Ataqam: dərvişin
nağılı
Bəzən
bir hekayə bizim gözləntisində olduğumuz nəyisə
anlatmır, yəni təhkiyə strategiyasında belə bir
ayrıntı ola bilər ki,
nağılçı bizi sözlə, şirin vədlə
aldadıb nəyəsə sürükləyər, ancaq sonda
ortaya başqa mətləblərin çıxmasının
şahidi olarıq. Bu təhkiyə
strategiyasında "aldatma" əsas etibarı ilə mətnə
bir neçə hadisənin müxtəlif yönlərdən,
ya da artıq nəql edilən hadisələrə əkslik təşkil
edən başqa sərgüzəştlərin
qoşulması və ya daxil olması ilə baş tuta bilər.
Ataqamın vaxtilə "Ədəbiyyat qəzeti"ndə
çap edilmiş "Nanəli konfet" hekayəsində
olduğu kimi. Hekayənin ilk abzası məsələnin
nədən qaynaqlandığını açıq şəkildə
nəzərə çarpdırır: "Düşərgə
yoluna burulub bir anlıq ayaq saxladım. Gördüyüm mənzərəni
canıma hopdurmaq istəyirdim: yan-yörəsi nimdaş
çadırlar, süzülmüş palazlar, rəngi
qaçmış cığırçalarla
örtülmüş, müsəlman qəbiristanlığının
başdaşıları kimi səliqəsiz
sıralanmış saysız alaçıqlar, əllərində
plastik vedrələr su maşınının yanına
düzülüb növbəsini gözləyən qız-gəlinlər,
dəlmə-deşiyindən gün şüaları
süzülən talvarın altında dinməz, əlləri
qoynunda, boynubükük durmuş kişilər...".
Göründüyü
kimi, mənzərə statikdir, bu tabloda heç nə tərpənmir,
hərəkətsizdir, yəni hekayənin ekspozisiya hissəsi
böyük bir mətləbin donuq formasını təqdim
edir, təhkiyə boyunca bu donuqluq hissə-hissə
açılır və kənardan mətləbə
qoşulan sərgüzəştlər təhkiyənin əsas
xəttini pozmasa da, onun içində bayaqkı donuqluğa tərs
mütənasib olan güclü dinamika yaradır. Süjet poetikasındakı bu dinamik
"çırpıntı" həyatın, hər halda
qaçqın həyatının ritmini qənirsiz şəkildə
rəsm edir, arada dialekt sözlərin yerli-yataqlı işlədilməsi
mənzərənin rəsmində lakonikliyin zirvə məqamına
yetişir.
Hekayədəki
əsas hadisə, Osman dayının başına gələnlər
və bir uşağın nanəli konfet xətrinə onunla
"dostluğu" və bütün bunların fonunda kənddə
baş vermiş, hər kəsin yaddaşının dibinə
çökən kədərli olaylar birdən-birə bizə
bu qədər qüssəli və darıxdırıcı həyatdan
başımızı qaldırıb üfüqlərə
baxmağı təlqin edir: günəş
çıxıb, buludlar ağ kəlağayıya bənzəyir,
səhər mehi elə eymənə-eymənə gəlir ki,
sanki kiminsə yarasına toxunub da keçəcək...
Kənddə
adamlar xasiyyət və durumlarına görə
tanınırlar, ancaq orada adları, ayamaları böyüklər
yox, uşaqlar qoyurlar, çünki məhz onların
gözü və ruhu bu kimi şeyləri daha tez qavrayır,
ümumi həyat sirrini uşaqlar qədər fəhm edən
(həm də mənasını bilmədən-!) kimsə
yoxdu, deyir, "bu kənddə uşaqlar qaramanlı Osman kimi
şirindil kişilərə "dayı", Quşdan Məhərrəm
kimi, nə bilim, Sərəncamın əri Abdal Əvəz
kimi acıdil, əzazil kişilərə "əmi"
deyirdi. Niyəsini bilmirdik, elə
eşitmişdik, elə də deyirdik".
Məlum hadisə nəticəsində başı
qaçmış Osman dayının nağıllara
marağı təsadüfi deyil, çünki sevgilisini
itirdikdən sonra onun yeganə əlacı bu sevgini nəyin
bahasına olursa-olsun, yaşatmaq, onu getdiyi heç yerdə tək
qoymamaqdı.
Hansısa dağ kəndinə gedir. Dağlara qalxır, məqsədi şübhəsiz
ki, zirvələr fəth etmək deyil, o, qəlbi yerdə
daşlardan insan yapır, ən yuxarıda qoyduğu
daşı Bəsirinən üzü bilib oxşayır,
saçlarını tumarlayır. Hətta
uşaqlarla danışanda belə, sözü keçsin deyə,
Bəsirənin canına and içir və sair. Onunla həmsöhbət olan uşağın
qucağında bir yığın kitab görəndə onu
saxlayır, kitablarda nə deyildiyini soruşur. Bir nağıl kitabı, bir də əfsanə.
Osman dayı soruşanda ki, əfasənə nədir,
uşaq "yalançı nağıl" cavabını
verir. Bu məqamla (əfsanənin "yalançı nağıl " olması) Osman dayının
dağ zirvəsində Bəsirənin heykəlini yapması
(yəni real sevgi unuduldu, məhv oldu, indi onun "saf toxumunu -
çəyirdəyini" qorumaq lazımdır) arasında
incə mətnaltı əlaqə mövcuddur. Bəs
uşağın Osman dayıya nağılladığı
yalançı nağılda - "Dərvişin
nağılında" nə var? Dərviş bir az da elə Osman dayıya oxşayır,
uşaqları sevir, qəribə hərəkətləri var,
bəzən danışmaq lazım olanda susduqca susur ki, bu
susqunluq mətni insanlara daha çox sözlər desin. Ancaq
insanlar təmkinli deyil, onu daşqalaq edirlər (necə ki,
vaxtilə dediyi sözü anlamadıqlarına görə
İbn Ərəbini daşqalaq etmişdilər),
döyüb, söyür, kənddən qovurlar, ancaq dərvişin
"sükutu" sınmır, davam edir (eynən Osman dayının
da sevgisi ürəyinin ən dərin guşəsində
diridir, canlıdır, əks halda, onun ağlı
başına gələr, dünyanın çox iyrənc mənzərəsini
gərərdi-!), gedəndə kənddə hər
qapının altına bir gil lövhə qoyur. "Əfsanənin
sonluğunu - camaatın dərvişi döydüyü yeri
oxuyanda Osman dayının gözü doldu. Abzası mənə
bir neçə dəfə oxutdurdu, tam yadında qalana qədər
dilinin altında təkrarladı: "Dərviş hər
qapıya bir gil lövhə qoyub yoxa
çıxmışdı. Lövhədə bunlar
yazılmışdı: Vaxt gələcək, sizin
uşaqlarınıza kimlərsə ürəyini bağışlayacaq.
Balalarınızı indidən vərdiş elətdirin
ki, o vaxt ehtiyatlı davransınlar, dünyanın ən tez
sınan, həssas oyuncağını - ürəyi
sındırmasınlar".
Dərvişdən fərqli olaraq Osman dayının əlində
belə bir vasitə yoxdu, onun sirləri, dünyadan bu
qaçmış ağlıyla bildikləri gizli, qapalı
qalır. Ancaq uşağın üçüncü
kitabı onun köməyinə çatır. Şeir. İskəndərin buynuzu var, buynuzu!
Osman
dayının ürəyinə yağ kimi yayılan bu
nağıllar onun haçansa sınmış,
çilik-çilik olmuş ömür mətninə
qoşulub onun itmiş mənalarını üzə
çıxardır, gözləri ilə dünyaya, artıq
baxmaqdan yağır olmuş mənzərələri başqa
nəfəslə görür, ancaq arada maneə var, onun qəlbən
inandığı uşaqlar böyüməli, onun
özü yaşlanmalı, həyatsa qəbiristanlıqda
başdaşına dəyib dayanmalıdır. Ancaq uşaq
yaddaşı, insanın uşaq ikən yaddaşına
hopdurduğu şəkillər solmur, solğun fonda
görünsələr də, daim insan taleyini müşayiət
edir. Osman dayının cibindəki nanəli konfetlər
nağıllar bitənə qədər qurtarmaz, kimisə
sevindirər, şövqünü artırar, uşaq
böyüyüb ixtiyar kişi olsa da, o
dad damağından getməz. Həyatda bir məqam
var başına gələsi, elə Osman dayının
başına gələn hadisə, vaqeə kimi.
"...Osman dayı ilə bağlı belə bir
pıçı eşitmişdim: Deyirdilər ki, mayın
ortasından düz sentyabrın axırına qədər
bazar günləri kəhrizə kişi
xeylağı getməzmiş, çünki qız-gəlinlər
yay odunu canlarından çıxarmaq üçün lütlənib
kəhrizdə çimərmişlər. İyirmi beş il qabaq - Osmanla Səməndər
onbeşlərinin içində olanda ikisi də
Qırmızısaqqal Hətəmin nəvəsi Bəsirəni
istəyirmişlər. Bəsirənin meyli Səməndərə
imiş. Bir gün Osman xəlvətcə
Cin Süleymanın kəhrizin dibindəki bağında
ağaca çıxıb Bəsirənin çimməsinə
baxıbmış. Ertəsi gün Osman Bəsirə ilə
qarşılaşanda belə deyibmiş: "Sağ
döşündəki qoşa xala canım qurban, mələyim!".
Bəsirə məsələni başa düşər,
Səməndərə deyər, Səməndər də əmisi
uşaqları ilə Osmanı təklikdə tutub dartıb kəhrizə
aparar, başını kəhrizin nəm daşlarına
döyərlər. O vaxtdan Osmanın başı qaçar. Qız-gəlin
də elə o vaxtdan kəhrizdə çimməyi tərgidər.
Deyirlər, nə Bəsirənin, nə də Səməndərin
taleyi gətirər. Bəsirəni kəndə biçinə
gələn kombaynçı ilə saman tayasında eşdikləri
kalafada çılpaq tutarlar. Səməndər
kombaynçının qarnını yaba ilə deşər,
gedib girər qazamata, vərəmləyib iki ildən sonra elə
orda ölər. Bəsirə dədəsi
evinə qayıdar, evdən çölə yarasa kimi, ancaq
gecələr çıxar".
Bu hadisədən sonra tale dəyişir, bir sözün
ucbatından hər şeyini itirmiş insanı
nağıllar ovudar, dağın zirvəsində daşdan
yapdığı heykəl - gözəl, qənirsiz sevgi abidəsi
ovudar. Bu mənada hekayə mətnini bürüyən
"sehrli, mətnaltı işarələr"in analiz edilməsi
lazımdır. Epizodların birində
uşaq kiminsə toy məclisində Osman dayını
ağaca söykənmiş laübalı vəziyyətdə
görür. Çox xoşladığı, içində
özünü ona (nağıl, şeir mətnindəki tale
şırımına-!) tay tutduğu
parçanı dedizdirmək üçün
uşağın hansısa qəlbi bir yerə
çıxıb o parçanı əzbər deməsini istəyir.
Uşaq tərəddüd etsə də,
başqa çıxış yolu qalmır. Ancaq bu
epizod, yəni səs-küyün içində uşaqla Osman
dayının ətrafdan bir nağıl parçasının
həniri içində hər şeydən təcrid
olunmaları kənddə, insanların içində adi
gözlə görünməyən, adi insanın hiss edə
bilmədiyi bir "küləyin" əsdiyindən xəbər
verir. Osman dayı artıq məlum hadisə nəticəsində
adi insan "sərhədini" aşıb keçib, o bu
dünyaya uşağın gözü ilə, həm də
onun dilindən məsumluqla deyilən parçalardan baxır.
Heç kəs bilmir ki, bu vəziyyətdə
o, içindən göynədikcə göynəyir, ancaq bu
göynərtinin hardan gəldiyini heç cürə kəsdirə
bilmir.
Bu da var:
"...Hə, yalan-gerçək, bunu da
danışırdılar ki, o əhvalatın üstündən
illər keçəndən sonra, guya, Osman alverə getdiyi
dağ kəndlərinin birindəki zirvədə sal
daşları üst-üstə qalaqlayıb qız düzəldib,
daşları xınalayıb-gülxətmiləyib,
başdakı daşa Bəsirənin yaylığına
oxşar yaylıq bağlayıb daş sevgilisinin
başına dolana-dolana üz-gözündən
öpürmüş".
Nağılın bitdiyi yerdə həyat da bitir,
sönür, adi bir şeyə çevrilir.
Hekayənin sonunda uşaq artıq böyüyüb,
Osman dayı isə ixtiyarlaşıb, dişləri
tökülüb, tanıma qabiliyyəti, elə
yaddaşı da korşalıb. Onu yalnız bəzi,
çox önəmli işarələr yerindən oynada, dirildib
keçmiş həyata qaytara bilər. Yaşlaşmış
uşaq Osman dayının qarşısında daşları
üst-üstə yığıb üstünə
çıxır ki, onu tanısın. Tanıyır
da, ancaq, Osman dayı nə illah eləsə də, cibindən
nanəli konfetləri tapıb çıxara bilmir.
Demək, hər kəsin qəlbən inandığı
bir nağıl var, onun sonuna qədər gəlməlisən
və... nağılın bitdiyi yerdə həyat da bitir,
sönür, adi bir şeyə çevrilir.
Cavanşir
YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2019.- 14
sentyabr. S. 5.