"Mən"
olmağımın tarixçəsi... - parçalar
Universitetdə
oxuyanda
(1968-1973)
Dedim ki, məktəbdə
antitənbəki ruhunda yazdığım bir hekayə
üzündən 1968-ci ildə Azərbaycan Dövlət
Universitetinin filologiya fakültəsində oxumağa
başladım (onu da deyim ki, o çağ heç
ağlıma da gəlməzdi ki, haçansa dünyada antitənbəki
projesi ilə böyük pullar qazanan qurumlar olacaq). Atam nə içki içən idi, nə siqaret
çəkən. Güman ki, onun
"antisiqaret" pafosu məni bu hekayəni yazmağa itələmişdi,
hərçənd bu pafos sonralar siqaret çəkməkdən
məni çəkindirmədi. Deyəmmərəm ki,
atamda uzaqdan yazıçı "iyini" bilmək duyğunluğu (həssaslığı)
vardı. Bəlkə mənim cümlə qurmağım onda
inam yaratmışdı ki, "yaxşı yazıçı
ola bilər"?
İndi xeyli adam Facebookda, ya Tvitterdə
cümlə qurmağı öyrənib. O çağlar isə
çox Azərbaycan adamının yazıda
"yaxşı" cümlə qurmaq problemi vardı və
bu fonda qabağa çıxmaq çətin
deyildi.
Ancaq indi də bir nəsnədən heç cürə
baş çıxara bilmirəm. "İntellektual gənc
necə olmalıdır" standartları baxımından
Batı, rus seçilmişlərindən (vunderkindlərindən?)
bu qədər geri qalan mən haradan və kimlərdən gələn
etgilər altında universitetin elə ilk ilindəncə
normativ Azərbaycan ədəbi dilinə müxalif olmağa
başladım?
Rus
modernistlərinin, formalistlərinin yazdıqlarından xəbərsiz
olan mən, - Velimir Xlebnikovın dil-söz
"hoqqalarının" estetikasını görsəydim
belə, qanmayacaq səviyyədə olan mən, nədən
Mirzə İbrahimovun, Əli Vəliyevin dillərindən
darıxırdım? Niyə ədəbiyyatşünaslıq
məqalələrinin səliqəli söyləmləri mənə
o qədər bozumtul görünürdü ki, onları
yamsılaya-yamsılaya cümlə qurmaq və savadlı
görünmək məni çəkmədi? Niyə yazıda və nitqdə normativ ədəbi
dilin acığına danışıq dilinin ritminə,
avazına üstünlük verdim? Vallahi, bilmirəm! Elə o vaxtdan, necə oldu ki, - necə olduğunu da
bilmirəm, - məndə ərəb-fars sözlərini
hansısa intonativ-fonetik göstəricilərə görə
tanımaq sezgisi yarandı? Hərçənd, bu
intuisiya hərdən məni aldadırdı da. Bax, o çağlar məndə ərəbcədən
gələn "və" bağlayıcısına nevroz
yarandı (nevroz nəyəsə toxunmaqdan eymənməkdir,
axı). Özəlliklə,
üç-dörd həmcins üzvlərdə
axırıncıdan qabaq "və" yazmaq məni elə
çiyrəndirdi ki, indiyənəcən də o normativ
qaydaya əməl etmirəm. O qədər əməl
etmirəm ki, bu yaxınlarda bir məsələdə
özüm-özümə çaş qaldım. Demə, rus dilində yazdıqlarımda da mən həmcins
üzvlər arasında "i", yəni "və"
qoymuram.
Bu ərəb-fars sözlərini həzm etməmək mənə
haradan gəlirdi? Axı, uşaqlıqda radiodan hamamdakı əks-səda
kimi gələn fars şeirləri mənə
dadlı görünürdü. Bəlkə
Ağdamdakı muğamatdan, aran istisindən, gözəl
qızlarsız küçələrdən narazılıq
içimdə bir-birinə sarmaşıb Şərqi sevməmək
üçün əsaslar formalaşdırmışdı?!
Sözsüz, istiyə görə
Ağdamın, ya Doğunun suçu yox idi, sadəcə, insan
psixolojisi elədir ki, kondisioner olmayanda istidə şəhərə,
ölkəyə qəzəbli olur. Ona görə də
görün, kondisioner nə qədər ölkəni xeyli
qarğışdan qurtarır!
Güman ki, muğam və segahın Ağdamda hər
yerdən gəlməsi də, yəni hegemonluğu,
totallığı da məni bezdirmişdi. Dünya
çoxsəsli olanda hansı musiqinisə sevməmək əqidədən,
estetik dadbilimindən (zövqdən) asılı olur. Biri estradanı seçir, biri Klassik musiqini
seçdiyi üçün estetik dadbilimi cazı qəbul
etmir. Beləcə, plüralizmdə,
çoxrəngli musiqi dünyasında seçim
azadlığı yaranır. Seçmək varsa, bəyənib
bəyənməməyin üçün geniş
ölçü də var. Dünya bir musiqili olanda isə
sanki deyirlər, xiyardır, yeyirsən ye, yemirsən yemə! Belə dünyada bir musiqililikdən bezənlər
bütünlükdə musiqidən bezmiş kimi
görünürlər. Dünya təkyeməkli
menyüdə olanda əvvəl-axır yemək çiyrəndirir,
axı! Muğamata sevgisizliyimin nədəni bəlkə
bu idi?!
Qızlar...
Gözəl, yaraşıqlı-yapışıqlı və
türlü geyimli qızlar küçələrin, iş
yerlərinin dizaynında iştirak edirlər. Onlar şəhər
və ofis məkanlarında ora-bura taxılmış gül dəstələrinə,
naxışlara bənzəyirlər.
Şəhərin estetikasından "bu bəzəklər"
çıxarılanda adamlar belə şəhərdə bir
çox həzz, hedonistik nöqtələri, stimulları
itirib üzücü vizual "susqunluğa"
düşürlər. Bundan
yaşamaları baş girləməyə çevrildiyindən
yoxsullaşmış psixoloji ilə evdə-eşikdə
dolaşırlar. Çox vaxt onlar heç
bilmirlər də ki, düşdükləri rəngsiz-rüngsüz
mənəvi durumun baisi estetik qıcıqlarını
itirmiş küçələrdir. İnsanı
səssiz-küysüz otağa sal qapat, 3-4 gün qalandan sonra
psixikası pozulacaq. Çünki o elə
"qurulub" ki, aramsız olmasa da, punktirli təkrarlarla
dişarıdan siqnallar almalıdır. Bax,
bu anlamda şəhərin estetik siqnallarını azaltmaq
üzücü susqunluq kimi psixikaları korlayır.
Ancaq bunları söyləməklə mən gözəl
qadını mədəniyyət üçün təkəlçi-hegemon,
total ideya kimi arzulamıram. Lao-szı deyərdi
ki, Yaman olanda Yaxşı da olur, çirkinlik olanda gözəllik
də olur. Bütün insanlar gözəl
olsa idi, dünya biabırçı olardı. Ən azı ona görə ki, gözəl insan
ideyası itmiş olardı. Biz nəyisə
fərqlərdə bilirik - yeriyəndə təmiz
şüşədən qapıya başımızın dəyməməsi
üçün ona zolaqlar vururlər ki, fərqlərdən
şüşəni görək.
Gözəlliyin bütə çevrildiyi uyqar ölkələrdə
biz nəyi görürük? Sanki onun sevilməsi
üzündən gözəl olmayanların yarışda
şansları qalmır. Ancaq o biri yandan, mədəniyyət
gözəl qızların tam və danılmaz qələbəsini
durduran, onların uğurlarını çərçvəyə
salan rejim yaradır. Gözəl olmayan qız, əla
aktrisalığı ilə istedadsız gözəlçələrdən
yuxarı qalxır və ya İnsan Haqları gözəllərlə
gözəl olmayanlar arasında ayrı-seçkilik
salmağı xeyli azaldır. Mənim gəncliyimdə
Sovet uçaqlarında stüardessalar hamısı
yaraşıqlı, qəşəng bədənli qadınlar
idi. Bu gün stüardessa sənətində
gözəllərin monopoliyası qadın haqları
üzündən öldürücü zərbə alıb.
Aydın görünür ki, Lüfthanza,
Britiş hava yolları uçaqlarında stüardessaların
seçimindən gözəllik ölçüsü
birinciliyini itirib. Beləcə,
çağdaş dünyada gözəl olmayan
qadınların estetikliyə qarşı qiyamı qələbə
ilə qurtarıb.
(Aya, mənim yerimə qız olsaydı, Azərbaycan
bölgələrində gender balansının pozulması və
bu pozuntuda oğlanların qələbəsinin fəsadlarını
necə açardı? Çox maraqlı olardı onun
düşüncələri. Ancaq bəlkə də bu
düşüncələr mənim dediklərimin xeyli
simmetrik təkrarı olardı, çünki kişisəl
qavrayış qadınlar dünyasına da xeyli sirayət
edir, yəni xeyli hallarda qadınlar dünyaya kişi
gözü ilə baxırlar. Nə bilim,
qadınsal qavrayışın özəlliyini anlamaq mənə
xeyli zordur. Froydun Edip kompleksinin
bütün uğurları, sanki deyirdi ki, Elektra kompleksini onun
simmetrik tərsi etsə, eyni uğurlar alacaq. Ancaq bu güman özünü doğrultmadı.
Froydda qadın psixoanalizi xeyli zəifdir).
Ağdamda mənim uşaq psixolojim indicə yaşlı
adamın ağlı ilə tapıb anlatdığım bu məqamları
bilməsə də, nəsə şüursuz, bilincsiz sezgi ilə
bəlkə də onları duyurdu və bu üzdən
Doğuya sevgisizlikdə bulunurdu. Elədirsə, bəlkə
bu sevgisizlik acığa çevriləndə
açığını ərəb-fars sözlərindən
alırdı?!
***
Məktəbdə mənim üçün
düşüncə yarışı və ortamı yox idi. Dostum Vaqif
İbrahimoğlunun mənimlə bağlı bir zarafatı
vardı. Hansısa rus pyesində (deyəsən,
"Qağayı"da) qadın əri haqqında deyir ki, o həmişə
düşünür. Sübut etmək üçün
ərinə əmr edir: düşünmə! Əri cəhd
edirmiş kimi gücənib üz-gözünü
qırışdırır və suçlu-suçlu
gülümsəyir: ...bacaramıram!
Bunu Vaqif
mənimlə bağlı zarafata çevirirdi: Niyazi də
düşünməyi dayandıra bilmir. Mənimlə
bağlı Vaqifin bu stereotipindən belə çıxır
ki, uşaqlıqdan əsas məşğuliyyətim fikirləşmək
olub. Halbuki, belə olmayıb, ancaq
yuxarıda söylədiyim kimi, bəli, şirin xəyalların
xəstəsi olmuşam. Universitetdə isə
nüvəsində Kamal Abdulla, Rəhim Əliyevdən, Eldar
Eyvazovdan, bəndənizdən ibarət intellektual mühitə
oxşar bir çevrə yarandı. Deyəmmərəm
ki, bizimlə oxuyanların gözü qarşısında mən,
Eldar (Eyvazov), Kamal, Rəhim, İkram ayrıca, elit bir özək
kimi görünürdü. Ancaq mənim iç
qavrayışımda bu çevrə bizimlə oxuyanların
böyük çevrəsində balaca dairə əmələ
gətirirdi. Onlar da bəlkə zorla sezilən
cızıqla bu dairəni qəbul edirdilər, amma bəlkə
də etmirdilər. Hər halda yemək-içməyə
bir yerdə getməyimiz bu dairəni onlara göstərməliydi.
Bizim qrupda Osman adında bizdən bir az
yaşlı oğlan vardı, sonralar Borçalıda
tanınmış folklor bilicisi oldu, bəs o niyə bu dairədə
deyildi? Bilmirəm.
Bir dərsdə Kamal yunan tanrılarının
adlarını oynadıb cavabını
ağıllandıranda ilk dəfə özümdə
eruditliyə, çoxbilmişliyə paxıllığa
yaxınlaşan qibtə duydum. Düzü, bu mənə həməncə
Antik mif və fəlsəfəni öyrənmək stimulu vermədi,
ancaq hər halda bunun səsi sonralar çıxdı - əski
yunan mifolojisi və fəlsəfəsi illər sonra noetik ləzzət
(Aristotelin terminidir, ağlın sayəsində alınan ləzzəti
bildirir) aldığım həzz oldu və bunda Kamalın etgisi yox deyildi. O çağlar
Kamalın bilik bazası hamımızdan üstün olduğu
üçün, - bunu onun bioqrafik povestindən görmək
olar, - asanca
gənc intellektual kimi parlayırdı. Universitetdə onun iki nəhəng
arxası vardı, - Ağamusa Axundov, Yəhya Məmmədov. Kamal ikisinin də xanımlarının çox istəkli
qardaşı idi (sonralar hələ də uğurlu, ya
uğursuz olduğunu bilmədiyim "Altay və Umay"
romanımda Altayın xarakterinə iki bacının ərköyün
qardaşının cizgilərini Kamaldan alıb vurdum, o biri
cizgilərsə Şahbaz Xuduoğludan gəlirdi).
Bunu illər
sonra gördüm: yeznələr yaşlı olsalar da, Kamal
onlarla da ərköyün idi, bircə atasından çəkinirdi,
ağ və gur saçlı, ciddi,
çox yaraşıqlı üzlü Mehdi müəllimdən.
Ancaq universitetdə Kamalın dilçilər və fiziklər
arasında bu iki nüfuzlu adam ilə
qohumluğu heç cürə sezilmirdi. Heç kim qeybət qırmazdı ki, qohumlarına
görə Kamala üzgörənlik var. Ona görə də biz bir-birimizə
sataşanda və bir-birimizi dolayanda fonda professor Ağamusa
Axundov və professor Yəhya Məmmədov zəhmi, çəkisi
bulunmazdı. Hərçənd Ağamusa
müəllim filfakda əfsanəvi personaj idi, gənc elmlər
doktoru, Xarici Dillər Universitetində təzədən oxuyub
ingilis dilini öyrənmiş istedad, hansısa ərəb
ölkəsində dərs demiş "əfsanə".
Sonralar hər ikisinin mənimlə isti münasibətini
gördüm: ikisinin də salam-kəlamından, söhbətindən
duyurdum ki, məni Kamalın yaxın dostu kimi seçirlər.
Yəqin, Kamal evdə mənim haqqımda gərəkən
yaxşı sözlər demişdi.
Kamalın
bilikli, istedadlı olduğunu bilməmək mümkün
deyildi, ancaq dedim ki, biz elə də elmi söhbətlər
etmirdik. Nədənsə, Azərbaycan gəncliyi,
indi bilmirəm, o çağlar söhbət qurdunu
lağlağı ilə, bir-birini dolamaqla
öldürürdü. Bir az
düşüncə ortamı Güneydən gəlmiş
Firuz Sadıqzadənin yaratdığı ədəbi-bədii
dərnəkdə olardı. Burada Kamalın
oxuduğu şeirləri xoşuma gəlirdi. 7-8-ci sinifdə Səməd Vurğun məndə
poeziyaya sevgi yaratmışdı. Sonralar elə
Səməd Vurğunsayağı şeirlər də məndə
bu sevgini öldürdüyündən uzun sürə poeziyaya
biganə qalmışdım. Bax, bu xasiyyətimdə
bilmirəm nədənsə, Kamalın şeirlərindən
ekstaza düşməsəm də, xoşlanırdım.
İndiyənəcən də mənim poeziya ilə problemim
var, çox az şeirdən təsirlənirəm.
Kamalın şeirləri isə həmişə
təsir edir. İnanmıram ki, dostluğumuz
üzgörənlik yaratsın... "Üzgörənlik"
- bu nə sözdür? Sonra
araşdırmaq yaxşı olar.
Davamı gələn sayımızda
Niyazi
MEHDİ
Ədəbiyyat qəzeti.- 2019.- 14 sentyabr. S. 26.