İlin ədəbi yekunları
poeziya-gənclər
Gəncliyin sualları
Gənclərin ədəbiyyata gəlməsi,
imzalarını təsdiqləməsi, kitabların,
yazıların çıxması, dərc olunması,
onların bu və ya digər müsabiqələrdə,
proqram və festivallarda iştirakı... hardasa görünən
və vacib şeylərdir. Bu sayılan tədbirlərdən
bir neçəsinin təşkili həm də gənclərin
öz təşəbbüsü ilə əyaniləşən
faktlardır. Demək olar ki, hər il
bizim ədəbi gəncliyin nümayəndələri bu və
ya digər yerli və beynəlxalq tədbirlərdə
iştirak edirlər, bu fəaliyyətin nəticəsi də
göz qabağında olur. Məsələn, gənc şair
Fərid Hüseyn keçən il müxtəlif beynəlxalq
tədbirlərə qatıldı, ədəbiyyatla
bağlı maraqlı çıxışlar etdi və
"Kəpənək dərsi" kitabı mənim tərcüməmdə
Amerikada çap edildi. Səlim
Babullaoğlu və Qismət, demək olar, hər il bu tədbirlərin
iştirakçısı olur, Yaradıcılıq Fondu, Mədəniyyət
Nazirliyi və AYB nəzdində Ədəbi Əlaqələr
və Bədii Tərcümə Mərkəzinin xətti ilə
jurnal, kitab və bukletlər çap edilir. Gənclərin əsərləri,
həm də istedad və məsuliyyətin məhsulu olan mətnləri
həm adını çəkdiyim Mərkəzin, həm də
Azərbaycan Tərcümə Mərkəzinin müxtəlif
dünya dillərində dərc etdikləri almanaxlarda
işıq üzü görür... Məlumdur ki, hamı ədəbiyyata
ilk gəlişində, yəni mətnlərinin bizim ədəbi
orqanlarda, deyək ki, "Ədəbiyyat qəzeti",
"Ulduz" və "Azərbaycan" jurnallarında dərc
edildiyində müəyyən dərəcədə diqqəti
cəlb edir. Onun mətndən
"keçirdiyi" obrazlar, detal, təşbeh, metafora... və
sair poetik element və vasitələr yeni şeirin, yeni tipli bədii
mətnlərin doğacağından xəbər verir. Burda kənarın, yəni auditoriyanın vəzifəsi
tam yerinə yetirilmiş olur, yəni o yeni şeiri biz
görür və içində obrazlardan süzülən səmimiyyəti
alqışlayırıq. İllər
keçdikcə bu hal adiləşir, yəni adi "poetik
reyestr" üzərində qərar tutur, həmin gəncin
şeirlərini oxuyub daha sevinə, o şəkildə hisslərimizi
büruzə verib onu alqışlamağa əlimiz gəlmir.
Niyə? Təkcə ona
görəmi ki, bu gənc yazdıqca, obrazlarını
dövriyyəyə qoşduqca hər şey adiləşir,
dünən bizi təəccübləndirən şeylərə
bu gün baxıb keçirik? İlk
baxışdan elədir. Ancaq fikrimizcə,
bu məsələdə başqa bir yön də var ki, əslində,
biz bunun barəsində düşünməliyik.
Haqqında
danışdığımız problemin bir neçə səbəbi
ola bilər. Onları nəzərdən
keçirməyə çalışaq. 1). Yuxarıda
qeyd etdik ki, ədəbi prosesə yenicə qatılan gəncin
gerçəkliyə, dünyaya, özünə, içində
burulğan kimi keçən tarixə münasibəti bir qayda
olaraq onun bədii obraz və ifadə vasitələri ilə
gerçəkləşir və bunlar təzə-tər,
orijinal və fərqli baxış bucağından irəli gəldiyinə
görə bizi təəccübləndirir, bəzən isə
yaxşı mənada susmaqdan başqa çarəmiz
qalmır. Oxuduğu kitabları olsun ki, bizdən
daha yaxşı anlayan, ordakı mahiyyətə bizdən daha
dərindən varan və bütün bunları aylarla
içində gəzdirən gənc ədib... öz
üslubunu yarı yolda itirir, ya da tapmamış olur. Sual içindən sual doğur. Axı
niyə belə olmalıdır? Qeyd edək
ki, bu, yazar olmağın təbəddülatlı, keşməkeşli,
əzab və iztirablarla dolu yolunun nəticəsidir. Dünən işlətdiyi obrazlarıyla
dünyanı mərtəbələrə bölən, bu
bölgünün içindən sövq-təbii ən dərin
həqiqətlərə işarə edən yazar vaxt
keçdikcə bu təbəddülat və iztirablarla
özü arasında arakəsmələr inşa etməyə
başlayır. Anlayıram ki, bunları
demək və üstəlik, sübutuna çalışmaq
çox ağırdır, qəliz olduğu qədər də
insanı haqsız çıxara biləcək nüanslarla səciyyələnən
bir nəsnədir. Taleyi ilə dilləşmədə
"yolverilməz fəndlər" işlədən yazar o
ağrı və iztirabların daha çox mexaniki ifadəsinə
üstünlük verir, yəni özünün onsuz da
qıt olan həyat təcrübəsini istismar edir və belədə
ədəbi tale yarı yolda qalır. Təcrübənin
istismar edilməsi isə şeirdə montaj effekti yaradır,
başqa heç nə! Xüsusən
şairlikdən söhbət gedirsə, burada tale məsələsi
çox böyük önəm daşıyır. Sən nə üçün yazırsan? Missiyan nədir? Sən yazmasan da,
bu poetik fiqurlar, obraz və detallar, bədii ifadə vasitələri
bir başqasının qələmindən pöhrələnəcək.
Ancaq sənin taleyinin sirrinə arxalanıb
yazdıqlarını bir kimsə yaza bilməyəcək.
İndi yaşı yetmişi adlamış Ramiz Rövşənin
proqram səciyyəli bir şeirinin iki misrasını
nümunə gətirmək istərdim:
Qızıl
ola, çata bilməz,
Tapdığım
itirdiyimə...
Bu dediklərimizin hamısı itirilməsi faciələrə
yol açan dəyərlərdir.
İndi isə bu yolu müəyyən dərəcədə
artıq keçmiş yazarlar haqqında danışaq. Onlardan biri
Könül Arifdir. Onun keçən il
"Ədəbiyyat qəzeti"ndə çap edilmiş
şeirlərinə baxaq. Könülün şeirlərində
gerçəklikdə bizim tanıdığımız
düzüm yoxdu, bu struktur tam dəyişilmiş, bəlkə
də bir az baş-ayaq qoyulmuş formadadı, yəni şair
bədii obraza yüklədiyi mənanı, nəfəsiylə
gələn duyumları həmin "tərs"
konstruksiyanın çərçivəsində həll edir. Deyək ki, dünya şeirində də belə bir
təcrübə mövcuddur. Məsələn, təsəvvür
edin ki, balıqlar və yosunlar dənizdə, suyun içində
yox, göylərdə olsaydı, ulduzlarsa suyun altında... Bu şeirlərdə bədii obraz, necə deyərlər,
yerlə göyü özünün baxış
bucağının tutduğu, aldığı məqamda birləşdirir
və beləliklə, dünya haqqında ənənəvi
şeirdə bərkiyə-bərkiyə gələn təcrübə
transformasiyaya uğrayır. Şeirin
adı "Qızılgülün
qayığı"dır. Diqqət edin:
Yosunları
qucaqlamaq vardı qollarımda
əllərim uzanarkən boynuna.
İri-xırda
balıqların üzgəcləri
ətəklərinə dəyirdi.
Üfüqdə
günəşi hələ udmamışdı
Yunisin balığı.
Quru
otların xışıltısı
səsində idi...
Könülün
bu şeirində həm assosiativlik, həm də daha çox
sətirlərin, misraların arasıyla axıb keçən
məna oyunu (ayaqlarını təxəyyülün
gücünə yerdən üzsə də, boyunun
qaranlığa çatmaması) bədii mətnin
bütün toxumalarını, onları yaradan bütün
duyumları bir vacib nöqtədə düyümləyir:
Yazsalar da
vəsiqəmə - havanı yarmaqda
yüz
yetmiş iki sm-lik izni
boyum
çatmır qaranlığa...
Qopar o
qara rəngi
gecədən, ana!
Zülməti
tutub günləri...
Daha sonra:
Uzat əlini!
Yamadım
bütün qayıqları...
Gül
zoğundan qönçə
düyünlənib
açdığı kimi,
gəl
yenidən doğ məni!
İndi isə fikrimcə, ciddi imzalardan biri olacaq gözəl
şeirlərin müəllifi Emil Rasimoğlunun şeirlərindən
danışmaq istəyirəm.
Onunla
aparılan müsahibələrin birində jurnalist belə bir
sual ünvanlayır:
- Ədəbi gəncliyin şeirlərində imitasiya hədsiz
şəkildə duyulur. Mənə elə gəlir ki, bu imitasiya
elə bir-birlərini oxumaqlarından irəli gəlir. Siz necə düşünürsüz?
- Bəli,
səbəblərdən biri də sənin
vurğuladığın amildi... Ancaq mənə
elə gəlir ki, bunun ən başlıca səbəbi
kütləviləşməkdi. Bu
günün ədəbi gəncliyi kütləviləşməkdədi.
Kütləviləşməksə fərdi və
fərqli düşünmək, görmək təfəkküründən
məhrum olmağa gətirib çıxarır. Kim o kütləviləşməyi inkar edə bilirsə,
yaradıcılıqda özünəməxsusluğu ifadə
edə bilir. Əks halda yox...
Emil
Rasimoğlunun şeirlərində yuxarıda
xatırlatdığımız assosiativlikdən çox, məna
oyunu var. Şeirin intonasiya və ritmi bu tədriclə, həm
də kadr-kadr açılan oyun gizlinlərinin tempinə
tabedir, yəni müəllifin eşitdiyi səsləri, adi
yarpaq xışıltısının arxasında gizlənmiş
həniri də hiss eləmiş kimi olursan. Diqqət edin:
Bütün
divarları da qovacam otaqdan
və
atacam sobaya ayaqyalın qaranlıqları...
Qoy
göy üzünə əlim çatsın...
Qoy
görünsün tənhalığın fahişə bədəni,
utansın bakirə tanrılar.
...Yoruldum
külqabıda
küçələri
yandırmaqdan,
və
yoruldum qucağımdakı
gecələrə
boylanmaqdan...
Şeirdə orijinal ifadələrdən çox,
şairin əşya və predmetlərə, dünya və
zamana münasibətinin şəkli maraq doğurur,
çünki həmin çox gözəl ifadə və
obrazlar da məhz bu münasibətin nəticəsi olaraq
meydana gəlir.
Hələ
də əlim çatmır
alnımı
söykədiyim pəncərəyə...
Axı
ayrılıqdan gözlərimiz yox,
ayaqlarımız
kor oldu.
Hədiyyə Şəfaqət yaxşı nasirdir. Onun nasir kimi gözü
ara-sıra yazdığı hekayələrdə ən incə
məqam və detalları tuta bilir, bunları mənalandırmaqdan
vaz keçib əsas mətləbə doğru ən müxtəlif
istiqamətlərdən "yollar çəkir", yəni
nasir kimi nədən yazdığını, niyə belə
yazdığını Hədiyyə çox yaxşı
bilir. Hədiyyə indi daha çox şeirlər yazır və
bu məqamda deyim, o, bəlkə də yeganə şairədir
ki, nəsrində poetiklik "aşıb-daşmır",
şeirinin motivlərini, orda "artıq", işlənməmiş
nəsnələri proza müstəvisinə
köçürmür. Nəsrdə tam
başqa bir fərd olur. Hədiyyənin
şeirlərində əsas poetik məqam, yəni poetik
sistemi bəlləyən çıxış nöqtəsi nədir?
Baxın:
Yorğun
qağayıdır sükutun dili
Enməyə
suyu yox,
Uçmağa göyü.
Yol
çəkib yoxluğun içindən əli
Sancılıb
sahilə - ağac göyərib
Göynəyi
üstündə lal - düyün-düyün...
Buna da
baxın:
Suların
içində çəkib geriyə
Dərin
nəfəsini, bir div gizlənib
Qoyub
ürəyini büllur şüşəyə
Atıb,
Sinəsinin
boşluq yerinə kimin canı düşsə,
can təmizlənir...
Folklordan gələn, zaman-zaman yaddaşa
yığılan bütün dəyişməz bilinən
şeylərin bu parçada birdən dönməsi, tədriclə
dəyişib dünyanı, onun içində insanın
qövr edən ağrısını bütün sifətləriylə
göstərən məqamın, həm də sehr şəklində
gələn anımların toqquşması bu şeirdə
unikal hissetmə qabiliyyətinin cücərtisinə
çevrilir.
Fərid Hüseyndən danışmaq olar. Çünki sözügedən
ildə onun uğurları çox olub və ən əsası
da Fəridin müxtəlif üslublarda yaza bilmək bacarığıdır,
həm də bu kimi bir az riskli məsələlərdə
cəsarətli olmasıdır. Onun
"Yalan" şeiri şübhəsiz ki, ayrı-ayrı
kitablarındakı mətnlərdən kəskin şəkildə
fərqlənir. Kimsə deyə bilər
ki, bu, Fəridin yolu deyil, ancaq fikrimizcə, əsas yol -
müxtəlif döngələrdən özün kimi
keçə bilməkdir, illər keçdikcə əvvəlki
suallarına verdiyin cavablarından razı qalmamaqdır, həmişə,
hər addımda yeni suallar icad etməkdir. Fərid bu unikal məqamı tuta bilmiş çox
istedadlı gənc şairdir.
Bu şeir ("Yalan") bir neçə müstəvidə,
yaxud onların kəsişməsində təhlil edilə bilər,
həm də mətnlərarası virtual əlaqələr
kontekstində.
İroniya şeirdə əvvəldən sona
kimi, necə deyərlər, libasını dəyişə-dəyişə
gedir, əlbəttə ki, yalanın min bir sifəti
görünüb yoxa çıxınca. Bu
mətndə şair nələrisə qəribə bir
üsulla gizlədə-gizlədə real mənzərəni
bütün qatılığı və əyriləriylə
dəqiq göstərir. Büsbütün yalana
çevrilmiş adamın dilində həqiqət necə
görünər:
Doğru
sözləri zülmlə höccələmə,
səni
rahat başa düşürlər...
Fərid əşyanı,
predmeti təsvir etmir, onun məhz görünən, bilinən
mənzərəsini dağıdır, məsələn:
Sözlərin isladılmış pambıqdı -
çəkisi yalan.
İçəridən
qırışır paltarların - ütüsü yalan...
Sözlərin
isladılmış pambıq olması, paltarların içəridən
qırışması... Fəridin əvvəlki
mətnlərində də bəlkə var, hər halda deyim tərzi
ona işarə edir, ancaq bu şeirdə həmin işarələr
əlavə keyfiyyətlər qazandığından fərqli
funksional status əldə edir. Bir şairin
öz yazı, deyim tərzinə bu şəkildə xəfif
ironiya ilə yanaşması (həm də sövq-təbii, yəni
müəllifdən asılı olmayaraq istər-istəmız
meydana çıxması) mətndə qatlar yaradır.
Gənclik, əlbəttə ədəbi gənclik
həmişə nə olur-olsun, özü öz yolunu
seçir. İmitasiyalı mətnlərlə bərabər
bizdə normal nümunələr də az deyil. Məsələ
bunların nisbətiylə bağlı deyil və
olmamalıdır da. Fikrimizcə, əsas məqam ədəbi
gəncliyin baxış bucağının iti olmasında,
vahid ədəbi proses içində müxtəliflikləri,
daha çox isə yamaq yerlərini görə bilməkdədir.
Gənclər bu mənada daha müdrik olurlar. Və biz də
buna güvənirik.
Cavanşir
YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2019.- 7
sentyabr.- S.17.