Cənubi Azərbaycanda ədəbi proses -
2018
Cənubi Azərbaycan ədəbiyyatı yalnız siyasi
müstəviyə çıxarılmış
"Ayrılıq, həsrət, Araz" mövzusundan ibarət
deyil.
Bu gün Cənubi Azərbaycanda ədəbi prosesin
bütün istiqamətlərində poetik dünya ədəbi
fikrində gedən axtarışlara güclü meyil duyulur,
dünya ədəbi fikrində gedən proseslər və gəlişmələr
görünür.
Cənubda ədəbi prosesin milli-bədii tutumu bizdə
çox zaman siyasi sərhədlər çərçivəsində
baxılaraq öyrənilib araşdırılır. Bu,
düzgün yanaşma deyil. Zənnimizcə,
bu məsələ Şimalda, Türkiyədə, eləcə
də Avropada mədəniyyət sahəsindəki
yaradıcılıq təmayüllərinin kontekstində
araşdırılmalıdır. Cənubi
Azərbaycanda ədəbi prosesdəki təmayülləri,
forma-məzmun yeniliklərini izləyib təhlil etmək, izləmək
bir qədər fərqlidir. Məlum siyasi
məhdudiyyətlər, azsaylı nəşrlər, qəzet
və dərgilər Cənubdakı ədəbi prosesin tam mənzərəsini
yaratmağa imkan vermir. Bu üzdən də
daha çox yazarlarla şəxsi əlaqə və məktublaşma
nəticəsində əldə etdiyimiz materiallara əsaslanmaq
məcburiyyətindəyik.
Adəti üzrə olduğu kimi, 2018-ci ilin nəşrləri
arasında şeir topluları üstünlük təşkil
edir.
Biz vahid Azərbaycan ədəbiyyatından söhbət
açırıq. Amma onun tərkib hissəsini, məlum səbəblərdən
bizdən ayrı düşmüş Arazın o biri sahilində
yaranmış Güney Azərbaycan ədəbiyyatını
nə qədər tanıyırıq? Orada
soydaşlarımızın yaratdığı ədəbiyyatı
oxumaq istəyən zaman əlifba, bəzən də dialekt,
dil (rəsmi dilin farsca olduğunu nəzərə alsaq) əngəlləri,
baryerləri qarşıya çıxır. Güneydə
ədəbiyyatın durumu, ədəbi proses, bu ədəbiyyatın
ən gözəl nümunələrini yaradanları
tanıtmaq vəzifəsini yerinə yetirməyə
çalışırıq.
Cənubi Azərbaycanda yaradıcı ziyalılar öz
kimliyini qoruyub müdafiə etmək məcburiyyətindədirlər. Çünki
mənəvi və maddi həyatları bir sürgün durumu
içindədir. Çox zaman da onlar gənc
olsalar belə, yazarlar şəxsi həyatlarını, hisslərini
deyil, toplumun yaşantılarını qələmə
alırlar.
Modernlik harda başlayır, postmodernlik harda qurtarır,
şeirlərdə bunu izləmək bəzən çətin
olur. Şairlər birbaşa modernizmlə postmodernizmin
özəlliklərini daşıya bilirlər. Məsələn, bunu M.Ləvayinin "Terror və
azadlıq" əsərində görə bilərik.
Saleh
Ətayinın "Bəlkə daha deyəmmədim", lalə
Cavanşirin "Ayaqüstü tənhalıq"
kitablarında və internetdə Ziba Kərbasinin şeirlərində
olduqca modern şeirləri ilə
qarşılaşıırıq, amma bəzi özəlliklər
onları "postmodern" şairlər kimi
adlandırmağa bizə haqq verir.
Ötən
il çapdan çıxmış
"Əncir ağacı olmaq" şeir kitabının
müəllifi "Şeir mənim üçün,
içində yaşayıb öləcəyim acun kimi,
qarşıt fenomenlər yatağı, çəlişkili
bir anlayışdır. Sanki özündə
bambaşqa bir kontrast daşıyır. Bir yandan
yaşam, bir yandan da ölüm doğuran bir sənət!
Fikrini söyləyən Kiyan Xiyav Avropa şeiri ilə Şərq
şeirinin sintezindən yaranan bir üslubda yazan şairdir:
Ah
payız küləyi a...h.
Əs
özləm bağçamıza,
Əs əlçatmaz ağaclara, quşlara, insanlara.
Əs
yurdumun qocaman ardıclarına,
Ardıcıl salamlar söylə yorulmadan.
Və
lirik bir mahnı oxu
Tayı-oxşarı tapılmaz sevgililərə.
Söylə,
mən də bir Tanrı ardınca
gəlmişdim
buraya
Söylə,
qırx beş il Tanrı
axtarışında
Gəlib
bir qocaman ardıc tapmışdım
Və
bilmirdim
İnsandımmı, quşdummu?
Yarıinsan yarıquş.
Yoxsa
dünyanın ən böyük
lirik
dizgəsiydimmi?..
"Qaranlığın fotosu" kitabının müəllifi
Ümid Nəccari şeirdə özünəməxsus
düşüncənin, eləcə də ona uyğun
formanın bəlirtisini verməyi sevir. Onun şeirlərində
yeni düşüncə ilə yeni biçimdə
qaynayıb qarışır və klassik poeziyanın
metaforaları da bir ortamda göz qabağında sərgilənir:
Səndən
uzaq
gözlərinin orucunu tutmaq;
Səndən
uzaq
əllərini daşdan yonub üstünə alın qoymaq,
şəklinin Kəbəsinə yeddi dəfə dolanmaq
və sən
gedən yola üz tutub
sevgi
rükəti qılmaq,
adını bir-bir təsbeh dənələrində çevirmək,
göz
yaşlarımla dəstəmaz almaqdır peşəm,
ey sevgi
peyğəmbərim!
Nasir Davəran Cənubumuzun görkəmli
ziyalılarından sayılır, o, şairliklə
yanaşı, nasir və həm də gözəl tərcüməçidir.
2018-ci ildə
onun latın əlifbası ilə
"Özbaşına Dünya" adlı seçilmiş əsəri
kitab şəklində işıq üzü gördü. 177 səhifədən ibarət topluya şairin
müxtəlif illərdə yazdığı 156 şeri daxil
edilmişdir.
Nasir Davəran gözəl tənqidçi və ədibdir. Bir çox
şair və yazıçıların əsərlərini
araşdırıb tənqid etmişdir.
Davəranın milli duyğu və yurdsevərliyi demək
olar ki, çox şeirlərində öz əksini
tapmışdır. Bir çox güneyli-quzeyli şairlərin
qədim mədəniyyət beşiyi və baştacı
saydıqları Təbrizin gözəlliyinin vəsfinə
N.Davəran da öz imzasını atır.
Davəran Təbrizi "Gecələri nə qədər
uzun olsa belə, günəşi batmayan, dağlarının
qızıl lövhələri bərəkətin, təmizliyin
bəyannaməsi olan, zəngin qələmlərin
ölümə sataşdığı yer, əlahəzrət
sevginin bargahı və nəhayət, "Saman yolu"nun
paytaxtı kimi vəsf edib təqdim edir:
Abidələrimizin xaqan sorağı.
Ovcunda
göyərçin
Beynində
yanıq dilimizin kərəmiləri...
Küçələrinin
yaddaşında
Nə
çox dumanlı qoçaq
Bununla belə
Çayların
gücü
Ulduzların
doğru dili
Kərpicinin,
daşının kültürün oluşdurur...
Mən
sizə Təbrizi danışıram
Dünya
şəhərlərinin vətəndaşı
Almanın, qızılgülün universitəsini.
Bura zəngin
qələmlərin ölümə sataşdığı
yer
Bura əlahəzrət sevginin bargahıdır.
Rüstəm
Behrudinin Ey darın ağacı! Kimdən kəməm, kəm?//Ya səni yendirrəm, ya sənə yennəm.
Ya da
budağında yarpağa dönnəm, //Salam, Dar ağacı!
Şeirindəki dar ağacı haqda Heydər Bayatın və
başqa şairlərimizin özünəməxsus deyimləri
və poetik fikirləri var. Nasir Davəran Təbrizlə
bağlı şeirində dar ağacına üz tutub
yazır:
Burda dar
ağacının qiyməti var
Minlərlə
günəşsoylu sərdar
Başın ucaldıb onun.
N.Davəran
şeirlərində zülm və haqsızlığın
qar və buz kim bəşər həyatını
dondurduğunu fəlsəfi kəlmələrlə, fikirlərlə
açıqlayaraq, insanların mənəvi yoxsulluq
çirkabından qurtarmalarını maariflənməkdə
və aydınlaşmaqda görür. Onun
"Xain" adlı şeirində bu mövzu çox gözəl
şəkildə qoyulur.
Yollar xain
ki, deyil
Yolların
bir başı sizin ev.
Xain
dediyin elə bu qardır
Yenilməz
Və
soyuq
Əllərimizə
qənim
Görüşlərimizə
qənim
Yalan
deyir, inanma ha
Dönəcəyəm
bir daha
Ağ
yelin qanadında
Arxamca nə
hərcai qorxu
Nə
şübhəli kölgələr
Cib telefonum özümünkü yalnız.
Şairin şeirində ən önəmli və gözəçarpan
məsələ şeirlərin dilidir. Onun şeirləri
çox səlis və təmiz Azərbaycan dilində
yazılmışdır.
Həyatda hər şeyin sonu var, tək xatirələrdən
başqa. İnsan həyatı xatirələrlə zəngindir.
Baş alıb gedən xatirələrsə nəhayətsizdir.
Bəzən xatirələr qürbətdə
belə gəlib insanı təqib edir, gecələr kabusa
dönüb yuxusunu ərşə çəkir.
Mir Musa
Haşimi də 40 ilə yaxındır ki, isti yuvasından,
doğmalarından iraq (uzaq)
düşüb qürbətdə yaşayır. İsveçdə çap olunan "Bir əsgərin
xatirələri" kitabında müəllifin başına
gələnlər öz dili ilə söylənilir.
"Bu kitabı doğma ana dilim - Azərbaycan türkcəsində
yaza bilməməyim ən böyük kədərim idi" -
yazır müəllif. Artıq kitab müəllifi arzusuna çatıb, fars dilindən çevrilən kitab işıq
üzü görüb.
Onu tanınmış güneyli şair və tərcüməçi
Kərim Güləndam farscadan çevirib.
"Bir əsgərin xatirələri" hərbçinin
- atsubayın yaşadığı ölkədə
haqsızlığa uğrayıb tutuqlanması, həyatda
ölüm-dirim mücadiləsi ilə əlbəyaxa
olması, Türkiyə və İsveçdə siyasi
mühacir həyatı yaşayan zaman başına gələn
olaylar və sonda həbs və təqiblərdən
qurtulması və azadlığa çıxıb ailəsi
ilə qovuşması ilə bağlı bir sənədli
hekayətdir.
"Bir əsgərin xatirələri" uzun zaman dövlətə,
vətənə sədaqətlə qulluq etmiş, lakin yeni
hakimiyyətə gələnlər tərəfindən
haqsız yerə ittiham olunub, ölkədən
uzaqlaşmağı çıxış yolu kimi seçən
bir hərbçinin həyat hekayəsidir.
Kitabda
müxtəlif rütbəli hərbçilərin ordudakı
özbaşınalıqlarından və həyatdakı sərgüzəştlərindən,
şahın Amerikanın marionetinə çevrilməsindən,
bütün hərb qüvvələrinin Amerika
generallarına tabe olmasından, məxfi saxlanan siyasi
anlaşmalardan, müəllifin ailəsinin,
yaxınlarının başına gələn olaylardan, vətəni
tərk etməyə məcbur olmasından və
ağrılı vətən həsrətindən söz
açılır.
20 ilə yaxın doğma diyarı tərk etməyinə
baxmayaraq, M.Haşimini zindanın acı xatirələri və
dəhşətli kabusları uzaq Avropa ölkəsində belə,
onu rahat buraxmır, hələ də ruhunu sarsıdır.
Folklor Güneydə toxunulmamış zəngin xəzinədir. Şifahi xalq ədəbiyyatı
örnəklərinin toplama və araşdırmalarına gəlincə,
Məhəmməd Ehsaninin "Ayran dibi kəndinə bır
baxış", Nəsim Köhnəsalın "Min bir Azərbaycan
mahnısı", Əmar Əhmədinin "Bayatın
yaxşı olsun", "Təkəm və təkəmçi",
"Babək", kitablarının adını çəkmək
olar. Ümumilikdə folklor sahəsində bir
çox gözəl işlər görülüb və
görülməkdədir. "El
bilimi" elektron dərgisi bu sırada böyük işlərə
imza atmağı başarmışdır.
Uşaq ədəbiyyatı mövzusunda yazılan əsərlər
də çox ümidvericidir. Məliha Əzizpur, Murtuza Məcidfər,
Ramin Cahangirzadə, Xosrov Barışan, Leyla Kəhalı və
başqa gənc yazarların qələmindən
çıxan və uşaq qəlbinə yol tapan əsərləri
çoxdur.
Dr.Əfşin
Əmirinin "Analara, uşaqlara" (Laylalar və nazlamalar),
Murtuza Məcidfərin körpə bağça
uşaqları üçün yazdığı "Bax
gör kimdir, nəçidir?", Əlirza Şəmisəxunun
"Atiyatin", Ramin Cahangirzadənin "Rəqəmlər",
"Dörd fəsil" kitabları uşaqlara sunulan ərməğandır.
Ədəbiyyatda həmişə ədəbi fikir
mübadiləsi və tənqidçi fikrinə böyük
ehtiyac duyulur.
Ərşad Nəzirinin "Miyanə şeir əncüməni",
Sədyar Elavoğlunun "Gəncədən gəlirəm..."
(Nizamı Gəncəvinin türkcə şeirlərinin
təhlili), Əfrasyab Nuralhının "Yolçuluq",
Əsədulla Əmirinin "Türkmən Mahmud, Aşıq
Rzaəli" kitabları bu boşluğu dolduran kitablardandır.
İllər öncə yazılan, amma sorağına yeni
düşdüyümüz dr.Səkinə Birincianın da tənqid
sahəsində ingiliscə yazdığı kitab üzərində
isə ayrıca bəhs etmək lazımdır...
Pərvanə Məmmədli
Ədəbiyyat qəzeti.- 2019.- 7 sentyabr.- S.19.