Bədii tərcümə - 2018  

 

Bədii tərcumə milli mədəniyyətlərin inkişaf mərhələsinə yaxından təsir gostərən, onun ayrılmaz və inkaredilməz zəruri şaxələrindən biridir.

2018-ci ildə bu zəngin prosesin axarı bizə "Azərbaycanda tərcümə prosesi yüksək qiymətləndirilsin" ifadəsini ürəklə deməyə əsas verəcəkmi? Sözsüz ki, bu sualların cavabı bədii tərcümə ilə peşəkar səviyyədə məşğul olan təşkilatlar, mətbu orqanları və digər əlaqədar qurumların illik fəaliyyətini dəyərləndirdikdən sonra mümkün olacaq.

İlk olaraq Dövlət Tərcümə Mərkəzinin (DTM) Azərbaycan və dünya ədəbiyyatı nümunələrinin təbliğində böyük işlər gördüyünün şahidi oluruq. Belə ki, N.XomiçV.Danilenko (Ukrayna), A.Moravia (İtaliya), T.Vesos (Norveç), Ş.Anderson (Amerika), S.Rabinoviç (yəhudi əsilli rus yazıçısı), K.X.Sela (ispan), B.Arabulin (gürcü), P.Neruda (Çili) və digər görkəmli ədiblərin kitabları işıq üzü görüb. DTM-nin son dövrlərdə tərcümə olunan əsərlərin əksəriyyətində yüksək peşəkarlıq, tərcümə sənətində uzun illərdən bəri fəaliyyət göstərən söz yaradıcılarının nümayiş etdirdiyi peşələrinə qarşı tələbkarlıq, həssaslıq və ciddiyyət hiss olunmaqdadır.

Qurum yalnız bədii ədəbiyyat nümunələri deyil, elmin ən müxtəlif sahələrini əhatə edən əsərlərin də tərcüməsində uğurlu addımlar atır. İsveçrəli dilçi-alim, XX əsr dilçilik elminin "atası" sayılan Ferdinand de Sössürün "Ümumi dilçilik kursu" kitabı (tərcümə: akademik Nizami Cəfərov və filologiya üzrə fəlsəfə doktoru İsmayıl Temiroğlu) və görkəmli rus aktyoruteatr nəzəriyyəçisi Mixail Çexovun aktyorluq peşəsinin sirlərini, səhnə həyatının pərdə arxasını məharətlə açan "Peşəkar aktyorluq dərsləri" kitabı Azərbaycan dilində işıq üzü görüb.

Antologiyaların nəşrinə əhəmiyyətli dərəcədə yer ayrılır. Bu tipli kitablar bir xalqın müxtəlif dövrlərdə yaşayıb-yaratmış ədəbiyyat dühalarının yaradıcılıqlarının müəyyən bir qismi ilə küll hallında tanış olmağa imkan verir, həmin xalqın ədəbiyyatı haqqında müfəssəl təsəvvür yaradır. "Türkiyə ədəbiyyatı antologiyası" (poeziya), "XX əsrin Norveç hekayələri", "Gürcü nəsri antologiyası" kitablarında həmin xalqlara mənsub olan bir çox müəlliflərin ən dəyərli əsərləri toplanmışdır.

Azərbaycanın igid oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illiyi münasibətilə hazırlanan yeni nəşr "Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası" kitabıdır. Faşist Almaniyasına qarşı döyüşmüş qəhrəmanın rəşadətli ömür yolundan bəhs edən əsərin müəllifi Sloveniya yazıçısı Peter Amaliettidir.

Mərkəzin nəşri "Xəzər" bədii tərcümə dərgisinin dörd sayı işıq üzü görüb. Sistemlilik, zəngin materiallar oxucuya nəinki dünya ədəbiyyatının, hətta mədəniyyət, incəsənət, fəlsəfə və dini məsələlərin də müxtəlif inkişaf istiqamətləri ilə tanış olmağa imkan verir. Jurnal zəngin məxəz sayıla bilər desək, yəqin, yanılmarıq.

Səlim Babullaoğlunun rəhbərliyi ilə fəaliyyət göstərən Azərbaycan Yazıçılar Birliyi Ədəbi Əlaqələr və Bədii Tərcümə Mərkəzi də əhəmiyyətli nəticələr əldə etdi.

"Dünya ədəbiyyatı" dərgisinin ilk sayı xalq yazıçısı Anarın tərcümə yaradıcılığına həsr edilmiş zəngin tərtibata malik kitabdır. Burada yazıçının uzun zaman ərzində fərqli növ və janrları, dünya ədəbiyyatının müxtəlif dövrlərini əhatə edən 90-a qədər tərcümə əsəri toplanmışdır. Nəşr Anar yaradıcılığında tərcümə işinin əhəmiyyətini göstərmək üçün böyük çəkiyə malikdir. Xüsusilə, Anar yaradıcılığının mühüm tərkib hissəsi olan tərcüməçilik fəaliyyətinin sistemli, kompleks təqdimatı, tədqiqatçılar üçün vahid məxəzin olması baxımından da ciddi əhəmiyyət kəsb edir.

"Dünya ədəbiyyatı" dərgisinin Serbiya poeziyası nümunələrindən ibarət xüsusi sayı da işıq üzü görüb. Xüsusi sayın nəşri həm Azərbaycan, həm də Serbiya ədəbi-mədəni mühiti üçün olduqca ciddiparlaq hadisədir...".

"Azərbaycan" jurnalının da bədii tərcüməyə həsr olunmuş ayrıca bölməsi var. Vaxtaşırı orada dünya ədəbiyyatından nümunələr təqdim olunur. Digər illərə nisbətən kəskin azalma müşahidə etdik. Əgər, 2016-cı il ərzində demək olar, jurnalın bütün saylarında, 2017-ci ildə yalnız 1, 5, 6, 9, 10 və 11-ci saylarında tərcümələr mövcud idisə, bu il həm say, həm də həcm baxımından kifayət qədər geriləmə var. Belə ki, jurnalın yalnız 3 sayında - 1-ci sayında Avstriya yazıçısı Radek Knappın "Cənab Trombkaiblis" və "Yulius evə gedir" hekayələri görkəmli mütərcim Vilayət Haciyev, 2-ci sayında türk yazıçısı Zeynəlabidin Makasın "Muradı gözündə qalanlar" romanından bir parça Qardaşxan Əzizxanlı, 10-cu sayında müasir dövr türk yazarı Bəxtiyar Aslanın "Üç əqrəb zamanı" və "Sonsuzluğa sürdüm atımı" əsərləri Təranə Vahid, nəhayət, elə həmin sayda rus şairi İvan Şyolokovun "Yeseninin abidəsi önündə" və "1941. Lermontovun Qafqaza son səfəri" adlı şeirləri Qafqaz ətirli şeirlərin yeni çələngi Knyaz Qoçağın tərcüməsində təqdim edilmişdir.

"Ulduz" jurnalının da hər sayında, hətta bir neçə tərcümə nümunəsilə rastlaşırıq. Tərcümələr arasında peşəkar və bir qədər zəif tərcümələr də mövcuddur. Lakin sevindirici hal ondan ibarətdir ki, jurnal tərcümə sənətini ciddi elm sahəsi kimi fəaliyyət istiqamətlərindən biri müəyyən etmişdir. Türk xalqları ədəbiyyatına yetəri qədər üstünlük verilmiş, Oljas Süleymenov (qazax), Normurad Nərzullayev və Mirtemir, Özkür Rəhmət (özbək), Razil Vəliyev (tatar), Özcan Ünlü və Bəxtiyar Aslanın (türk) və digərlərinin əsərləri oxuculara təqdim olunmuşdur.

Həmçinin, Qustavo Adolfo Bekker, Rza Bəhmən, Fazil İsgəndər, Ernest Hemenquey, Henrix Heyne, Sinkler Luis, Məhəmməd İbn Seyfi Rahbi və digərlərinin əsərlərinin tərcüməsi təqdim olunmuşdur.

"Ədəbiyyat qəzeti" sistemləşdirilmiş bir inkişaf xətti üzrə fəaliyyət göstərir. Təkcə ədəbi nümunələr deyil, ədəbiyyatşünaslığın elmi-nəzəri, ədəbi-estetik problemləri də tərcümədə əks olunur. Bu cür yanaşma ədəbiyyatşünaslıq elmini, ədəbiyyatın daşıdığı məzmunu daha dərindən anlamağa xidmət edir.

İki il əvvəl qəzetin başladığı dəyərli layihə - "Ədəbiyyat üzrə Nobel mükafatçıları" rubrikası davam etməkdədir. Təqdim olunan əsərləri rubrika rəhbəri Əyyub Qiyas tərcümə edir.

Qəzetdə Türkiyə və türk ədəbiyyatı poeziya nümunələrini Dilsuz Mustafayev dilimizə uyğunlaşdırmışdır.

Həmçinin, Covanno Quareski, Vladimir Nabokov, İvan Bunin, Sergey Yesenin, Anton Çexov, Bəxtiyar Aslan və digərlərinin roman və hekayələri tərcümə olunaraq işıq üzü görmüşdür.

Bu il daha çox orijinaldan tərcümələrə mənbə göstərilməklə Günay Rzalının təqdimatında rast gəlirik. Bununla yanaşı, tərcümələrdə Təranə Vahid, Səyavuş Məmmədzadə, Qəşəm İsabəyli, Həmid Piriyev, Niyazi Mehdi, Xeyrulla Xəyal və digərlərin adına rast gəlmək olar.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu da öz fəaliyyəti çərçivəsində bu aktual məsələyə hər zaman diqqət yetirir, ədəbi yaradıcılıqla məşğul olan əməkdaşlarını "Plyus bədii yaradıcılıq" dərgisinin ətrafında birləşdirir. 2-ci sayı işıq üzü görən dərginin ayrıca fəsli, yəni III fəsli tərcümələrə həsr olunmuşdur. İnstitutun əməkdaşları İmamverdi Həmidov, Cavanşır Yusifli, Rasim Qurbanov, Cavidə Məmmədova, Mehman Həsən, Elnarə Zeynalova və digərlərinin tərcüməsində ədəbi nümunələr təqdim olunmuşdur. Nərgiz Cabbarlının tərcüməsində Çingiz Aytmatovun "Kassandra damğası" əsərindən bir hissə var. Sevindirici haldır ki, artıq bir neçə ildir müxtəlif mətbu orqanları və dərgilərin, xüsusilə, 2017-ci il "Ədəbiyyat qəzeti"nin müxtəlif saylarında silsilə tərcümələr şəklində oxuduğumuz bu möhtəşəm ədəbiyyat şedevri artıq kitab halında "Elm və təhsil" nəşriyyatında işıq üzü gördü.

2017-ci idə türk dilində nəşr olunan Azərbaycanda yaşayıb-yaratmış, həyat və davranışları ilə bir nümunəyə çevrilən, yaşamları ilə əfsanələşən müdrik şəxsiyyətlərdən bəhs edən "Azərbaycan bilgeleri" kitabı 2018-ci ildə Azərbaycan dilində "Azərbaycan müdrikləri" adı altında işıq üzü görmüşdür. Mustafa Tatçı və Sevda Urfanın təqdim etdiyi kitabı dilimizə dəyərli alimimiz, türk xalqları arasında dostluqbirliyin inkişafı yolunda əvəzsiz xidmətlər göstərən professor Almaz Ülvi Bünyadzadə tərcümə etmişdir. Kitaba Yəhya Şirvani, İbrahim Zahid Gilani, Ömər Xəlvəti, Məhəmməd Xarəzmi, Sədrəddin Hiyavi, Cəmaləddin Məhəmməd Təbəkəri, Osman Şirvanidən əsrlər boyu əfsanələşən ibrətamiz hekayələr daxil edilmişdir.

Görkəmli tərcüməçi C.Cəmşidovun da tərcümə sahəsində böyük xidmətləri olmuşdur. İtalyan və latın dillərindən tərcümələr edən mütərcimin yaradıcılıq yolu çox zəngindir. Tərcümə sahəsində böyük xidmətləri olan mütərcim Antonio Tabukkinin "Yuxuların yuxusu" və Rotterdamlı Erazmusun "Axmaqlığın tərifi" əsərlərini kitab halında nəşr etdirmişdir.

İl ərzində eyni zamanda Azərbaycan ədəbiyyatının bir sıra görkəmli nümayəndələrinin də əsərləri dünya dillərinə tərcümə olunaraq müxtəlif ölkələrdə, nəfis şəkildə nəşr olunmuşdur. DTM milli ədəbiyyatımızın dünyada tanıdılması və təbliği istiqamətində həyata keçirdiyi uğurlu beynəlxalq layihələrin nəticəsi olaraq ədəbiyyatımızın dolğun mənzərəsini əks etdirən, ən görkəmli nümayəndələrin əsərləri "Sirr" "Das Cheimnis" (Azərbaycan hekayələri) kitabı Almaniyada, "Azərbaycan hekayələri" kitabı Böyük Britaniyada işıq üzü görüb. Heydər Əliyev Fondunun vitse-prezidenti, şairə Leyla Əliyevanın "The World Dissolves like a Dream" ("Dünya yuxutək əriyir") şeirlər kitabı isə Londonda yerləşən Yunus Əmrə Mədəniyyət Mərkəzində ictimaiyyətə təqdim olunub. Nəşrə daxil edilmiş 130 şeiri ingilis dilinə tanınmış ingilis şair və tərcüməçilər Karolina ValtonAnna Mariya Cekson çeviriblər.

2017-ci ildə Azərbaycan-Moldova tərəfləri arasında imzalanan memoranduma əsasən ədəbiyyatların qarşılıqlı təbliği məsələsi nəzərdə tutulurdu. Layihə çərçivəsində 2018-ci ildə 3 günlük silsilə tədbirlər həyata keçirildi. Moldova mədəniyyəti, incəsənəti, ədəbiyyatının tanıtım günləri reallaşdı. Arkadie Suçevyanunun "Qağayı ilə göndərilən məktub" şeirlər toplusu, İqor Volnitskinin "Mənə ölməyi öyrət" romanının təqdimat mərasimi keçirildi. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu 2 mart tarixində Moldovanın görkəmli mədəniyyət və ədəbiyyat xadimləri ilə birgə ədəbi, elmi, nəzəri görüş keçirdi. Akademiyanın vitse-prezidenti, institutun direktoru akademik İsa Həbibbəyli layihənin əhəmiyyətini qeyd etdi, ölkələrimiz arasında elmi-mədəni əlaqələrin uğurlu inkişafına təkan verəcəyini söylədi. "Atama məktub" adlı Azərbaycan yazıçılarının hekayə antologiyası akademik İsa Həbibbəylinin "Poeziya ölkəsində nəsr" adlı yazısı ilə başlayır. Azərbaycan Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Moldova Mədəniyyət, Təhsil və Tədqiqatlar naziri Monika Babucun fikirləri də yer alıb.

"Moldovada Azərbaycan Ədəbiyyatı Günləri" çərçivəsində Moldova Milli Kitabxanasında ədiblərimizin əsərlərindən ibarət sərgidə Anarın " qoç, qara qoç" povesti, Elçinin "Baş" romanı, Çingiz Abdullayevin "Qorxumuzun vaxtı" romanı, Əjdər Olun "Hərbi səhra komandirinin meymunu" kitabı, "Atama məktub" Azərbaycan hekayə antologiyası və digərləri əcnəbi oxuculara təqdim olundu.

Ədəbiyyatımızın incisi, möhtəşəm "Kitabi-Dədə Qorqud" dastanı "Appam Korkutnu kitabı: Dastan" adı ilə Nalçikdə Qaraçay-Çərkəz və Kabarda-Balkar Respulikalarının xalq şairi Qurtulanı Salixdinin uyğunlaşdırması ilə ilk dəfə balkar dilində işıq üzü görüb.

Xalq yazıçısı Elçinin "Baş" romanı son dövrlərdə Türkiyə, Almaniya, Rusiya, Moldova və digər ölkələrin məşhur nəşriyyatları tərəfindən nəşr edilib. 2018-ci ildə də romanı İtaliyada italyan dilində nəşr olundu. Romana hədsiz maraq Misirdə nəşri və təqdimatının gerçəkləşməsinə səbəb oldu. Orijinaldan ərəbcəyə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru, Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət məsələləri üzrə attaşesi, doktor Əhməd Sami Elaydi tərcümə edib. Eyni zamanda "Kafa" adı altında Türkiyədə nəfis tərtibatda çap olunub. Roman yazıçının qardaş ölkədə nəşr edilmiş sayca 26-cı kitabıdır. Yazıçının " dəvə" və "Ölüm hökmü" romanları Almaniyada bir-birinin ardınca nəşr edilib. " dəvə" romanı orada ilk dəfə 1989-cu ildə nəşr olunub. "Ölüm hökmü" romanının isə ilk nəşridir. Almaniyada nəşr edilmiş sayca altıncı kitabıdır.

Sona Vəliyevanın Polşada "Dünya Tanrı biçimdədir" kitabı polyak dilində işıq üzü görmüşdür. Kitabın tərtibçisi Səlim Babullaoğlu, Anna Auqustinyak, tərcüməçisi İlahə Kərimovadır.

Səlim Babullaoğlunun da İranda, fars dilində "Axı sən hardan bilirsən əzab nədir?" adlı müxtəlif illərdə yazdığı şeirlərdən tərtib edilən kitabı İranın "Çeşmə" nəşriyyatında işıq üzü görüb.

2018-ci il ərzində bir sıra ədiblərimizin əsərləri Türkiyədə tərcümə olunaraq işıq üzü görüb. Azərbaycan Mədəniyyət Nazirliyinin "Azərbaycan kitablarını dünyaya tanıdaq" layihəsi çərçivəsində Mövlud Süleymanlının "Dəyirman" povesti, Afaq Məsudun "Azadlıq" romanı türk dilində işıq üzü görüb.

Daha bir uğurlu tərcümə əsəri yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının "Ölüm yuxusu" ("Son zabveniə") romanı Moskvada çap olunub. Kitaba müəllifin eyniadlı povesti, son dövrlərdə qələmə aldığı iki hekayəsi daxil edilib.

 

Mərcan Sofiyeva

 

Ədəbiyyat qəzeti.- 2019.- 7 sentyabr.- S.27.