Ruhun
Qayıdışı
Təxminən
bir əsrin üçdəbiri qədər olan işğal
tariximizdə ədəbiyyatımız üzərinə
düşən hansı rolu oynaya bildi və ya oynaya bildimi?!
Heç nə yox,
İkinci Dünya müharibəsi ərəfəsində, istərsə
ondan sonra sovet ədəbiyyatının yaratdığı
müharibə qəhrəmanlığı haqqında
uzun-uzadı danışmağa ehtiyac görmürəm.
Sadəcə, bunu demək istəyirəm ki, cəmiyyətdə
ədəbiyyatın rolunu yaradanlar da elə bizim millətin
nümayəndələri idisə, müstəqil
dövrümüzdə, daha doğma Qarabağ müharibəsində
eyni rolu niyə oynaya bilmir?
Bütün səbəbi yazarlarımızın üzərinə
yükləyərək qınamaq da istəmirəm. Eyni zamanda mətni
başdan-ayağa bədbin notlara yükləmək də.
Xüsusi bir nüansa diqqət çəkərdim.
Məğlub müharibələrdə məğlub
tərəf böyük ədəbiyyat yarada bilmir.
Kiçik istisnalar hər zaman ola bilər.
Adi bir nümunə: Aprel hadisələrindən
sonra ədəbiyyatımızda həm bədii mətnin
keyfiyyət baxımından, həm də pafosdan uzaq ciddi
şeirlər, nəsr nümunələri ortaya
çıxmağa başladı. Elə Şərif
Ağayarın "Komandir" əsəri, digər gənc
yazarların Aprel hadisələri barədə hekayə,
şeirləri kifayət qədər uğurlu alındı.
Bizə sadə görünsə də, bu tip bədii
ədəbiyyat nümunələri cəmiyyətin
şüurunda, düşüncə tərzində önəmli
rol oynayır. Burdan o nəticəni
çıxara bilərik ki, ədəbiyyatımızda
Qarabağda yaşananları, faciələri üzə
çıxarmaq üçün "aprel"lər
lazımmış. Çünki məğlubluq
həmin sahə üzrə həvəssizlik, təhtəlşüur
yarada bilməyəcəyi xofunu yaradır.
Ədəbiyyatımızda müharibə ruhunun geri
qayıtdığını söyləyə bilərik.
Yenə də müharibə ədəbiyyatı
mövzusunda böyük problemlər qalmaqdadır. Yerli və xarici publika
qarşısında ya başdan-ayağa ağlaşma, mərsiyə
xarakterli, ya da pafoslu, boğazdan yuxarı şeirlər... Bunlar mətnin də keyfiyyət baxımından
biabırçılığını nümayiş etdirir,
həmçinin həqiqətə söykənmir - fikrini
yaradır.
İşğal
tarixi ədəbiyyatımızda yalnız Qarabağda
iki-üç mərtəbəli imarətləri, kabab
tüstülərini, kabab tüstüsü üstündən
içilən bulaq sularını xatırlayacaqsa, vay
halımıza... Çünki bunlar mənəvi
deyil, mədə xarakterli, nəfs xarakterlidir. Mədə tarixi ilə çox uzağa getmək
mümkün deyil.
Çıxış etdiyi tribunanı vətən sayan,
tribunanı öz pafosuna çevirən şair ədəbiyyatımızda
xaricə publika üçün ciddi nəsə
nümayiş etdirə bilməz. Çünki belələri
əlinə düşmüş şansdan istifadə edərək
çıxış etdiyi tribunanı "vətənə-vətəgəyə"
çevirir.
Müharibə, faciə ədəbiyyatı ölkələr
üçün, adətən, ikili publika rolunu oynayır. Dünya
publikası üçün keyfiyyətlə işlənmiş,
qırğına məruz qalmış ədəbiyyat, yerli
publika üçünsə milli ruhu qaldırmaq, müharibə
həvəsini endirməmək üçün qəhrəmanlıq
salnamələri.
Adi "Cəsur ürək" filminə diqqət yetirək. Filmdə həm
ingilis işğalçılarının törətdiyi
işğallar, ilk nikah gecəsi hüququ xüsusi, incə
metodlarla canlandırılır. Diqqətlə
izləsək, çoxluğun
düşündüyünün əksinə olaraq, qəhrəmanlıqdan
daha çox, içğalçının, faciənin dərinliyinə
diqqət yetirilir. Qəhrəmanlıqsa,
sadəcə, işğalçıya cavab kimi göstərilib.
Eyni zamanda yəhudilər və b. millətlərin də
film, əsərlərindən geniş bəhs etmək olar.
Bizə
yerli oxucular üçün pafosdan uzaq, həqiqətlərə
söykənmiş qəhrəmanlıq salnamələri (cəmi
üç il öncənin Aprel qəhrəmanları
bu mövzu üçün qidadır), xarici publika
üçünsə faciə (Xocalı və s.
üçün filmlər, nəsr nümunələri),
işğal ədəbiyyatını yaratmaq lazımdır. İdeoloji
görünə bilər, bu gün dünya ədəbiyyatından
seçmələr kimi qəbul etdiyimiz hansı əsərlər
hər hansı bir ideologiyaya xidmət etmir? Keyfiyyətli mətn
özüylə birgə həmin ideologiyanın da kütlələr
arasında qəbul olunmasına səbəb olur.
Emin PİRİ
Ədəbiyyat qəzeti.- 2019.- 14 sentyabr. S. 9.