Bölgələrdə ədəbi həyat
- 2018
Ədəbiyyatın məkanı varmı? Ədəbiyyat üçün konkret ölkə, şəhər, mühit nə qədər önəmlidir? Daha keyfiyyətli, daha təsirli, daha oxunaqlı bədii ədəbiyyatın yaranması üçün məmləkət nə dərəcədə rol oynayır?
"Bölgə - mərkəz" ədəbiyyatını müqayisə edərkən ilk olaraq gözümün önünə Musa Yaqub gəlir. Artıq bir neçə ildir ki, İsmayıllıda - Buynuzda qalan bu sənətkar bizim təsnifatın hansı qoluna aiddir? Musa Yaqubu bölgə ədəbiyyatı nümayəndəsi kimi tədqiq etməliyikmi? Yoxsa Musa Yaqub mərkəz ədəbiyyatına aiddir? Görkəmli tənqidçi-alim Vaqif Yusifli "Bölgələrdə ədəbi həyat" kitabında Musa Yaqubu Hüseyn İbrahimov, Asim Yadigar, Vaqif Aslan, Xalid Qoca, Məmməd İlqar, İbrahim İlyaslı, Zakir Məmməd, Zirəddin Qafarlı və b. sənətkarlarla - daha çox təsnifatımızın bölgə budağına aid olan yazarlarla bir sırada verir. Düzdür, tənqidçi daha sonra əlavə edir ki, Musa Yaqub İsmayıllıda müasir Azərbaycan poeziyasının ən gözəl incilərini yaratmaqda davam edir. Musa Yaqub poeziyası Azərbaycan ədəbiyyatında S.Vurğun, H.Arif, Q.Qasımzadə, M.Araz ənənələrinin uğurlu davamçısıdır. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yaranan bədii ədəbiyyat bu elmi-tədqiqat ocağında aparılan elmi-tədqiqat işlərini zənginləşdirir və tamamlayır.
Bununla belə, Vaqif müəllimdən fərqli olaraq, hesab edirik ki, Musa Yaqub və onun kimi regionlarda yaşayan bir çox ədiblər bu məruzəmizin mövzusu deyil. Çünki paytaxtda çoxsaylı tirajlarla və dəfələrlə çap olunmaq imkanı olan, bütün respublikada və hətta ölkədən kənarda tanınan, yaradıcılığı özlüyündə bir məktəb formalaşdıran sənətkarlar bölgə ədəbiyyatında təhlil edilməməlidir. Ona görə də, bəzi ustad sənətkarların bu məqalədə öz adlarına rast gəlməmələrini unutqanlıq, hörmətsizlik kimi qəbul etməyəcəklərini ümid edirik.
Son illərin ümumi ədəbi mənzərəsində nadir nümunələri çıxsaq, bölgə ədəbiyyatının yalnız bir növ üzrə yarandığını müşahidə edirik: lirik növ. Hətta "şeirin" bütünlükdə lirik növlə assosiasiya olunduğunu və yaradıcılığa hakim kəsildiyini söyləmək olar. Regionlarda ədəbiyyat, demək olar ki, nəsrlə yazılmır, epik və ya dramatik növdə yaranmır. Bu da, öz növbəsində, ədəbiyyatın dar konturlar çərçivəsində inkişaf etməsinə səbəb olur.
Təhlilimizi ayrı-ayrı şəxslər və rayonlar üzrə yox, mövzu - arxetiplərə görə davam etdirəcəyik. Azərbaycan ədəbiyyatı üçün xarakterik olan əksər mövzular 2018-ci ildə də aktivliyini qorumaqdadır. Xüsusən, Vətən, şəhidlik, sevgi, söz-sənət kimi mövzular ən çox müraciət olunanlardır, lakin diqqətçəkən məqamlardan biri son iyirmi ildə mərkəzdə formalaşan "Allahın şeirləşdirilməsi", "Adam" obrazının şeirin qəhrəmanına çevrilməsi, "ölüm" mövzusunun bədii əsərin ana xətti olması bölgə ədəbiyyatında da aktuallıq qazanır.
Ötən il bu mövzu bölgələrə daha çox siraət etməyə başladı.
Ey yoxun
var üzü, heçin kimliyi,
Dən varsa, yaşayır quşun dimdiyi.
Təbimin
yurdumdan nə var əmdiyi,
Gətirmə
burnundan şeiri, Allah! -
Şair ruhu azad olur, bu azadlıq zaman-zaman kimlərsə
tərəfindən sıxılır. Amma əsrlərdir
davam edən Allah xofu şairlər üçün ən
böyük basqı idi. Son illərdə
"Allah xofunun" şeirdən çəkilməsi həm
də dini liderlərin, peyğəmbərlərin əsərlərə
gətirilməsinə, real obraz kimi, bəzən də ironiya
edilərək formalaşdırılmasına təsir edir.
Daha
ürəyimin ilməsi qaçıb,
güzgüdəki adam,
güzgü təki adam,
Sən həm
varsan, həm yoxsan,
Çəkinib eləmərəm.
bir
gün Əzrayıltək qarşıma çıxsan.
Bilirsən,
Əzrayıl
insanlardan etibarlı,
mələkdi deyən abırlı-arlı,
Amma adam şanslıdı mələklərdən,
Bəlkə
də Tanrıdan da,
Tanrı
da adam olmaq istəyir unudulanda...
Teyfur
Çələbi
Artıq bir neçə ildir ki, şairlər
arasında Elnaz Eyvazlı diqqət çəkməkdədir. Onun şeirlərinin
olmazsa, olmazına çevrilmiş Adam günümüzdə
Azərbaycan ədəbiyyatında özünə möhkəm
yer tutub. Bu mövzu da mərkəzdə
formalaşmış, Azərbaycan ədəbiyyatı gündəminə
paytaxt Bakıdan düşmüş, daha sonra bölgələrə
yayılmışdır. Qeyd etmək yerinə
düşər ki, heç bir cərəyan, istiqamət, yeni
forma və üslublar bölgədən mərkəzə
keçmir, hər zaman mərkəzdə
formalaşmış, ədəbiyyat qazanında bişdikdən
sonra regionlara da yayılmışdır.
Ötən ilin ədəbi mənzərəsinə
baxdıqda bölgələrdə də "Adam"ın bədii
portretinin dəfələrlə
yaradıldığını görürük. Kimdir bu Adam?
Müasir ədəbiyyatın Adamı Nəsiminin
yaratdığı "Ən-əl Həqq" olan İnsan
deyil. Bu gün Adam əksər hallarda
müəllifin özüdür, şairin özünə
xitabıdır. Afiq Muxtaroğlunun şeirindən iki bəndə
nəzər salaq:
Bu necə qovhaqov, bu necə sürək?
Köksümün
altında dincəlmir ürək,
Ömür
küllüyünü üfürmə görək,
Nəm
çəkən kösövü alışmaz, adam.
bu
şeirdə izlədiyimiz kimi, Adam deyə müraciət
olunan şairin özüdür.
Bu şairlər nəinki mövzu, şeir forması
üzrə təkrarçıdırlar, hətta kitabların
cildlərinə qədər bir-birinin eynisidirlər. Xüsusən,
bölgə şairlərində rast gəldiyimiz bu
kitabların cildində zəif pikselli aparatla çəkilmiş
bir mənzərə boylanır. Fonda qarlı dağ, bir
az irəlidə çay, kol-kos və s. Təkcə
bu məruzəyə hazırlaşarkən əldə
etdiyimiz kitabların ona yaxınında belə cildlənmə
gördük. Bu təkrarlı, məzmunsuz
şeir kitabları isə, adətən, şairin evində
yığılıb qalmış olur. Unutmayaq ki,
şair şeirini şöhrət qazanmaq, AYB-yə üzv
olmaq, Prezident təqaüdü almaq və s. kimi niyyətlərlə
yazmamalıdır. Əgər bu yola əl atırsa, bəzən
bunun üçün başqasının müəllifi
olduğu əsərləri pulla alıb öz adına
kitab çap etdirirsə, itirən yalnız müəllif
olur, itirdiyi də kağızlar, mürəkkəb və
vaxt.
...Hər
məclisdə, hər yubiley tədbirində, el şənliklərində
müəlliflərin mövzuya uyğun şeirləri
hazır olur. Bu məsələni daha çox
2019-cu ilin əvvəlində baş vermiş məktəbli
qızın ölümü üzərindən
araşdırdıq. Əvvəlcə bu mövzuda gənc
şair Ruzbeh Məmmədin fikirlərinə baxaq: "Mən
Elina üçün şeir yazmadım. Heç
sərhəddə atışma olanda da şeir yazmıram.
Çünki şou xarakterli cümlələrin
kütləvi qırğınına fərman vermirəm.
İçimdən gələn onun
bağışlanması üçün dua etməkdi.
O yazılan şeirləri bəh-bəhlə təqdim edirsiniz
e, səmimiyyətsiz olduğunuzu ortaya qoyursuz... Elə hər şeyə şeirmi yazırlar?!
Hansı qafa, hansı mübhəm hisslərdi axı bu?". Fikirləri redaktə etmədən,
olduğu kimi saxladıq. İndi isə, eyni hadisə ilə
bağlı yazılmış iki şeir nümunəsi ilə
tanış olaq:
Müəllimlərin
söz
"iynəsindən",
qırıldı bir nəslin
şəcərəsi...
məsum
qızı ağzına aldı
intihara
susamış
məktəb pəncərəsi...
Dörd
yanımızdakı
səs-küylü sükut
cinayəti yasaqlayır...
və
olacaq intiharlara
indidən yas saxlayır...
Giya
Paçxataşvili
Olur belə,
pəncərələr açıq qalır, Elina...
Qapı
ağzı qıfıllanır,
Gəlinciklər
qanadlanır, Elina...
Olur belə,
yol görünür havada,
Göy
çağırır oynamağa,
yıxıldığın
yer ağlayır,
Uşaq
salan pəncərəni
Pərdələri tumarlayır.
Olur belə,
pəncərələr açıq qalır, Elina,
Başımıza
adam yağır,
Əcəl
zəngi çalanları
Dərsə
çağır, Elina...
Mehman
Rasulov
Yazılan şeirləri oxuduqca görürük ki,
şeirin yaranması üçün aylar-illər lazım
deyil, bəzən qısa bir zaman, ani hadisə belə, gözəl
şeirin yaranmasına səbəb olar. Yetər ki,
şeir müəllifin gerçək duyğularının,
daxili təlatümlərinin məhsulu olsun. Boğazdan
yuxarı, şeir yazmaq xətrinə, sifarişlə, gündəmə
ayaq uydurmaq üçün yazılan şeirlərdən
isə zövq almaq mümkün deyil.
Son illərdə özündən və şeirindən
müsbət mənada söz etdirməyi bacaran şairlərdən
biri Xəttat Kilimçidir. Əsl adı
Mirbağır Bünyatlı olan bu cavan şair istər
peşəkar tənqidin, istərsə də oxucu tənqidinin
diqqət mərkəzinə düşməyi
bacarmışdır. Müəllifin
şeirləri öz müasirlərindən kəskin şəkildə
fərqlənir. Bu şeirlərdə
obrazlılıq təkcə bənzətmələr
hesabına yaradılmır, hətta deyərdim ki, müəllif
bilərəkdən pafoslu bənzətmələrdən uzaq
qaçır. X.Kilimçi haqqında məruzənin
bu yerində söz salmağımız isə əbəs yerə
deyil. Müəllifin aşağıda təqdim
etdiyimiz şeiri "ölümə tərk edilmiş"
qadının bir gününü - ad gününü bizə
təqdim edir. Şeirdə incə ruh, sənətkar ustalığı
asanlıqla hiss olunur:
Nənəmin
ad günü idi
Biz də
bilmədik, bilmədik..
Baxdı
nənəm, qorxdu nənəm
Kimsə
görmədi, görmədi...
Bir az qınadı babamı,
Eh, o
şəlpəbığ adamı.
Düşdü
qanı, qalxdı qanı,
Həkim
bilmədi, bilmədi
Qadın
bu qədər bərk olmaz
Dedi,
ağladı, ağladı..
Bayat
çörəkdən bir tikə
Yedi,
ağladı, ağladı..
Qışda
dediyi nağılın
Divi
ağladı, ağladı
Ağladı
həyət-bacası,
Evi
ağladı, ağladı
Üzü
gülmədi, gülmədi...
Bir az hamını pislədi.
Nə
vaxt ki, susdu, əsnədi..
Ürəyi
ölüm istədi,
Ancaq
ölmədi, ölmədi...
***
Bölgə
ədəbiyyatı (və ümumi Azərbaycan şeiri)
üçün xarakterik olan daha iki mövzu var: Vətən
və sevgi. Bu mövzuları bir çox
şairimiz özünə vizit kartı hesab edir. Sanki
yerli mətbuatda çap olunmaq, toplu və almanaxlarda yer almaq və
Azərbaycanda bir çox şairin ali məqsədi
olan Yazıçılar Birliyinə üzv olmaq
üçün mütləq bu üç mövzuda
yazmalısan. Heç şübhəsiz ki, belə
mövzular arasında birinci yeri tutan Vətəndir. Üstü təbiət mənzərəli şeir
kitablarının olmazsa, olmazı olan bir mövzu - Vətən.
Son illər Azərbaycan ədəbiyyatında xeyli fərqli
janrlar, üslublar meydana gəldi. Ənənəvi ədəbiyyata
fərqli baxış formalaşdı. Bəzən
doğru, bəzən yanlış məqamlarda bu dəyişilmənin
modernizm və postmodernizm libasına
büründüyünü, bəzən köhnə mətnlərin
yenidən işlənməsini, bəzən də tamamilə
yeni və heç bir janrı təkrarlamayan nümunələri
müşahidə etdik. Bəs niyə vətənpərvərlik
şeirləri primitivlik bəlasından xilas ola
bilmədi? 1990-cı illərdən bəri
sürətlə artan Vətən mövzulu şeirlərin
böyük əksəriyyəti 2016-cı ildə
düşməndən azad edilmiş Lələtəpə
yüksəkliyinin yanında durub səsləndirməyə
layiq olmadı. Bəzən "publikaya
oynamaq üçün" deyilən Vətən mövzulu
meyxanalar belə, cild-cild kitablarda yer almış Vətən
şeirlərindən daha ağır gəldi. Onu da əlavə
edək ki, məruzəmizin mövzusu bölgə ədəbiyyatı
olduğundan və bölgələrdə müəlliflər
daha çox şeir yaradıcılığına
üstünlük verdiyindən Vətən mövzusunun epik əsərlərdə
və nəsr yaradıcılığında əks
olunması haqqında danışmırıq, lakin kiçik
bir qeyd əlavə etməyi lazım bilirik ki, mərkəzdə
çap olunmuş vətənpərvərliyin tərənnümünü
hədəfləyən, milli qəhrəmanlarımızı
təbliğ edən roman və hekayələrdə
boğazdan yuxarılıq, primitivlik hiss olunmaqdadır. Tək-tək
nümunələri çıxmaq şərtilə
Mübariz İbrahimov, Raquf Orucov kimi bir sıra qəhrəmanlarımız
haqqında yazılan əsərlər reallıqdan uzaq,
müasir oxucunun sevmədiyi ideal obrazın
yaradıldığı əsər tipindədir və az qala
hər səhnədə yüksək pafoslu cümlələr
əsərin bədii təsir gücünü xeyli
aşağı salır. Düşmən
obrazlarını yaradarkən aşağılayıcı,
yumoristik ifadələr, məzmunsuz təhqirlər,
qeyri-peşəkar bənzətmələr əsəri zəif
şəkildə hazırlanmış "stand up"
göstərisinə çevirir.
Bir daha
qeyd edək ki, bölgələrdə Vətən şeirlərdə
tərənnüm edilir, əgər buna tərənnüm demək
olarsa...
Neftin,
qazın bir məlhəmdir,
Düşmənlərə min ələmdir.
Dostlarına
çox kərəmdir
Sədaqətin,
Azərbaycan!
Bu parçada tərənnüm olunan nədir? Neft-qaz, yoxsa sədaqət?
Bəndin son iki misrası nə ifadə edir?
Azərbaycanın sədaqəti dostları
üçün mərhəmətdir, lütfdür. Sadəcə, qafiyə yerinə düşüb deyə,
"kərəm" sözünü artırmağa nə
ehtiyac var axı?
Vətən,
torpaq, Qarabağ mövzusunda yazılmış başqa bir
şeirə nəzər salaq:
Vətən nədir? - Nurlu sabah deməkdir.
Sabah nədir? - Bir addım da irəli.
Vətən nədir? - Get, irəli deməkdir.
Qarabağa doğru, Qarabağa irəli.
Dörd misralıq şeirdə heç bir qafiyə
işlənməyib, heç bir məzmun yükü yoxdur. Şeiri oxuduqca
düşünürsən ki, ola bilər,
şair qafiyə axtarıb, cızma-qara edib, sual-cavab
üslubunda axtarış edib və s. yəni bu, şairin məşq
prosesidir. Amma görəndə ki, bu şeir ictimailəşib,
saytlarda çap olunub, mətbuata ayaq açıb...
Nə qədər tənqid etsək də, bu mövzuda
təqdirəlayiq əsərlər də yaranmaqdadır. Ustadların
yaradıcılığında ən gözəl şeirlər
də elə bu mövzudadır:
Gəl gəzək
Təbrizin küçələrini,
Gəzişək
qolbaqol, dolanbadolan...
Çəkək
gözümüzə gecələrini
Təbriz
pıçıldasın:
- Xoş
gəlib balam...
Çıxaq
Aynalıya çiçək dərməyə,
Bir şeir bağlayaq gül tağlarından.
Yanır
duz içində susuz Urmiya
Gəl
öpək qurumuş dodaqlarından...
Ramiz
Qusarçaylı
Bu mövzu gənc yazarlar üçün isə ideal bənzətmələr
yığını deyil, bu gün hələ də zəif
düşmən qarşısında məğlub durumda olan
ana yurdun boynubükük təsviridir. Qız-gəlinlərinin
əsir saxlandığı, torpağının işğal
olunduğu, sərvətinin talandığı bir vətənin
övladının bəh-bəhlə gözəlliklərdən
dəm vurması da düzgün olmazdı. Bu gün yeni nəsil şairlər üçün
Vətən mövzusu həm də məyusluq
simfoniyasıdır. Bir zamanlar
"könlümüzün sevgili məhbubu" olan Vətən
bu gün "həbibimiz" kimi ümid və inamla vəsf
edilir:
Hələ
də
mənim
ömür dəftərimdə
yazmadığım
Vətən
şeiri var...
Azad Vətən,
xoşbəxt Vətən,
cənnət Vətən...
Hələ
də göy üzündə
qanad
çalan quşlar kimi
xəyallarım var, yuvasız...
İsti
ölkələri də yoxdur
Vətəndən
özgə...
Aybəniz
Əliyar
Ümidimiz isə sonsuzdur. Bu gün sürətlə
inkişaf edən, böyüyən, iqtisadi, sosial, mədəni
sahələrdə tərəqqi yolunda olan Vətənin,
doğma Azərbaycanın tezliklə bütün bu məyusluqları,
küskünlükləri silib aparacağına əminik.
Sevgi ibadət kimidir. Günahların
içində batan adamın əlindəkini itirdikdə ibadətə
başlaması kimi, sevənlər də ayrılan kimi sevgi
şeirləri qoşurlar. "Bu
dünyanın əlifbası məhəbbət, Ən ilk nəğmə,
ən ilk yazı məhəbbət" misralarından bəri
sevgini, məhəbbəti tərənnüm edən şeir
demək olar ki, yaranmadı. Sevgi şeirləri
oxucuya "sev ki, sevən mərd olur" demədi, eləcə
sevginin iztirab, dərd, göz yaşı olduğunu öyrətdi.
Biz də,
ötən ilin ədəbi mənzərəsində
aktuallığını qoruyan sevgi şeirlərinə nəzər
saldıq: ümumi mənzərə yenə eynidir. Son illər ədəbiyyatın aşiq obrazları
üçün "it kimi darıxmaq" illəridir desək,
yanılmarıq. Şəhriyar del
Gerani, Cəlil Cavanşir kimi darıxanlar siyahısında bu
il də Əsəd Qaraqaplan yer alır.
Diriyəm,
canım sağ deyil,
ölməyə üzüm ağ deyil...
Mənimki
yaşamaq deyil,
eləcə darıxmaqdır...
Məruzənin birinci hissəsində Allah - Tanrı
arxetipinin müasir Azərbaycan şeirində möhkəm
kök saldığını görürük. Gənc
yazarların dilində Tanrı xitabları bəzən
çox ustalıqla işlənir, amma bir çox hallarda bu
çağırış yersiz, təkrarçı təsiri
bağışlayır.
İndi təqdim edəcəyimiz şeirdə
Tanrının şeirə gətirilməsi elə də
uğurlu alınmayıb, sanki zorla şeirə yerləşdirilmişdir. Ruzbeh Məmməd
çox gözəl şeirlər müəllifidir, yerində
və ustalıqla ifadə olunmuş fikirlərin sahibidir, bu
şeiri də insanı titrədir, təsirləndirir.
Tanrı
müqəssir deyil,
heç
nə müqəddəs deyil,
Nə mən
dünyada təkəm,
nə sən
budda, Milena.
Heç
nə istəmirəm ki,
sənin
zalım əlindən
Bir
axşamlıq unutma,
saxla
yadda, Milena.
Məhz bu şeir üzərində fikrimizi davam etdirmək
istəyirəm, bəndin ümumi məzmunu heç nəyin əbədi,
heç kimin əlçatmaz olmadığı
ideyasını irəli sürür, ilk misra isə
"Tanrı müqəssir deyil" fikirləri ilə
başlayır. Bu üç sözdə ifadə olunan
fikrin bəndin ümumi məzmunu ilə əlaqəsi yoxdur.
Bu kimi hallar bir çox şairimizdə
müşahidə olunmaqdadır.
Sevgi şeirlərində Tanrı obrazı haqqında
danışarkən onu da xatırladaq ki, sevgilinin Tanrı ilə
müqayisəsi də tez-tez rast gəlinir. Məsələyə dini
mövqedən yanaşmaq fikrimiz yoxdur, uğurlu bənzətmədirsə,
şeir zövqvericidirsə, belə şeiri oxumağa da, həzm
etməyə də hazırıq:
Gecə
qaranlığı səhər gedəcək,
Yasəmən getməyə görüş güdəcək.
Bu qız
məni bir gün kafir edəcək -
Özünü Allahdan betər sevdirir.
Elxan
Yurdoğlu
Üstünlüyü
bu dünyaya yayandan səda
Bəşər
ona səcdə edib olarkən fəda
Tanrı
kimi bu həyatda qalib olsa da,
Təkcə
sənə sevgisinə məğlub biri var!
Aygün
Sadiq
P.S. PS:
Bütün iradlara, peşəkar və ya qeyri-peşəkar
tənqidlərə baxmayaraq, əminliklə söyləmək
olar ki, bölgələrdə ədəbiyyat yaranır,
böyüyür, zənginləşir və keyfiyyət
çəkisini artırır. Heç bir halda
bu ədəbiyyatın üstünə kölgə salmaq,
bütöv Azərbaycan kontekstində bölgə ədəbiyyatını
kənarlaşdırmaq olmaz. Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunda Ədəbi tənqid şöbəsinin
müdiri, filologiya elmləri doktoru Vaqif Yusiflinin regionda ədəbi
mühit istiqamətində apardığı tədqiqatlar,
"Bölgələrdə ədəbi həyat",
"Şabran ədəbi mühiti", "Sumqayıt ədəbi
mühiti" mövzularında çap etdirdiyi kitablar ölkəmizin
bütün coğrafi məkanlarında ədəbiyyat
baxımından böyük potensialın olduğunu, müəyyən
ədəbi nailiyyətlərin qazanıldığını
əyani surətdə nümayiş etdirir. Vaqif
müəllim hazırda akademik İsa Həbibbəylinin təşəbbüsü
ilə "Müstəqllik dövrü Naxçıvan ədəbi
mühiti" mövzusunda kitab yazmaq üçün
materiallar toplamaqla məşğuldur. Növbəti
illərdə bölgələrdə poeziyanın, nəsrin və
dramaturgiyanın, tənqid və ədəbiyyatşünaslığın
da inkişaf edəcəyinə, Azərbaycan ədəbiyyatına
böyük töhfələr verəcəyinə əminik.
Nizami HÜSEYNOV
Ədəbiyyat qəzeti.- 2019.- 7
sentyabr.- S.22-23.