Akademik
olmağın sanbalı və ya yubiley qutlaması
Möhtərəm
dostum akademik Nizami Cəfərovu 60 yaşı səbəbinə
təbrik edir, alqışlayıram!
Mənimcə, yubiley təntənəsi,
şan-şöhrət, alim ömrünün zəfər
tağları akademik Nizami Cəfərov üçün
coxdan fəth olunmuş zirvədir. 32 yaşında filoloji elmlər
doktoru, 33 yaşında professor, 42 yaşında müxbir
üzv, 58 yaşında akademik... - ad, titul, mənsəb məsələsində
Nizami Cəfərov bizim humanitar elm tarixində həmişə
ən cavanlarından olmuşdur. Görkəmli dilçi, ədəbiyyatçı,
türkoloq, parlaq tənqidçi; onlarla kitab, yüzlərlə
məqalə müəllifi, minlər-on minlərlə oxucusu,
geniş ictimaiyyətin sevimlisi...
Bu uzun sevda yolunu, təbii ki, akademik Nizami Cəfərov
birnəfəsə keçib başa gəlməmişdir. Həmişə belə
hesab etmişəm, bugün də təkrar
düşünürəm ki: Nizami Cəfərov
çağdaş Azərbaycan mədəni şüuru və
stixik türk təfəkkürünün yetirdiyi təkrarsız
hadisədir. Nizami Cəfərov haqqında
çox yazmışam, təvazödən uzaq, minnət
üçün yox, yubiley şərəfinə, minnətdarlıqla
anıram. 1980-1990-ların ilk elmi
dartışmalarını kənara qoysam; məsələn,
1999-da, düz qırx yaşına "Ədəbiyyat qəzeti"ndə,
dostumun şəninə ilk yubiley oçerkini mən dərc
elətdirmişəm: "Bir alim ömrünün
tipologiyası" ("Ədəbiyyat qəzeti", 24
sentyabr 1999). O vaxtlar hələ də davam edən sovet ədəbi
ənənəsinə görə qırx yaşa mətbu
yubiley yazısı düşmürdü; sağ olsun baş
redaktor Ayaz Vəfalını, alimin hörmətinə,
qızırqalanmadı...
Nizami Cəfərovun bütöv və dolğun alim
ömrünün ictimai prezentasiyasını mən
üç mərhələdə görür və təsnif
edirəm.
1) 1980-ci
illərin "tələbə kürsüləri"ndən
1990-cı illərin əvvəllərinəcən olan
dövr; bu illərdə Nizami Cəfərov özünü əsasən
"universitet divarları" arasında və elmi-ədəbi
dairələrdə (Elmlər Akademiyası,
Yazıçılar İttifaqı, "Ədəbiyyat və
incəsənət" qəzeti) parlaq istedada sahib filoloq,
dilçi, ədəbi tənqidçi kimi tanıdır.
2)
1990-cı illərin "müstəqillik tribunaları"nda
geniş ictimai meydanlara çıxaraq, Nizami Cəfərov
özünü ən müxtəlif instansiyalarda - elmi,
pedaqoji, ictimai-siyasi kürsülərdə, kafedra müdiri,
filoloji dekanı, partiya funksioneri, qəzet redaktoru...
postlarında sınayır, təqdim edir; daha da çox cəmiyyət
yanında filoloq-alim, dilçi, ədəbiyyatçı, tənqidçi,
türkoloq və tarixçi olaraq şöhrətini
artırır.
3) 2000-ci
illərdən bugünəcən universal fəaliyyətilə
Nizami Cəfərov özünü ümdə olaraq ictimai və
mədəniyyət xadimi kimi təqdim və təsdiq edir...
Birinci mərhələnin
zirvə əsərləri kimi "Füzulidən Vaqifə qədər"
kitabı (Bakı, "Yazıçı", 1991) və
"Azərbaycan türkcəsinin milliləşməsi
tarixi" monoqrafiyasını (Bakı, Azərbaycan Dövlət
Kitab Palatası, 1995) bilirəm. Hər iki əsər
dilçilikdə və ədəbi prosesdə ciddi rezonans
doğurmaqla, milli təfəkkürün oyaq olduğu təməl
nöqtələrinə təkan verdi;
sovet dönəmində türk köklərindən xeyli uzaq
düşmüş, hardasa yabançılaşmış mədəniyyət
şüurunun restavrasiyasında fəal rol oynadı və
bugün də önəmini saxlamaqdadır. "Füzulidən
Vaqifə qədər" kitabı haqqında ilk yazanlardan
biri mən olmuşam ("Elm" qəzeti, 5 və 19 fevral
1993).
Mənimcə,
ikinci mərhələnin şah əsərləri -
"Eposdan kitaba" (Bakı, "Maarif", 1999) və
"Azərbaycanşünaslığa giriş" (Bakı,
AzAtaM, 2002) monoqrafiyaları (və bu ətrafda
yazdıqları: "Türk dünyası: xaos və
kosmos", "Genezisdən tipologiyaya", "Kitabi-Dədə
Qorqud"da islama keçidin poetikası",
"Koroğlu"nun poetikası" və s.) Nizami
Cəfərovu geniş fikir əhatəsinə malik
türkoloq və həmin zəmindəcə yetişmiş azərbaycanşünas
alim kimi qabartdı və tanıtdı. Hər iki əsər
barəsində yazmışam ("Ədəbiyyat qəzeti",
24 sentyabr 1999; Tənqid.net, ¹ 2, 2006); fikrimcə, Azərbaycanda
Əlibəy Hüseynzadədən, "Türklər kimdir və
kimlərdən ibarətdir" əsərindən (1905)
sonra türklərin etno-tarixi və
coğrafiyasını, üç min il qədimdən
günümüzəcən keçdiyi tarixi yolları bu tərzdə
aydın, tipoloji, təfsilən - epoxalar, mədəniyyətlər,
imperiya və dövlətlərin ard-arda
qurub-yaratdığı bütöv (və diferensial) bir
sivilizasiya olaraq heç zaman, heç kimsə izləməmişdi
- məhz alimin təsbit etdiyi kimi: etnosdan Eposa! Nizami
Cəfərovun təfsirində Azərbaycan türkləri
Eposuna güvənib, hələ bugün də milli cəmiyyətini
qurmaqda olan xalqdır. Bunu biz 1990-cı illərin çətin,
az qala parçalanma-dağılma proseslərində
yaxından hiss etdik; Ulu Öndər Heydər Əliyevin
xilaskarlıq missiyası məhz həmin enerjiyə söykənib
milli cəmiyyəti qurtardı... Bu haqda çoxsaylı
etiraflar sırasında Nizami Cəfərovun da ayrıca
monoqrafiyası var: "Türkiyə Atatürkün, Azərbaycan
Heydər Əliyevin əsəridir" (Bakı, AzAtaM,
2002).Ulu Öndər Heydər Əliyev Azərbaycançılığı
Dövlət ideologiyası olaraq 1995-ci ildə Anayasamızda rəsmən
təsbit etdi; və bir elm olaraq ilk "Azərbaycanşünaslığa
giriş"i (2001) qələmə alanlardan biri də Nizami Cəfərov
oldu.
Üçüncü
mərhələ Nizami Cəfərovun tarixi fəaliyyətinin
ideologiya, praqmatika və praktikada funksionallıq
qazandığı illərdir... Alim 2001-ci ildə
AMEA-ya müxbir üzv seçildi. Ulu Öndər Heydər
Əliyev Nizami Cəfərovu Əməkdar Elm xadimi fəxri adına (2000) layiq gördü, yenicə
yaratdığı Azərbaycanda Atatürk Mərkəzinə
(2001) rəhbər təyin etdi və haqqında xoş
sözlər söylədi: "Çox məmnunam ki, mənim
təşəbbüsümlə Azərbaycan Atatürk Mərkəzi
artıq fəaliyyət göstərir. O vaxt mənə Beynəlxalq
Atatürk sülh mükafatı veriləndən sonra
düşündüm ki, bunu etmək lazımdır və
buna da böyük ehtiyac varmış. Mən
çox böyük bir professoru həmin Mərkəzə
başqan təyin etdim. O bizim parlamentin deputatıdır.
Onlara çox qədim, gözəl bir bina vermişəm..."
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 10
aprel 2004-cü il tarixində Atatürk Mərkəzinin
binasının rəsmən açılışında
iştirak etdi, kollektivə fəaliyyətində uğurlar
dilədi.
Ulu Öndər Heydər Əliyevin gənc alimə diqqəti,
Nizami Cəfərovun həyatında yeni səhifələr
açdı.
1990-cıların olduqca qarışıq ictimai-siyasi
burulğanından sonra məhz Ulu Öndərin etimadı və
etibarı sayəsində Nizami Cəfərov bu dəfə
yeni yöndən - YAP-çı alim, millət vəkili, fəal
ictimaiyyətçi olaraq özünü təsdiqlədi; mədəniyyət
və dövlət quruculuğunda aktiv yerini tapdı və
yaradıcılığının ideoloji yöntəmi ilə
parlaq performanslar etdi. Rəhbərlik etdiyi Atatürk Mərkəzi
intensiv tədqiq, təbliğ, nəşr, uluslararası təqdimat
və ictimai prezentasiyalarla bir türkoloji və Azərbaycançılıq
mərkəzi olaraq az müddətdə ölkənin qocaman
elm, ədəbiyyat, mədəniyyət ocaqlarının
sırasına qatıla bildi... (Bu barədə mən Azərbaycanda
Atatürk Mərkəzinin beş illiyinə
"İdeoloji: tarixi təcrübə, müasir tələblər,
əməli iş" adlı yazımda geniş söz
açmışam - Tənqid.net, ¹ 2, 2006)
Üçüncü mərhələnin ən
böyük nəticəsi, şəksiz ki, beşcildlikdir. 2007-ci ildə Nizami Cəfərovun
elmi-tənqidi yaradıcılığının
külliyyatı işıq üzü gördü:
"Seçilmiş əsərləri. Beş
cilddə" (Bakı, "Elm", 2007). Birinci cilddə
- dilçilik; ikinci yerdə - ədəbiyyat (2-ci cild üzərinə
bir yazı yazdım: "Nizami Cəfərovun ədəbiyyat
baxışları", "525-ci qəzet"də (5 noyabr
2009) dərc olundu), üçüncü cilddə -
türkologiya, dördüncü cilddə - ideologiya,
beşincidə - mədəniyyət, maarifçilik və
ictimailəşdirmə yazıları yer almışdı...
Bu ki, 50
yaşına Nizami Cəfərov ömrün əlli ilində
elm, ədəbiyyat, mədəniyyət, humanitariya sahələrində
böyük işlər görmüş adlı-sanlı
alim, ictimaiyyət arasında geniş tanınmış yeri-məzhəbi
bəlli xadim olaraq gəlmişdi. Yubiley qüruru və sevinclərini
yaşamaq olardı, elliklə yaşandı da: haqqında
neçə kitablar, onlarla məqalələr yazıldı;
və o gündən bugünə yenə də yazılmaqda
davam edir. Bir kitab da məndən ərməğan olsun dedim:
"Konsepsion və ya Nizami Cəfərovun ədəbiyyat
mücadiləsi" (Bakı, AzAtaM, 2009). O günəcən
- 1990, 1993, 1996, 1998, 1999, 2000, 2001, 2002, 2006, 2007, 2009-da akademik
dostum haqqında yazdığım məqalələri, fikir və
mülahizələrimi kitabda bir yerə yığdım və
dostlar arasında, zarafatla, özümü
"Yaşar-Qarayevşünas" olmaqdan sonra ikinci yerdə
"Nizami-Cəfərovşünas" bəyan etdim. Hərçənd
ki, burada azca mübaliğə də vardı, möhtərəm
dostumun möhtəşəm fəaliyyətinin yalnız bir tərəfindən,
ədəbiyyatdan söz açmağa gücüm çatırdı ...
Tələbəlik illərindən (1970-lərin
axırı, 1980-lərin əvvəli) möhtərəm
dostum mənim gözümdə elə həmişə
"akademik" olmuşdur. Deyək, redaktoru olduğum "Tənqid.net"
jurnalının 2006-dan 2018-cən, içərisində
mütləq və mütləq müxbir üzv Nizami Cəfərovun
da yazıları yer almış, hər sayını möhtərəm
dostuma "Akademik Nizami Cəfərova sevgilərlə"
avtoqrafı ilə təqdim etmişəm. Ona görə yox
ki, 2017-ci ilin may seçkilərində ən nəhayət
Nizami Cəfərovun AMEA-ya həqiqi üzv seçilməsini
guya gec, yaxud gec qalmış sayıram. Mənə
görə, "akademiklik" ad, rütbə, elmdə bir
pillə olmaqdan çox, düşüncə və fəaliyyət
tərzi, həyat düsturu-amacıdır. Ki, Nizami Cəfərovu ən cavanlığından,
həmən sanbalda görmüşəm. Tələbəlik auditoriyaları, elmi-ədəbi
ictimaiyyət və sonra da dövlət, xalq, millət
yanında Akademiki həmişə bir ölçüdə-istedadda,
sabitqədəm, möhkəm, ardıcıl, öz təbirilə
desəm, mütəfəkkir görmüşəm. Cəmiyyətdə
nüfuzu, qiyməti, mərtəbəsi, barı-barxanası
da, adekvat, tüm yerində...
Akademik
görkəm, əda, jest və ibarə dostumda Allah vergisidir.
Nə mövzu, ideya, motiv olursa olsun... - hər dəfə
klassik görünmək bacarığında da, hansı
genezis, texnologiya, tipologiya, diplomatiya, kompromis, kontekstdə
(terminlər dostumun elmi leksikonundandır) gəlirsə-gəlsin...
- hər növ manera və modern həvəskarlığında
da Nizami Cəfərov özünü və sözünü
cəmiyyətə təqdim etməyi, həm də düz-əməlli
(düz və əməli) sunmağı bilir. Akademik cümləpərdazlığa
nə hacət, Nizami Cəfərov snoskasız-sitatsız, hər
mətnində, hərəkətində,
davranışında akademikdir (vurğu 4-cü hecada) və
Akademikdir (vurğusu 3-cü hecada)! Bunu son dərəcə sadə,
məntiqli, Azərbaycan-türk dilinin ritmik gözəlliyini
görükdürən hər nitqində,
çıxışında da (xatırımdadır, hələ
tələbə auditoriyalarından kürsülərə sinə
gərməkliyi!) görmək olur, hər nəfəsi az qala
bir abzası, fikir sırasını, bütöv bir temanı
çəkən sintaksisində də (müəllifi
olduğu "Azərbaycan dili" tele-verilişlərini
göz önünə gətirin bir anlıq)... Akademik tərz möhtərəm dostumun daxili məziyyəti,
üstün keyfiyyəti, zahiri toxdaqlığının rəhni
və sirridir həm. Gizləmirəm, bu tərzə
həmişə qibtəm olub; hərçənd bu barədə
də "Bir qısqanclığın tarixçəsi"
adlı xatirə-yazımda (oktyabr, 2009) bəhs
açmışam. Və möhtərəm dostum da onu
başdan-başa polemik dartışmalardan ibarət
adını çəkdiyim "Konsepsion..." kitabında səxavətlə
çap etdirib...
Polemika demişkən, avanqard jestlər,
inkarçılıq Nizami Cəfərova yad olsa da, avanqard əməllər
sahibi olub həmişə. Öz təcrübəmdən
misal deyim. "Konsepsion..." kitabında
alim dostumun ciddi akademik nəzərlərdən kənarda, Azərbaycan
ədəbiyyatı tarixçiliyində necə sakitcənə
çevriliş etməsinin sirrini açmağa
çalışmışam. Belə ki, müstəqillik
illəri gələndə akademik dairələrin
başı: bəs bugün "Ədəbiyyat tarixi necə
yazılmalıdır?" sualı ətrafında yeni
metodoloji açar axtarışları və tədqiqatlara məşğul
ikən, Nizami Cəfərov bu sahədə öz təsnifatını
vermiş və Azərbaycan ədəbiyyatının yeni
dövrünü (Yeni dövr Azərbaycan ədəbiyyatını)
sovet dönəmindən fərqli olaraq XIX əsrdən deyil,
XVII-XVIII əsrlərdən başlamışdı; hələ
üstəlik böyük ustalıqla bu təsnifi müəllifi
olduğu orta məktəb dərsliklərinə yeritmiş,
yeni nəsil Azərbaycan gənclərinə oxuda
bilmişdi... Onu da deyim ki, orta məktəb və ali məktəb
filoloji proqramları arasında müəyyən ziddiyyət
yaradan həmin məqamın ciddiyyətinə akademik
araşdırmalar hələ bugün diqqət yetirmiş və
akademik İsa Həbibbəyli "Azərbaycan ədəbiyyatı:
dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri"
adlı sistemli tədqiqatında (2015-2018; Bakı,
"Elm", 2019) orta çağlarla yeni dövrü
ayıran və eyni zamanda körpü rolunu oynayan bu ədəbiyyatı
"Erkən yeni dövr Azərbaycan ədəbiyyatı"
adı ilə təsbit etmiş; paralel olaraq Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunda eyni adda tədqiqat
şöbəsi də yaratmışdır...
Üzrxahlıq məqamıdır, bir notu da deyim, ürəyimizdə
xal qalmasın.
Akademik İsa Həbibbəylinin konseptual tezislərini və həmin
tarixi hünərini alqışladığım məqaləmi
("Ədəbiyyat qəzeti", 21 noyabr 2015) möhtərəm
dostum, deyən, bir qədər səbrsiz
qarşılamış, doğma "Ədəbiyyat qəzeti"ndə
"tarixi ədalətsizliyimə" qarşı "Tehran
Əlişanoğluna açıq məktub" dərc
etdirmişdi (28 noyabr 2015). Əslində, elə
bir yanlışlıq da yox idi yazdıqlarımda; bir zamanlar
Nizami Cəfərovun praqmatik-empirik olaraq ədəbiyyat
tarixçiliyimizə yeritdiyini, akademik İsa Həbibbəyli
sistemli təsnifatında təsbit edir və yeni tədqiqatlara
meydan açırdı. Bu ki, Nizami Cəfərovun
"Konsepsion"una 1996-da ilk diqqət çəkən
("Press-fakt" qəzeti, 1-7 mart 1996) və həm 2009-da
kitabında alqışlayan da Tehran Əlişanoğlu
olmamışdımı; başqa heç kəs. Təvazönün yeri yox, elm həqiqətinə
addım-addım gəlib çıxır. Ona qalsa,
Firidun bəy Köçərli də milli ədəbiyyat
tarixini Molla Pənah Vaqifdən başlamışdı;
mühacir ədəbiyyatşünaslığımıza
görə də: modern ədəbiyyatımız XVIII əsrdən
ayaq açıb yeriyir; akademik Həmid Araslının
ayrıcalığa diqqət çəkən ayrıca
"XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı
tarixi" (Bakı, ADU, 1956) tədqiqatı mövcuddur, Araz
Dadaşzadənin "XVIII əsr Azərbaycan lirikası"
(Bakı, "Elm", 1980) monoqrafiyası var və s. Sonra gəlir Nizami Cəfərovun
təsnifləri və İsa Həbibbəylinin sistemli təsnifatı;
kimin payı nə qədərdir - Ana tarix söyləsin...
Möhtərəm dostumun daha bir avanqard hünərini rəsmi
çərçivələri aşıb, akademik göyləri
yerə, gündəlik ədəbiyyat-cəmiyyət-mədəniyyət
səngərlərinə endirməyində görürəm. Parlamentdə, ali
görüşlərdə, rəsmi tribunalarda - bir yandan;
geniş televiziya ekranlarında, elm və mədəniyyət
tədbirlərində, təntənəli yubiley gecələrində,
hər növ kitab təqdimatlarında - əksərən; o
sıradan yazıçı-şair-dost-tost məclislərində,
hətta bəzən şou-proqramların diletant
dartışmaları içərisində... - bir sözlə,
harda ictimai və ya ictimailəşən
fikir-söz-müzakirə meydanı varsa, orda Nizami Cəfərov
faktoru var... Bəlkə də zaman dəyişmiş,
ondandır, müstəqilliyin Akademiki elə bu cür
olmalıdır; humanitar fikrin (elmi, ideoloji, ədəbi-mədəni,
ali, ya ictimai-məişət şüuru
səviyyəsində) keçdiyi hər yerdə, Akademikliyin
canlı mücəssəmi, dəfolunmaz sipəri kimi! Bəlkə
də müharibələr-sınmalar epoxasında elə belə
olur, hər yan səngərlərdir...
Yaxınlarda
"Ədəbiyyat qəzetində" Nizami Cəfərovun
yazı potensialı, iş enerjisinə heyrətimi ifadə edən
fikir səsləndirmişdim, təkrar edə bilərəm:
"Nizami Cəfərov çox yazır, çox şeydən
yazır; dildən, dindən, türkologiyadan, milli
şüurdan, aristokratiyadan, etnoqrafiyadan, o cümlədən
yeri düşdükcə günün ədəbiyyatından;
ötən il akademikin həm də əzəlki illər tənqidini
ehtiva edən "Ədəbiyyat söhbətləri"
(Bakı, "Elm və təhsil", 2018) çap olundu.
Nizami Cəfərovun tənqidinin "məxrəc"i ədəbiyyatın
içində(n) deyil ki, daha geniş məcrada türk, islam,
Şərq, Qərb dəyərlərini həzm etmiş,
özündə qapsamış milli mədəniyyətin,
ideologiyanın, Azərbaycançılıq məfkurəsinin
bətnində(n) qurulmuş, otuz ildir usanmadan, habelə ötən
ilin yazılarında ədəbiyyatı da bu çətir
altına daşıyır, geniş oxucu
auditoriyalarının malı edir..." ("Ədəbiyyat
qəzeti", 29 iyun 2019)
Akademik Nizami Cəfərov haqqında
"Konsepsion..." kitabını ərsəyə gətirəndə,
elə bilmişdim ta dostumu mən (ədəbiyyat) tərəfdən
tam fəth etmişəm, qısqanclığa bir şey
qalmayıbdır. 2017-nin akademik seçkiləri göstərdi
ki, nə qədər yanılıbmışam; möhtərəm
dostumun "ikinci nəfəsi" açılmadımı?!
Daha yeni bir yöndən...
Akademik-dünya
turnesinə Nizami Cəfərov akademik Nərgiz xanım
Paşayevanın rəhbərlik etdiyi nümayəndə heyətilə,
Londonda məşhur Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzində
şərqşünas-alim Bertelsin ingilis dilinə çevrilmiş
"Böyük Azərbaycan şairi Nizami"
monoqrafiyasının təqdimatı mərasimindən (5 iyun
2017) başladı və həm akademik Nərgiz
Paşayevanın təşəbbüsü (və rəhbərliyi)
ilə Nizami Gəncəvi adına Azərbaycan və
Qafqazşünaslıq Elmi Mərkəzinin yüksək fəaliyyəti,
həm də şahidi olduğu təntənəli mərasimdən
mətbuatda parlaq reportajlar dərc etdirdi (Bu barədə Tənqid.net
də ətraflı yazdı; bax: Tənqid.net, ¹ 12, 2016/2017, s.
69-89)...
Ötən
il, 2018-də görkəmli ədib, yazıçı, ədəbiyyatşünas,
tənqidçi, publisist, pedaqoq, sevimli müəllimimiz Mir Cəlal
Paşayevin 110 illik yubileyi oldu və bu sıradan akademik Nizami
Cəfərov da Mir Cəlalşünaslığa öz layiqi
töhfələrini verdi. Əvvəla, uzun illərdən
sonra Mir Cəlalın "Publisistika"sı və
"Ədəbi tənqid"ini ehtiva edən iki kitabın (Bakı,
Azərbaycan Milli Kitabxanası, 2018) akademik dürüst nəşrində
elmi məsləhətçi kimi; daha da çox ədibin
yaradıcılığına yeni baxışları ifadə
edən "Mir Cəlalın milli idealları"
monoqrafiyası ilə (Bakı, Azərbaycan Milli Kitabxanası,
2018)...
2014-də "Hüseynbala Mirələmovun
yaradıcılığı və ya ədəbi tərcümeyi-halı"
kitabını ortaya qoyarkən,
düşünmüşdüm ki, möhtərəm dostum
çox nahaq biz ədəbiyyatşünasların haqqına
girir. Amma növbəti - "Afaq Məsud
dünyası" (Bakı, "Elm və təhsil", 2016),
"Elçin. Yazıçının
yaradıcılıq yolu" (Bakı, 2017) əsərləri
də göstərdi ki, heç təsadüf deyilmiş.
Dilçilik, türkologiya, ədəbiyyatşünaslıq fənlərində
qələmini çox yormuş, çoxsaylı elmi
monoqrafiyalar yazmış akademik Nizami Cəfərov bu dəfə
özünü əsl portret-monoqrafiya ustası kimi prezentasiya
etdi... Böyük bir şövqlə hər iki monoqrafiya
haqqında yazdım və Tənqid.netdə (¹ 12, 2016/2017) dərc
etdirdim...
Daha bir not. 2017-nin mayında AMEA-ya həqiqi üzv
seçilərkən zəng edib akademik dostumu təbrik etdim.
Təbrikimə təbriklə, o da mənim
müxbir üzv seçilməyimi alqışladı.
Gur, amiranə, tövsiyə və təlqin dolu səsi indi də
qulağımdadır: "Bizim, qardaş, bu yolda var qüvvəmizlə,
səhər-axşam çarpışmaqdan başqa
nicatımız yoxdur..."; təxminən
belə.
Bu ki, hər
çalınan zənglər, yubiley zəfərləri,
şan-şöhrət və uğur düsturları akademik
Nizami Cəfərovun coxdan uğraşdığı zirvələrdir
və mənimcə, akademik dostum daha da çox
olmadığı, dadmadığı yüksəklər -
Everest-Comolunqmalar həvəsində, sorağındadır
bugün... Möhtərəm dostumu
salamlayır, "Çin olsun!" - deyirəm...
Tehran Əlişanoğlu
Ədəbiyyat qəzeti.- 2019.- 14 sentyabr. S. 20.