Azərbaycanın rusdilli ədəbiyyatı
- 2018
Azərbaycanın rusdilli poeziyası mövzu və janr
palitrasının müxtəlifliyi ilə seçilir. Şairlər klassik ədəbiyyatdan
rübai (Pyotor Davıdov), bayatı (Marat Şəfiyev) kimi
şeir formaları ilə yanaşı, hayku (Tofiq Ağayev),
sonet (Afaq Rafiqqızı) kimi janrlara da müraciət
etmişlər. Poetik nümunələr
arasında şeir silsilələri geniş yer alır.
Afaq Rafiqqızının "Sonetlər cələngi",
Leonid Zasın "Məhəbbət çələngi",
Natalya Voroninanın "Durğu işarələri", Səyavuş
Məmmədzadənin "Bolqar motivləri" silsiləsi və
s. bu qəbildəndir.
Qeyd edək ki, hər nəsil ədəbiyyata öz
töhfələrini verir. Gənc nəsil modern
şeirə (Nicat Məmmədov) üstünlük verirsə,
yaşlı nəsil əsasən klassik formaya, əbədi
mövzularda sadiq qalır, öz həyat təcrübəsindən
bəhs edir. Gennadiy Salayevin Böyük Vətən
müharibəsi iştirakçıları, ömrün
müdrik çağı haqqında şeirləri bu
mövzudadır.
Doğma şəhərdən uzaqda yaşayan müəlliflər
şəhər həyatından müxtəlif lövhələri
("Bakı işıqları"), ölkəmizin tarixi
abidələrini (Vladimir Sırulnik "Alov") təsvir edərək
Bakını göz önündə canlandırmağa
çalışmışlar. Sergey Aranoviçin şeirlərində
fəlsəfi mündəricə üstünlük təşkil
edirsə ("Kompas-ürək", "Avtoepitafiya",
"Bibliya motivləri" və s.), Ələddin Yaqubovun
müasir dünya, insan haqqında düşüncələri
maraq doğurur ("Qorxağın etirafı", "XX əsr",
"Mümkündür" və s.).
Nicat Məmmədov istedadlı şair və tərcüməçidir. Bir çox
şair və yazıçılarımızın əsərlərini
rus dilinə tərcümə etmişdir. Ötən
ilki məruzəmizdə müəllifin
"Neprerıvnost" poetik silsiləsindən bəhs
etmişdik. 2018- ci ildə əsərin
növbəti, dördüncü bölümü çap
olunmuşdur. Poeziya ilə esselərin növbələşdiyi,
müəllifin yaradıcılıq haqqında fikirlərinin,
düşüncələrinin yer alıdğı silsilə
"yeni ədəbiyyatın" manifesti olaraq səslənir:
Mənim
üçün kapital pul və ya populyarlıq deyil,
Oxumada və
mütaliədə,
insanların şüurunda,
gündəlik həyatımızda,
ölkədə baş verən dəyişiklikdir:
Bu,
dağlar, dəniz və nəhəng dünya kimi
sahiblənə bilmədiyimiz bir varlıq olmalıdır.
Sənə elə gəlir ki hər şey
aydındır?
Diqqət kəsildikdə artıq heç nəyin
aydın olmasının fərqinə varacaqsan (tərcümə
məqalə müəllifinindir).
Onun əsərləri əsasən "poeziya ilə nəsr,
lirik gündəlik və fəlsəfi" əsərlər
olaraq qiymətləndirilir. Zənnimizcə, əsərdə
prozaik təsvirin getdikcə poetik strukturu üstələdiyi,
qeydlərin fəlsəfi-psixoloji düşüncələrə
çevrildiyi görünür.
İl ərzində Səidə Sübhi, Tamara
Vereskunova, İnessa Lovko, Tofiq Ağayev kimi bir çox
şairlərin şeirləri çap olunmuşdur.
***
Əsasən müxtəlif milli mədəni arealı təmsil
edən (qarışıq ailələrdə milli, dini fərqlər),
vətəndən uzaqda yaşayan rusdilli ədəbiyyatın
nümayəndələri dünyada dini və milli zəmində
baş verən məsələlərə daha həssasdılar. Marina Mürsəlovanın
"Tabula rasa" romanında, bir çox poetik nümunələrdə
multikultural ideyalar, insanları ayıran bütün sədlərə
rəğmən anlayış və sevgi mühitində
yaşam təbliğ olunmaqdadır.
Azərbaycan
Yazıçılar Birliyinin üzvü, Avropa ədəbiyyatşünaslar
konqresinin və Cexiyanın rusdilli Yazıçılar
Birliyinin üzvü, şair və dramaturq Leyla Bəyimin
ötən il çap olunan "İmmolatio"
("Qurban") (əsərin başlığı,
personajların adı mifologiya ilə bağlıdır) ikipərdəli
düşüncələr pyesində insanlar arasında dini,
irqi ayrı-seçkiliyin aradan qalxmasına
çağırış yer alır. Tarixi-fəlsəfi
kontekstin yer aldığı, müasir və keçmiş
zamanların əks olunduğu əsərdə Nəsimi və
Yan Qusun yaradıcılığı əsasında əzəli
dəyərlər təbliğ edilir.
Hadisələr müasir dövrdə və XV əsrdə
cərəyan edir. Zamanda adlamalar, konkret bədii obrazların
mistik obrazlar (Kor mələk, Axsaq mələk) vasitəsilə
növbələşməsi mümkün olur. Eyni obrazlar həm müasir, həm də qədim
dövrdə yer alır. Müasir zamanla bağlı hissədə
Avropada müsəlmanlara qarşı mənfi münasibət əks
olunur: islami dəyərlərə qarşı
dözümsüz olan çex gənc Yanus və islami dəyərlərin
daşıyıcıları Aya, Yaqub, Yusif. Əsərin
konflikti bu qarşıdurma üzərində qurulur: Qərb
dünyası "istəklərin", islam
dünyası "qadağaların" qurbanları olaraq
qarşılaşdırılır. İki
xalqın illər öncə oxşar tale yaşamış
nmüayəndələri Nəsimi və Yan Qusun taleyi
mövzunun ümümbəşəri, əbədi kontekstdə
canlandırılmasına imkan yaradır. İslam və
Avropa dəyərlərinin qarşıdurması sonda Nəsimi
və Yan Qusun timsalında ali həqiqət
axtarışlarına bağlanır. İllərin
əlaqəsini görmək, müraciətini ala bilmək
üçün (Yusif və Adel) ilahi harmoniyaya köklənmək
vacibdir.
Mövzunun
aktuallığı, eyni zamanda mənəvi-fəlsəfi
ideyanın maraqlı bədii həlli ilə yadda qalan pyesin
ötən il Nəsimi - şeir, incəsənət
və mənəviyyat Festivalı çərçivəsində
keçirilən premyerası ictimaiyyət tərəfindən
maraqla qarşılanmışdır.
***
Azərbaycan reallıqlarının dünyada
yayılmasına çalşan rusdilli müəlliflər bu
mövzulara xüsusi önəm verirlər. Ötən il Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə Praqada keçirilən "Xocalıya ədalət"
kampaniyası çərcivəsində Xocalı hadisələrindən
bəhs edən əsərlərin toplandığı kitab
çex dilində çap olunmuşdur. Yefim Abramov
və Leyla Bəyimin həmmüəllif olduqları "Qara
qar çiçəyi" povesti də həmin kitaba daxil
edilmişdir.
İl ərzində
maraqlı lirik-psixoloji hekayələrlə yanaşı (Nailə
Kərimova "Ömürdən bir gün", Nərgiz
Bağırovanın "Yalnız Bax", Lalə Ümid
"Heyva çiçəkləri", Yelena Andreyevanın
"Pitsa və Bethoven" və b.), təhkiyə və
mövzu baxımından orijinallığı ilə
seçilən roman və povestlər çap olunmuşdur.
Son illər ciddi ədəbiyyatın, əsas məqsədi
daha çox oxucu kütləsi cəlb etmək olan kütləvi
ədəbiyyat - detektiv, melodrama kimi nümunələr tərəfindən
sıxışdırıldığı müşahidə
olunmaqdadır.
Müasir nəsrdə artmaqda olan bu tendensiya təəssüf
doğurur. Oqtay Mir-qasımın
"Samuray sindromu" povestində müharibə
iştirakçısı olan Rəsul aldığı xəsarətlər
səbəbindən döyüş sıralarına qayıda
bilmir. Məhəbbət, macəra dolu
hadisələrin yer aldığı əsərdə, sanki əsas
mətləblər ikinci planda qalır. Əsgərin
müasir həyatda qarşılaşdığı mənəvi-psixoloji
çətinliklər, şəxsi maraqların
dürüstlüyü üstələməsinin təsviri
kimi ciddi mətləblərin bədii təcəssümü əvəzinə
povestdə macəra şəklində yaşanan həyat təsvir
edilir, canlandırılmır. Hər bir epizodu əyani
şəkildə təsvir etməyə çalışan
yazıçı daha çox hadisələrin baş verdiyi
məkanı, şəraiti dolğun təsvir edir: bahalı
evlər, qolugüclü cangüdənlər, sahibi üçün
darıxan tutuquşu... Bu cür təsvir əsəri
ssenari ilə yaxınlaşdırır. İdealist
qəhrəmanların idealistcəsinə təsviri
inandırıcı təsir bağışlamır. Rəsul və Abdulla obrazları, məhəbbət
xətti sxematikdir. Digər personajlar, sanki
qəhrəmanların seçilmişliyini (Rəsul və
Abdula) vurğulamaq, onlar dürüst, ətrafdakıların
isə hamısı naxələfdir fikrini təsdiqləmək
üçün canlandırılıblar. Bu səbədən müsbət və mənfi
personajların qarşılaşması emosional gərginlik
yaratmır.
Müasir Azərbaycan ədəbiyyatında psixoloji nəsrin
maraqlı nümunələri yaranmaqdadır. Natiq Rəsulzadənin
"Yeddinci gecə" və "Soyuq oktyabr ayı" hekayələrinin
əsas personajları yaradıcı insanlardır. Hər
iki hekayədə qadın və kişi
arasında yaşanan münasibətlər
canlandırılır. İlk sevgi təcrübəsi
uğursuz olduğundan daxilən həssas olan bu insanlar
yaxınlarından təcrid olaraq qapalı ömür sürməyə
üstünlük verir, yenidən həyata açılmaqdan
çəkinirlər.
Yazıçının mistik realizm üslubunda
yazdığı əsərlər xüsusilə
seçilir. Növbəti hekayəsini də həmin əsərlər
sırasına aid etmək olar. "Yeddinci
gecə" əsərində ömrünün puç
olduğunu düşünən, həyatında mürəkkəb
psixoloji dönəm yaşayan yazıçı, həyatda
tapa bilmədiyi sevgini yaradıcılığında
axtarır. Gerçəkliklə təxəyyülün
çarpazlaşması ilə əsərin
personajlarının - yazıçı və əsərin
personajının eyniləşməsi baş verir. Məhəbbət xətti adi məcrada davam etsə
də, müəllif müəyyən detallar, təkrarlanan
motivlər, yuxularının təsviri ilə hadisələri
mistik ahəngə yönəldir.
Son illər Azərbaycan ədəbiyyatında ciddi fəlsəfi-psixoloji
mövzulara müraciət olunsa da təəssüf ki, bu
mövzuda qələmə alınan uğurlu əsərlərin
sayı çox deyil. Toğrul Mehdinin " Özümlə
üz-üzə" romanında personajın altşüuruna
baş vuran müəllif, insanın gizli niyyətlərini
açmağa çalışır. Yazıçı-personaj
Malışı öz qaranlıq dünyası olaraq
canlandırmağa cəhd etsə də, Malışla müəllifin
bağlılığı sezilmir. Təhtəlşüurunu
şüura tabe etməyi bacararaq insanın özünün
öz üzərində qələbə çala bilməsi
psixoloji bir problemdir. Bu səbəbdən əsərdə
əsasən psixoloji məqamlara diqqət yönəlməli
idi. Müəllif bəzi formal vasitələrə
əl atsa da, Malışla bağlı son hissələrin
başlıqların soldan sağa oxunması, yuxuda
yazıçı-personajla Malışın
qarşılaşması, ümumən əsərin
ideyası gercəkləşməmiş qalır.
Rusdilli ədəbiyyatın daha istedadlı nümayəndələrindən
biri Maqsud İbrahimbəyovun yaradıcılığında
sos-art əsas üsluba çevrilməkdədir. Sovet
ziyalısının həyatının təsvir olunduğu
"Antropontoloqun son səyahəti" əsərində
yalnız sos-art xüsusiyyətləri əks olunmur.
Yaşadığı dövlətdən, siyasi quruluşdan
asılı olmayaraq cəmiyyətdə insani meyarların itməsi,
ümumi kökdən yaranan insanların yadlaşması, bəşər
tarixində yaşanan qarşıdurmalar, müharibələr,
əsrlərdən -əsrlərə ötürülən
artefaqlar vasitəsilə birlikdən qarşıdurmaya
doğru inkişafın canlandırıldığı əsərdə,
müəllif problemi əbədi mövzularla əlaqələndirmiş,
bədii səciyyələndirilməsinə
nail olmuşdur.
Nadir Ağasıyevin "Otrajeniye-2" silsiləsindən
olan ikinci əsərində fərqli təhkiyə strukturu yer
alır. Əsas süjet xəttinin müəllifin
assosiasiyalarla zənginləşməsi ilə kompozisiya
şaxələnir. Xatirələrə
dalan personajın düşüncələri daxili "mən"in
axtarışı olaraq təsvir edilir, kursivlə verilərək
əsas mətndən fərqləndirilir. Hadisələr
birinci şəxs - avtobioqrafik qəhrəman tərəfindən
nəql edilir. Personajın fikrini təsadüfən
rastlaşdığı yaşlı qadın məşğul
edir. İ.Buninin "Tyomnıye alleyi" əsərindəki
obrazı xatırladan personaj müəllifdə
qarışıq hisslər oyadır: o, yarıcavan,
yarıqocadır, "qarı" , "qadın",
"küpəgirən", "cadügər"dir.
Personajın xatirələri də əsasən həyatında
müxtəlif rol oynayan qadınlarla bağlıdır
(anası, müxtəlif zamanlarda birgə
çalışdığı, qarşılaşdığı
qızlar). Dünya ədəbyyatının bir çox
nümunələrinin xatırlandığı əsərdə
(K.Qamsunun "Aclıq", İ.Bunun "Tyomnıye
alleyi", P.Merime "Venera İllskaya" və s.) məhz
bu məlumatlar oxucunu əsas mətləblərə yönləndirir.
Beləliklə, müəllif oxucunu mətnə deyil, interteks
vasitəsilə əlavə mətnlərə yönləndirir. Daha sonra
Merimenin hekayəsi haqqında xatırlatma qənaətimizi
dolğunlaşdırır. Əsərdə
müəllifin təhtəlşüurunu narahat edən məqamlar
- qocalığı, ömrünü istədiyi kimi qura bilməməsi,
ölkəsindəki müharibənin nə vaxt bitəcəyi
kimi daxili qorxuları əks olunur. İlk
mütaliədə əsərdəki assosiasiyaların əlaqələndirilməsi
çətin olsa da, internekstə- xatırlanan mətnlərə
kökləndikdən sonra məzmuna varmaq mümkündür.
Ömrünün ötən illərinə nəzər
salan Ridan illər sonra vaxtında əhəmiyyət vermədiyi,
dəyərləndirə bilmədiyi təsadüflərin
böyük əhəmiyyət
daşıdığını dərk edir.
***
Bir ilə nəzər saldıqda axtarışların
intensiv olduğu görünür. Poeziyada əsasən ənənəvi
üslub, mövzu palitrası üstünlük təşkil
edirsə, psixoloji üsluba meyil edən nasirlərin eksperimentlərə
üstünlük verdikləri müşahidə olunur. Ənənəvi realist üslubda yazılan əsərlərlə
yanaşı, mistik realizm (N.Rəsulzadə), modernist
axtarışların ("Nekrofilin ölümü"
T.Mehdi, "Əks-səda" ("Otrajeniye")
N.Ağasıyev), sos-artın (M.İbrahimbəyov) vüsət
almaqda olduğu bəlli olur. Leyla Bəyimin
"Qurban" pyesi ictimaiyyət tərəfindən maraqla
qarşılanmış, uğurlu səhnə əsəri
olaraq dəyərləndirilmişdir.
Rusdilli ədəbiyyatın tanınmış
imzaları ilə yanaşı, gənc müəllifləri də
beynəlxalq arenada tanınırlar. Beynəlxalq səviyyədə
təmsil olunması ədəbiyyatımızın
böyük nailiyyətidir.
Lalə Həsənova
Ədəbiyyat qəzeti.- 2019.- 7
sentyabr.- S.30.