2018-ci ilin hekayə palitrası

 

Zaman-zaman günümüzün hadisələrindən, bəzən da yaddaşımızda ilişib qalan xatirələrdən yol alan hekayələr müasir ədəbiyyatımızın ən öndə gedən janrlarından hesab edilir. 2018-ci ilin hekayə palitrasında hər rəngə təsadüf edilir, həyatı bəmbəyaz, ümidverici çəhrayı, qan qırmızısı, duyğusuz boz və kəskin qara boyalarla təsvir edən mətnlər üslub müxtəlifliyi ilə də bir-birindən seçilməkdədir.

Hekayə elə bir janrdır ki, onun üçün mövzu məhdudiyyəti yoxdur, tariximizin, eləcə də müasir həyatımızın ən mühüm hadisələrindən tutmuş, önəmsiz saydığımız, adidən də adi hesab etdiyimiz məqamlarına qədər hər an gözəl bir hekayənin ana xəttini təşkil edə bilər. Yetər ki, o, təxəyyül gücündən istifadə edilərək, modern hekayə prinsiplərinə əsaslanaraq bədii nümunəyə çevrilsin. H.Xortazarın dediyi kimi, hekayə adi hadisələri böyük, sonsuz bir reallıqla analiz edib sadə və qısa dillə anlatmaqdır. Fikrimizcə, məhz bunlar - tutarlı mövzu, inandırıcı süjet, sadə təhkiyə, anlaşıqlı dil yaxşı hekayənin ərsəyə gəlməsinə kifayət edir.

Kamran Nəzirlinin "Babalar nağıl danışmır", Yaşar Bünyadın "Miqrant", Meyxoş Abdullahın "Gecəyarısı qapısı döyülən adam", Alpay Azərin "Yazıçı və arvadı", Ceylan Mumoğlunun "Qurbağa öpüşü", Salidə Şərifovanın "Dionisin qələbəsi", Ələmdar Cabbarlının "Qızıl" kitabları ideya-məzmun xüsusiyyətləri, gerçəkliyin bədii-estetik təfəkkürlə təqdimi baxımından bir-birindən seçilən hekayə toplularıdır. "Azərbaycan" jurnalında, "Ulduz"da, "Ədəbiyyat qəzeti"ndə, "525-ci qəzet"də, artkaspi.az, sənət.az, sim-sim.az, yarpaq.az elektron portallarında mütəmadi olaraq çap edilən hekayələr janrın ideya məzmun qatını açmaq, poetik xüsusiyyətlərini ifadə etmək üçün kifayət qədər material verən, müasir ədəbi həyatımızın əsas halqasını təşkil edən mətnlərdir. Müasir hekayələrimiz problematika cəhətdən rəgarəng və çoxçalarlıdır ki, bu da janrı monotonluqdan uzaqlaşdırır. Son dönəm hekayələrində mövzunun təqdimində şüur axını texnikasından istifadə (P.Seyidli "Şüşə heykəl", Y.Bünyad "Qapı"), kamera effekti (O.Fikrətoğlu "Dəccal", A.Qismət "Qrammofon", Ş.Nəzərlinin "Qonaq"), elmi-fantastik və simvolik çalarlar (V.Nuru "Qapılar quduranda", "İlda"), satirik təhkiyə (A.İmanlı "Gerçəkləşən istəklərim və...", V.Məhərrəmov "Köhnə televizor", S.Şərifova "Psixiatrın gündəliyi") diqqətçəkən cəhətlərdəndir.

Elçinin "Bu da bir cür həyatdır", O.Fikrətoğlunun "Dəccal", T.Vahidin "Göy üzü qanamışdı", S.Aruzun "Bir payız günündə", M.Abdullahın "Dəli Bəybəla", G.Şamilqızının "Qəhrəman", Varisin "Sonuncu mogikan", Y.Bünyadın "Atamın ayaqları", Ü.Nəccarinin "Bir cüt çəhrayı rəngi", M.Orucun "Çəkiliş" hekayələrində mənəvi-psixoloji problemlərin çözümünə çalışan müəlliflər qəhrəmanlarını və onların ətrafında baş verənləri sadəcə canlandırmaqla kifayətlənmir, obrazların mənəvi durumunu müəyyənləşdirməyə, hərəkətlərinin arxasında dayanan, onların taleyini dəyişən hadisələrin mahiyyətinə varmağa çalışırlar.

Ötən il yazdığı hekayələri ilə ədəbi prosesdə canlanma yaradan müəlliflərdən biri Orxan Fikrətoğludur. 2018-ci ildə oxuculara təqdim etdiyi "Üçüncü günün adamı", "Qorxu", "Sinqapur şarı", "Külək adam", "Dəccal" kimi çoxsaylı hekayələri mənəvi aşınmanın eşiyində olan cəmiyyətimizin bəlalarının ifşasına yönəlmişdir. Günah motivi üzrərində qurulan "Dəccal" hekayəsi 2018-ci ildə diqqət cəlb edən, oxucu təfəkküründə izlər buraxan hekayələrdəndir. Alışdığımız qısa hekayələrdən fərqli olaraq geniş həcmi ilə fərqlənən mətndə hər bir detal o qədər diqqətlə işlənilmişdir ki, oxuduğumuz zaman, sanki o səhnələr göz önündə canlanır, film təəssüratı yaradır. Son dövrlərin çox işlənmiş, çox qabardılmış mövzusunda olsa da, təhkiyəsinin sərrastlığı, təsvirlərin canlılığı, obrazların fərdiliyi, xarakterlərin ifadəsindəki ziddiyyətlər ilə "Dəccal"ı son dönəmin ən yaxşı nümunələrindən biri saya bilərik. Hekayə mənəviyyatı pozulmağa doğru gedən cəmiyyətimizə atılan bir daşdır, oyanmağa, düşünməyə vadar edən daş. Sanki bu həyatda atılan hər bir addımın sonradan, unutduğun zaman Molla Qafarın çiyninə dəyən daş kimi gəlib səni tutacağına inandırır. Oldu-bitdiylə hesablaşmamağı, zamanı gəldiyində hər bir hərəkətin cəzası olacağına işarələr edir.

Qeyri-adiliklərə qaçmadan, sıradan həyat hadisələrini simvolik çalarlarla zənginləşdirən Təranə Vahid ötən ildə "Qərib gül", "Vağzaldakı qarı", "Göy üzü qanamışdı" hekayələri ilə oxucularla görüşdü. Süjet və kompozisiya xüsusiyyətlərinə, ideya-məzmun keyfiyyətinə görə müasir hekayə sferasında seçilən mətnlər hadisə hekayələri deyil, bu nümunələrdə əhvalatlar insan düşüncəsinin təqdimi üçün vasitə rolunu oynayır. Təranə Vahidin hekayələrinin bədii məziyyəti, əsərlərindəki rəngarənglik təkcə ədəbiyyatşünasların deyil, teatr xadimlərinin də diqqətini cəlb etməkdədir. Belə ki, 2018-ci ildə müəllifin "Quş dili" və "Qorxu çiçəkləri" əsasında "Yuğ" Teatrında maraqla qarşılanan "Quş dili" adlı tamaşa hazırlanmışdır.

"Portret", "Atamın ayaqları", "Hələ ki təyyarələr uçur" hekayələrinin müəllifi Yaşar Bünyad müasir nəsrimizdə sadə təhkiyə elementlərinə sadiq qalan, uzun-uzadı təsvirlərlə oxucu darıxdırmayan yazarlarındandır. Duyğu yüklü, ölüm ayağında olan insanın düşüncələri əsasında yazılan "Qapı" hekayəsində qapı bu dünya ilə o dünya arasındakı, iki həyatı ayıran və birləşdirən məqam kimi təsvir edilir. Simvolik çalarlarla zəngin hekayədə insan xislətinin bir çox duyğuları - qorxu, kədər, yalnızlıq, ümid bir-birinə qarışmış şəkildə təqdim olunur, qarışıq duyğular içində keçmişə boylanan Mərdan kişi ilə birlikdə, sanki bizim də içimizdə ağ kəpənəklə gələn ümid işığı közərməyə başlayır.

Azərbaycanda roman müəllifi kimi daha çox tanınsa da, hazırda həm roman, həm də hekayə yazarı kimi dünyanın əksər festivallarında, ədəbi müsabiqələrində yer tutan Varisin "Sonuncu mogikan" hekayəsinin qəhrəmanı bu dünyanın, ziddiyyətli, sabaha ümidi olmayan, özündən başqasına önəm verməyən cəmiyyətin tükənməkdə olan üzvlərindəndir. Qəhrəmanımız hekayə boyu rastlaşdığı hər hadisəni içdən yaşayaraq qəbul edir, ətrafındakı hər kəsin halına yanan, başqasının dərdini özünkü hesab edən, ətrafdakılarını özündən daha üstün tutan nəslin sonuncu nümayəndələrindəndir. Böyük sosial ziddiyyətlər üzərində qurulan hekayədə müəllif qəhrəmanını hadisədən-hadisəyə keçirməklə onun xarakterini açmağa, qəlbindəki gizlinlərin təqdiminə çalışır. Əslində, Varisin qəhrəmanı çox güclüdür. Çoxqatlı təhkiyə prinsiplərilə yazılan hekayədə, gah monoloqlar, gah dialoqlar ağırlıq təşkil edir, ideyanın təqdimində aparıcı olur. Oxuduğu qırmızıüzlü kitabla qəhrəmanı arasında assosiasiya yaradan müəllif onun haqqında demək istədiklərini elə kitabdan oxutdurmaqla obrazın təqdimində orijinal üsuldan istifadə etmiş olur.

Müasir cəmiyyətimizi narahat edən məsələlərin başında gələn televiziya verilişlərinə və onların hazırlanma məsələsinə toxunulan "Çəkiliş", əslində, realist hekayə olsa da oxuduqca dodaq qaçıran, mövcud situasiyaya gülüş doğuran məqamlar da kifayət qədərdir... Qarşılaşdığımız sosial problemlərin, öz yurdundan uzaq düşən insanların, boş qalan kəndlərin, tənha yaşayan anaların, pozulan ailə dəyərlərinin hekayə içində quru sözlərlə yox, mətnin içində əridilərək, ayrı-ayrı situasiyalarda verilməsi əsərin bədii dəyərini artırır. Hekayənin dili axıcı və sadə olmaqla yanaşı, təsvirlər inandırıcıdır, obrazın - Nübar xalanın təqdimində reallığı gözləyən M.Oruc onun təbiiliyini bütünlükdə - geyimi, davranışı və sözləri ilə paralel təqdim etməsi hekayənin canlılığını artırır, sünilikdən uzaq, bəzək-düzəksiz həyatın üstünlüklərini gözlər önünə sərir.

İnsanın içindəki boşluğu doldura biləcək bir qaçış nöqtəsinin olmasının labüdlüyünün vurğulandığı, milli-mənəvi dəyərlərimizi qorumağa hesablanmış "Dəli gülüş" (M.Abdullah), "Əlimərdanın mərdliyi" (V.Nəsib), ailənin müqəddəsliyi ideyasını aşınmalara doğru gedən cəmiyyətimizlə qarşılaşdırıldığı "Sınmış kart" (Q.Mehdi), müasir ədəbi axınlara olan meyillərdən, senzuradan bəhs edilən, bədii təfəkkürün buxovlanmasını, söz azadlığından, düşüncə azadlığından məhrum edilmənin fəsadlarını ortaya qoyan "Burulma və ya çağırış" (A.Quliyev), müxtəlif təhkiyə elementlərini qovuşuğu şəklində yazılmış "Bir payız günündə" (S.Aruz), mistik hekayələr silsiləsindən "Şəhid qızının istəyi" (A.Nəbi), "İki it, dörd adam" (H.Piriyev), "Sadıq Elcanlının "Tənha zirvə təbəssümü", nəsrimizdə yeni molla obrazı yaradıldığı "Balıncın altındakı pullar" (A.Azər), elmi-fantastik üslubda yazılmış "İlda", "Qapılar quduranda"(V.Nuru), günümüzün hadisələrindən bəhs edən "Xanım taksi" (A.Qismət), mifik təfəkkürün interpretasiyasından istifadə edilərək xalq arasında mövcud inancların təhkiyə müstəvisinə gətirildiyi "Şanapipik" (V.Məmmədli) hekayəsi 2018-ci ildə mənəviyyatı pozulmağa doğru gedən cəmiyyətimizdə, prozaik gerçəkliklərin təsvir edildiyi bədii nümunələrdir.

Təbii ki, qeyri-real hadisələrin təsvirilə, insana ümid verən, ruhunu oxşayan hekayələrlə bahəm mövzu, struktur bəsitliyi ilə fərqlənən nümunələr də yox deyil (A.Kəngərli "Darıxan adamlar", E.Tanrıgil "Günəşin batması"). Sosial mesajlar verməklə missiyasını bitirən A.Müzəffərlinin "Qorxaqlığa çağırış", A.Kəngərlinin "Gecikmiş məhəbbət", Sadıq Elcanlının "Hamilə", M.Atalayın "Kitabxana əsiri" hekayəsi isə təqdim etdiyi mövzunun fonunda sönük qalan mətnlərdəndir. Deqradasiyaya uğrayan cəmiyyətimizdən, pozulan ailə dəyərlərimizdən, gündəlik qayğılardan bəhs edən bu əsərlərdə publisistik təsvir bədiiliyi üstələyir.

Hər birimizi düşündürən mövcud problemlərin satirik boyalarla təqdim edildiyi, satiradan bir vasitə kimi istafadə edildiyi "Ağrı", "Divardakı portret" (A.Babayev), "Xallı qurbağa" (N.Ədiloğlu), "Bazar gününün qonaqlığı", "Gerçəkləşən istəklərim və..."(A.İmanlı), "Köhnə televizor" (V.Məhərrəmov) hekayələri güldürməsə də, düşündürür, həqiqəti üzümüzə çırpmaqdan ehtiyat etmir....

2018-ci ildə müxtəlif strukturlarda keçirilən hekayə müsabiqələri janrı mövzu və forma baxımından daha da zənginləşdirdi. Bütün türk dünyasını əhatə edən Beynəlxalq Mahmud Qaşqarlı hekayə müsabiqəsi, XX əsr Azərbaycan nəsrində öz çəkisi ilə fərqlənən Mir Cəlal Paşayevin xatirəsinə həsr olunan hekayə müsabiqəsi ədəbi mənzərəni kifayət qədər canlandırdı. Ötüb keçdiyimiz ildə yazarlarımızın, xüsusən də gənclərin diqqətini cəlb edən "Azərbaycan Xalq Cümhuriyyəti ili" hekayə müsabiqəsi maraqlı seçimlər ilə başa çatdı. Daha çox gənclərin iştirak etdiyi müsabiqədə tarixi hadisələrin təsvirini respublikanın qurulmasında, maddi-mənəvi dəyərlərinin qorunmasında xidmətləri olan tarixi şəxsiyyətlərin həyatları ilə iç-içə təqdim edildiyi, tarixi mənzərəni formalaşdırmağa, dövrün ruhunu çatdırmağa nail olan nümunələr qalibiyyət qazandı.

Keçdiyimiz ildə, əsasən, realizm prinsipləri ilə yazılan, əhvalat təhkiyəsi üzərində qurulan mətnlərin nisbətən çoxluq təşkil etməsi, müasir həyatımızın təsvirində ənənəvi təhkiyə poetikasına əsaslanması ilə xarakterizə olunsa da, müəlliflərin maraqlı eksperimentləri, müxtəlif təhkiyə tonlarının bir müstəvidə cəmləşdirmələri, modern hekayə ağırlıqlı mətnlər ortaya qoymaları da janrın ümidverici inkişafının, hekayə janrının hələ uzun müddət ədəbiyyatımızın əsas janrı olacağının sübutudur...

 

Nərmin CAHANGİROVA

 

Ədəbiyyat qəzeti.- 2019.- 7 sentyabr.- S.14.