Çağdaş satirada "Molla
Nəsrəddin" ənənələri
Bir həqiqəti də inkar etmək olmaz ki, zəmanənin
satiraya ehtiyacı duyulsa da, hazırkı mərhələdə
satirik əsərlər çox yazılmır və yaxud da
yazılır, ancaq mətbuat orqanlarında lazımınca yer
ala bilmir. Bununla belə, demək olmaz ki, çağdaş ədəbiyyatımızda
satira yoxdur. Əlbəttə, xeyli sayda var və bu, özünü
ayrı-ayrı şair və yazıçıların dərc
edilmiş əsərlərinin xronikasında da göstərir.
Satiraya maraq və daxili tələbat, "Molla
Nəsrəddin" ənənələrinin uğurla davam
etdirilməsi müstəqillik illərində çap
olunmuş kitablarda da əksini tapmışdır. Xeyrəddin
Qocanın "Biz bizə bənzərik" (2010), "Xeyrəddin
Qocanın gülüşü" (2015), Baba Pünhanın
"Acı həqiqət", "Yalan çeynəyə-çeynəyə",
"Mən nə dedim ki?!" (2002), Polad
Qasımovun "Narıncı köynək" (2009),
"Kreslo günahı" (2015), Əvəz
Qurbanlının "Məzardan səngərə" (2015),
Elşad Xaqanın "Nigarançılıq" (2018)
kitablarını satiranın inkişafında yeni bir addım
kimi dəyərləndirmək olar.
Polad
Qasımovun "Təmizlik dərsi", "Pul iyi",
"Tapıntı", "Maşallah olsun", "Prokurora
cavab" kimi satirik hekayə və felyetonlarında "Molla Nəsrəddin"ə
məxsus ideya və məzmun zənginliyi, lakonik ifadə tərzi,
üslub və janr rəngarəngliyi, canlı xalq dilindən,
folklordan bəhrələnmə önəmli yer tutur.
Hər
sözündə Vətən deyir,
Amma
kasıb malı yeyir?
- deyən Polad Qasımovun satirik poeziyasında
Sabir satiralarının ruhu duyulur.
"Ədəbiyyat qəzeti"ndə
yazıçı Anarın "Bir güllə bahar olmaz
(2016, 5 noyabr), "Qərib Mehdinin "Rentabelli toy" (2018,
12 noyabr), Səxavət Tağların "Söyüş
hesabına qazanc" (2018, 20 yanvar), Əyyub Qiyasın "Nə
satırlar" (2018, 21 aprel) və başqa hekayələri
satirik səpkidə qələmə alınmışdır.
Yazıçı
Anarın "Əməkdaşımız Razı
Narazıoğlunun patriarx korifey Mənəm Mənəmovla
söhbəti" epiqrafı ilə qələmə
aldığı "Bir güllə bahar olmaz" hekayəsində
xalqın əsrlər boyu yaratdığı milli-mənəvi
dəyərlərimizə, klassik sənətkarların
yaradıcılığına və ölməz irsinə
yabançı münasibət satirik bir dillə tənqid
obyektinə çevrilir. Dialoq şəklində qurulan hekayədə
əsərin mənfi personajı Mənəm Mənəmov
özündən razı, heç kəsi bəyənməyən,
klassik irsə, böyük söz sahiblərinə qiymət
verməyən, yad təmayüllərə meyil edən,
kökdən uzaqlaşmış, yanlış
düşüncəli bir tipdir. O, Nizami, Füzuli, Vaqif, Sabir,
Mirzə Cəlil kimi qüdrətli sənətkarlara, mənəvi
abidəmiz olan "Kitabi-Dədə Qorqud" dastanına
qarşı çıxır və müxtəlif arqumentlər
gətirməklə onların xalqımızın tarixindəki
rolunu kiçiltməyə və inkar etməyə
çalışır.
Yazıçı son dövrlərdə əsasən, gənclər
arasında yayılan bu mənfi tendensiyanı satirik qələmlə
ifşa edir və belə düşüncəyə malik
insanların düzgün yolda olmadıqlarını
açıb göstərməyə müvəffəq olur. Əlbəttə, satirik nəsrimizdə
bu cür əsərlərin yaranması zəruri bir tələbatdan,
cəmiyyətdə az da olsa,
düşüncələrdə, fikirlərdə xaotika,
çaşbaşlıq salan, xarici təsirlərə meyiletmə
tendensiyası formalaşdırmağa çalışan
qüvvələrə yazıçının tutarlı və
sanballı cavabıdır. Belə əsərlərin
yazılması öz soykökündən uzaqlaşmağa
meyil edən insanlar üçün bir ibrət dərsidir.
Şair-publisist Sərvaz Hüseynoğlu "Bir güllə
bahar olmaz" hekayəsinə münasibətini "Xalq
yazıçısı Anara açıq məktub"da
bildirmiş və bu cür Mənəm Mənəmovların
sayının çoxaldığını, hətta televiziya
kanallarında yer aldıqlarını göstərmişdir
("Ədəbiyyat qəzeti", 2016, 12 noyabr).
Qərib Mehdinin "Rentabelli toy" hekayəsində isə
toyu gəlir mənbəyinə çevirən tamahkar insanlar
tənqidə məruz qalır. Səxavət
Tağların "Söyüş hesabına qazanc"
satirik hekayəsində ermənilərin Qarabağın
işğalından əvvəl azərbaycanlıların evlərində
işləməsindən, tamahkarlıqlarından, hər
cür təhqirlərə dözərək öz məqsədlərini
həyata keçirməyə cəhd göstərmələrindən
söhbət açılır.
Yazıçı
Vüqar Əhmədin "Plyus bədii
yaradıcılıq" ədəbi almanaxında (2018) dərc
edilən "Təzə zibil" və "Aktyorun dəfni"
hekayələri də satirik üslubda qələmə
alınmışdır.
Yazıçı
Ələmdar Cabbarlının 2018-ci ildə "Mütərcim"
nəşriyyatında çapdan çıxan
"Qızıl" adlı povest və hekayələr
kitabında toplanmış "Mirzə əfsanəsi",
"Zurnaçı", "Ağsaqqal",
"Möhbalının tərcüməçiliyi",
"Qol" və s. hekayələrində çağdaş
dövrün ictimai-siyasi bəlaları, rüşvətxorluq,
bürokratiya, özündən razılıq,
süründürməçilik kimi mənfi hallar tənqidə
məruz qalır...
"Ədəbiyyat qəzeti"ndə satirik şeirlər
də dərc edilib. Şair Arif Abdullazadə vaxtilə C.Məmmədquluzadənin
yaradıcılığına müraciət edərək
yazıçının satirik "qəhrəmanlar"ının
silsilə obrazlarını yaratmışdır. Qəzetdə
digər müəllifin - Ağasəfanın "Bəsdir"
şeirində (2018, 17 mart) Qarabağ
problemini həll etməyə qadir olmayan
"üçlüyün" seyrçi və ermənipərəst
mövqeyi tənqid olunur:
Bəsdir!
Bezdirdi bizi
Bu "üçlüyün" gopları.
Bizi! Bizi
gözləyir
Laçının,
Xankəndinin,
Şuşanın qapıları.
Şeirdə şairin nifrəti, qəzəbi,
üsyankarlığı açıq-aydın
görünür.
Xosrov Hatilin "İlbizlər daraşıb zeytun
bağına" (2018, 22 sentyabr) şeirində isə Azərbaycanın
var-dövlətini, sərvətini talayanlar ilbizlər şəklində
simvollaşdırılır.
Şeir
ictimai eyibləri, dövrün sosial problemlərini, xalqın
maddi və mənəvi sərvətlərini talamaq
baxımından C.Məmmədquluzadənin "Mikroblar"
felyetonu ilə yaxından səsləşir: "Qərinələrlə
millətimizin şirin canına milyonlarca ac mikrob
daraşıb qanını sormaqdadır. Məhz
bu həşəratdır milləti xəstə edən, məhz
bu mikroblardır onu bədnam edən!" ("Molla Nəsrəddin",
1908, ¹ 9).
Çağdaş satirada M.Ə.Sabir ənənələrinin
davamçısı Əvəz Qurbanlının da xüsusi
yeri var. Onun "Yeni müsavat"da dərc edilmiş
"Nazir", "Qalenvagendə" satiralarının əsas
tənqid hədəfləri nazirlər və nazir
övladlarıdır. Mükalimə əsasında qurulan "Vəssalam,
şüttamam" satirasında ("Mediafax.az")
dövrün ictimai mənzərəsi yaradılmış, cəmiyyətdəki
sosial ədalətsizliklər, haqsızlıqlar iki şəxsin
dialoqu əsasında oxuculara
çatdırılmışdır.
Elşad
Xaqanın "Nigarançılıq" kitabında
şairin lirik şeirləri ilə yanaşı,
"Ərköyün oğlum", "Tərəqqi",
"Nigarançılıq" adlı bəhri-təvilləri
də yer almışdır.
Ayrı-ayrı şair və yazıçıları
bir araya toplayacaq əsas satirik mətbuat orqanı "Kirpi
TV"dir.
Jurnalda Məmməd Əfşanın, Musa Qənbərlinin,
Firdovsi Aslanın, Qafar Süleymanın və başqa şairlərin
satirik şeirləri yer almışdır. "Kirpi TV"nin redaktoru,
təcrübəli şair, publisist və yazıçı Məmməd
Əfşanın "Dədəm", "Ağlama, balam,
ağlama", "Sənə nə?",
"Aman-aman..." şeirlərində rüşvətxorluqla
haram pul yığıb xalqın malını mənimsəyənlərdən,
ağır sosial problemlərlə üz-üzə qalan yoxsul
insanların həyatından, bayağı mahnılarla
xalqın zövqünü korlayan şou əhlinin səhnəni,
ekranları zəbt etməsindən və s. kimi sosial, mədəni,
məişət məsələlərindən, ictimai bəlalardan
bəhs edilir. Məmməd Əfşanın
"Sənə nə?" (¹ 3)
satirası da "Dədəm" şeiri ilə mövzu və
ideya baxımından həmahənglik yaradır. Şair jarqonlardan istifadə yolu ilə yüksək
vəzifə sahibinin qarşısındakılara
yuxarıdan-aşağıya, həqarətlə
baxmasını mənfi tipin öz danışıq aktı
vasitəsilə ittiham edir. Çatdığı mənsəblə
qürur duyan, insanları təhqir etməkdən zövq alan biganə məmurun prototipi zəmanənin
real obrazı kimi təqdim olunur. Şair Sabirsayağı mənfi
tipin öz dili ilə özünüifşa üsulunu
seçərək satirik boyaları daha da tündləşdirir
və oxucunun nifrətli, qəzəbli baxışları ilə
üz-üzə qoyur:
Rahat
kürsü, yağlı peşə, çoxlu pul,
Bu zirvəyə qalxa bilməz hər oğul.
Eyləmişəm
çoxlarını kölə-qul,
Özüm isə xanam-bəyəm, sənə nə?
Şair bədii,
ritorik suallar vasitəsilə satiranın təsir
gücünü daha da artırmış və oxucunun diqqətini
harınlaşmış, yüksəldiyi kürsüdə
özünü "sahibi-ixtiyar" sayan, insanları öz
quluna çevirən antipodun real cizgilərini rəsm edə
bilmişdir. Beləliklə, dövrün tipik
obrazını öz "qəhrəman"ının
timsalında oxucuya tanıtdırmağa müvəffəq
olmuşdur.
"Kirpi TV" "Molla Nəsrəddin" ənənələrinin
üslub və ifadə tərzinin özünəməxsusluğunu
yaşadan digər satirik şairlərin əsərlərinə
də geniş yer vermişdir. Musa Qənbərlinin
"Pensiya" (¹ 1) şeirində də insanların sosial
problemlərindən, gündəlik qayğılarından,
ağır yaşam tərzindən bəhs edilir. Satira konkret faktlıdır. Cavabdeh
qurum və şəxsin adının çəkilməsi
satiranın real gerçəkliyə əsaslandığını
göstərir. Bu konkret faktlı satirada
öz həmvətənlərinin taleyinə biganəlik,
laqeydlik, "mən salim olum..." prinsipi ilə yanaşma tərzi
ifşa obyektinə çevrilir. Şeirdə
insanları süründürməçiliklə get-gələ
salanlar, bir çox ailələrdə insanların yeganə
ümid yeri olan pensiyaların gecikdirilməsi, həyatın
iflic vəziyyətə salınması satiranın əsas
leytmotivini təşkil edir:
Dərd
bürüyüb can-cəsədi, başı da,
Azuqə
yox yola verək qışı da,
Son
zamanlar artırıblar yaşı da,
Qismət olmur hər qocaya pensiya.
Məlumdur ki, "Molla Nəsrəddin" juralında
elm, təhsil, məktəb məsələləri prioritet
mövzulardan biridir. Eyni tendensiya çağdaş satirik
poeziyada da geniş əksini tapır. Firdovsi
Aslanın "Təftiş gəlib" (¹ 3) satirası Sabir
satiralarında istifadə olunan "Bəxtəvər olsun
başın, bəxtimiz oğlan imiş!" satirasına
parodiya şəklində qələmə alınıb.
"Molla Nəsrəddin"də elm, təhsil, məktəb
məsələlərindən bəhs edən satiralarda
sxolastik təlim üsulları, təlimin keyfiyyətsizliyi,
mollaların şagirdlərə qarşı sərt cəza tədbirləri
tənqid hədəfinə çevrilirsə, "Kirpi
TV"də yer alan bu mövzulu satirik
parçalarda isə məktəbə gəlir mənbəyi
kimi baxan rüşvətxor təftişlər, müfəttişlər
ifşa olunurlar:
Fikri-xəyalı
pulda, gözləri əllərdədir,
Mat-mat baxma üzümə gətir görək hər nədir.
Satira özündə bir çox janrları ehtiva etdiyindən
onda məzmun və ideya rəngarəngliyi ilə
yanaşı, həm də forma zənginliyi də diqqəti cəlb
edir.
Jurnalda
yer alan mövzular olduqca rəngarəngdir.
İctimai-siyasi, ədəbi-mədəni, sosial, ekoloji, ailə-məişət
və s. problemlər satirik publisistikanın əsas leytmotivinə
çevrilib. Bu publisistik nəsr nümunələrini
mövzusuna və problematikasına görə
aşağıdakı şəkildə qruplaşdırmaq
olar:
1.
İctimai-siyasi və tarixi-etnoqrafik (Bala Nəsrəddin
"Hansı millətik?", Məmməd
Əfşan "Biz kimik?", "Gəlin
özümüzü və izimizi qoruyaq",
M.Hüseynoğlu "Bəy babamızın tövsiyəsi)
və s.;
2. Sosial
problemlər (M.Əfşan "Eşitdiklərimiz və
gördüklərimiz", Sərhəd Məmmədov
"Buna deyərlər milləti və dövləti
aldatmaq", "Soyuducu anbar, yoxsa ticarət mərkəzi?",
Ənvər Əliyev "Qaşını düzəltdiyi
yerdə", Şahin Səmədli "Avropanın cənub
sərgüzəştləri və ya bizim həkimlərin
möcüzələri", Ənvər Əliyev "Heyif
milyonlardan") və s.;
3. Elm və
təhsil məsələləri (Tat Qüdrət "Modul məktəb
və onun müəmmalı işləri", Firdovsi Aslan
"Təftiş gəlib") və s.;
4. Ekoloji
problemlər (Əli Elmanoğlu
"Yaşıllıqların daha bir qənimi", Atəş
"Gəlirik dənizə sarı, keçəmmirik
hasarları") və s.;
5.
Rüşvətxorluq, oğurluq və əliəyrilik (Vəfa
Qafarova "Müxalifətin görmədiyi inkişaf",
Şahin Səmədli "VEMTAZ-ın oyunu və ya inanmayan
daşa dönsün", Sərhəd Məmmədov
"Qeyb olmuş sürülər") və s.
Azərbaycan
təbiətinin, onun maddi və mənəvi sərvətlərinin
qorunması kimi önəmli məsələlər də
"Kirpi TV"-nin əsas hədəflərindəndir.
"Kirpi
TV"-nin "El-oba deyimləri" rubrikası forma, struktur və
məzmun özəllikləri baxımından "Molla Nəsrəddin"
jurnalındakı "Atalar sözləri", "Hikmətli
sözlər" başlığı ilə dərc
edilmiş parodiya və perifrazlara çox bənzərdir. Yığcam, lakonik, sərrast və mənalı
satirik cümlələrdən ibarət olan "El-oba deyimləri"ndə
dövrün sosial problemləri orijinal üslubda və satirik
tərzdə təqdim edilir.
Jurnalın
onuncu nömrəsində isə Krılovun məşhur
"Balıq, ördək və xərçəng" təmsilindən
bir fon kimi istifadə olunmuşdur. "Qarabağ problemi" yazılmış qovluq
karikaturanın ortasında təsvir edilmişdir. Avropa Şurasını təmsil edən ördək
qovluğu havaya qaldırır, Amerika (xərçəng)
öz tərəfinə çəkir, Rusiyanı simvolizə
edən balıq isə qovluğu tamamilə əks istiqamətə
yönəldərək özününküləşdirməyə
cəhd göstərir. Rəssam Hafiz Nəsiroğlu
bu taleyüklü problemin hegemon dövlətlərin əlində
bir alətə, vasitəyə çevrildiyini və həmin
qüvvələrin məsələnin guya onların əli
ilə həllini tapacağını satirik karikaturalar vasitəsilə
əks etdirmişdir.
Ümumiyyətlə, bütün bunların yekunu olaraq
demək olar ki, çağdaş satira "Molla Nəsrəddin"
səviyyəsinə yüksələ bilməsə də,
onun klassik ənənələrini müəyyən qədər
davam etdirməyə çalışmışdır. İnanırıq
ki, satirik şair və yazıçılarımız cəmiyyətdə
gedən ictimai-siyasi, sosial və mənəvi problemlərə,
daxili aşınmalara biganə qalmayacaq, yeni-yeni əsərlərlə
satiranın və "Molla Nəsrəddin"in ölməz ənənələrinin
inkişafına təminat yaradacaqlar.
Gülbəniz
Babayeva
Ədəbiyyat qəzeti.- 2019.- 7 sentyabr.- S.29.