Füzuli xatırlayır: "Deyildim mən
sənə mail..."
Birinci
esse
Hərəkət yoxdursa,
zaman da yoxdur.
Zaman kainatın ən
böyük nailiyyətidir. Elə Eynşteynin də.
Zamanın
başlanğıcı varmı?! Var. Amma onu fiziklər
yox, şairlər başlayır. Və
sonra da şairlər Zamanın hakimi olurlar. Viko deyirdi ki, insanlıq tarixini, yəni zamanı
şairlər yazmağa başladı.
...Mənə elə gəlir ki,
Füzuli heç zaman Petrarka sevən kimi kimisə sevməyib.
Kiminsə dərdindən dəli-divanə
olmayıb. Sevsəydi əgər, belə
gözəl yaza bilməzdi. Onun sevdiyi kimsə
olmayıb. Onun sevdiyi sevgi olub.
Mən addım-addım,
misra-misra, qafiyə-qafiyə bu insana, onun mahiyyətinə,
dünyabaxışına (dünyagörüşünə
deyil - bu, bir başqa müstəvinin göstəricisidir), məhz
dünyabaxışına, gündəlik, yer üzündəki
gündəlik həyatına yaxınlaşmaq istəyirəm. İstəyirəm biləm
ki, o, uşaqlığında, yeniyetməliyində, nəhayət,
gəncliyində nə cür biri olub, yoldaşları,
dostları, yaxınları ilə nə barədə söhbət
edib, kiminləsə yumruq davasına çıxıb, ya
çıxmayıb?! Hirsli vaxtında evdə
arvadına nələr deyib, necə deyib və ondan nələr
eşidib?! Kefinin kök vaxtlarında evdəkilərlə
necə davranıb?! Arvadından başqa kimisə bir kişi kimi arzu edibmi?! Bütün
cavanlar kimi, kiməsə gendən baxa-baxa ağzının
suyunu axıdıbmı?! Onun şeirlərinin
harmonik bütövlüyü bizə deyir ki, bəli, bu belə
olubdur. Amma o bunu elə gizlədə
bilibdir ki, heyranları bunun əlamətlərini yalnız
platonik məhəbbət kimi qəbul ediblər. Yəni sevgiyə sevgi kimi.
Göylə Yer arasında
onun kimi var-gəl edən ikinci şəxs təsəvvür
etmək çətindir. Bizim ədəbiyyatımızda,
bəlkə də əsasən götürsək, elə
dünya ədəbiyyatında da kimsə Göyə,
göyün yeddinci qatına qalxır, elə oradaca da
qalır və yeri, sanki unudur. Məsələn,
Şekspiri Yerdə zənn edənlər aldanırlar, o, həmişə
Göydədir. Bizim Cavid kimi.
Kimsə də Yerlə əlləşir,
başını qaldırıb Göyə baxmağı belə
yadına salmır, ya da buna, sadəcə, həvəsi olmur. Məsələn,
Servantes kimi. Sabir kimi.
Füzuli isə Yerdən
Göyə və Göydən Yerə gözəgörünməz
sürətlə gedib qayıdan bir Səyyahdır. Onun səyahəti
öz-özlüyündə bir aləmdir.
Füzulinin harmoniya
canatımı əvəzedilməzdir. Harmoniyaya
canatım böyük ədəbiyyat nümayəndələrində
həmişə var. Bu, bəlkə də, sənətin ilkin
şərtidir. Harmoniya bütün
yaradıcılıq müstəvisi boyunca ölçülə
bilən bir dəyərdir. Ən azı,
bunu böyük mətn daxilində etmək
mümkündür. Pyesdə (Şekspirdə
olan kimi), romanda (Tolstoyda olan kimi), poeziyada (Puşkində olan
kimi) harmoniya, əlbəttə ki, özünü göstərir.
Füzulidə isə harmoniya özünü həcmcə
kiçik bir qəzəlin ölçüsündə
büruzə verir - qəzəldaxili harmoniya real göstəricilərdə
görünür. Şeirin əvvəlini və
axırını "Yerdən - Göyə, Göydən-Yerə"
burulğanı içində bir yerə (bir qəzəlin
içinə) necə
yığıb-yığışdırmaq olar, bu
mümkündürmü?! Mümkündür! Şeirin
daxilindəki konflikt, daha dəqiq desək, bir beytin içində
bir neçə sözlə ifadə olunan sevgi tarixçəsi,
əgər istəsək, bizi bir çox mətləblərdən
hali edər. Bu kiçik misala, daha dəqiq
desək, ştrixə diqqət verək. Füzuli
xatırlayır:
"Deyildim mən sənə mail...".
Və sonra da acı bir əlavə
edir. Bu əlavə kədərli sevgi tarixçəsinin
sonluğudur. Sonluq budur: ...sən etdin əqlimi zail.
Bu möhtəşəm
misranın yarısı (birinci hissəsi) həyat
barrikadasının bir tərəfindəki gerçəklikdən,
o biri yarısı (ikinci hissəsi) o biri tərəfindəki
gerçəklikdən bəhs etmirmi?! Edir. Sevgidən uzaq bir adama şair tərəfindən -
Məhəmmədə Füzuli tərəfindən atılan
sevgi toru deyilmi bu misranın həqiqəti?! Odur!
Bu cür adi münasibətlər
Yer üzərində bu günə qədər uzanıb gələn
kişi-qadın münasibətinin konkret bir qoludur. Yerlə, yer
dedi-qodusu, yer münasibətlərilə yoğrulmuş bu
misradan sonra "Şəbi hicran yanar canım..." yazmaq
birbaşa göylərə baş vurmaq deyilmi?! Odur!
Bəs belə isə o zaman
bu yer-göy gəzişmələrini bir yerə - bir qəzəlin
içinə necə yığmaq olar?! Bu, axı
mümkün deyil. Mümkün imiş.
Füzuli harmoniyası elə
budur. Bu
harmoniyanın dil-üslub qatında axtarışına
çıxıb həmin qəzəlin birinci misrasını
yada salaq:
Məni candan usandırdı,
cəfadan yar usanmazmı?!
Bu misradan sonra qəzəlin əsas
bədii vəzifəsi "usanmazmı" sözünə
qafiyələr tapmaqdır. Hər beytin sonu bu qafiyə ilə
bitir: usanmazmı, yanmazmı, utanmazmı, sanmazmı,
bulanmazmı...
Və sonuncu beytin qafiyəsi kimi yenə
də təkrarən "usanmazmı" sözü ilə
qarşılaşırıq: "Sorun kim bu nə
sevdadır, bu sevdadan usanmazmı?!".
Necə olur ki, Füzuli kimi
bir sənətkar qəzəl daxilində bu təkrara yol
verir?! Bu, olmamalı idi. Amma var. Şair
üçün başqa qafiyə, başqa bədiilik
cığırına aparan söz (sözlər) qəhət
deyildi. Bəs o zaman niyə?!
Harmoniya! Harmoniya naminə
Füzuli qəzəldə əvvəl ilə axırı təkrar
vasitəsilə birləşdirir. Və bu
kiçik şedevr, öz içindəki Yer-Göy var-gəlləri
ilə bir yerdə, bu təkrar məqamının çərçivəsi
daxilində bərq vurur. Çevrə
qapanır. Damğa basılır. Və şair bu son misranı yazandan sonra dərindən
ah çəkir. Bu, bir rahatlıq
ahıdır. Harmoniyaya nail olmağın
rahatlığıdır.
Ricət. Harmoniya təkrar,
paralelizm, məna uyğunluğu (və ya uyğunsuzluğu)
üzərində qurulur. Füzulidə
bunların bütün qamması mövcuddur.
...Füzuli, eylədi ahəngi-eyşxaneyi-Rum
Əsiri-möhnəti-Bağdad
gördüyün könlüm.
Misralara diqqət edək. "Ahəngi-eyşxaneyi-Rum"
və "əsiri-möhnəti-Bağdad". Həm formaca, həm də məzmunca mükəmməl
paralelizm nümunəsi. Amma formaca düz
mütənasib, məzmunca əks mütənasib. Bir paralel kəsiyin içində. İkisi bir
yerdə - harmoniya! Ricətin sonu.
Təkrara nə hacət?! Amma yenə də.
Bu misraları ovsun kimi pıçıldayan, əslində,
etiraf edən adam heç vaxt kimisə sevə
bilməzdi. Amma yenə də kimsə var.
"Deyildim mən sənə mail..." etirafı adamı
rahat buraxmır.
Niyə hamı onu qoca, pirani bir adam kimi təsəvvür edir?! Şeirlərindəki
ağırlıqdanmı?! Amma bu ağırlıq ərəb-fars
"əlfazının" ağırlığıdır
axı... Füzulinin sintaksisi qədər saf,
doğma sintaksis təsəvvür eləmək çox
çətindir.
Bəlkə göylərə
əli çatmayanlar, lazım olduğunda kürəyindən
qanad çıxara bilməyənlər belə edir?! "Qoca"
təsəvvürü Yerlə bağlı daha aydın və
daha başadüşüləndir.
Niyə gənc, cavan Füzulini
heç kim axtarmır, heç kim buna cəhd
etmir?! Niyə ilk şeirini kimə oxuduğu
heç kəsi maraqlandırmır?! Bəs ilk müəllimi
kim olmuşdu - ona ilk olaraq qafiyə, vəzn
öyrədən ilk müəllimi?!
Niyə onun kiminlə dostluq
etdiyi, kimə səmimiyyətlə yanaşdığı,
kimə də nifrət etdiyinin izinə düşməmişik?!
Salam verib cavab
almadığı adamlar barədə yazmaqdan əvvəl o
bunu kiməsə danışmalı, pərtliyini
bölüşməli idi. Kimə?! Ürəyini
açdığı sirdaşı kim
idi?!
Biz bu Füzulini niyə
tanımırıq?! Tanımağa niyə cəhd göstərməmişik?!
Bu gün hətta Şekspirin dramaturq kimi
mövcudluğu şübhə altına alınır. Qraf Esseks kabusu onun ruhu üzərində
dolaşmaqdadır. Bəs nə
üçün Füzuli bizim üçün ancaq
yazdıqlarında mövcuddur?! Bu
yazılanları yazan onun özü hardadır?!
Bu sualların bir sadə
cavabı var. Biz dörd əsrdir ki, Füzulidən qorxuruq. O öz möhtəşəm
misralarının istehkam kimi arxasında durub bizə baxır
və səbrlə gülümsəyir. Biz isə
bu "istehkamın" arxasında şairi
görürük, insanı görmürük. O
özü-özünü bizdən məharətlə gizlədib.
Bəs o, əslində, hardadır ? Göylərin yeddinci qatında, yoxsa yerlərin dərin
dərinliyində?!
Füzuli yaxşı bilirdi ki, onun
özünü axtarmayacaqlar, şairi axtaracaqlar, onu isə...
Yox, bu adam heç kimə lazım deyil və
lazım olmayacaq. Hətta O, göz qabağında olsaydı
belə, onu məhv eləmək lazımdır. O, mane ola bilər. Şeirlərinə
çatmaq yolunda maneəyə dönə bilər. O bizə
lazım deyil. Bu insanı
axtarmamağımızın dərindəki, təhtəlşüurdakı
bir səbəbi də bu deyilmi?!
Amma, əslində, o bizə
kömək etmək istərdi. Şairə çatmaq, onu aramaq və
tapmaqda bu yeniyetmə, bu gənc, bu yaşlı, bu qoca adam bizim bələdçimiz ola bilərdi.
Amma belə olmadı. Bizə
lazım olanla qənayətlənməyin səbəbi sənətin
sənət tərəfi - şeirlər, misralar oldu. Biz insanı unutduq. Bizə
lazım olan bizim hər birimizdəki harmoniya
çatışmazlığı oldu. Eşqin
yoxluğu, əzabsızlığı oldu. "Göylərdə nə işimiz var?!"
sualı və onun əhəmiyyətsizliyi oldu. Nəticədə, adam
heç kimə maraqlı olmadı, şair hamıya
maraqlı oldu.
Mən onu Səyyah
adlandırardım. Bir misradakı həqiqətdən, ya da "şair
sözü" olan yalandan o biri misradakı həqiqətə,
yaxud yalana inamla yol alan Səyyah. Dünyanı gəzən səyyahlar ordusunun əsgəri,
yaxud komandanı yox, bir stəkan suda qasırğa yarada bilən
səyyah. Bir stəkan suda və
bütün kainatda. Özü də səyahət
bir beytin daxilində baş verir. Bu Səyyah
Yerdən Göyə və əksinə var-gəl edən,
usanmadan məqsədinə doğru gedib qayıdan Səyyahdır.
Bu Səyyah öz səyahətini elə
ustalıqla qurub nəql edir ki, dünyanın bütün səyyahları,
hətta Sindbad belə, ona həsəd apara bilər.
Füzuli köks ötürə-ötürə
etiraf edir: Deyildim mən sənə mail...
Bu etiraf dərin kolliziyaya
aparır. Kolliziya əvvəlki etinasızlıq və
sonrakı məftunluğun üzərində qurulur.
Misranın sonrakı davamının dərinliyində belə
bir həqiqət gizlənir: amma sən məni özünə
məftun etdin. Bunun üçün çaba sərf
etdin, məni ələ aldın, mənə özünü
sevdirdin. Bir Rafael, yaxud Leonardo da Vinçi dəqiqliyilə
misraya vurulan son ştrix kolliziyaya yeni nüanslar gətirir:
...sən etdin əqlimi zail.
Bütün riqqətə gətirən
və diqqətəlayiq sevgi tarixçələrinin dərin
sxem qatında bu həqiqət durmurmu?! Əvvəlki
etinasızlıq, bəzən hətta nifrət və
sonrakı məftunluq... Gözəlmi?
Gözəl! Bütövmü?
Bütöv!
Deyildim mən sənə mail, sən
etdin əqlimi zail...
Harmoniyamı? Harmoniya!
Əvvəlki "mən"
və sonrakı "mən". Və bunların fərqi,
dinamik dəyişməsi, hərəkəti. Zamanın səhnəyə
çıxışı. Hərəkət
varsa, zaman vardır, demişdik. Və bu "mən"lərin
həm ətrafla, həm də öz-özlərilə
savaşı!Və nəhayət,
barışı! Taleyə boyun əyməsi.
Füzuli taledən başqa heç nəyə
boyun əyməyib desək, yeni heç nə demərik, amma
bir addım daha o insanın qədim Antik dövrün bədii-estetik
tələblərinə uyğun davranışını
görərik. XVI əsr İntibahın əsas
mayası olaraq öz arxasınca bütün nəhəngləri
çəkib Antik dövrə aparırdı. Antik insanın davranışı belədir. Və
Tale şairi yenə öz qoynuna alır:
Mənə tən eyləyən qafil
səni görcək utanmazmı?!
Sual verilir: utanar, yoxsa utanmaz?! Bütün qəzəl boyu verilən suallar ritorik
mahiyyətli olsa da, bu sual belə deyil. Bu
beytin sualı şair üçün birmənalı səciyyə
daşımır. Onun özü bu
sualın cavabını bilmir. Bəlkə də, həmin
qafil, utanmaz, kim bilir?! Bəlkə
də, utanar. Bu sual, əslində, qədim
yunan teatrının qəhrəmanlarında olan kimi taleyə
boyun əyməkdən başqa bir şey deyil.
Beyt isə
bütövlükdə, əlbəttə ki, etirafdır. Xatırlamaqdır.
Həsrətdir (aşiq olmaqdan əvvəlki
zamanın həsrəti). Azadlıq
ehtiyacıdır. "Dədə
Qorqud"da olan kimi keçmiş "ol zamanların"
itirilməsinin ağrısıdır.
Füzulinin həsrət dolu bu
etirafı dəhşətlidir: "Deyildim mən sənə
mail...".
Və Füzuli xatırlayır:
"Xoş ol zaman ki...".
Zamanın olmadığı
bir yer varmı?! Bu gün alimlər deyir ki,
zamansızlıq yalnız "qara dəlik" deyilən nəhəng
fəza boşluğunda mövcuddur. Çünki
orada heç bir hərəkət yoxdur. O fəza boşluğuna
düşən geri qayıda bilmir. Hətta nəhəng
günəş sisteminin özü belə bu qara dəliyə
düşə bilər. Düşdüsə,
daha çıxa bilməz. "Qara dəlik"
içinə aldığını bir daha özündən
kənara buraxmır. Onun möhtəşəm
sərhədləri var. Adına "hadisələrin
üfüqü" deyilir.
Şair Füzulinin də
yazdıqları "qara dəlik" deyilmi?! Bu qara dəlik indiyənə
kimi nə qədər insanı öz kamına çəkib
- sayı yox, hesabı yox... Heç biri də
qayıtmaq istəmir. Yalnız burada hadisələrin
üfüqünü keçib geri qayıtmaq istəyən
bir səyyah var. Geri qayıtmaq istəyən təkcə odur.
Amma "Hadisələrin üfüqü"
buna imkan vermir. Səyyah
kor-peşmandır. O, bura, bu gedər-gəlməzə
necə oldu ki, düşdü?! Amma məsələnin
başqa tərəfi də var. Bunu onun özü arzu etməmişdimi?!
Özü "əhli-həqiqəti" bir qitəsində
yazdığı kimi dünyadan çıxıb getməyə,
başqa sözlə, səyahətə dəvət etməmişdimi:
Gəlin, ey əhli-həqiqət,
çıxalım aləmdən,
Qeyri yerlər gəzəlim,
özgə səfalər görəlim.
Aləmdən kənar
qeyri-yerlər haradır? Özgə səfalər nədir?! Niyə o düşdüyü bu qeyri yerlərdən
çıxıb geri qayıda bilmir?! Amma
hara qayıdacaq? Zaman yox, aşağı-yuxarı yox,
sağ-sol yox... "Hadisələrin üfüqü" -
amansız...
O qara dəliyə düşənlər
zaman-zaman ora düşdükləri üçün talelərinə
minnətdardırlar. Şair onlara sevməyi, rəhmdilliyi,
ədəbi, əxlaqı, insanlığı, insafı,
mürvəti, bağışlamağı, nəhayət, ləyaqəti
öyrətdi. Səyyah geri qayıtmaq həsrətilə
yansa da ("deyildim mən sənə mail"), onun
arxasınca ora gedənlər geri qayıtmaq barədə
düşünmürlər. Səyyahı
isə onlar tanımır. Onlar Füzulini
tanıyır, Füzulini sevirlər.
Füzulinin geriyə baxmaq,
xatırlamaq səlahiyyəti vardı.
Füzuli xatırlayır...
Kamal Abdulla
Ədəbiyyat qəzeti.- 2019.- 14 sentyabr. S. 6-7.