2018-ci ilin dramaturgiyası
üzərində düşünərkən...
Ötən
il "Azərbaycan", "Ulduz" jurnalları və
"Ədəbiyyat qəzeti" Əli Əmirlinin
"Gözəllik imperiyası", Aydın Talıbzadənin
"Alma", İlqar Fəhminin "Şokolad market",
Firuz Mustafanın "Üç canavar", Natiq Məmmədlinin
"Əmanət", "Müqəvva", Cavid
Zeynallının "Tanrı quşu gəlmədi",
Ülviyyə Heydərovanın "Uşaqlıq", Qan Turalının "Hərə
bir qəhrəman oldu", Kənan Hacının "Xəlbir
və ney", Elçinin "Böcəklər", Orxan
Fikrətoğlunun "Xas igidin dastanı", Günel
Eyvazlının "Pikasso" pyeslərini təqdim etdi.
2018-ci ilin teatr premyeralarında da müasir milli dramaturgiyamıza azdan-çoxdan rast gəldik.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Əli
Əmirlinin "Ah, bu uzun sevda yolu", Kamal Abdullanın
"Bir, iki, bizimki" (kiçik səhnədə), Azərbaycan
Dövlət Musiqili Dram Teatrı "Nuri-didə Ceyhun",
Sumqayıt Dövlət Dram Teatrı Nizami Muradoğlunun
"Zülmətdə nur", İrəvan Dövlət Azərbaycan
Dram Teatrı Sabir Şahtaxtının "Ölüm həsrəti"
pyeslərini repertuarlarına daxil etdi. Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrı isə,
ümumiyyətlə, öz repertuarını milli müasir
pyeslərlə yeniləmədi. Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrı Xəzəryanı Ölkələrin
II Beynəlxalq Teatr Festivalına Ayşad Məmmədovun
"İuda" əsəri ilə qatıldı.
Ötən
il Azərbaycan tamaşaçısına
böyük səhnədən təqdim olunan dörd
müasir milli pyesdən ikisi repressiya mövzusunda, ikisi isə
yenə tarixi milli yaddaşımızla bağlı idi.
Respublikamızın aparıcı teatrlarının
repertuarlarına yol tapa bilən pyeslər məhz bu
mövzularda yazılmasaydı, bu premyeralar baş
tutacaqdımı? - sualının müsbət
cavabına biz şübhə ilə yanaşsaq da, yəqin
ki, yenə ən dəqiq cavabı teatr rəhbərliklərindən
gözləmək olar. Ancaq bu cür
tamaşalar tamaşaçıda hansı təəssüratı
yaradır? - sualına isə ötən
ilin resenziyalarının birindən cavab ala bildik.
Respublikamızın ən mötəbər teatrının -
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində
resenziya müəllifinin özünün sözləri ilə
desək, "Azərbaycanı tanıtım
videoçarxına" bənzəyən tamaşalardan birinə
baxdıqdan sonra Rövşən Danyeri oxucularla təəssüratını
belə bölüşdü: "Bir də o tərəflərə
ayaq bassam, on iki imam mənə qənim olsun!".
Amma kaş ki, bu sözlərin müəllifi öz
andını icməzdən əvvəl elə bu teatrdaca
"Qəribə, çox qəribə əhvalat",
"Sinif yoldaşları" tamaşalarına baxardı,
onda nəinki bu andı içərdi, hətta teatrın kassasından
bilet alıb, çox məmnuniyyətlə yolunu bir daha burdan
salardı. Biz teatra gələn hər kəsin belə and
içməyəcəyinə sevinsək də, bir şeyə
təəssüflənirik ki, yolumuzu teatrdan salacaq
tamaşaların mətni milli deyil, xarici dramaturgiyadandır.
Yalnız buna görə yox, ümumiyyətlə, son illər
bu janr üzərində apardığımız
müşahidələr və onlara nəsə əlavə
etməyən 2018-ci ilin pyesləri bu il
bizi belə bir sual üzərində düşünməyə
vadar etdi: niyə biz yaxşı dram yarada bilmirik? İstedaddanmı xaliyik? Əgər
istedaddan xaliyiksə, müşahidələrimə və
mütəxəssislərdən də soruşub xəbər
aldığıma görə bizdə yaxşı şeir də
yaranır, yaxşı nəsr də. Ola bilməz ki,
Tanrı bizi elə
həmişə istedadın bir yönündən əta
edib, o biri yönündən kəm yaratsın. Demək,
məsələ heç də istedadımızda deyil.
Onu da deyim ki, biz söz ilə yalnız
özümüzü yox, bütün Şərqi söhbətə
çəkmək istəyirik. Başqa janrlarda deyə
bilmərəm, dramda bir Şərq, Qərb bölgüsü
görünür. İlk peşəkar
dram, teatr sənəti Qərbdə yaranmış, minillər
Şərq ondan xəbərsiz qalmış, daha doğrusu, bu
janrda özünüifadəyə ehtiyac
duymamışdır. Bu
gün Şərq dramda yüzillik təcrübəyə malik
olsa da, dram Qərbin janrı olaraq qalmaqdadır. Biz ara-sıra və bəlkə də,
nadirən bu janrda yaxşı əsərlər yaratsaq da, dram
bizim janr ola bilmir, biz yenə
özümüzü poeziyada, uzaqbaşı isə nəsrdə
ifadə edirik. Nəyə görə dram yox, məhz poeziya?
Hegel
deyirdi: "Şərq dünyabaxışı dram sənətinin
lazımi inkişafına əvvəlcədən yol verməmişdir".
Adətimizə görə, günahı özümüzdə
yox, özgəsində axtararaq Hegeli
bizi görüb duya bilməməkdə qınaya bilərik. Ancaq fakt budur ki, Şərq
dünya ədəbiyyatına poeziya və nəsrdə
çoxsaylı imzalar, əsərlər bəxş etdiyi
halda, dünya
dramaturgiyasına verdiyi bir dramla da öyünə bilməz.
Bir fərdin təfəkkürü yaxşı bir
şeir, yaxud yaxşı bir nəsr yaratmaq üçün
yetərlidir, yaxşı dram üçün isə yetərsiz. Dram fərdin
təfəkkürünün deyil, toplum təfəkkürünün
məhsuludur, personajlar arasında deyil, cəmiyyətdə
dialoqun olduğu məqamda
yaranır. Təsadüfi deyil ki, ilk
mükəmməl dram yunan demokratiyası şəraitində
yetişmişdi. Antik yunan dramaturgiyası
yalnız Esxil, Evripid, Sofoklun deyil, həm də Qədim yunan
demokratiyasının, Plavt, Terenzi, Seneka dramaturgiyası isə
həm də Roma demokratiyasının yaratdıqları idi.
Eləcə də Şekspir, Molyer, İbsen dramaturgiyası
inqilablar edib, respublika quruluşu, parlament idarəetməsi
yaradan Qərb təfəkküründən doğmuşdu.
Düşüncələrini səmalara, özünü isə
ehramlar qarşısında sitayişə həsr edən,
hakimiyyət çəkişmələrini seyrçi kimi izləyib,
taleyinin hökmünü gah göylərdən, gah da
saraylardan gözləyən müti və müdrik Şərq,
təbii ki, ya gözəl şeirlər qoşacaqdı, ya da ibrətamiz
hekayələr. Qədim yunan dramaturgiyası
Allahları tartışmaya çəkdiyi halda, Şərq
şeiri şəxsiyyətləri
allahlaşdırırdı. Kralları
xalq qarşısında edama aparan Qərb gördüklərini
müzakirə etmək, şahları saray qapıları
arxasında qətlə yetirən Şərq isə
eşitdiklərini dinləmək və inanmaq vərdişinə
yiyələnmişdi. Nə zaman ki, inanmaqdan imtina edib
eşitdiklərimizi müzakirə etmək istədik, onda bizdə
də dram yarandı, özü də təsadüfi deyil ki, düşüncəmizin
ənənəvi tərzini ilk olaraq mübahisəyə
çəkib müzakirə edən M.F.Axundzadənin
yaradıcılığında. Və o da təsadüfi
deyildir ki, Azərbaycan dramaturgiyasının ən
yaxşı örnəkləri XIX əsrin ortaları ilə
XX əsrin iyirminci illəri aralığında - ideoloji
mübahisələrin, fikir mübadiləsinin, dialoq dilinin ən
gücləndiyi zaman kəsiyində yarandı. Yenə təsadüfi
deyil ki, dramaturgiyamızın ən yaxşı örnəkləri
olan "Ölülər", "Anamın kitabı",
"Şeyx Sənan", "İblis",
"Aydın", "Oqtay Eloğlu" kimi əsərlər
onların müəlliflərinin
yaradıcılığının sonrakı illərində
- sovet dönəmində yaranmadı. Düzdür,
qələm əski qələm idi, amma cəmiyyət əski
cəmiyyət deyildi. O, yenə gözünü saray
qapılarına dikib, taleyinə oxunacaq hökmü gözləyən
qövmə çevrilmişdi və özünün
mübahisə-müzakirə imkanlarını tükətmişdi.
Ona görə də sovet dramaturgiyasında personajların
dialoqu tartışan tərəflərin dili kimi deyil, müəllif
monoloqunun parçaları kimi meydana çıxdı. Monoloq da dialoq deyil ki, onu dəyişmək çətin
olsun, odur ki, müstəqilliyin gəlişi ilə
dramaturgiyanın köhnə sakinləri belə asanlıqla
özlərini yeni pafosa köklədilər.
Ümumiyyətlə, müstəqilliyin gəlişi
drama nə vəd edirdi? Əslində, yaxşı dramın
yaranması üçün müstəqillik, söz
azadlığı yox, danışmaq üçün söz
lazımdır. Doğrudur, sözdən
kasad olduğumuzu demək olmaz. Bu gün qalaq-qalaq bədii
əsərlər yaranır, müəlliflər hiss etdiklərini,
düşündüklərini, yanaşmalarını, qənaətlərini
oxucularla bölüşürlər. Dramsa müəllifin
öldüyü janrdır, burda müxtəlif fərdlərin,
yaxud tərəflərin maraqları, düşüncələri,
yanaşmaları
var, onlar öz həqiqəti uğrunda
tartışmaq üçün sənətin ən demokratik
müstəvisinə - drama üz tuturlar. Çünki
heç bir janr dram qədər onlara öz səsini
eşitdirməyə, özünü anlatmağa,
özünü müdafiəyə imkan vermir. Amma
hansı janrda, zamanın hansı əsrində
olmağımızdan asılı olmayaraq bizdə öz mənimiz daha
öndədir, bütün dünyanı öz rakursumuzdan
müşahidə edir, öz düşüncəmizdən
anlayır və bunları da oxucuya yansıtmağa
çalışırıq. Ona görə də
nə yazırıqsa yazaq, yenə də poeziya alınır.
Elə buna görə də dünən
olduğu kimi, bu gün yenə də bizim üçün
"niyə dram yox, məhz poeziya?" sualı aktual olaraq
qalır. Çünki dünəndən bu günə
gələn zamanda dəyişən əsrlər
başımıza çox şeylər gətirsə də, əslində,
həyatımızda çox az şey dəyişib.
Düzdür, dünən teatrımız yox
idi, bu gün var, hətta ixtisaslı rejissorlarımız,
aktyorlarımız, dram yazarlarımız da var, danışmaq
üçün dərdimiz, azarımız da. Amma hər dərd-azardan dram yaratmaq olmur. Məsələn,
Novruzəlinin "Poçt qutusu" əhvalatı nə qədər maraqlı
olsa da, oxucunu nə qədər mətləblərdən hali
etsə də, yaxşı bir hekayənin mövzusu
olmasına baxmayaraq, yaxşı bir dramın mövzusu ola bilməzdi.
Novruzəlidən daha az avam olmayan
"ölülərin" əhvalatı ona görə dram
mövzusu oldu ki, orda Şeyx Nəsrullah Kefli İsgəndərlə
toqquşdu və həmişə moizə söyləməyə
alışmış bu ölü
fırıldaqçısını bu dəfə dialoqa girməyə
məcbur etdi. Nə qədər
ki, Şeyx Nəsrullahın moizələrinin dinləyiciləri
onun sonsuz qüdrətinə inanan "ölülər"dən
və yaxud da inanmasa da, özünü inanmış kimi
göstərən, "ölülər"ə qoşulub
şeyxin hər sözünə "ləbbeyk" deyən
Heydər ağa, Əliqulu bəy kimilərdən ibarətiydi,
onda onları ya şeirdə, ya da nəsrdə
görürdük. Bu gün isə şeir və
nəsrlə yanaşı, dramda da görürük. Qərbdə
teatr var, bizdə niyə olmasın, onlar dram qəhrəmanı
ola bilir, biz niyə bilməyək, "elə əsl qəhrəmanlar
bizdədi" deyib
"Hərə bir qəhrəman oldu" (Qan
Turalı) mövzusunda dram yazırıq. Amma
unuduruq ki, dram qəhrəmanı olmaq üçün həqiqi
bir qəhrəmanlıq lazım olsaydı, onda Hamlet yox, gərək
Rüstəm Zal ən dramatik qəhrəman olaydı. Düzdür, Hamletin "olum, yaxud ölüm?"
sualı üzərində baş sındırmaqdansa, Rüstəm
Zal əfsanələrinə heyran olmaq daha cəzbedicidir.
Həm də biz "olum, yaxud ölüm?" sualı üzərində ona
görə baş sındırmırıq ki, onsuz da
"olacağa çarə yoxdur". Dramsa
alnına yazılanları yaşamayanların, daha doğrusu,
yaşamaq istəməyənlərin janrıdır. Biz
isə dünən olduğu kimi, bu gün də öz
taleyimizi yaşayırıq və ona görə min il əvvəl də teatr bizim üçün
ayin idi, bu gün də.
Əslində,
müasir teatrımızın ən böyük hadisəsi
olan Vaqif İbrahimoğlunun "Yuğ" Teatrı layihəsinin
sirri də onda idi ki, çoxları üçün
boğazdan yuxarı söylənilən "ustad rejissor",
"böyük rejissor" kəlmələrini haqq edən
Vaqif İbrahimoğlu içimizdəkini tapa və bunu öz
tamaşa-ayinlərində bizə təqdim edə bilirdi. Teatr camesi yaxşı bilir ki, Vaqif İbrahimoğlu
teatra nifrət edirdi və bunu çox açıq şəkildə
də söyləyirdi. Bəlkə də, onun bu nifrəti başdan-ayağa
poeziya ilə yoğrulan Şərq insanını teatrın
zor-güc dramatikləşdirməyə çalışmasından
qaynaqlanırdı. Çünki hər şeyə, hər
halına şükür edib, özünü ibadətə,
itaətə həsr edən Şərq insanı məbədlərdən
düşürülüb səhnəyə
qaldırılınca, nə edəcəyini, nə söyləyəcəyini
şaşırır. Hətta baxmayaraq ki, ona həmişə
teatrın da bir məbəd olduğunu söyləyiblər, səhnəni
də müqəddəs yer kimi anladıblar. Doğrusu, teatrın məbəd, səhnənin niyə
müqəddəs olduğunu mən də anlayıb dərk
edə bilmirəm, hətta bu fikri böyük inamla
vurğulayanların söylədiklərinə qulaq verib,
yazılarını ələk-vələk eləsəm də.
Heç onu da bilmirəm ki, bütün
dünyada teatr məbəd, səhnə müqəddəs yer
hesab olunurmu? Amma harda olmasından asılı olmayaraq,
şəxsən mənə aydın deyil ki, niyə məsəlçün,
kino, poeziya, nəsr və daha nə bilim nələr müqəddəs
deyil, məhz teatr
müqəddəsdir. Ona görəmi
ki, o, binadır, tikilidir və həmişə, hər yerdə
müqəddəslik axtaran biz onu da ehram kimi qavrayırıq.
Əlbəttə, məsələ heç də
bizim onu müqəddəsləşdirməyimizdə deyil.
Məsələ ondadır ki, müqəddəsləşdirməyə
o qədər mübtəlayıq ki, müzakirə-mübahisədən
bir o qədər uzağıq. Elə bir yerdəyik ki, sənətin ən
mütləq müstəvisi olan poeziya bizi ən yaxşı
anladan, ən demokratik müstəvisi olan dramsa bizi anlamayan janr
olaraq qalmaqdadır.
Aynurə Mustafayeva
Ədəbiyyat qəzeti.- 2019.- 7 sentyabr.- S.15.