Paxıl
- hekayə
Söz
vaxtına çəkər. Alça fəsliydi. Ətraf
alça qoxuyurdu. Bütün günü eləcə
çarpayıda uzanardım. Deyirdin dünyanın
yükünü belimə yükləyiblər. Ayaqlarımdan
daş asılmışdı. Gözlərim
özü-özünə qapanırdı. İki ay idi nə
məktəbə gedirdim, nə məşqə. Heç kəslə
danışmaq belə istəmirdim. Eləcə gecə-gündüz
usanmadan yatırdım.
Atam
anama gözünü ağardıb: "Bundan mənə
oğul olacaq?" - deyirdi.
Anam
yumşaq gülüşü ilə atamın hirsini
sığalladıqdan sonra üstümü özünün
toxuduğu yun örtüklə örtə-örtə:
"Bir-iki ilə dünyanın sərt üzünü
görəcək. Qoy xətri nə qədər istəyir
atası evində yatsın da!" - deyirdi.
Atam
dünyanın sərt adını eşidən kimi
yumşalırdı. Üzümdən öpüb dinməz-söyləməz
şirin baxışları ilə üzümə
baxırdı. Onun bu sevgi dolu baxışlarından
ağzımda, nədənsə, turş alça tamı
yaranardı.
Həmin
o turş günlərin biri atam həmişəki kimi nahar
vaxtı evə gəldi. Alça vaxtı günəşin
istisi də turş olur deyə, adam tez acır axı. Kəllə
qapının ağzındakı əlüzyuyanda bir xeyli
yuyunduqdan sonra atam anamdan əlüz dəsmalı istədi. Və
elə ordanca üzünü mənə tutub sözləri
yaş-yaş: "Səninlə bir sinifdə oxuyan Firudin dənizdə
boğulub ölüb!" - dedi.
Ağzımdakı
alça tamı qəfil şirinləşdi. Atamın
"Firudin bu gün dənizdə boğulub ölüb"
sözləri dəfələrlə qulağımda təkrarlandı.
Və mən o alça fəslində qəfil anladım ki,
Firudinin ölümünə əməlli-başlı sevinirəm.
Və bundan utanmıram. Özümdən belə gizlətdiyim
qisas planım isə qiyamətə qaldı. Firudin daha yoxdur.
İki
ay idi evdən həmin bu Firudini görməyim deyə
çıxmırdım. O məni həyətdə,
qızların gözü qarşısında
döymüşdü. Döyülməyim bir yana dursun,
qorxduğum üçün hələ ondan üzr belə
istəmişdim. O, hündür, sağlam oğlan idi. Sinif
qızları ancaq onu sevirdi. Mən tərəfə baxan belə
yoxdu. Hətta məktəbin gənc müəllimələri
belə, ona sevgi məktubları yazardılar. Atası ona
maşın alıb bağışlamışdı. Məktəbə
maşınla gəlirdi. Varlı ailədəndi. Həmişə
cibində pulu olardı. Sinif qızlarını restoranlara
aparıb qonaq edər, onlara yeni filmlərin ilk göstərisinə
biletlər tapardı. Yuxarı sinfin qızları ilə məktəb
zirzəmisində min bir oyundan çıxardı. Bir iki dəfə
özüm onun qaravulunu çəkmişdim. Hərəyə
bir ad qoyardı. Atam taksi sürücüsü olduğu
üçün mənə "bir manat" deyərdi. Tatar
Marata "Mumu", Əjdərin oğlu Murada yekəqulaq
olduğu üçün "Çeburaşka" deyərdi.
Onunla üç dəfə dalaşmışdım. Zalım
balası deyirdin fildir. Allah ondan heç nəyini əsirgəməmişdi.
Gücü də vardı, bəxti də, gözəlliyi də,
ağlı da. Hər dəfə də məni qanıma-qəltən
eləyib göndərirdi anamın üstünə. Məktəbin
damına çıxıb bir neçə dəfə
yuxarıdan başına daş da atmışdım.
Hamısı da yan keçmişdi. Bir dəfə onu
bıçaqlamaq istəmişdim. Tərslikdən
bıçaq kəmərinə ilişmişdi. Allah həmişə
onun tərəfindəydi. Görünür, bu günə qədər.
Sonuncu dəfə Füruzəyə görə
dalaşdıq. Hamının gözü qabağında məni
döydü. Axşam isə mənə öz şərfimlə
ayaqqabılarını sildirdi. O gündən evdən
çölə çıxmırdım. Üstümə
ağırlıq çökmüşdü. Hamıdan, ən
çox da özümdən utanırdım. Axı Firudin nəyə
görə məndən üstün idi? Axı niyə
görə o? Mən yox.
Atamın
"Firudin ölüb" xəbərindən göz görəsi
dirçəlmişdim. Bu dəyişiklik onun da gözündən
qaçmamışdı. Mənim bu qəfil dirçəlişimə
sərt baxışları ilə bir xeyli baxdıqdan sonra
atam: "Sən niyə belə sevinirsən?" -
soruşmuşdu.
İçimdəki
sevinci gizlədə bilməyib, bərkdən gülə-gülə:
"Onunla aram yox idi. Elə yaxşı olub ki,
ölüb!" - dedim.
Atam
ağzındakı tikəni udduqdan sonra ayağa qalxdı.
Dayandığı hündürlükdən kirimişcə
sevinc dolaşan gözlərimin içinə baxdı. Bir
xeyli susduqdan sonra qəfil üzümə sərt bir sillə
vurub iyrənirmiş kimi yerə tüpürdü və
zarıya-zarıya: "Mənim belə oğlum ola bilməz!"
- qışqırdı.
Heç
nə olmayıbmış kimi ayağa qalxıb alça rəngində
olan təzə pencəyimi əynimə geyindim. Həyət
qapısından çölə çıxanda əməlli-başlı
sarsıldım. Firudini bütün Bakı öz oğlu kimi
sevə-sevə köhnə qəbiristanlığa doğru
aparırdı. İlk dəfəydi onun xurmayı
saçı çiyinlərinə tökülmüş
anasını görürdüm. Gözəl qadın
imiş. Ağlamaq da ona çox yaraşırdı.
Atasının da "cinc nəsildən" olduğu görən
kimi bəlli olurdu. Firudinin ölümü belə, mənim
sağ qalmağımdan dəbli idi. Cansız bədəninin
önündə aparılan şəkli belə, məndən
yaraşıqlı idi. Görəsən, mən dənizdə
batsaydım kimlər şəklimin arxasınca gələcəkdi.
Məni kim basdıracaqdı? - deyə düşündüm.
Atamın əlikirli sürücü dostları? Beş-on nəfər
qohumum? Görəsən, mən ölsəm bu qədər
adam toplanacaqdımı? Ay toplandı ha. Çolaq ayı,
çəp keçi. Mənim kimim var ki. Füruzə də
burdaydı. Firudinlə son dəfə ona görə
dalaşmışdım. O da hönkür-hönkür
ağlayırdı. Eybi yox. Qoy nə qədər xətri istəyir
ağlasın. Firudin daha yoxdur. Mən isə burdayam. Sağam.
Varam. Sabah da olacam. Bu gün olmasa da, sabah mütləq
Füruzə onu yox, məni seçəcək.
Torpağın üzü soyuqdur. Ölüm insanı
unutdurur. Axır ki, bu savaşı mən qazandım. Hə,
necədir Firudin? Nəhayət ki, səndən üstün
ola bildim. Sən yoxsan, mən isə varam...
Sinfimizin
qızları səf tutub Firudinin arxasınca qəbiristanlığa
doğru gedirdilər. Onlar da Firudinin anası kimi
saçlarını açıb çiyinlərinə
tökmüşdülər. Diz döyüb
ağlayırdılar. Oğlanların üzündə qəribə
ağrı, mənə tanış olmayan qəribə bir
hüzn vardı. Ən yaxın dostum Kamran uzaqdan məni
görsə də yaxına gəlmirdi. O da
ağlayırdı. Birdən-birə hiss etdim ki, istəməsəm
belə, mən də kövrəlirəm. Gözüm
yaşarır. Sonra düşündüm ki, Firudin yaşamaq
üçün məndən daha yaxşı, daha
ağıllı və daha gözəl idi axı. Onun bu
dünyada yaşaması ətrafı üçün daha
maraqlı ola bilərdi. Bəs, görəsən, nədən
o yoxdur? Və nədən mən onun yerində olmaq istəyirəm?
Bu istək məndə hardan yaranıb? Mən niyə belə
düşünürəm? Axı Firudin
sağlığında mənə pislik eləməmişdi.
Həmişə mən onun yerində olmaq istəmişdim deyə,
sözümüz çəp gəlmişdi. Pulum olmayanda
Firudin cibimə pul qoymuşdu, yeməyim olmayanda mənə
yemək almışdı. Axı nəyə görə mən
həmişə onun kimi olmaq və nəhayət "O"
olmaq istəmişdim. Axı o, özündən başqa
heç kəs olmaq istəməmişdi. Mən isə həmişə
onun yatdığı qadınlarla yatmaq, onun sürdüyü
maşınları sürmək, onun həyatını onun
kimi yaşamaq istəyirdim. Onun uğurunu, gözəlliyini və
ağlını əlindən almaq istəyirdim. Axı o mənə
neynəmişdi ki, hər dəfə onunla dalaşmaq, onun
gözlərini vurub çıxarmaq istəyirdim? O zaman hələ
ağzımda alça tamı ola-ola bu hirs mənim içimdə
hardan əmələ gəlmişdi?
Söz
vaxtına çəkər. Firudunin dənizdə
boğulduğu həmin o alça fəslindən sonra daha
ağzım dad bilmir. Turş ilə şirini bir-birindən
ayıra bilmirəm. Ağzımın tamı da Firudinlə
birgə dənizdə batdı nədi? Deyilənə görə,
hər gedən səndən nəsə aparır axı.
Görəsən, nəyə görə həmin o alça
fəslində mən yox Firudin batdı? Bəlkə elə dənizdə
batmaq ağız tamını itirməkdən daha
yaxşıdır.
Orxan Fikrətoğlu
Ədəbiyyat qəzeti.- 2019.- 14
sentyabr. S. 21.