Ədəbiyyatda esse
2018-ci il ərzində Azərbaycanda kifayət qədər böyük həcmdə esse materialları ayrı-ayrı müəlliflərin kitablarında, qəzet və jurnallarda çap olunmuşdur. "Azərbaycan" və "Ulduz" jurnalları, "Ədəbiyyat qəzeti", "525-ci qəzet", "Kaspi", "Ədalət" qəzetləri "Sim-sim.az" portalı və eləcə də ayrı-ayrı müəlliflərin kitablarında çap olunmuş esse nümunələri əsasında ilin mənzərəsini canlandırmağa çalışdıq.
Akademik İsa Həbibbəyli Gürcüstanda Türkologiya elminin inkişafında müstəsna xidmətlər göstərmiş akademik Elizbar Cavalidzenin Ədəbiyyat İnstitutu tərəfindən nəşr olunmuş Füzuli haqqında monoqrafiyasına poetik esse formasında ön söz yazmışdır. "Akademik Elizbar Cavalidzenin Füzulinaməsinə" akademik düşüncə ilə bədii təxəyyülün qovuşmasında yaranan olduqca maraqlı esse nümunəsi, formatıdır. Esse forma etibarilə sərbəst şeiri xatırladır: "Elizbar Cavalidze - Yunus Əmrənin Kürə qarışan hekayəsidir. Yenidən doğulan Ruhi Bağdadi təzkirəsidir.
Məhəmməd Füzuli - Elizbar Cavalidzenin Azərbaycan sevdasıdır. Gürcü aliminin ədəbiyyatda Kərbəlasıdır. Və ya romantik düşüncədə Metex qalasıdır".
2018-ci ildə xalq yazıçısı Anarın "Söz dünyası" adlı çoxcildliyinin I cildi işıq üzü gördü. "Odlar yurdunun söz və sənət dünyası" adlı giriş məqaləsi yurdumuzun tarixi, mədəniyyəti və ədəbiyyatını özündə ehtiva edən Azərbaycannamədir. Kitabda Anarın müxtəlif dövrlərdə yazdığı məqalələri, oçerkləri xatirələri ilə birlikdə esseləri də yer alıb. "Türkün sözü" essesində Anar özünün illər öncə tərtib etdiyi "Min beş yüz ilin Oğuz şeiri" antologiyasına bir az fərqli rakursdan, tədqiqatçı kimi yenidən qayıdır. Anar essedə "tariximizin şeir yaddaşı"nı - Oğuz poeziyasını tarixini səhifələyir.
2018-ci il boyu xalq yazıçısı Kamal Abdullanın "Əvvəl-axır yazılanlar" silsiləsindən növbəti esseləri dərc olunub. "Ol zamanlar"da müəllif "Kitabi-Dədə Qorqud" dastanı, Umberto Eko ilə görüşü və "Yarımçıq əlyazma" əsəri, eyni zamanda müasir Azərbaycan ədəbi tənqidi ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirir, mülahizələrini irəli sürür. Eyni silsilədə yazılan "O, işığa deyil, hüzura layiqdir", "Banuçiçəklə Beyrəyin sirri" esselərində fraqmental şəkildə müxtəlif mövzular, ədəbiyyat məsələləri haqqında düşüncələr yer alıb.
Mətnində ciddi filoloji qat və məzmun keyfiyyəti ilə seçilən, ilboyu istər tərcümələri, istərsə də müəllifi yazılarla Azərbaycan esseistikasında model yaradanlardan biri filologiya elmləri doktoru Cavanşir Yusiflidir. Müəllifin ilboyu bir kitab həcmindən çox yazıları "Ədəbiyyat qəzeti"nin səhifələrində dərc olunmuşdur. Cavanşir Yusifli "Brikolaj, yaxud işıq qapısı" essesində Jerar Jenet və ondan əvvəl strukturalist Levi Stross tərəfindən mifoloji təfəkkürlə bağlı ərsəyə gətirdiyi "intellektual brikolaj" anlayışını müasir ədəbiyyatşünaslıq tədqiqatları ilə kəsişdirir. Bu kəsişmə nöqtəsi müəllifə bir sıra suallara cavab axtarmağa imkan yaradır. O, mətni hər hansı bir cərəyanın, qəlibin sərhədlərinə salıb təhlilə cəlb etməyə qarşı çıxır.
Müəllif "İçimizdə yaşayan kitablar" essesində də dünya və eləcə də Azərbaycan ədəbiyyatına dair mülahizələr, düşüncələr öz əksini tapır. "Mətnin hiss edilməsi" essesi Əhməd Cəmilin "Can nənə, bir nağıl de" şeirinə yazılmış uğurlu ətək yazısı xarakterindədir. Müəllifi haqlı olaraq uğurlu filoloji mətnin yazıçının və şairin düşündüklərini, yazdıqlarını təkrar etməklə deyil, əsərdəki "qıfıl"ları açmaqla müəyyənləşdiyini yazır. "Millət və vətən türküsü", "Əli Kərimin ad gününə", "Küldən təpəcik olmaz" müəllifin maraqlı yanaşmalı olduğu esse nümunələridir. Hər bir xalqın, mədəniyyətin, ədəbiyyatın kodlaşamış yaddaşı var və bu yaddaş zaman və məkan sərhədlərini aşaraq arxetipləşir və yaranan yeni nümunələrə transformasiya olunur. "Axundov yaddaşı" essesində Cavanşir Yusifli Axundovla klassik irs arasındakı əlaqəni, bağı "yaddaş" metaforası vasitəsilə izah edir.
Filoloji esseistikanın Azərbaycanda uğurlu müəlliflərindən biri də professor Rüstəm Kamaldır. Onun "Güzgü günü" esselər kitabında ədəbiyyatın müxtəlif zaman və məkan paradiqmaları orijinal baxış müstəvisində tədqiqata cəlb edilir. Məsələn, Molla Pənah Vaqif haqqında "Molla Pənah Vaqif: Gözün tarixi", "Molla Pənah Vaqifin güzgüsü", eləcə də "Molla Pənah Vaqif və Səməd Vurğun: felin karması" esselərində Vaqifin həyat və taleyinin XVIII əsrin "göz mədəniyyəti" kontekstində təqdimatıdır. Müəllifin Mirzə Fətəli Axundzadənin taleyinə Ziqmund Freydin "Edip kompleksi" və ya Con Ostinqin nitq aktları nəzəriyyəsi kontekstində yanaşması Azərbaycan filoloji fikri üçün yenidir. Linqvistik fəlsəfənin insan taleyi ilə paralelliyini bir müstəvidə birləşdirmək müəllif kimi Rüstəm Kamalın uğurlu tapıntısıdır. Kitabda, eyni zamanda Mir Möhsün Nəvvab haqqında "Mir Möhsün Nəvvab: İki od arasında", İsmayıl bəy Qutqaşınlı haqqında "Generalın xarabat mistikası", İsa Muğanna haqqında "İsaya inanmaq", Anar haqqında "Anar fəzası", "Telefonda səs", Zəlimxan Yaqub haqqında "Layla, Zəlimxan, layla", Nüsrət Kəsəmənli haqqında "Nüsrət Kəsəmənlinin nağılları" və digər yazılar yer alıb.
Rüstəm Kamalın esseistikasının orijinallığı haqqında yazdığı ədiblə onun yaratdığı obrazların taleyi arasında tapıntı xarakterli paralellər qurma cəhdləri ilə meydana çıxır. Xalq yazıçısı Anar haqqında "Telefonda səs" yazısı müəllifin kənddəki evində uşaqlıq xatirəsi, evin küncündəki az hallarda zəngi eşidilən telefonun səsindən başlayır. Anarın məşhur "Mən, sən, o və telefon" hekayəsindəki Vaqif Səmədoğlundan gətirilmiş epiqrafla davam edir:
"Telefon nömrələri
Oxşamaz
bir-birinə
Amma
hamısında
İnsan
səsi...
...pis
günlər
Oxşamaz
bir-birinə
Birində
özün susarsan,
Birində telefon".
Və
sonda Anarın Ədəbiyyat İnstitutundakı
müşavirədə telefonuna zəng və Vaqif Səmədoğlunun
ölüm xəbəri... Bütün hadisələri,
təxəyyüllə reallığın kəsişməsini
ən gözəl belə təsvir etmək olardı.
Ötən ildə Azərbaycan esseistikası mədəniyyətin
müxtəlif aspektlərini - kino, teatr, rəssamlıq və
heç şübhəsiz ki, ədəbiyyatı bir
çatı altında birləşdirən Azər Turanın
yazıları ilə daha da dolğunlaşdı. "Caz, sadəcə, musiqi
deyildir" essesində Azər Turan Vaqif Mustafazadəyə həsr
etdiyi "Sənsiz səninlə" əsərinin səhnə
taleyi fonunda Azərbaycan cazı və onun görkəmli
yaradıcısı Vaqif Mustafazadə
yaradıcılığı ətrafında maraqlı
faktları açıqlayır. "Ədəbiyyatşünaslıqdan
milli ideologiyaya" yazısında bədii
yaradıcılıq aspekti ilə elmi düşüncənin
daim bir-biri ilə əlaqədə olduğunu,
qarşılıqlı keçidlərin hər zaman aktual
olmasından yazır: "Yazıçılar Birliyinin
"Ədəbiyyat qəzeti" ilə Akademiyanın Ədəbiyyat
İnstitutu Azərbaycan ədəbiyyatının qoşa
qanadıdır. Qoşa qanad tandemini təsdiqləyən
mükəmməl örnəklərimiz də var".
"Eşqi həmişələr gəlir
yanıma..." essesində Buynuz kəndində Musa Yaqubla
söhbətləşir, Nizaməddin Şəmsizadənin
elmi yaradıcılığından, Azərbaycan ədəbiyyatşünaslığı
tarixində yerindən danışır.
Ötən
il "Ədəbiyyat qəzeti"nin bir
sayı "tutduğu vəzifədən çox-çox
ucada dayanan bir mütəfəkkir" (Azər Turan) xalq
yazıçısı Anara həsr olundu. Azər
Turan ustad yazıçının yubileyinə onun
özünün yazdığı traktatın adından
götürərək "Anarın yaşamaq haqqı"
adlandırıb. Müəllif qəzetin
bu sayının Azərbaycan ədəbiyyatında yaşamaq
haqqını çoxdan qazanmış bir ədibə - xalq
yazıçısı Anara həsr edildiyi üçün hər
zaman axtarılan nüsxəyə çevriləcəyinə
əminliyini ifadə edir. Məncə də
haqlıdır.
"Yatmış şəhərin yuxusu essesi" rəssam,
eyni zamanda şair Ucal Haqverdiyevin taleyinin,
yaradıcılığının rəsmidir. Azər
Turanın çap olunmuş esseləri vahid bir mətnin
parçalarını xatırladır və yazılar
arasında çox qəribə şəkildə keçidlər
mövcuddur.
"Hey fələk, keçdi zaman dalğa kimi..."
essesində Turan Cavidin son günü bütün
ayrıntıları ilə öz əksini tapıb. Eyni zamanda Azər Turanın
ötən il xalq yazıçısı Elçin
haqqında "Vətənin Elçini", Məsud
Əlioğluna həsr etdiyi "Eşq və kədər
yağmuru...", "Dəlixana divarını öpdü
çinar budaqları...", "Şər çiçəkləri",
"Sevgi məktubu kimi", "Dünyanın Cavad mifi",
"Bir qəribə şair - Orxan Vəli", "Dünya
poeziyasının türk şahzadəsi",
"Ayrılıqların sürreal mənzərəsi... Bir cüt mavilik" esseləri maraq doğurur.
Rəşad Məcid "Əvvəl-axır
yazılanlar" silsiləsindən (Kamal Abdulla) ilhamlanaraq
sosial şəbəkələrdəki statuslarını
"Qələmsiz yazılanlar" başlığı
altında təqdim etməyə başladı. Doğrudan da, sosial şəbəkələrdə,
xüsusən də "Facebook"da aparılan ədəbiyyat
söhbətləri, ədəbiyyatın və ədəbiyyatşünaslığın
ən müxtəlif məsələləri ilə
bağlı paylaşılan statuslar, onlara yazılan şərhlər
heç də digər yayım üsullarından (qəzet,
jurnal və hətta internet saytları) geri qalmır, hətta
deyərdim ki, onları funksionallığı və hərəkiliyi
baxımdan üstələyir.
2018-ci il bu baxımdan Məti Osmanoğlunun
"Sözün o üzündə" adlı kitabında
müəllifin indiyə qədər yazdığı filoloji
araşdırmaları ilə birlikdə esselərindən
seçmələr də çap olunub.
Azərbaycanda esseistikanın inkişafında Qismət həm
müəllif, həm də dünya esseistlərinin
yazılarını dilimizə tərcüməçisi kimi
son illərdə bir çox uğurlu işlər
görmüşdür. Baş redaktoru olduğu "Sim-sim.az"
portalı Azərbaycanda esseistikanın yeni məktəbi
xarakterindədir. 2018-ci ildə Qismətin
tərcüməsində "Ədəbiyyatsız
dünya" esselər kitabı çap olunmuşdur.
Eyni zamanda müəllifin şair Səlim Babullaoğlu
haqqında "Səlimin şeirləri ilə kültür gəzintisi",
Kamal Abdulla haqqında "Üz-üzə güzgülər"
esseləri dərc edilmişdir.
Fərid Hüseynin Lev Tolstoyun "Anna Karenina"
romanının təəssüratları əsasında
yazdığı "Oynamayanların qələbəsi"
silsiləsi zamanlararası əlaqələr baxımından
maraq doğurur. Müəllif XXI əsrdə, ətrafımızda
baş verən dəyişimlərlə romanda baş verən
psixoloji təbəddülatları bir-birinə müncər
edir.
Pərvinin "Don Kixano...", "Şəki... və
Bəxtiyar Vahabzadə", "Şamaxı... və Mirzə
Ələkbər Sabir...", "Bakı... və Qara
Qarayev" və başqa esseləri maraqla
qarşılanıb. Müəllif "Xalis xilas" essesində
özü ilə söhbət edir, həyatın tapılmayan
mənasını, bəlkə də, sirrini açmağa
çalışır. Niyə
yazırıq sualına cavab axtarmağa
çalışır. Pərvinin
"Tarixləri əks etdirən türk sözü"
essesi xalq yazıçısı Anarın "Türkün
sözü" yazısı haqqında, onun mahiyyətini
açan Ön söz xarakterindədir.
Gənc
şair, esseist Ramil Əhmədin ötən il
"İki şəhərin yazıları" adlı esselər
kitabında müəllifin 2015-2017-ci illərdə Bakıda və
təhsil aldığı İstanbulda qələmə
aldığı yazılar toplanmışdır. Kitabda ədəbiyyatla bərabər kino və rəssamlıq
haqqında yazılar yer alıb.
Nərgiz
İsmayılovanın (Nargis) ötən il
"Ədəbiyyat qəzeti"nin səhifələrində
bir neçə yazısı dərc olunub.
"Susqunluqlarım məni təmkinli yox, təhlükəli
qadına çevirirdi getdikcə..." yazısında müəllif,
sanki yaratdığı qadın obrazının daxili təlatümlərini
ifadə etməyə çalışır.
"Ştefan Svayqın "Yad qadının məktubu"
novellası və bozumtul kədər" yazısında
Nargis əsərin filoloji şərhini verir.
Ülvi Babasoy "Tanrını sorğulamaq cəsarəti"
essesində Həsən Əli Toptaşın "Hədər"
romanından yazır. Və ya "İsa Martha və Məryəmin
evində" essesində insanların daima özlərini
başqaları ilə müqayisə edərək
natamamlıq kompleksi yaşamalarından bəhs edir. "Kalvinonu oxumayanlar üçün" essesində
İtalo Kalvinonun "Bir qış gecəsi əgər bir
yolçu" romanının izi ilə gedərək
oradakı mətləbləri, müəllif-əsər-oxucu
müəlliflərinə aydınlıq gətirməyə
çalışır.
Mehman
Qaraxanoğlunun "Alleqoriyadan simvolikaya...", Barat
Vüsalın "Ənəlhəqq deyən kişi...",
"Məchul dilin məlumluğu", Rəvan Cavidin "Kim
daha çox xoşbəxt ola bilərdi?!", Babullanın 20
Yanvar hadisələrinə həsr etdiyi "Azadlıq məbədinin
memarı", Günel Natiqin "Sevgi və xəyanət",
Musa Quluzadənin "Xəzərim mənim", "Kor Xəlil",
"Sərhədsiz quşlar", "Kölgədə bitən...
kölgədə yaşayan", Sevil Gültənin
"Anamın yuxu gördüyü ev", "Uşaqlıq
illərimin şəkilləri", Tural Turanın
"Uşaqlığımızın rəngli kişiləri",
Şəhriyar del Geraninin "Kiyevlə üz-üzə",
"Yenə bu şəhərdə üz-üzə gəldik..."
yazıları ilə 2018-ci ilin esse mənzərəsi daha da
dolğunlaşmışdır.
Mehman HƏSƏNLİ
Ədəbiyyat qəzeti.- 2019.- 7 sentyabr.- S.18.