Xoca
Əhməd Yəsəvi yaradıcılığı və
Azərbaycan ədəbiyyatı
İxtisarla
Bütün türk dünyasında adı
sayğıyla çəkilən Xoca Əhməd Yəsəvi
(?-1167) böyük təsəvvüf alimi, əsərlərini
türkcə yazan, bu dildə yazıb-yaradanlara misilsiz örnək
olan şairdir.
Onun qurduğu yəsəviyyə təriqətinin
müridləri arasında azərbaycanlılar da olmuşdur.
Tədqiqatçıların "tipik bir
türk təriqəti" adlandırdıqları yəsəvilik
qısa müddətdə Ceyhun, Volqa, Xarəzm, Şərqi
Türküstan, Anadolu ilə bərabər Azərbaycana da gəlib
çıxmışdı. XIII əsrdə
türk dünyasında yayılan yəsəviliyi Azərbaycana
ilk dəfə Əfşar Babanın gətirdiyi göstərilir.
Övliya Çələbi onun Niyazabad şəhərində
türbəsi və təkyəsi olduğunu, buraya ziyarətçilərin
gəldiyini söyləyir. Əhməd Yəsəvinin
xəlifələrindən Bursa şəhərində
yaşayan Geyikli Baba da azərbaycanlı olmuşdur. Orasını da unutmaq olmaz ki, bir sıra türk
mütəsəvviflərinin, o cümlədən Əhməd
Yəsəvinin mürşidi azərbaycanlı Yusif Həmədani
olmuşdur. Tədqiqatçı M.Rıhtım
yazır: "Türküstan diyarına İslamın səsini,
təsəvvüfün nəfəsini çatdıran Yusif Həmədanidir.
Onun işığı yolunun
davamçıları tərəfindən bu günə
çatdırılmışdır. Abdullah Bərki, Həsən
Əndaki, Əhməd Yəsəvi və Əbdülxaliq
Gücdüvani onun müridləridir. Əhməd
Yəsəvi yəsəviliyin, Əbdülxaliq
Gücdüvani isə "Hacegan" yolunun, yəni nəqşbəndiliyin
qurucusu oldular".
Azərbaycan ədəbiyyatşünaslığında
Türküstan piri Xoca Əhməd Yəsəvinin
ümumtürk ədəbiyyatı qarşısındakı
xidmətləri yüksək dəyərləndirilmişdir. Görkəmli ədəbiyyatşünas
Salman Mümtaz 1926-cı ilin 26 martında "Kommunist" qəzetində
dərc etdirdiyi "Ədəbiyyatımızda Nəvai təsiri"
adlı məqaləsində yazırdı:
"Ümumtürk ədəbiyyatında dörd böyük
sima vardır ki, onların haqqında kiçik-kiçik məqalələr
deyil, böyük-böyük kitablar yazmaq lazımdır. Çünki onlar bir məhəllənin, bir şəhərin
və yaxud bir qəzanın şairi deyil, qocaman bir türk aləminin,
ucsuz-bucaqsız türk ellərinin şairi-məşhuri
olmuşlar. Bunlar qazanan adı-sanı
başqa şairlər qazanmamışlar. Təbiri
caiz isə, bunları nüfuz və qüdrətlərindən
dolayı iqlimgir, cahangir deyil, ürəklərin,
könüllərin fatehləri adlandırmalıyıq.
Çünki bu təbir daha münasib və daha
uyğundur. Füsunkar ilhamları sayəsində
hələ bizimlə yaşayan bu ulu və böyük
insanlar bundan sonra da bir neçə əsrlər
yaşayacaqlar. Tarix və ölkə etibarilə
onları böylə yan-yana qeyd etməliyik: Xoca Əhməd
Yəsəvi, Seyid İmadəddin Nəsimi, Mir Əlişir Nəvai,
Molla Məhəmməd Bağır Füzuli. Zənni-acizanəmə
görə, türkdilli bir oymaq, bir ulus tapılmaz ki, bu
dörd böyük dahini tanımaya və şeirlərini də
bilməmiş ola. Qərbdə Omirus
(Homer), Şekspir və Molyer məşhur olduğu kimi, Şərqdə
də bunlar eləcə məruf və məşhurdurlar".
Görkəmli türk alimi Fuad
Köprülü ilk dəfə 1926-cı ildə Bakıda nəşr
edilən "Azəri ədəbiyyatına aid tədqiqlər"
adlı kitabında türkdilli Azərbaycan ədəbiyyatında
Şah İsmayıl Xətai və başqalarının əsərlərində
şeirlə dini-təsəvvüf fikirlərinin yayılması
ənənəsinin Xoca Əhməd Yəsəvidən gəldiyini
bildirərək yazır: "Böyük bir dini taifə-sekte-nin
ruhani və asimani rəisi olmaq məlabəsəsilə onun
şeirlərində sənət qayəsindən ziyadə məzhəbini
təlqin və təmin qayəsi gözətilmiş, yəni
əski türk sufilərinin Xoca Əhməd Yəsəvidən
bəri təqib etdikləri ənənəyə itba
olunmuşdur. Yenə bu ənənəyə itbaəndir ki, Xətai
məxləsi qullanan Şah İsmayıl Səfəvi əcəm
əruzilə yazdığı əsərlərindən
başqa, Azəri sahəsində və türkman tayfaları
arasında pək qüvvətli bulunan xalq ədəbiyyatını
və Yunus kimi əski xalq sufilərini təqlidən barmaq
hesabilə də qoşma şəklində ilahilər
yazmışdır". Göründüyü
kimi, F.Köprülü Xətainin heca vəznində şeir
yazdığını da Yəsəvidən gələn ənənənin
davamı hesab etmişdir.
"Yəsəvi
və yəsəvilik Azərbaycanda" adlı məqaləsində
Yəsəvini Azərbaycan klassik şairlərindən Nizami Gəncəvi,
Fəzlullah Nəimi, İmadəddin Nəsimi, Məhəmməd
Füzuli, Molla Vəli Vidadi, Əbülqasım Nəbati, Mirzə
Şəfi Vazeh və başqaları ilə müqayisə edən
Əziz Mirəhmədov haqlı olaraq belə hesab edir ki,
onları birləşdirən ilahi eşq konsepsiyası
olmuşdur. Alim Nizami yaradıcılığı ilə yəsəvilik
arasındakı ortaq nöqtələr barədə yazır:
"Nizami ilə yəsəvilik arasındakı fikri qohumluq və
səsləşmələr məhəbbət fəlsəfəsində,
halal loğma etiqadında, elmə və alimə ehtiramda, habelə
hər iki sənətkarın tez-tez müraciət etdiyi
"Quran" ehkamında, dini, mifoloji, folklor surətləri və
ifadələrində nəzərə çarpır".
Əlbəttə
ki, Xoca Əhməd Yəsəvinin bədii, poetik
yaradıcılığının ən böyük əhəmiyyəti
onun fikirlərini geniş xalq kütlələrinin
anladığı dildə yazmasından, islam, təsəvvüf
ehkamlarını, yəsəviliyi qısa müddətdə
geniş coğrafiyada - Orta Asiya, Volqaboyu, Azərbaycan və
Anadoluda yaya bilməsindən ibarətdir.
Araşdırıcılar göstərmişlər ki,
türkdilli əhali arasında islamı və təsəvvüfü
ən çox yayan ilahi eşqdən güc alan
türk mütəsəvvifləri, dərvişlər
olmuşlar. Şeirdə Yəsəvi ənənələrini
ən çox davam etdirənlər də türkdilli mütəsəvviflər,
şairlər olmuşlar. Əhməd Yəsəvinin
şeirləri ilə türkdilli şeirin digər
böyük ustadı İmadəddin Nəsimi (1369-1417)
yaradıcılığı arasında bir neçə
istiqamətdə müqayisələr aparmaq olar. Yəsəvi daha erkən mərhələdə
şeirlə yazdığı hikmətlərində sadə
türk dilində dini, sufiyanə, fəlsəfi fikirləri
ifadə etmək örnəyini vermişdir. Ərəb
və fars dillərini mükəmməl
bilən Xoca Əhməd hikmətlərindən birində
öz şeirlərini türkcə yazdığına görə
fəxr etdiyini bildirir:
Miskin, zəif
Xoca Əhməd, yeti peştinga rəhmət,
Farsi tilni biliban xub itadur türkini.
Çevirməsi:
Miskin, zəif
Xoca Əhməd, yeddi cəddinə rəhmət,
Fars dilini bilsə də, türkidə gözəl
danışır.
Türkdilli poeziyada bu ənənəni davam etdirən ən
böyük sənətkarlardan biri İmadəddin Nəsimidir. O, bütün türk
şeirində fəlsəfi poeziyanı yüksək zirvəyə
qaldıran, divan ədəbiyyatının inkişafında
müstəsna xidmətləri olan dahi sənətkardır. Dilimizin şeir-qəzəl və dini-fəlsəfi
üslublarının tam formalaşmasında onun rolu həlledici
olmuşdur. Şairin dini-fəlsəfi
şeirlərinin əsas fərqləndirici üslubi
xüsusiyyətləri xitabların, nidaların,
çağırışların çoxluğundan ibarətdir.
Bu cür şeirlərində Nəsimi əqidəsi
uğrunda qorxmaz, fədakar bir mübariz kimi gözlərimiz
önündə canlanır. Fikirlərini
geniş xalq kütlələri arasında yaymaq istəyən
Nəsimi həmişə dövrünün canlı xalq
danışıq dilindən bəhrələnmiş,
şeirlərini sadə türkcə yazmağa
çalışmışdır.
Fuad
Köprülü "Türk ədəbiyyatında ilk
mütəsəvviflər" əsərində XV əsrdən
sonrakı dövrdə batini təriqətlərə mənsub
olan sənətkarların, o cümlədən
qızılbaş şairlərinin
yaradıcılığının özəl xüsusiyyətlərini
şərh edərkən yazır: "Müxtəlif zamanlara
aid dərvişlərin nəfəsləri heca vəzniylə
və tamamilə Yunus ədasından alınmış - hətta
daha şux, daha kinayəli, daha zərif tərzdə
yazılmışdır. Bu şairlərin zaman və yeri,
fikir və etiqadları haqqında açıq və qəti
fikirlər irəli sürmək imkansızdır - deyə bilərik,
çünki bunlardan bir qismi - məsələn, Xətai, Qul
Himmət, Rümuzi, Vəli Baba və bir çox
başqaları hürufilik və Fəzlullah Astrabadinin
üluhiyyətini qəbul etmiş olduqları kimi, bəktaşiliklə
əlaqəsi olmaqla bərabər, ondan ayrı olan
qızılbaş zümrələrinə aid bir sıra
şairlər də bunların arasına
qarışmışdır, bunun kimi qələndərilər
və heydərilərdən də bunların arasına
qarışmış şairlər vardır. Bu
halda bəktaşi şeirindən və bəktaşi
şairlərindən söz edərkən, eyni zamanda
qızılbaş, qələndəri, heydəri, hürufi
şeirlərinin milli vəzn ilə yazılanlarından və
Yunusin onlar üzərindəki təsirindən də söz
etmiş oluruq". Heca vəznli
türkdilli şeirin inkişafında adları çəkilən
türk təriqətlərinin rolu, bu təriqətlərin əlaqəsi
barədə deyilənlər tamamilə doğrudur. Sırf türk milli təsəvvüf təriqətlərinin
yaranmasında, heca vəznində, sadə dillə əsərlər
yazılması məsələsində Əhməd Yəsəvinin
fəaliyyəti daha əvvəlki dövrə aiddir.
Sırf türk təriqəti olan
qızılbaşlığın mürşidi, Səfəvilər
dövlətinin yaradıcısı Şah İsmayıl Xətai
(1487-1524) Xoca Əhməd Yəsəvinin, adları çəkilən
təriqət nümayəndələrinin, şairlərin ənənələrini
davam etdirərək Azərbaycan türkcəsinin
inkişafı, bu dildə yazılan əsərlərin, o
cümlədən, heca vəznli şeirlərin sayının
artması üçün böyük işlər
gördü, özü də sadə ana dilində şeirlər
yazdı. Bu dövrdə Azərbaycanda və
Anadoluda geniş xalq kütlələrinin anlayacağı dildə,
heca vəznində şeirlər yazan ozanların haqq aşiqlərinə
çevrildiyini, "aşıq" sözünün mütəsəvvif-şair
anlamında işlədildiyini görürük. XVI əsrdən Azərbaycan ədəbiyyatında səfəvilik,
qızılbaşlıq ideyalarını təbliğ edən
poeziyanın mövcudluğundan danışa bilərik. Bu poeziya istər klassik, istərsə də
şifahi ədəbiyyata məxsus şeir şəkillərindən
istifadə etmişdir. Həmin dövrdə
qızılbaş ideyaları elə geniş yayılmışdı
ki, hətta Azərbaycan türkcəsi mənasında
"qızılbaşca" sözü də işlədilirdi.
Professor Turxan Gəncəyi yazır:
"Qızılbaşca" Səfəvi dövründəki
türkcəni göstərmək üçün işlədilən
bir istilah idi və bu sülalənin süqutundan sonra siyasi və
məzhəbi çalara malik olduğundan aradan qalxdı".
Səfəvi-qızılbaş təriqətinin
ilk təbliğatçısı bu təriqətin banisi
Şah İsmayılın ulu babası Şeyx Səfiəddin
Ərdəbili (1252-1334) olmuşdur. Lakin Səfəvi
ideyalarını təbliğ edən türkdilli
qızılbaş şeiri məhz Xətaidən sonra
fopmalaşır və özünün
ardıcıllarını tapır. Səfəvilik
ideyalarını, şiəliyi təbliğ edən,
döyüşə gedən qızılbaş əsgərlərini
"igid yektalar", düşməni "Yəzid",
"Şimri-Mərvan" adlandıran Xətai
qızılbaş ədəbiyyatının klassik nümunələrini
yaratmışdır. Nəsiminin şeirlərindəki
üsyankar, mübariz ruh Xətaiyə keçərək
siyasi məna da kəsb etmişdir. Şeirlərindən
birində şair öz siyasi məqsədlərini,
Şirvanla, Şimali Azərbaycanla Təbrizi - Güney Azərbaycanı
birləşdirmək, türklüyü bütün Yaxın
və Orta Şərqdə hegemon qüvvəyə çevirmək
istəyini bildirir, özünün və rəhbərlik
etdiyi qızılbaş ordusunun iştirakı ilə baş
verəcək hadisələri qiyamətə bənzədir:
Şirvan
xəlayiqi qamu Təbrizə daşına,
Mülki-Əcəm sorar ki, qiyamət xaçan qopar?
Yetdükcə
tükənir ərəbin kuyi, məskəni,
Bağdad
içində hər necə kim türkman
qopar.
Xətainin qızılbaşlığı təbliğ
edən 11 hecalı şeirləri mənbələrdə bəktaşilərdə
olduğu kimi nəfəs adlanır. Qızılbaş
müridləri içərisindən çıxmış
xalq şairləri, aşıqlar tərəfindən müxtəlif
məclislərdə ifa olunan bu şeirlər Azərbaycanda,
Anadoluda, İraqda geniş yayılmışdı. Anadoluda yaşayıb qızılbaş ədəbiyyatını
inkişaf etdirən şairlərdən Qul Hümmət,
Rümuzi, Vəli Baba, xüsusilə də Pir Sultan Abdalı
göstərmək olar. Şah
İsmayıldan sonra Azərbaycan ədəbiyyatında Məhəmməd
Əmani, Mürtəzaqulu xan Zəfər, Dirili Qurbani, Məlik
bəy Avcı və başqaları qızılbaş
şeiri ənənələrini davam etdirmişlər. Heca vəznində, xalq şeiri janrlarında yazan
Qurbani Şah İsmayıla, Məhəmməd Əmani, Qəribi
I Şah Təhmasibə, Məsihi I Şah Abbasa şeirlərində
"mürşidi-kamilim" deyə müraciət etmişlər.
Göründüyü kimi, Xoca Əhməd Yəsəvidən
gələn təsəvvüfi fikirlərin sadə türk
dilində, o cümlədən heca vəznli şeirlərdə
təbliği ənənəsi Səfəvilər
dövrü Azərbaycan ədəbiyyatında da davam
etdirilmişdir.
Əhməd Yəsəvi əsərləri ilə əhali
arasında islami dəyərləri, təsəvvüfü, təriqətini
təbliğ edir, bunu hikmətləri ilə, didaktik bir formada
həyata keçirirdi, islamın əsaslarını, gözəl
əxlaqı, təsəvvüfün ədəb və ərkanını
sadə bir dillə öyrədirdi. Onun hikmət
adlandırılan, əsasən heca vəznində
yazılmış mənzum dördlükləri dərvişlər
vasitəsilə uzaq türk ellərinə
çatdırılırdı. Bu ənənəni
davam etdirən İmadəddin Nəsiminin
yaradıcılığında da didaktik şeirlər
dünyəvi, irfani, hürufi, ələvi-şiə
inancını təbliğ edən əsərlərlə bərabər
mühüm yer tutur. Səfəvilər
dövrü Azərbaycan ədəbiyyatının Füzuli,
Əmani, Məsihi, Qövsi və başqa nümayəndələri
də didaktik mövzulu şeirlər yazmışlar.
Xoca Əhməd Yəsəvi dilinin sadəliyi ilə
seçilən şeirlərinə bəzən
"Quran"dan, hədislərdən ərəbcə ayə
və hissələri salmışdır ki, bu da onun
yaradıcılıq üslubunun səciyyəvi xüsusiyyətlərindən
biri hesab edilməlidir. Bu baxımdan onun ənənəsini ən çox davam
etdirən Nəsimidir:
Ey
üzün şənində münzəl ayəti-Allah nur,
Ləblərin
həqqinə gəldi nükteyi-maən təhur...
Zahida, gəl
zöhdü məbud etmə, olma bütpərəst,
Həqpərəst
ol, Həqqi tanı Həqq minallahül-qəyur...
Ey Nəsimi,
surü ecazi - Məsihadır sözün,
İstimaindən
nola heyy olalar min-fi-qübur.
Yazdı
alnında Xuda "inna fətəhna" surəsin,
"Qaf vəl-Quran" üzündür, sidreyi-ə'la
imiş.
İlahi eşq Yəsəvinin həm təlimində, həm
də yaradıcılığında təbliğ etdiyi ən
vacib məsələlərdəndir. Ona görə əsl müsəlmanın,
təsəvvüf əhlinin ən fərqli, seçilən səciyyəvi
xüsusiyyəti onun Haqq aşiqi olmasından ibarətdir:
On səkiz
min aləmdə heyran bolğan aşiqlar,
Tabmay məşuq çırağın sərsan
bolğan aşiqlar.
Hər dəm
başı örgülüb, közi xəlqə tilmirüb,
"Hu, hu!" deyü cörkülüb giryan bolğan
aşiqlar.
Çevirməsi:
On səkkiz
min aləmin heyranı olan aşiqlər,
Məşuq
çırağından (nurundan)
sərsəm olan aşiqlər.
Hər dəm
başı dönərək, başı xalqa çevirib,
"Hu, hu!" deyə qıvrılıb giryan olan
aşiqlər.
Gerçək
aşiq eşqi yolunda bütün fədakarlıqlara hazır
olmalıdır:
Eşqi
tinsə köydür köysi canü təni,
Eşqi tinsə viran qılur maü məni.
Eşq
bolmasa tanıb bulmas Mövlam səni,
Hər nə qılsan aşiq qılğıl, Pərvərdigar.
Çevirməsi:
Eşq
deyincə yaxar can ilə bədəni,
Eşq deyincə viran edər hər şeyi və məni.
Eşq
olmasa axtarıb tapmaz Mövlam səni,
Hər nə
etsən, aşiq et (məni), Pərvərdigar.
Yəsəvidən
400 il sonra yaşamış Məhəmməd
Füzulinin "Leyli və Məcnun" məsnəvisində
Məcnunun dili ilə dediyi sözlər bu şeirlə səsləşməkdədir:
Ya Rəb,
bəlayi-eşq ilə qıl aşina məni,
Bir dəm bəlayi-eşqdən etmə cüda məni.
İlahi
eşq Nəsimi poeziyasının da ən önəmli məqamlarındandır:
Sevdan ilə
məst olmuşam,
həm
içmişəm qəmdən müdam,
Məsti-ələstin
camiyəm,
niçün ki, tüğyan gəlmişəm.
Yəsəvi
şeirlərində Bəyazid Bəstami, Əbubəkr
Şibli kimi təsəvvüf uluları ilə bərabər
Həllac Mənsurun adını da çəkir, onun
"Ənəlhəqq" kəlamını yad edir ki, bu məsələdə
onun hikmətləri daha çox Nəsimi şeirləri ilə
səsləşməkdədir.
Yəsəviyə görə, əsl müsəlman,
Haqq aşiqi, təsəvvüf əhli nəfsindən,
dünyəvi istəklərdən imtina etməyi
bacarmalıdır. O, Haqqı tanımanın yolunun özünü
tanımaqdan keçdiyini, nəfs əngəlini aşaraq
Haqqa qovuşmağın mümkün olduğunu söyləyir:
Kul Xoca
Əhməd nəfs tağıdın çıkıb aştı,
Yürek bağrı cuş uruban kaynap taştı.
Çevirməsi:
Qul Xoca
Əhməd nəfs dağını aşıb keçdi,
Ürəyi, bağrı cuşa gəlib, qaynayıb
daşdı.
Nəsimi də şeirlərində göstərir ki,
insan nəfsinə, dünya malına aldanmamalıdır, bu
"tozlu cahana" əsir olanlar korlardır. Yeganə dəyər, fəqiri
hökmdara çevirən ilahi eşqdir:
Eşqin
yolunda üzünü xak eyləyən fəqir,
Adı cahanda xosrovi-sahibsərirdir.
Dünyada
mülkə, malə sən aldanma, ey məlik
Kim, dünyanın mətai bəğayət həqirdir.
Tozlu cəhanə
silkin ətak kim, nəiminə,
Hər
bibəsər kim, oldu müqəyyəd, əsirdir.
Böyük türk mütəsəvvifi Xoca Əhməd
Yəsəvinin yaratdığı təriqət və əsərləri
bir çox Orta Asiya, Volqaboyu, Anadolu və digər türk ellərində
olduğu kimi Azərbaycanda da yayılmışdı. Yəsəviyyə
təriqətinin müridləri arasında azərbaycanlılar
da olmuşdur. XIII əsrdə türk
dünyasına yayılan yəsəviliyi Azərbaycana ilk dəfə
Əfşar Babanın gətirdiyi göstərilir. Yəsəvinin xəlifələrindən Bursa şəhərində
yaşayan Geyikli Baba da azərbaycanlı olmuşdur. Orasını da unutmaq olmaz ki, Türküstanın
bir sıra mütəsəvviflərinin, o cümlədən
Xoca Əhməd Yəsəvinin də mürşidi azərbaycanlı
Yusif Həmədani olmuşdur. Görkəmli
Azərbaycan ədəbiyyatşünasları Yəsəvinin
ümumtürk ədəbiyyatının
inkişafındakı xidmətlərini yüksək dəyərləndirmişlər.
Xoca Əhmədin ədəbi irsini Nizami Gəncəvi, Fəzlullah
Nəimi, İmadəddin Nəsimi, Məhəmməd
Füzuli, Molla Vəli Vidadi, Əbülqasım Nəbati, Mirzə
Şəfi Vazeh və başqalarının
yaradıcılığı ilə müqayisə etmişlər.
Yəsəvi yaradıcılığının ən
böyük əhəmiyyəti onun şeirlərini geniş
xalq kütlələrinin anladığı dildə, əsasən
heca vəznində yazmasıdır. Digər türk təsəvvüf
təriqətlərinin nümayəndələri - bəktaşilər,
ələvilər, nəqşbəndilər, hürufilər,
qızılbaşlar bu ənənəni davam etdirərək əsərlərini
sadə türk dilində, əsasən heca vəznində
yazmışlar. Buna örnək olaraq
qızılbaş şairlərindən Xətai, Əmani, Zəfər,
Məsihi, Məlik bəy Avcı və başqalarının əsərlərini
göstərmək olar.
Xoca Əhməd Yəsəvinin "Divani-hikmət"inə
daxil olan şeirlər üçün ilahi eşqin tərənnümü,
nəfsdən, dünyəvi həvəslərdən imtina etməyə
çağırış, "Quran" və hədislərdən
iqtibaslardan istifadə səciyyəvi cəhətlərdir. İmadəddin
Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd
Füzuli və başqa Azərbaycan şairləri
yaradıcılıqlarında bu ənənəni davam
etdirmişlər.
Paşa ƏLİOĞLU
Ədəbiyyat qəzeti.- 2019.- 14 sentyabr. S. 24.