Allah
səni güldürsün, Xeyrəddin!
Ötən
illərin birində Xeyrəddin Qoca mənə miniatür
kitabını bağışlamışdı (bilmirəm
sonralar onu evimizə gələn yaxın adamlardan kim oğurladı!). Yadıma gəlir ki, həmin
gün qanım qaraydı, kefim yox idi, evə gələn kimi
çəkildim otağıma, uzandım və nədənsə,
Xeyrəddinin o incə kitabına gözəyarı baxmaq istədim...
və oxumağa başladım: bir, iki, üç... Mən,
ümumiyyətlə, bərkdən gülən adam deyiləm, yadıma da gəlmir ki, sonuncu dəfə
nə vaxt belə bir hal yaşamışam... Kitabdakı
lətifələri, boyama və bəzəmələri
oxuduqca gülürəm, oxuduqca gülüşlərim
şiddətlənir; özü də elə bərkdən
gülürəm ki, səsim o biri otaqlara da yayılır.
Evdəkilər qaçaraq gəlirlər, yenə
gülürəm, gözlərimdən yaş gələnədək
gülürəm... Mənimçün narahat olurlar, həyəcanlanırlar,
deyirlər, ədə, dayan, dayanmıram,
deyirlər, ədə, dayan, olmaz, iraq olsun, ürəyin gedər,
gəlməz! Bədbəxt olarıq! Mənsə... hey gülürəm, gülürəm,
qarnımı tutub gülürəm, lap şaqqanaq çəkirəm,
gözlərimin yaşını silə-silə
özüm-özümə deyirəm "Allah səni
güldürsün, Xeyrəddin!".
Evdə
yenə bir şey anlamırlar, axırda onlar da mənə
qoşulub qeyri-ixtiyari gülürlər, "ədə,
dayan!", "bəsdi!", "səndən
çıxmayan iş! Bu qədər gülərlər?
Ürəyin dayanar!" təkrar edir və
gülürlər (bilmirlər nəyə gülürəm!)...
yenə fikir vermirəm, gülürəm,
gözlərimin yaşını silirəm, əlimdəki
xırda, miniatür kitabdan bərk-bərk tutub gülürəm...
Gülürəm, ağlayıram, gülürəm, göz
yaşı tökürəm... Heç kim
bilmir, heç kim duymur ki, mən nəyə və niyə
gülürəm (və yalnız gülürəmmi?), mən
niyə və nəyə ağlayıram (və yalnız
ağlayırammı?)... Axı, mən gülüşü
yadırğamışdım!
Çoxdan
yadırğamışam gülüşü... O gözəl
gülüş üçün burnumun ucu göynəyir. Bu gün FACE-də gördüm ki, Mark bizim
yazıçımızın doğum gününü qeyd
edir, ona görə yadıma düşdü "Xeyrəddin
Qocanın gülüşü". Xeyrəddin Qoca, o
miniatür və unikal gülüşlərdən olacaqmı
yenə?
Səmimi
təbriklərlə, Kamran Nəzirli
Kamran Nəzirli
Ədəbiyyat qəzeti.- 2019.- 14 sentyabr. S. 10.