Unutmamaq
haqqı - Yaxud “Yoxdur həvəsim” şeirinin doğurduğu
intibalar
İlk
dəfə oxuyacağınız bu şeir 1920-ci ildə
yazılıb. Rəsul Rzanın dayısı Məhəmmədhüseyn
Rzayevin şeiridir. Müəllif şeiri 10 yaşlı
bacısı oğluna - Rəsula həsr edib. Tariximizin o
darmacalında, yəni 1920-ci ildə yaranmış nadir
şeirlərdən biridir. Ona görə nadirdir ki, Məhəmmədhüseyn
Rzayev zahirən, ilk baxışda cümhuriyyət ideyaları
ilə yaşayan biri olmayıb, bolşevik hökumətinin təmsilçisi
olub. Göyçayda raykom katibi vəzifəsində
çalışıb. Azərbaycanda sovet hakimiyyəti
qurulandan sonra bir raykom katibi belə bədbin,
çöküş ruhlu, pessimist əhvallı şeir
yazıb. Sındırılmış, simləri
qırılmış, səsi çıxmayan saz...
Çünki yurdun hər tərəfini bayquş iniltisi
bürüyüb. Sırf ideoloji şeirdir. Hər halıyla,
açıq antisovet mətndir. Elə ona görə də tədqiq
olunmalıdır, mütləq mənada XX yüzil Azərbaycan
şeiri antologiyalarına salınmalıdır. Etiraf etməliyik
ki, bu günə qədər Məhəmmədhüseyn
Rzayevin bu şeirindən xəbərsiz qalmaqla və XX əsrin
məhz iyirminci ilində yaranmış bu şeirdən sərf-nəzər
etməklə Azərbaycan ədəbiyyatşünaslığı
poeziyamızda Cümhuriyyətdən sonrakı mərhələnin
təsnifatını dəqiq apara bilməz. Ən azı ona
görə ki, ədəbiyyatımızda 1920-ci ildə
Cümhuriyyətin süqutu zamanlarında məmləkətin
ruh halını ifadə etmək baxımından bu qədər
kəskin ictimai-mənəvi içərikli ikinci belə bir
şeirə demək olar ki, təsadüf olunmur:
Çal!
- Deyirsən, fəqət, sınıqdır sazım.
Qırılmış
telləri çıxmayır səsi.
Yaz!
- Deyirsən, lakin bən nələr yazım? -
Yox
artıq qəlbimin şeirə həvəsi.
Gözləyən
gözlərdə yaş görüb də mən
Nə
cür nəşələnim sevgidən, güldən?
Bu qəmli
illərə yas çökən gündən
Duymadım
qəlbimdə mən sevinc səsi.
Yad əllər
soldurmuş şerimin gülün,
Cəfalar
susdurmuş nəğməsin, dilin.
Gülündən
ayrılmış nazlı bülbülün
Cəfalı
zindandır qızıl qəfəsi.
Çal! - Deyirsən, lakin mən nə
cür çalım?
Qırılmış
sazımın inləyir səsi.
Sən
nəğmə istərsən, qəmlidir halım,
Soyumuş
qəlbimin bitmiş nəşəsi.
Bayquş
iniltisi hər bucağında,
Yad
ellər oynayır yar qucağında.
Məntək
hər tərəfin qəmli çağında
Ağlatmaq
istərəm ancaq hər kəsi.
Gəzdiyim
bağçada əğyarın izi,
Sevdiyim
gözəlin qəmlənmiş gözü.
Parlarkən
üfüqdə ümid ulduzu
Səsləndi
içimdə ayrılıq səsi.
Çal!
- Deyirsən, fəqət, sınıqdır sazım,
Qırılmış
tellərin inləyir səsi.
Yaz!
- Deyirsən, lakin mən nasıl yazım? -
Könlümdə
bulmuram keçmiş həvəsi.
Şeirin
yalnız üç bəndini ilk dəfə 1999-cu ildə
"Yeni Azərbaycan" qəzetində Rəsul Rza ilə
bağlı yazdığım silsilə məqalələrin
birində xatırlatmışdım. Yazı çap olunandan
sonra Anar müəllimdən aldığım məktubu
ömür kitabımın ən qiymətli səhifələrindən
biri kimi qoruyuram: "Əzizim Azər! Neftçalada keçən
o unudulmaz gündən sonra Bakıda başım cari işlərə
elə qarışdı ki, yalnız iki gün bundan qabaq orda
çəkilən kasetlərə baxa bildim. İmamverdi
müəllimə Rəsul Rza mükafatının təqdimat
mərasimi, sizin evinizdə keçirdiyimiz xoş dəqiqələr
yenidən xəyalımda canlandı və o günü
ilıq, xoş hisslərlə bir daha xatırladım...
...Dünən
axşam isə vaxt və imkan tapıb sənin "Yeni Azərbaycan"
qəzetində çap edilmiş yazılarını - Rəsul
Rza haqqında fikirlərini böyük maraqla oxudum... Səni
həm belə gözəl yazılarla təbrik edir, həm də
öz adımdan, ailəmiz adından sənə ən səmimi
təşəkkürlərimizi çatdırmaq istəyirəm.
Deyə bilərəm ki, Rəsul Rzanın vəfatından
keçən bu on səkkiz ildə onun haqqında oxuduğum ən
dəyərli yazılardır sənin yazdıqların. Hələ
çox illər bundan qabaq Rəsul Rzanın tənqidlərə
məruz qaldığı, onun yaradıcılığına
ağız büzənlərin çoxluq təşkil etdiyi
bir dövrdə sənin atan İmamverdi müəllim
böyük cəsarətlə, mərdliklə Rəsul
Rzanın yaradıcılığı ilə məşğul
olmağa başladı, onun haqqında qiymətli əsər
yazdı. Rəsul Rza sənətinə bu sevgisini
övladlarına da aşılaya bildi və çox illər
sonra, artıq ədəbiyyatımızda yeni nadanlar nəsli
yetişib yenə də Rəsul Rzanı özlərinə hədəf
seçəndə sən atana layiq bir cəsarətlə və
artıq yeni dövrün meyarlarıyla, çağdaş ədəbi
səviyyədə Rəsul Rzanı anlamazlara anladırsan.
Çox sağ ol. Atamın həyat və
yaradıcılığına yaxşı bələd olsam
da, hətta mənim üçün də sənin məqalələrində
bilmədiyim faktlar var. Məsələn, atamın
dayısı Məhəmmədhüseyn Rzayevin bir çox
şeirləri Rəsul Rzanın arxivində saxlanılır və
mənə məlumdur. Amma Məhəmmədhüseynin atama həsr
etdiyi şeirinin olmasını sənin yazından bildim və
onun mətniylə sənin vasitənlə tanış oldum.
Bu şeirin kserosurətini mənə çatdırsan
çox minnətdar olaram. Yazılarının savad səviyyəsi,
geniş erudisiyan, Rəsul Rza sənətini dar milli çərçivədə
deyil, geniş dünya ədəbiyyatı kontekstində
görməyin, bu miqyaslarda təhlil etməyin məni
çox sevindirir. İstərdim ki, mənim "Ulduz"
jurnalında dərc olunmuş "Mübarizə bu gün də
var" essemlə də tanış olasan.
Yazılarımızda səsləşən məqamlar da məni
sevindirir... Mənim ən səmimi salamlarımı
böyük hörmət bəslədiyim İmamverdi müəllimə,
Etibara, ailə üzvlərinizə yetir. Ən xoş arzularla
Anar. 3 iyun 1999".
Aradan
illər keçib və bu ötüb-keçən illərdə
Anar müəllimlə həmin şeir barədə bir dəfə
deyil, bir neçə dəfə söhbətlərimiz olub,
2015-ci ildə nəşr olunmuş "Mübarizə bu
gün də var" kitabında Anar mənim məqaləmi nəzərdə
tutaraq, "təəssüf ki, məqalədə şeirdən
ancaq bir parça gətirilir. Rəsul Rzanın arxivində
surəti qalmadığı üçün yalnız Azərin
dərc etdirdiyi sətirləri verirəm" - deyə
şeirlə bağlı fikirlərini bölüşüb.
Amma nə sirdirsə, mən hələ də Məhəmmədhüseyn
Rzayevin həmin şeirinin surətini Anar müəllimə
çatdırmamışam. İndi isə bu yazını
yazmaq üçün atamın sükuta qərq olmuş evində
- kitabxanamızda onun yazı masasının arxasında səliqə
ilə sıyirtmələrə yığdığı
qovluqlardan birini - üzərinə "Rəsul Rza, Nigar Rəfibəyli
və Anar" yazılmış qovluğu açıb
bir-bir vərəqləyirəm. Ümumiyyətlə, təkcə
Məhəmmədhüseyn Rzayevin şeiri ilə bağlı
deyil, bütövlükdə, Rəsul Rza
yaradıcılığının yeni dövr
araşdırıcıları, Anar müəllimin təbiriycə,
onun "ilk və dəyərli tədqiqatçısı"
İmamverdi Əbilovun arxivinə mütləq baş
vurmalıdırlar. Belə ki, evimizdə qorunan məktubları,
əlyazmaları arasında, nəinki bir neçə
şeirinin yazılma səbəbi, nəinki ədəbi dildə
yaratdığı yeni sözlər barədə Rəsul
Rzanın hədsiz maraqlı fikirləri, həm də
anası Məryəm xanımın şeirlərinin əlyazma
nüsxəsi, hətta şairin "Avtobioqrafiya"sının
çap olunmuş variantlarından bəlkə daha dolğun
versiyası, eləcə də, Nigar Rəfibəylinin atama
yazdığı bir cavab məktubunda öz
ömür-gün yoldaşının - Rəsul Rzanın
şəxsiyyətilə bağlı nadir və möhtəşəm
etirafı və s. var.
Məsələn,
Rəsul Rzanın anası Məryəm xanımın əlyazması...
Anar müəllimə bunu xatırladanda, "Məryəm
xanım şeirlərini əzbər söyləyərmiş,
onları kağıza köçürən babam İbrahim
olub" - dedi.
İndi
atamın saxlancları arasında əski əlifba ilə
yazılmış iki şeir, təbii ki, Məryəm
xanımındır, amma kimin xəttidir, Mirzə
İbrahimindirmi? Dəqiq bilmirəm, hər halda, Anar müəllim
"Mübarizə bu gün də var" kitabında Məryəm
xanımın şeirlərinin bir neçəsinin hifz
olunduğunu yazır. 1960-cı ildən etibarən evimizdə
qorunan və qara qələmlə yazılmış bu şeirlər
Mirzə İbrahimin xəttiylədirsə (məncə, Mirzə
İbrahimin xəttidir), demək ki, bu üç vərəq
nadir sənəddir. Rəsul Rzanın anası söyləmiş,
atası yazmış... Mirzə İbrahim Məmmədxanov
dünyasını 1915-ci ildə dəyişib. Deməli, bu
kağızın, kağızdakı şeirin və dəst-xəttin
yaşı 105 ildən artıqdır. 1915-ci ildə (bəlkə
də daha əvvəl) bir Azərbaycan xanımı
görün nə yazırmış:
Elm
oxuyub millət əgər birləşə
Harda
qalar ol şələsaqqallılar?
Yaxud
Məryəm xanımın qızına yazdığı
şeirin bir neçə misrasını başqa qaynaqlarda oxumuşam,
amma tutaq ki, şeirin bu iki misrasına heç yerdə təsadüf
etməmişəm:
Məni
eylə dilşad bu dövrü-zamanda
Oxu
elm, yarın xudayi-cahandır.
Yaxud
Rəsul Rzanın "öləri" sözü barədə
qeydləri bu barədə "Mülahizələr" məqaləsində
yazdığı fikirlərdən daha əhatəlidir:
"Prometey"in
tərcüməsində "öləri" sözü -
"smertnoye" sözünü əvəz edir. Bu söz
dilimizdə yoxdur. Ancaq xalis azərbaycancadır.
Köç-köçəri, keç-keçəri, get-gedəri,
öt-ötəri, öl-öləri. Təxminən 15 ildən
artıqdır ki, birinci dəfə bu söz işlənib
(Prometeyin tərcüməsində). Ondan bəri heç kəs
bunu işlətməyib. İndi neyləyək? Bu, şairin təqsiridir,
yoxsa bizim bəzi dilçi, ədəbiyyatçı və
şairlərimizdə olan fikri tənbəlliyin nəticəsidir?
Yəqin ki, yola düşmüş bir qəpik pulu
görüb laqeyd keçən adam çox nadir tapılar. Bəs,
bu yeni sözlər ki, onların çoxuna ölüm
hökmü kəsirlər - bir qəpiklik qiymətə də
malik deyillər? Yox, məsələ o qədər də sadə
və asan deyil. Bir az da ictimai fikri tərpətmək
lazımdır".
Yaxud
Mayakovski barədə belə bir fikir: "Mayakovski məsələsində
poetik ifadə ilə həyat həqiqətini
qarışdırmaq olmaz. Sərbəst şeir meylini ona
bağlamaq düzgün deyil. Heç olmasa ona görə ki,
Mayakovski sərbəst şeir yazmamışdır".
Bu
qovluq bir dünyadır. İndi bu sətirləri yazdıqca
"Avtobioqrafiya"nın istər 1967, istərsə də
2005-ci ildə çap olunmuş variantları ilə atamın
arxivində olan nüsxəsinə müqayisəli nəzər
yetirirəm. Çap olunmuş variantda "...boyük
bacım Kübra əri ilə Bakıda olurdular"
yazılıb. Evimizdəki nüsxədə Rəsul
Rzanın yaşıl rəngli qələmlə təshihi belədir:
"... böyük bacım Kübra müəllimə əri
Əbdülkərim Əfəndiyevlə Bakıda olurdular.
Əbdülkərim Abdulla Faruqun əmisidir. Qohumluğumuz da
bu xətlə olmuşdur".
Bu
fikirlər də "Avtobioqrafiya"nın iki dəfə
çap olunmuş heç bir variantında yoxdur: "Bəzi
şeirlərim vardır ki, onlar konkret həyat faktları əsasında
yazılmışdır. Məsələn, "Oğlum
Anara" şeiri 1939-cu ildə mən Krımda istirahət
etdiyim vaxt yazılmışdır. O zaman mən gənc ata
idim. Ürəyimin yarısı Bakıda - oğlumun
yanında qalmışdı. Sonralar müharibə vaxtı
yazdığım "Leytenant Bayramın gündəliyi"ndə
də Anarın obrazı vardır. Leytenantın məktubla
müraciət etdiyi oğul həmin Anardır. Orda işarə
edilən bəzi hadisələr evimizdə baş verən
hadisələrdir..." və s.
Yaxud
Nigar Rəfibəyli ilə tanış olduğu ilk günlərin
təsvirini verən bu cümlə "Avtobioqrafiya"nın
sonralar nəşr olunmuş variantlarının heç birində
yoxdur: "Biz bir-birini sevən, bir-birinə dərin hörmət
bəsləyən adamlar kimi yaxınlaşdıq.
Nigar
xanım Rəfibəylinin 1972-ci ildə atama
ünvanladığı cavab məktubuna baxıram. Akademik Bəkir
Nəbiyevin təbirincə, "həm Nigar Rəfibəyli, həm
də Rəsul Rza haqqında gələcəkdə elmi tədqiqat
əsəri yazacaq müəlliflərin bu sənətkarların
daxili dünyasını, yüksək insani keyfiyyətlərini
öyrənməsi üçün əvəzsiz mənbələrdən
biridir". Oxuyub özünüz də görəcəksiniz
ki, Bəkir müəllim haqlıymış. Nigar xanım
yazır:
"Hörmətli
İmamverdi müəllim!
..."Azərbaycan"
jurnalında dərc edilmiş şeirlərimə verdiyiniz
yüksək qiymət üçün çox sağ olun.
Şeir və sənətin qədrini bilən alim-ədəbiyyatşünas-mütəfəkkir
bir şəxsiyyətdən belə qiymət almaq, əlbəttə,
çox fərəhlidir...
Ailəmizin
səmimi dostu, Rəsul yaradıcılığının
diqqətli və həssas tədqiqatçısı kimi Sizin
nəzərinizə bir şeyi də çatdırmaq istərdim.
Nədənsə, bunu Sizə yazmağa daxili ehtiyac hiss edirəm.
Rəsulun şeir yaradıcılığına Siz məndən
də yaxşı bələdsiniz. Ancaq onun bir insan, bir həyat
yoldaşı kimi mənə göstərdiyi qayğı və
hörmət heç bir ölçüyə gəlməyəcək
dərəcədə böyükdür. İki ay Moskvada qaldım,
35 gün xəstəxanada yatdım. Qışın lap sərt
vaxtı idi. 25-27 dərəcə şaxta olurdu. Mən yatan xəstəxana
- Onkoloji İnstitut mərkəzdən 15 kilometr uzaqda idi. Rəsul
bütün bu soyuqlarda hər gün mənim yanıma gəlir,
həkimlərimlə görüşür, aparılan
müalicələrlə yaxından tanış olurdu. Nə
lazımsa əsirgəmirdi. Onun keçirdiyi həyəcan və
iztirabı təsvir etmək mümkün deyil. Kiçik
qızım Təranə də dərslərini,
yoldaşlarını, nişanlısını qoyub iki ay
atası ilə bərabər Moskvada oturdu. Anar iki dəfə
gəlib getdi. Operasiya zamanı Moskvada oldu... Mənə elə
gəlir ki, bir dərya göz yaşı da töksəm, Rəsulun
gözündə parlayan yaşları əvəz edə bilməz.
Bəlkə xəstəlik məni belə həddən
artıq hissə qapılmaq vəziyyətinə salıb.
Sağlıq olsun, keçib gedər. Bu söhbətlərlə
Sizə başağrısı verdimsə,
bağışlayın məni. Yenə də
yazdığınız gözəl məktub
üçün təşəkkür edirəm. Hörmətlə
Nigar Rəfibəyli. 6 sentyabr 1972. Buzovna"
Rəsul
Rzanın atama yazdığı çoxlu məktublardan biri
budur:
"Hörmətli
İmamverdi! "Bioqrafiya"nı sənə bu gün
göndərirəm. Bağışla, bir az gecikdirdim.
İş o qədərdir ki... Bu göndərdiyim ancaq bir
materialdır. Mən onun üstündə işləyəcəm,
bir sıra əlavələr edəcəyəm. Sistematik cəhətdən,
materialın intizama salınması cəhətdən də hələ
çox iş var. Lakin zənn edirəm, sənə yarayar.
Bir material kimi istifadə edə bilərsən.
İki-üç əlavə və dayımın şeirlərini
də bu günlərdə göndərərəm. Hələlik.
Rəsul Rza. 4 II-60".
"Avtobioqrafiya"nın
23-cü səhifəsində Məhəmmədhüseyn
Rzayevlə bağlı Rəsul Rzanın qeydləri bitəndən
sonra heç bir nəşrində olmayan belə bir abzas diqqətimi
cəlb etdi: "Onun şeirlərindən bir neçə
nüsxəni bu vərəqlərə əlavə etməyi
münasib bildim". İlk oxunuşdan adama elə gəlir
ki, "Avtobioqrafiya", sanki
atamın "Rəsul Rzanın yaradıcılıq yolu"
dissertasiya işinin daha mükəmməl alınması məqsədilə
qələmə alınıb. Axı İmamverdi Əbilovun
araşdırması Azərbaycan ədəbiyyatşünaslığında
Rəsul Rza ilə bağlı ilk elmi tədqiqat olub.
Növbəti
məktubu isə 6 gün sonra yazıb və məktuba Məhəmmədhüseyn
Rzayevin "Gənclik", "Əgri çubuq", "Xəbər"
və bu yazını yazmağıma vəsilə olan
"Yoxdur həvəsim" şeirini əlavə edib:
"Hörmətli
İmamverdi! Mən sabah Moskvaya gedirəm. Vəd etdiyim
şeirləri (dayımın şeirlərini) göndərirəm.
Avtobioqrafiyamın müharibə dövrünü yazıb
qurtara bilmədim. Sağlıq olsun, gələndə
yazıb göndərərəm. Hələlik. Rəsul Rza.
10.II-60".
Atamın
1960-cı ildə Məsud Əlioğlunun redaktorluğu ilə
nəşr olunmuş "Rəsul Rza" kitabında (bu, həm
də Rəsul Rza barədə yazılmış ilk kitab idi)
Məhəmmədhüseyn Rzayevlə bağlı belə
fikirlər var: "Məhəmmədhüseyn Rzayev müntəzəm
təhsil almadığına baxmayaraq, mədəni və
hazırlıqlı bir şəxs olmuşdur. Onun əllidən
artıq şeiri, yarımçıq qalmış bir
romanı, hekayələri və kiçik formalı pyesləri
vardır. Bacarıq və səyi nəticəsində rus,
habelə, fransız dillərini öyrənmişdir... M.
Rzayev, "Daş oğlu" imzası ilə "Molla Nəsrəddin"
jurnalında satirik şeirlər, "Kommunist" və
"Yeni yol" qəzetlərində bir sıra yazılar
çap etdirmişdir".
Rəsul
Rza 1960-cı ilin fevralında "Avtobioqrafiya"nı
tamamlamadan, daha doğrusu, müharibə dövrünü
yazmadan, amma makina nüsxəsinin üzərində ciddi təshihlər,
əlavələr edərək onu atama göndərib. Evimizdəki
variant "Avtobioqrafiya"nın ilk nüsxəsi olduğu
üçün də əlamətdardır. Orda Məhəmmədhüseyn
Rzayevlə bağlı belə məlumatlar var: "Ən
çox bizim ailəmizin, şəxsən mənim
qayğımı çəkən dayım olmuşdur.
Dayım Məhəmmədhüseyn Rzayev ancaq ibtidai təhsil
almışdı. Uşaqlıqdan özü yetim
qalmış, təxminən iyirmi yaşlarında da
bütün ailəmizin qayğısını çəkməli
olduğundan təhsilini davam etdirə bilməmişdi. O, əsgərlik,
hərbi komissar, partiya işçisi, rayon partiya komitəsi
katibi, kukla teatrı müdiri, sovxoz direktoru və bu kimi vəzifələrdə
işləmişdir. Sistematik təhsili və ali savadı
olmamasına baxmayaraq, Azərbaycan və rus dillərini
yaxşı bilirdi. Özü-özünə təhsil almaq
yolu ilə fransızcanı da babat bilirdi. Yadımdadır, böyük
bacımla fransızca danışar, kiçik hekayə və
başqa yazıları azərbaycancaya, ya ruscaya tərcümə
edərdilər. Böyük bacım Tiflisdə Zavedeniye
Svyatoy Ninı məktəbində fransızca öyrənmişdi.
Dayımın indi məndə olan bir qovluğunda, müxtəlif
illərdə yazdığı şeirlər, hekayələr,
kiçik formalı pyesləri vardır. Onun
yarımçıq qalmış bir romanı da vardır. Bu
romanın müəyyən hissələrini mənə
oxumuşdu. İndi məndə olan materialların içində
bu roman yoxdur".
Mətbuatda
dərc olunan ilk ədəbi-tənqidi yazılarından etibarən
atam tənqiddə birmənalı şəkildə sərbəst
şeirin təəssübkeşi kimi görünür.
Ədəbiyyatın o keşməkeşli zamanında Azərbaycan
əyalətlərindən birində yaşayan, qəsəbə
orta məktəbində ədəbiyyat müəllimi işləyən
və Yazıçılar İttifaqının mətbu
orqanlarında ədəbi-tənqidi məqalələri
ardıcıl dərc olunan İmamverdi Əbilovun
özünün də müdafiəyə ehtiyacı vardı
və bu iltifatı ona 1965-ci ildə
Yazıçıların IV Qurultayında ədəbi tənqidlə
bağlı məruzəsində Rəsul Rzanın yaxın
dostu Cəfər Cəfərov etdi, adını tənqidçilərin
mötəbər siyahısında xatırlatdı: "Bizdə
tənqid yoxdur" deyən səslərə, əlbəttə,
haqq qazandırmaq çətindir. Mən inanmıram ki, bu
cür düşünənlər M.Arifin, M.C.Cəfərovun,
Əziz Şərifin, Əkbər Ağayevin, Kamal Talıbzadənin,
H.Orucəlinin, İslam İbrahimovun, Əziz Mirəhmədovun,
Yəhya Seyidovun, Məsud Vəliyevin, Pənah Xəlilovun,
Gülrux Əlibəyovanın, Qulu Xəlilovun, Yaşar
Qarayevin, İmamverdi Əbilovun və başqalarının
üzərinə qələm çəkməyi özlərinə
rəva bilsinlər".
1960-cı
ildə Rəsul Rzanı Verxarnla, Uitmenlə, Mayakovski ilə,
Araqonla, Nazim Hikmətlə müqayisə etməyə cəsarət
göstərən 33 yaşlı İmamverdi Əbilovu Rəsul
Rza "Azərbaycan ədəbiyyatının yeni
yollarını hərarətlə təbqliğ edən"
alim kimi dəyərləndirir, onu "yeni şeirin qəhməri"
adlandırırdı. Doğrudan da, yeni şeirin qəhməriydi.
İncə şeir zövqü vardı... Bəs niyə
arxivindəki Rəsul yadigarının - "Yoxdur həvəsim"in
üstündən bütün bu illər ərzində
sükutla keçmişdi? Əlbəttə, buna səbəb
Əhməd Cavad, Almas Yıldırım havasında və
ruhunda yazılmış "Yoxdur həvəsim"in
yuxarıda da qeyd etdiyim kimi, məhz 1920-ci ildə qələmə
alınması olub. Axı Məhəmmədhüseyn Rzayev
şeirdə qızıl qəfəsə,
sındırılmış saza, yurdu sarmış bayquş
iniltisinə... işarə edir, könlündə bula bilmədiyi
keçmiş həvəsindən yazırdı. 1999-cu ildə
Anar müəllmin məktubunda da xatırlatdığı
silsilə məqalələrimin birində yazmışdım
ki, "Yoxdur həvəsim"dəki incik ruhla onun
yazıldığı tarix arasındakı milli kədər
bağlantısı diqqəti istər-istəməz və
daha çox cəlb edir". "Mübarizə bu gün də
var" kitabında Anar məqaləmdəki məhz bu frazaya ayrıca
diqqət yetirirdi.
Bu
şeirlə, eləcə də şeirin müəllifi Məhəmmədhüseyn
Rzayevlə bağlı Anar müəllimlə, dediyim kimi, bir
neçə dəfə söhbət etmişik. Diqqət
yetirmişəm, o, yuxarıda xatırlatdığım
kitabında olduğu kimi, şəxsi söhbətlərimizdə
də "Məhəmmədhüseyn Rzayev kommunist olub. Raykom
katibi vəzifəsində çalışıb. Amma
maraqlıdır ki, həm də belə bir bədbin
ovqatlı şeir yazıb", - deyə təəccübünü
gizlətmir.
Keçən
dəfə - yazın ortalarında Göyçaya
getmişdim. Rəsul Rzanın evinə. Həyətdə
çay süfrəsinin arxasında oturub ev sahibinin atama
yazdığı son məktubu xatırladım: "Vəfalı
dost İmamverdi! Çox təəssüf edirəm ki,
görüşümüz qısa oldu. İstəyirdim
Salyanda bir neçə gün qalım. Fikrət Qocanı
Bakıya çağırdılar. Onun Vyetnam səfəri
vardı, odur ki, ləngiyə bilmədik... Ümid edirəm,
çox çəkməz, yenə də görüşərik.
Vaxtsız yağış da işə bir qədər mane
oldu. Nə isə...
Bu
günlərdə Göyçaya gedirəm. Olsun ki, bir ay
orada qaldım. Göyçayda ev tikdirmişəm. Gəlsən
gözüm üstə yerin var. Orda telefonum belədir: 42-62.
Göyçayın yazı, payızı çox
yaxşı olur. Hələlik. Xoş arzularla, Rəsul Rza. 20
aprel, 1977".
"Göyçayda
ev tikdirmişəm". Bu evi deyirmiş. "Vəfalı
dost", "Gəlsən gözüm üstə yerin
var". Rəsul Rza bunu hər adama deməzdi.
Mən
Rəsul Rzanı sonuncu dəfə elə son məktubunda
xatırlatdığı həmin yağışlı aprel
günündə görmüşdüm. 7-ci sinifdə
oxuyurdum. Xəlil Rza, Fikrət Qoca ilə birgə və Fikrət
Ağazadənin sürdüyü "Volqa"
maşınında Neftçalaya - atama qonaq gəlmişdi.
Əvvəllər müxtəlif vaxtlarda Ənvər Məmmədxanlı,
Əli Kərim, Anarla birgə bu evin qapısını
açsa da, bu onun bizim evə son gəlişi idi. Həzin bir
aprel yağmuru yağırdı. Heç nəyi
unutmamışam. Təndirdən qalxan isti çörək ətri
ağ balıq kababının ətrinə qarışıb.
Ləklərdən dərilən təzə göyərti...
Heç nə unudulan deyil. Bir də Xəlil Rzanın
şaqraq səsi...
Sonra
xatirə dəftərində ürək sözləri:
"Böyük şairimiz, ustad Rəsul Rza, sevimli
ozanımız Fikrət Qoca, "igidcəsinə"
"Volqa"mızı sürüb bizi İmam məbədinə
gətirən Fikrət Ağazadə ilə keçən
saatlar unudulmaz... Ucaboy, mərd alim qardaşımız
İmamverdi Əbillinin balıq kababı ilə bəzənmiş
dost süfrəsi böyük mənəvi süfrəyə
çevrilir. Xəlil Rza. 14 nisan 1977".
Sonra
Rəsul Rzanın qeydi: "Şeirə sədaqət
böyük ürəkli insanın zəngin mənəviyyatından
xəbər verir. 14 aprel 1977. Rəsul Rza".
Amma
həmin gün daha çox unutmadığım Rəsul
Rzanın özüdür. Yağış təzəcə kəsmişdi.
Məndən böyük qardaşlarım kabab bişirirdi.
Asta addımlarla manqalın yanına gəldi.
Balığın növü ilə maraqlandı. Bizimlə
söhbət etdi. "Kövrək budaq" kitabını
avtoqrafla mənə bağışladı. Sonra
üzünü atama tutdu: "Həzrət Əlinin şəkli
qalır?". "Qalır" - dedi atam. Birlikdə evə
keçdilər. Evimizin divarında əzizlənən və
indi də həmin yerində qalan, amma artıq ata yurdumuzun
relikviyasına çevrilmiş şəklə - Hz. Əlinin
rəsminə baxdı. O zaman bu kövrək
yaşantıların səbəbini bilmirdim. Bilmirdim ki, bu
şəkli R.Rza 1959-cu ildə İraq səfəri zamanı
gətirib və onu atama bağışlayıb. Bunu sonra
bildim... Sonra onu da bildim ki, Rəsul Rzanın əlyazısı
ilə redaktə və təshih etdiyi
"Avtobioqrafiya"sının nadir nüsxəsi bizim evdədir
və orda belə bir cümlə var: "Mənim ana babam
çox mömin bir kişiymiş və Həzrət Əliyə
fanatik bir məhəbbət bəsləyirmiş".
Göyçayda
Rəsul Rza muzeyinin otaqlarını gəzərkən onun bizdəki
bütün əmanətlərini bu muzeyə təqdim etmək
olar, - deyə içimdə dəli bir istək oyandı... Dərhal
da fikrimdən daşındım. Bildim ki, bununla atamın
ruhunu incitmiş olaram. Bir ömür boyu o bu sənədlərin
işığına sığınıb. Onlarla nəfəs
alıb...Onların keşiyini və təəssübünü
çəkərək qocalıb və dünyadan
köçüb. Və təkcə Rəsul Rza deyil, onun mənzilində
- evimizdə Azərbaycan ədəbiyyatının
oxunmamış çox, lap çox səhifəsi sükuta
dalıb. Dünyasını dəyişməzdən öncə
də yazdığı vəsiyyətdə övladlarına
- bizə arxivini tapşırıb.
1995-ci
ildə onunla Rəsul Rza barədə söhbət edib,
danışdıqlarını lentə
köçürdüm: "Yəqin, diqqət yetirmisən,
evimizə şəxsən nə qədər məhrəm
olsa da, Rəsul Rza heç vaxt bizim ocaq üçün adiləşməyib,
həmişə sirli dünya timsalında olub, sən bu
dünyaya daxil ol - təzələnəcək, Dünya Vətəndaşı
olduğunu dərk edəcəksən. Fikri tənbəlliyimiz
və milli biganəliyimiz ucbatından bu bənzərsiz poeziya
sehrindən hələlik dünya tam xəbərdar deyil.
Dinamizm - onun poetik siqləti üçün tam səciyyəvi
haldır. Əsərdən-əsərə kamilləşən,
müdrikləşən bu poeziya nəhəngi qədər
haqsız tənqidlərə, təqiblərə, hücumlara
məruz qalan ikinci şair təsəvvürə gətirə
bilmirəm. Bu hədyanlara, qara-qorxulara məhəl qoymayan Rəsul
Rza altmışıncı illərdə yeni start
götürdü və bədii təfəkkür tariximizi
yeni töhfələrlə zənginləşdirə bildi:
"Qızıl gül olmayaydı", "Pəncərəmə
düşən işıq", "Dəniz nəğmələri",
"Bir gün də insan ömrüdür"... Və ədəbi
dünyanı bundan sonra da mütəmadi məşğul edəcək
"Rənglər" silsiləsi... Mən Rəsul
poeziyasının ancaq intim axarını ön plana çəkmək
fikrindən uzağam. Rəsul Rza şəxsi aləmə qapılanda
monumentaldır, dünyəvidir, bəşəridir; dünyəvi
məsələləri qələmə alanda millidir, konkret məkanın
övladıdır. Bu subyektiv, şəxsi aləmdə
dünya - bütün rəngləri ilə, insan -
bütün çeşidləri ilə bərqərar olub
yaşayır, nəfəs alır. Rəsul Rza xəzinəsinin
hələlik pünhan qalan şaxələrini siz
açmalısınız. Biz nəsil sosialist realizminin,
partiyalı ədəbiyyatın sərt ölçüləri
daxilində iş görə bildikmi? Deyə bilmərəm.
Yadda saxla ki, hər dövrün öz poeziyası olduğu
kimi, öz ədəbiyyatşünaslıq lisanı, öz ədəbi
tənqid manerası var. İfadə tərzinə, təhlil mədəniyyətinə,
elmi səviyyəsinə görə
yaşadığımız dövrün bütün mərhələlərini
özünə cəlb edən ədəbiyyatşünas tənqidçilərimiz
az olub: Mikayıl Rəfili, Məmməd Cəfər Cəfərov,
Cəfər Cəfərov... Bunlar da müəyyən dövr
üçün nə qədər işıqlı
görünsələr də, nağılları heyrətdə
qoyan hadisələr gedişində, sürətlə dəyişən,
genişlənən mühakimələr önündə tədriclə
öz təravətlərini itirirlər. Rəsul Rzanın
yeni tədqiqatçıları məhz bu həqiqətə
söykənib əllərinə qələm
almalıdırlar. Zaman-zaman bütün nəsillərin heyrətamiz
məhəbbətlə oxuduğu şairlər içərisində
Rəsul Rza həmişə birincilərdən olacaq..."
Məhəmmədhüseyn
Rzayevin şeiri ilə bağlı açıb
baxdığım qovluqdan ayrıla bilmədim...
Azərbaycan
Sovet Ensiklopediyasının Baş redaktoru Rəsul Rza 1970-ci
ilin 1 iyununda atama 60 illik yubiley mərasiminə rəsmi dəvət
və dost məktubu göndərir: "Hörmətli
İmamverdi! Bu ayın on doqquzunda Bakıda mənim
altmış illiyimə həsr olunmuş gecə keçiriləcəkdir.
Səni əziz dostlarım arasında görsəm şad
olaram. Rəsul Rza".
Hələ,
rəflərdəki avtoqraflı kitablar... Anarın təbirincə,
İmamverdi müəllimin "qiymətli kitabların zəngin
dəstindən ibarət unikal kitabxana"sında Rəsul
Rzanın "Çapey"dən başlayaraq
sağlığında nəşr olunmuş bütün
kitabları (hamısı da avtoqrafla) yanaşı
düzülüb. Bir-bir götürüb baxıram...
"İllər
və sətirlər" kitabı: "Şeirimizin fədakar
dostu, vəfalı yoldaş, Azərbaycan ədəbiyyatının
yeni yollarını hərarətlə təbliğ edən
incə zövqlü İmamverdiyə hörmət və məhəbbətlə
R. Rza. 18. VII. 60".
"Duyğular...düşüncələr"
kitabı: "Şeirimizin yaxşı dostu, yeni şeirin qəhməri,
əziz dost İmamverdiyə... R. Rza. 5. XII-1964".
"İşıqlar
üşüyəndə" kitabı: "Həqiqi
poeziyamızın yorulmaz tədqiqat və təbliğatçısı
dostum İmamverdiyə hörmət və məhəbbətlə.
Rəsul Rza. 29.I-1971".
"Hava
haqqında" kitabı: "Yeni yüksək poeziyanın qəhməri,
gözəl alim, sədaqətli dost İmamverdiyə ən
yaxşı arzularla. R.Rza. 2.I. 73".
Belə...
Rəsul Rza ilə bağlı sənədlər çoxdur.
Lap çoxdur. Hamısını yazsam, qalın bir kitab
alınar. Amma bu yazını yekunlaşdırmaq istəyirəm...
1991-ci
ildə Yazıçıların Qurultayından qayıdandan
sonra atam Anara məktub yazıbmış: "Əzizim,
mehribanım Anar müəllim, salam! Dinc mühit, ailə səadəti,
sağlam səhhət arzulayıram. Qurultaya gələndə
nasaz idim. Üstəlik, iclasda elə çılğın
tövr gördüm ki, əməlli-başlı xəstələnib
qayıtdım... Nüfuzlu yığıncaqları az
görməmişəm. Səməd Vurğunun, Rəsul
Rzanın, Süleyman Rəhimovun diqqəti hesabına II
qurultayda, daha sonra, altı qurultayda iştirak eləmişəm.
Fəqət, bu dəfə, elə bil, salona yox, qumlu səhrada
tufana düşmüşdüm. Foyedə ərkim
çatanlara dediyimi Sizə xatırlatmaq istəyirəm:
"Ərzaq qəhətə çıxıb,
torpaqlarımızı alırlar, nemətlərimizi
aparırlar, günahı da mərkəzin, yaxud rəhbərliyin
üzərinə yıxırıq. Amma nəzərə alaq
ki, abırı, həyanı - insafı əlimizdən alan
yoxdur. Niyə öz-özümüzü payimal edirik?"
Bilirəm ki, Sizin müdafiəyə ehtiyacınız yoxdur,
Ancaq etibar gözlədiyin adamdan, yaxşılıq etdiklərindən
namərdlik görmək - adama ağır gəlir. Belə zərbələrə
dözmək də çətin olur. Biz Anarı
qorumalıyıq, təkcə ona görə yox ki, zəkalı
yazıçıdır, həm də və ən vacibi ona
görə ki, indiki ağır, ziddiyyətli, təklənmiş
vaxtımızda Anar kimi müdrik dövlət xadimi səviyyəli
mütəfəkkir Vətən övladı həmişəkindən
qat-qat artıq bizə - millətə çox-çox gərəkdir.
Mirzə İbrahimov kimi ağsaqqalı hörmətsiz eləmək
milli təhqirdir. Nadürüstləri inandırmaq olmur ki,
bütün bayraqlar əsgi parçasındandır, hər əsgi
parçası isə bayraq ola bilmir. Şəxsiyyətlərə
qarşı şəxsiyyət çıxsaydı, dərd
yarı idi. Böyük Rəsul Rzanın "Rənglər"i
çaxnaşma salanda poeziyaya az dəxli olan bir nəfər
odlu-odlu danışdı, məni də "unutmadı":
"Rənglər" haqqında ibarəli fikirlər
söyləyən İmamverdinin fikirləri "Rənglər"in
özü kimi dumanlıdır" dedi. Həmin adamı bu dəfə
qurultayda gördüm. Bu natamam ziyalı ağsaqqal kimi
görünməyə can atsa da, sünilik boy göstərirdi.
Yadıma 1950-ci ilin iyulunda Universitetin akt zalında Mikayıl Rəfilyə
avamcasına hücum edən unudulmuş alimlər
düşdü. Rəfili isə yaddaşlarda yaşayır,
yaşayacaq.
Vaxtınızı
aldığım üçün üzr istəyirəm. Məndən
qat-qat yaxşı bilirsiniz ki, ürək boşalmayınca
adam təskin ola bilmir.
Nəsil
ağacınıza nəsil-nəsil hörmət bəsləyən:
İmamverdi Əbilov. Sübh, 31 mart 1991. Neftçala".
Anar
müəllim atamın 70-75-80 illik yubileylərində
iştirak etmək üçün Neftçalaya gəldi.
2007-ci ilin 26 aprelində "Ədəbiyyat qəzeti"ndə
ona bir məktub ünvanladı: "Rəhmətlik valideynlərimin
sizə necə rəğbət bəslədikləri
yaxşı yadımdadır. Bəlkə sizə olan
böyük ehtiramım da müəyyən dərəcədə
onlardan mənə miras qalıb. Amma sizinlə şəxsi
görüşlərimiz, məktublaşmamız, sizin fədakar
çalışmalarınız, haqqınızda eşitdiklərim,
gördüklərim və bildiklərim bu hörmət hissini
daha da zənginləşdirir. Qəlbimdə layiqli yeri olan
insanlardan biri də sizsiniz... Siz bizim günlərdə
çox təəssüf ki, get-gedə azalan həqiqi və
nadir ziyalılarımızdansınız... Neftçalada mənzilinizdə
yaratdığınız əsl mədəniyyət mərkəzi,
Bakı da daxil olmaqla bütün Azərbaycan
üçün örnək göstərilə biləcək
mənəviyyat ocağıdır." Səksən illik
yubileyindəki çıxışına isə
"İmamverdi müəllimi təxminən 50 ildir ki,
tanıyıram. Əlli il bundan əvvəl atamla bir yerdə
onun evində qonaq olmuşuq" - deyə başladı...
Anar
müəllim mənə təkcə millətimin deyil, həm
də iki doğma insanımın ortaq dəyəri kimi əzizdir.
Və bu sevginin mənimlə əbədi olacağını
bilirəm. 1985-ci ildə İrkutskda - hərbi xidmətdəykən
axşam bütün hərbi heyəti yığıb bizə
bir film nümayiş etdirmişdilər: "Uzun ömrün
akkordları". Anarın Üzeyir bəy barədə filmi.
Həmin gecə ona uzun bir məktub yazmışdım.
Noyabrın 1-də cavab yazmış və mənə Kəpəzin
şəklini göndərmişdi. Məktubunda belə bir
cümlə vardı: "Görünür, doğrudan da,
bizim hər ikimizin ailələri irsən, nəsilbənəsil
bir-birlərinə xoş hisslərlə yaşayıblar,
yaşayırlar və əminəm ki, yaşayacaqlar".
Anam
dünyasını dəyişəndə atamı tək
qoymadı.
Atam
dünyasını dəyişəndə təsəlli
yerimiz oldu.
Atamın
yas çadırında da Məhəmmədhüseyn Rzayevin
"Yoxdur həvəsim" şeiri barədə, Rəsul
Rza ünvanlı qovluqdakı məktublar, sənədlər
barədə danışmışdıq...
Anarın
ən böyük əsərlərindən biri, məncə,
"Yaşamaq haqqı"dır. Rus dilində
yazdığı "Yaşamaq haqqı" isə bu sözlərlə
başlayır: "Bakının yaxınlığında
çox da böyük olmayan Neftçala şəhərində
qeyri-adi insan - alim-ədəbiyyatşünas, əsl ziyalı
yaşayır - İmamverdi Əbilov. İmamverdi müəllimin
evi əsl mənəviyyat ocağıdır. Bu evi çoxusu
müəlliflərin öz avtoqrafı ilə olan qiymətli
kitabların zəngin dəstindən ibarət unikal kitabxana
adlandırmaq olar. Bu evi bütün uzun ömür boyunca
toplanmş nadir eksponatlardan - əlyazmalar, fotolar, məktublardan
ibarət muzey də adlandırmaq olar. Əksər görkəmli
insanlardan - yazıçılar, alimlər, dövlət xadimlərindən
gələn minlərlə deyilsə, yüzlərlə məktub,
Bakıdan və Azərbaycanın digər şəhərlərindən,
Türkiyə, İran və Rusiyadan gələn məktublar.
İmamverdi müəllimi mənim valideynlərimlə isti
dostluq münasibətləri bağlayırdı, Rəsul Rza
və Nigar Rəfibəyli ilə yazışmalar onun arxivində
əhəmiyyətli yer tutur..."
Amma
yenə də mənə bu yazını yazdıran Məhəmmədhüseyn
Rzayevin "Yoxdur həvəsim" şeirinə
qayıdıram.
Anar
"Əsrim, əslim, nəslim" əsərində "gəncliyində
kommunist ideyalarına aludə olmuş Məmmədhüseyn
dayı ömrünün son illərində ciddi xəyal
qırıqlığına uğramış, Stalin rejiminin
bütün naqisliklərini ayıq başla dərk
edirmiş" deyir. Amma "Yoxdur həvəsim" elə Məhəmmədhüseyn
Rzayevin gənclik illərinin, yəni "kommunist
ideyalarına aludə" olduğu çağların yadigarı
deyilmi?.. Deməli, Rəsul Rzaya öz soyadını verən
Məhəmmədhüseyn Rzayevin şəxsiyyətini, siyasi
baxışlarının alt qatını daha dərindən
araşdırmağa ehtiyac var...
Yazının
əvvəlində demişdim axı, iyirmi il bundan əvvəl
Anar müəllim Məhəmmədhüseyn Rzayevin "Yoxdur
həvəsim" şeirinin surətini istəsə də,
bu ötüb-keçən illərdə həmin şeirlə
bağlı aramızda bir dəfə deyil, bir neçə dəfə
söhbətimiz olsa da, nə sirdirsə, mən hələ də
həmin şeirin surətini ona çatdırmamışam.
Görünür, bu şeiri Anar müəllimə təqdim
etməyin zamanı indi imiş...
9-10
sentyabr 2019
Azər
TURAN
Ədəbiyyat
qəzeti.- 2019.- 14 sentyabr. S. 16-18.