Sevgidən
nifrətə
Birinci yazı...
Hüseyn
Cavid "Müharibə və ədəbiyyat" məqaləsində
ədəbiyyata ictimai-siyasi amillərin təsirini izah edərkən
Birinci Dünya müharibəsinin törədə biləcəyi
fəsadları belə xarakterizə etmişdi: "Fəqət
bugünkü müharibənin gələcək ədəbiyyata
icra edəcəyi təsir keçmiş ədəbiyyatın
bugünkü müharibəyə verəcəyi təsirin
qat-qat fövqündə olsa gərək...
Bəli, bugünkü müharibənin hazırlamaqda
olduğu zərbə çox qorxunc, çox təhlükəlidir. Bu
müdhiş inqilabdan heç bir qüvvə qurtulmayacaq.
Bütün elmlər, fənlər umulmaz dərəcədə
sarsılacaq, dəyişəcək. Şübhəsiz
ki, ədəbiyyat da bu axıntıya qapılacaq"…
Ötən
əsrin əvvəllərində Böyük Britaniya ədəbiyyatının
mühüm səhifələrindən birini Viktoriya dönəminin
bitməsi zamanında meydana çıxan Corc poeziyası təşkil edir. 1910-cu
ildə Kral VII Edvardın vəfatından sonra taxta sahib olan
oğlu V Corcun hakimiyyətə gəlişinin ilk illərində
əsasları işlənib hazırlandığı
üçün bu yeni poeziya mərhələsi belə
adlandırılmışdır. Geriyə,
yəni ənənəvi ədəbiyyata, onun kökünə
qayıdış kimi ortaya çıxan bu poeziya mənsub
olduğu zaman çevrəsini adında ifadə edir. E.Marş bu barədə yazırdı
ki, ingilis şeiri yenidən bir qüvvət və gözəllik
nümayiş etdirməkdədir və bu əsərlər oxuculara bizim
daha başqa bir "Corc mərhələsi"nin
başlanğıcında olduğumuzu görməyə
yardım edəcək.
Corc
şeirinin məşhur nümayəndələrin Edmund
Blanden, Rupert Bruk, Robert Qreyvz, Devid Herbert Lourens, Uolter de la Mar,
Ziqfrid Sassun, Con Drinkuotərin və başqalarının
şeirlərində romantika, sentimental ovqat, hedonizm əsas səciyyəvi
cəhətlərdir. Bu şairlər ənənəvi
ingilis şeirinin keyfiyyətlərini müasir poeziyaya gətirir,
sənayeləşdirilmiş həyatdan, ümumilikdə
şəhər mühitindən uzaqlaşmağa,
qaçmağa cəhd nümayiş etdirirlər. Bu səbəbdən həmin poeziya bəzən tənqidə
məruz qalır, şairlərə ənənəçilik,
iskeypizm xüsusiyyətləri qüsur tutularaq onların
yaradıcılığı və baxış mövqeyi tənqid
edilir. Bu şairlər müasir ədəbiyyatın
əsas götürdüyü yeni istiqamətləri, poeziyaya
tətbiq edilən qaydaları qəbul etmir, Vordsvortun "real
insan dilində yazmaq" prinsipini əsas
götürürdülər.
Corc
poeziyası eyni bir xətt üzrə inkişaf etməmişdir;
burada iki istiqamət mövcuddur:
1. Corc
şeirinin 1912-1915-ci illərdə işıq üzü
görən əsərlərinin daşıdığı
keyfiyyətlərə malik poeziya.
2.Yeni
Corc poeziyası.
"Əsl Corc poeziyası" hesab olunan birinci istiqamət
ingilis poeziyasında yeni üsyan, şeirdə poetik standartlara
etiraz kimi dəyərləndirilir. Onların fikrincə,
poeziya fərdiyyətçilikdən uzaq olmalı, milli kimlik
fəzilətini, mənəvi dəyərləri ifadə və
təbliğ etməli, zəngin poetizmə malik
olmalıdır. Bu üç əsas
keyfiyyət birinci istiqamətin aparıcı tələb və
məqsədləri idi.
İkinci istiqamətin nümayəndələri isə,
əksinə olaraq, daha çox subyektiv düşüncəyə
geniş yer ayırır, adi danışıq dilindən
istifadəyə üstünlük verirdilər.
Onların bu cəhdi poeziya dilinə bəsitlik
gətirən qüsur kimi tənqid edilir. Bu şairlər
müasir İngiltərə cəmiyyətinin saxta dəyərlərini,
xoşagəlməz mahiyyətini anlatmağa, bunu hər bir kəsin
dərk edə biləcəyi tərzdə ifadə etməyə
üstünlük verir, hətta şeirlərində mənəviyyatı
son dərəcə qüsurlu insanlardan belə bəhs edirlər.
1912-ci ildə dərc
olunan "Corc antologiyası 1911-12" adlı kitabdakı
şeirlərin ruhuna ümid, dini inamdan doğan sevinc hissi və
azadlıq duyğusu hakimdir. Corc
poeziyasının özünəməxsus cəhətlərindən
biri də geniş mənada, dini məzmunda sevgiyə inam hissi
oyatmaq, incə hisslərin, eşqin gücü ilə həyatın
romantik şəkildə qavranılmasına yardım etmək
cəhdidir. Bununla şairlər insanı gündəlik
qayğılardan qopararaq, cəmiyyətdəki qüsurlardan
arındırmağa çalışır, içindəki
iman, sevgi hissinə qapılıb daxilindəki gücü
tapmağa, müasir dünyanın insan hisslərinə zidd
"yeniliklər"inə qarşı dayanmağa ruh
vermiş olurdular. Məsələn, Gibson yazır: "Dəhşət
şəfqətlə əvəz olunanda",
"Seyr
etdim ana nəğmə oxuyur rahatlamaq üçün
Köksünə sarılıb yatmış körpəni".
"Corc antologiyası"nda, "hər bir şeir
romantikdir, qeyri-adi bir sevgiylə, təbiiliyin doğurduğu
sevinci ilə dillənir, sanki şair dəniz sahilinə ilk dəfə
gələn, xəzinə tapan uşaqdır. Deyvsin xoş sevinci, mr. De La
Marın mövcud anları mükəmməl dəyərləndirməsi, Brukun
"gülüşdən-gülüşə
yaşadığı"nda ehtişamı" və s. bu
poeziyanın ruhunu təşkil edir.
Bu şairlər dekadentçilərə xas simvolizmdən,
müasir dünyaya idealistcəsinə nifrətdən uzaq
dayanırdılar. Onlar müasir dünyanın mürəkkəbliklərindən,
insanın maddi və mənəvi həyatında
doğurduğu ağır, çətin durumdan yazmır,
daha çox romantik, sentimental duyğuların tərənnümünə
yer ayırır, insana, onun hisslərinə hörmət
oyadırdılar.
Brukun
"Bir kanal keçidi" ("A Channel Passage") şeiri
Corc poeziyasının aydın dilini, bədii ifadə
xüsusiyyətlərini, poetik zənginliyini geniş ifadə
edən şeirlərdən biridir:
Lənətə
gəlmiş gəmi silkələndi və
enib-qalxaraq üzdü. Səssiz-səmirsiz və tez
Ürəyim
qalxdı; Nəhəng dəniz
gözümdə
bulandı; Bilirdim ki,
Mən
bir şeyin haqqında dərin düşünməliyəm;
yoxsa
ürəyim bulanar;
Yalnız
bir şeyi dərin düşünə bildim - səni!
Sən, təkcə
sən xəyalımda canlana bildin!
Və səninlə
xatirələr gəlir,
kəskin
əzab və iztirablar.
İndi
seçimim var; ürəkağrısı,
yaxud
işgəncə çəkmiş ciyər!
Bir dəniz
- xəstə vücud,
yaxud
bir sən - xəstə ruh.
Şair lirik qəhrəmanın dəniz xəstəliyi
səbəbindən varlığında duyduğu acılarla
ayrılığın onun ruhunda doğurduğu sevgi
iztirablarını qarşılaşdırır; dəniz də
nəhəng, sonsuz bir aləmdir. Gəmi nəhəng
dalğalarda enib-qalxdıqca lirik qəhrəmanın
varlığı sarsılır, aləm başına
dolanır, ürəyi qalxır. Ayrılıq
da nəhəng, sonsuz dəniz kimi canlanır, onun da
üfüqlərində vüsalı, ümidi andıran bir xəyal,
xırdaca bir təsəlli belə yoxdur.
Şairin
şeirə verdiyi ad ikimənalıdır; "Channel" kəlməsi
leksik baxımdan
"kanal" və s. anlamına gəlir. Bu söz məcazi mənada isə ruhani bir
varlıqla və ya ölmüş bir insanın ruhuyla əlaqə
yaradan "kanal" kimi izah olunur. "Passage"-
keçid anlamıyla yanaşı, "ölüm",
"vəfat" mənasını da ifadə edir. Brukun bu şeiri Corc poeziyasının poetik,
üslub, forma keyfiyyətlərini, ideya-fəlsəfi məzmununu,
bütün sənətkarlıq xüsusiyyətlərini
mükəmməl şəkildə ehtiva etməkdədir.
Corc
poeziyası sərbəst nəzmə maraq oyada bilən
imajistlərin yaradıcılığı, həm də daha
çox Birinci Dünya savaşının gündəmə gətirdiyi
problemlər səbəbindən sənət dünyasında tənəzzülə uğrayır.
Bu məktəbin nümayəndələrinin
bir qismi, o cümlədən, Sassun, Bruk və b.
"müharibə şairləri" kimi şöhrət
qazanırlar. Hardinin, Kiplinqin, Henlinin əsərlərində isə
milli qürur və millət sevgisi təbliğ olunur. Poeziyada britaniyalıların özlərinə xas milli
fəzilət hesab etdikləri Viktorian stoisizminə
çağırış nidaları duyulur.
Qreyvz, Lourens kimi digər yazarlar Corc poeziyasının
yazı tərzindən uzaqlaşaraq modernist
yaradıcılıq cəbhəsinə keçir.
Bu şairlərin böyük bir qismi müasir
dövrün tələblərinə cavab verən
mövzulara müraciət etsələr də
görüşləri etibarilə sona qədər mühafizəkar
və ənənəçi olaraq qalırlar.
Burada bir haşiyə çıxmaq maraqlı olardı
ki, Birinci Dünya savaşı həyatın bütün sahələrinə
olduğu kimi, ədəbi-fəlsəfi düşüncəyə
də təsirsiz qalmadı. Cavidin qeyd etdiyi kimi, "ədəbiyyat
da bu axıntıya qapıldı" və başqa cür ola da bilməzdi.
Birinci Dünya savaşının insan
hisslərinə və düşüncəsinə vurduğu
zərbəni ədəbiyyatda dadaizmin formalaşması şəklində
müşahidə edə bilərik. Dadaizm
müharibənin insan ümidlərini sarsıdan vəhşət
və dəhşətlərinin nəticəsi olaraq həyatın
mənasına, insanın humanist mahiyyətinə şübhə,
ədəbiyyatın, sənətin gözəlliyinə etiraz
kimi meydana gəldi. Dadaistlərin bir
çoxu digər ədəbi cərəyanların nümayəndələri
kimi müharibə iştirakçıları idi və
onların dadaizmlə ədəbiyyata gətirdikləri
ideyalar, əslində, cəbhədə şahidi olduqları
dəhşətlərin doğurduğu bədbinlik və
ümidsizlikdən qaynaqlanırdı. Sənətdə
gözəllik arayıb, humanizmi təqdir edən insanın həm
də müharibələr törədərək qəddarlıq
etməsi səbəbindən sənətin də, ədəbiyyatın
da, əslində, bir dəyər və məna
daşımadığını düşünən dadaistlər
şeirdə daha çox məntiqsizlik, üslub və dildə
bir nizamsızlıq və özünə qədərki
yaradıcılıq qayda-qanunlarına "itaətsizlik"
nümayiş etdirir. Sənətə, ədəbiyyata, eləcə
də bütünlükdə tarixə qarşı nifrət,
insan varlığına, onun əldə edəcəyi, yaxud
yarada biləcəyi yaxşı nələrinsə
mövcudluğuna inamsızlıq hissi, bir sözlə, dərin
nihilizm dadaistlərin düşüncə və ruhunda məhz
müharibənin doğurduğu ağır nəticələr
idi. Bu səbədən də dadaizm "qəbul
edilmiş qaydalara əsasən sənət cərəyanı"
hesab edilmir. Fikrimcə, bu cərəyanı H.Riçter
çox gözəl xarakterizə edir: "Müharibə millətlərin
başı üzərində qopduğu kimi, dadaizm də sənət
dünyasında qopan bir tufandır". Dadaistlər
sənətə hörmət duymadıqlarından, onun
müsbət təsirlərinə inanmadıqlarından
özlərini də sənətkar adlandırmırdılar.
İnsan
hisslərinin, həyatın, sevginin gözəlliyini tərənnüm
edən şairləri təcavüzkar qismində
döyüşlərdə qan tökməyə məcbur edən
Birinci Dünya savaşının doğurduğu dadaizm
doğrudan da müharibənin insan ruhunda yaratdığı
böhranın, cəmiyyətlərin mənəvi durumunda
oyatdığı ovqatın və digər arzuolunmaz
halların, Cavidin təbirincə desək, ədəbiyyatın
da bu axıntıya qapıldığının... ən bariz
nümunələrindən biridir.
Cavidə MƏMMƏDOVA
Ədəbiyyat qəzeti.- 2019.- 19 sentyabr. S. 19.