşağın xatirələri" (28 aprel 2018), "Hekayə
diskurs kimi: Vaqif Nəsib - "Səbri səbri" (23 iyun
2018), "Hekayə diskurs kimi: Şərif Ağayar - "Cəfər
əmimin yolları" (21 iyul 2018), "Hekayə diskurs kimi:
İlqar Fəhmi -"Qardaş qanı" (11 avqust 2018),
"Yaşar Bünyadın hekayələri diskurs kimi" (24
noyabr 2018)... - əksinə, ədəbiyyatın təqdim
etdiyi prozaik mənzərələrin şahidi olarıq.
Maraqlı burasıdır ki, göylə yerin, romantik nisgillə
realist praqmatikanın, analitika ilə esseistikanın
yanaşılığı, bəhsləşməsi, gizli və
aşkar savaşı, həm Azər Turan - Elnarə Akimova
dialoqunda, həm də qəzetin ümumi yaradıcılıq
fonunda il boyu davam edərək, özünəxas bir dekadans
mühitinə açılır...
Azər Turan redaktor kimi yeni fikrə, gözlənilməz
rakurslara, təzə yanaşmalara açıq birisidir. Çəkinmədən ədəbi
gəncliyə meydan verir; ötən il də
yazılarını oxuduğumuz Sərdar Amin, Günel
Eyvazlı, Cahanxanım Seyidzadə, Xatirə Nurgül,
Günay Rzalı, Pərviz Seyidli, Təvəkgül Baysunar
imzalarının ədəbi-tənqidi publisistikada ayaq
açıb yeriməsi məhz "Ədəbiyyat qəzeti"ndən
başlanır. Qəzetdə Ülvi Babasoy, Narqis, Nicat Həşimzadə,
Şəlalə Göytürk kimi ədəbi-tənqidi
fikirdə yeni, aktual və orijinal rakursdan qələm işlədən
istedadlı gənclərin ardıcıl görünməsi ədəbi
prosesin donuq nöqtələrini tərpədib, günün
xeyrinə, abhavanın xeyli dəyişməsinə şans
verir. Adətən gənclərin
baxışlarında mətnlə birbaşa, xam təmas,
özünəqədərki fikirlərdən sərbəstlik
sözünü deyir; böyük Mətndən xəbərsizlik
- üstünlüyü olduğu kimi, gənclərin həm
də zəif yeridir. Bəzən olur ki, hətta təkcə
velosipedi yox, təzədən lap helikopterlər də ixtira
edirlər, amma məhz böyük Mətnə girəmədiklərindən
konkret mətnin ətrafında dolanıb qalırlar...
Ədəbiyyatda
olanı "dekonstruksiya" cəhdləri yalnız gənc
imzalara xas "zirəklik" sayılmamalıdır...
Deyək ki, gənc Nicat Həşimzadə "Coys
narahatlığı, Mirzə Cəlil üsyanı"
essesində (24 noyabr 2018) Mirzə Cəlili bir kənara qoyub,
bir xeyli "Coys və mən" müstəvisində fikir
qafalaşması etdikdən sonra bu qərara gəlir ki, hər
halda Mirzə Cəlil də "şərəfli və
faydalı iş"ə məşğul imiş... Bunu
yozuruq Nicatın cavanlıq haqqına; modernizm ehtirasları bəzən
yaxını qoyub özünə "uzaq yaxınlar"da dəstək
axtarır... Onsuz da bugün ədəbi prosesdə
Mirzə Cəlil mövzusu dəbdədir və kimsə irsdən
nə bacarırsa, nə qədər bacarırsa onu
götürür. Son illər imzası fəal olanlardan
Mehman Qaraxanoğlu ötən il
"Ədəbiyyat qəzeti"ndə Cəlil Məmmədquluzadə
mətnlərinin dekonstruktiv təhlilinə sıra məqalələr
həsr etmiş ("Sən kimsən, Novruzəli?" - 17 fevral ; "Alleqoriyadan simvolikaya..."- 3 mart;
"Mirzə Cəlilin nigarançılığı"-
13 oktyabr, "Dərədə yatmış idim" - 17 noyabr
2018-ci il). "Dekonstruksiya" məqamını ona görə
vurğulayıram ki, müəllif həvəslə, ilk dəfəymiş kimi, Mirzə Cəlilin hər mətnini
təzədən götürüb "sökür" və
düşündüyü kimi, təzədən də qurur;
təbii ki, zəmanəmizin təqazasına bab... Zəmanəmiz
(o cümlədən "Ədəbiyyat qəzeti") indi hər
münasibətə, yapışan ya yapışmayan nəzərlərə
açıqdır...
Buna bənzər
bir "dekonstruksiya"nı son illərdə bir sıra
entuziast layihələrə girişmiş Nizaməddin Mustafa
(yada salaq, bir zaman əvvəl özünəqədərki
Sabirşünaslığı "bir nəzər"lə
"pozub" da sıfırdan başlamaq cəhdini) "Daha
"...bir nəzər". Səhv nəzərləri
sərf-nəzər etmə vaxtı" projesində (17 mart
2018-dən ilin sonunacan) bu dəfə milli poeziya tarixini yenidən
yazmağa qərar verir. Təkbaşına, kolossal zəhmət
qoyduğu araşdırmasında niyyəti Mətni bir zamanlar
büründüyü sosioloji-ideoloji yadlıqdan
"soyundurub", doğma islam və türk
varlığı ilə təkcənə qoymaqdır... Mirzə
Cəlilşünaslıq olsun, ya milli
şeirşünaslıq tarixi, həmin "sərf-nəzərlər"
ədəbiyyatşünaslığın professional təcrübəsi
baxımından bəlkə də sadəlövh, hətta
"səhv" də ola bilər, bununla
belə, ədəbi prosesi zəngin informasiya enerjisi,
nöqteyi-nəzər bolluğu, düşünmək
üçün fürsət və imkanlarla təmin
edir...
***
Bir qədər də yuxarıda yeri gəldikcə
informasiyasını bölüşdüyüm "kitab tənqidi"
barəsində. Tənqidçi kitabları xronoloji ilin
deyil, bütöv bir dövrün ədəbiyyatının mənzərəsini
görməyə imkan verir. Ötən il AMEA-nın
müxbir üzvü Kamran Əliyevin on cildliyinin beş
kitabı (Bakı, "Elm və təhsil", 2018)
işıq üzü gördü; cildlər Azərbaycan
romantizminin tədqiqatçısı kimi mühüm xidmətləri
və bugünə töhfələrini tanıtmaqla
yanaşı (I cild - "Romantizm nəzəriyyəsi"; II
cild - "Romantizm poetikası"; III cild - "Hüseyn
Cavid" monoqrafiyaları), həmin halədə 1980-ci illərdən
beləsinə tənqidçi fəaliyyətini də (IV cild
- "Klassiklər, müasirlər"; V cild - "Ədəbiyyatşünaslıq,
tənqid") ehtiva edir. 2018-ci il milli romantizmin daha bir
köklü tədqiqatçısını üzə
çıxardı; Sona Vəliyevanın "Hüseyn Cavid sənətinin
qüdrəti" monoqrafiyası (Bakı, "Zərdabi
LTD", 2018) və haləsində bir çox - Yaşar
Qasımbəylinin, Pərvanə Bəkirqızının,
Seyfədddin Rzasoyun və b.-nın "525-ci qəzet",
"Ədəbiyyat qəzeti", Artkaspi.az-da yazıları ədəbi-tənqidi
prosesin diqqətini bir xeyli Azərbaycan
romantizminin problemləri və dünyada yeri üzərində
saxladı. Eyni zamanda Təyyar Salamoğlunun "Azərbaycan
tənqidi realizminin estetikası (C.Məmmədquluzadə və
M.Ə.Sabir yaradıcılığı əsasında)"
monoqrafiyası (Bakı, "Orxan NPM", 2018) və ətrafında
akademik İsa Həbibbəylinin, professor Himalay Qasımovun
problem-məqalələri ədəbi tənqidin
marağını yozulmuşların bir daha, yenidən-yozumu məsələlərinə
çəkdi; təfsirlə yanaşı sovet dönəmində
yazılanların burda müəyyən təftişi məqamları
da ortaya çıxdı...
Akademik
Nizami Cəfərovun "Mir Cəlalın milli
idealları" monoqrafiyası (Bakı, Azərbaycan Milli
Kitabxanası, 2018) bizi başqa bir ədəbi cərəyanın
- sosrealizmin hakim olduğu əyyamlara çəkib aparır və
əksinə, yazıçını necə sosrealizm çərçivəsindən
çıxarıb milli ideallar işığında
oxumağın metodolojisini təqdim edir. Monoqrafiyada Mir Cəlal
yaradıcılığının milli ideyalar zəmini
dürüst, mətnlərin
"danışdırılması" yolu ilə təsbit
olunur və "milli
olmağ"ın əlacının heç də dünəni
ideoloji təftişdə yox, dərin analitizmdə gizləndiyini
üzə çıxarır: "20-ci, 30-cu illərin
ziyalı gəncləri heç bir şübhə etmirdilər
ki, bütün dünyanı bürümüş inqilablar Azərbaycan
xalqını da inqilabi tərəqqi yolu ilə müstəqilliyə
aparır. Və belə bir inam üçün
ciddi əsaslar vardı. Ən əsası isə o idi
ki, Azərbaycan xalqı bu və ya digər dərəcədə
müstəqil özünüidarəyə ən azı mənəvi
baxımdan tamamilə hazır hesab edirdi..."
Ötən ilin sonunda Mir Cəlal
yaradıcılığının bugünə qədər
daha çox kölgədə qalan daha iki istiqamətini -
"Publisistika"sını (1926-1977) (Bakı, Azərbaycan
Milli Kitabxanası, 2018) və "Ədəbi tənqid"i
(1931-1974) (Bakı, Azərbaycan Milli Kitabxanası, 2018) ehtiva edən
kitablar çıxdı və yazıçının milli
ideallarının əyaniliyini müasir oxuculara bir daha
nümayiş etdirdi. Milli kitabxanada təqdimat mərasimi zamanı, ədibin
oğlu, ADA-nın rektoru Hafiz Paşayev, onun tövsiyyəsi
ilə Mir Cəlalın sovet dövrü yazılarının
cəmisinin istisnasız həmin toplulara daxil edildiyini söylədi.
Zira ədəbiyyat, ədəbi ənənələr tarixdən
qaçmağın yox , hər zaman üstünə
getməyin düzgünlüyünü təsdiq
etmişdir...
Özlüyündə ədəbiyyatşünaslıq
mübahisələri tarixi irsin mənimsənilməsi prosesinə
xidmət etdiyi kimi, ədəbi tənqidə də
güclü enerji və təkan verir. 2018-ci ilin daha bir sıra nəşrləri:
Qəzənfər Paşayevin "Seçilmiş əsərləri"nin
8, 9, 10-cu cildləri (Bakı, "Təhsil", 2018), Məmməd
Əliyevin "Bədii təfəkkürdə erkən Azərbaycançılıq
düşüncəsi" (Bakı, "Elm və təhsil",
2018), Baba Babayevin "Ədəbi etüdlər" (Bakı,
"Avropa", 2018), Yaşar Qasımbəylinin "Rəsul
Rza və ədəbi çağdaşlıq" (Bakı,
"Elm və təhsil", 2018), Salidə Şərifovanın
"Klassiklər və müasirlər söz müstəvisində"
(Bakı, "Elm və təhsil", 2018), Sədaqət
Əsgərovanın "Qadın tənqidi realizm
güzgüsündə" (Bakı, "Mütərcim",
2018), Lalə Həsənovanın "Çağdaş ədəbi
paradiqma: icmallar, məqalələr, düşüncələr"
(Bakı, "Avropa", 2018) kitabları ən müxtəlif
dövrlərin yazıçılarının
yaradıcılığına, ədəbi proses və mətnlərinə
baş vurmaqla XX yüzilin əvvəllərindən XXI
yüzilin əvvəllərinə gəlişən ədəbiyyat
mənzərələrini analitik süzgəcdən
keçirməyə də imkan verir. Azərbaycanda ədəbiyyat
elminin baş analitika mərkəzi AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu olaraq
qalır. Akademik İsa Həbibbəylinin ötən il təzə "ədəbiyyat
tarixçiliyi" konsepsiyasını "525-ci" və
"Ədəbiyyat qəzeti"ndə təqdim edən
silsilə məqalələri milli ədəbiyyat tarixini
bugünün ədəbi proses zirvəsindən nəzərdən
keçirdiyi kimi, müstəqillik illərinin ədəbiyyatının
inkişaf tendensiyalarını da, xüsusən çoxsəslilik,
rəngarənglik, ədəbi cərəyanlaşlaşma
prizmasından görür və tanıdır...
Ədəbiyyat İnstitutunda çağdaş ədəbi
tənqidin ölçü vahidi olaraq, hər ilin ədəbi
yekunlarına həsr edilmiş "Ədəbi proses" tədbirləri
hesab olunur.
2017-ci ilin ədəbi yekunlarına dair konfrans 2018-ci ilin 4
iyununda və əvvəlkilərdən daha miqyaslı
keçirildi; müstəqillik illərində institutda
"Ədəbi proses" toplularının bərpası və
nəşrinin beş ili tamam olurdu. Bu
münasibətlə İsa Həbibbəyli İnstitutda ədəbi
prosesin öyrənilməsi və dəyərləndirilməsini
("Ədəbi proses-2013", "Ədəbi
proses-2014", "Ədəbi proses-2015", "Ədəbi
proses-2016", "Ədəbi proses-2017") "ədəbi
proses hərəkatı" adlandırdı və
bütövlükdə bu "hərəkat" eyni zamanda
ölkə ədəbi prosesinin ən miqyaslı tənqid
refleksi kimi təsbit olundu...
"Ədəbi
proses - 2017" toplusu (Bakı, "Hədəf nəşrləri",
2018) çağdaş ədəbiyyatın janrları,
problemləri, mövzuları üzrə 19 elmi məqaləni
qapsamaqla (poeziya, nəsr, dramaturgiya, ədəbi tənqid, ədəbiyyat
nəzəriyyəsi, ədəbi-mədəni həyat, roman,
hekayə, epik şeir, publisistika, Cənub ədəbiyyatı,
rusdilli ədəbiyyat, uşaq ədəbiyyatı, bölgələrdə
ədəbiyyat, bədii tərcümə, ədəbi əlaqələr
və s.), akademik İsa Həbibbəylinin
vurğuladığı təki, əsl "miqyas və əks-səda"
doğurmaqdadır. Hər bir iddia imkanlara bab
olmalıdır. Ön mövqeyə iddia etməsə də,
yanılmarıq desək: bu gün Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ədəbi-tənqidi
prosesin Mərkəzi sükanını hələ ki əlində
saxlayır... Bizim də çevrə(miz)
bu qədər, burda qapanır.
Tehran
ƏLİŞANOĞLU
Ədəbiyyat qəzeti.- 2019.- 7
sentyabr.- S.13.