Bir
taleyin portreti
Şeir
kitabları və dövri mətbuatda ardıcıl nəşr
olunan əsərləri ilə ədəbi ictimaiyyətin yetərincə
tanıdığı Arzu Nehrəmlinin şeirlərinin və
miniatür hekayələrinin əksəriyyəti haqqında
fikir söyləmək, müzakirə açmaq, orada
“müsbət-mənfi” cəhətlər axtarmaq xeyli çətindir.
Çünki Arzu xanımın yazdıqları
söz olmaqdan daha çox yaşanılmış və
yaşanılan ömür yolunun, sərt taleyin portretidir, bu
taleyi yazan gözəgörünməz qüvvə ilə
dialoqdur. Söz, şeir, ədəbiyyat ya
o dialoqdan sonra, ya da o dialoqla bir yerdə gəlir. Ona görə də A.Nehərmilinin yazıları
barədə mülahizə yürütmək tale ilə
insanın ünsiyyətinə müdaxilə etmək kimidir.
Onu da qeyd
etməyi zəruri sayıram ki, ixtisasca tarixçi olan A.Nehrəmlinin
yazıları peşəkar ədəbi təcrübədən
və zəngin mütaliədən daha çox fitri istedaddan
gəlir və fərdi yaşantıların
yaratdığı “yığılmış enerjinin”
reallaşması kimi maraq doğurur...
Tale və insan qarşıdurması fəlsəfənin,
sənətin, ədəbiyyatın qədim
mövzularındandır və ümumbəşəri səciyyə
daşıyır. Bir insanın taleyi bəzən bir toplumun,
bəzən bir millətin, bəzən də bütün bəşəriyyətin
taleyi qədər əhəmiyyət daşıya bilir.
A.Nehrəmlinin
fərdi taleyi milli taleyimizin üzdə olan, gözlə
görə bildiyimiz daşıyıcısıdır: 1992-ci
ildə 22 yaşlı Arzunun həyat yoldaşı, təyyarəçi
baş leytenant Yusifin acı xəbəri göydən gəlib.
O, vətənimizin azadlığı və
bütövlüyü uğrunda döyüşdə həlak
olub. Bununla da əbədiliyin, haqqın
ünvanı olan göyüzü Arzu üçün kədərin,
ahın yüksəldiyi ünvana çevrirlib.
Qaldıra
bilmirəm kirpiklərimi,
Durub göy üzünə boylanım, baxım.
Bir zaman
qartal tək uçardın orda,
İndi o
göylərə ucalır ahım...
Dahi Füzulinin “Fələklər yandı ahimdən...”
misrası ilə əks-səda verən bu yanıqlı haray
göyə ucalan ahı – insan kədərini təsvirə
çevirib əyaniləşdirir.
Arzunun yaşadıqları sadəcə fərdi ürək
yanğısı deyil, öz cəsur övladlarını və
müqəddəs torpağını itirən Vətənin
yarasından axan qanın insan taleyinə daşmasıdır. Ona görə
də bu şeirlər məhdud fərdi yaddaşla bərabər,
həm də milli yaddaşın zədələrini,
ağrılarını açıb üzə
çıxardır və ümumbəşəri təcrübə
ilə səsləşir.
Radio səsinə
köklənir qəlbim
Simfonik əsərlə
axıb gedirəm...
- deyən Arzunun şeirlərində
şüuraltı axın bir çox hallarda Bethovenin 5-ci
simfoniyasının ruhu və fəlsəfəsi ilə
qovuşur. Bethovenin 5-ci simfoniyasının əsas
motivi insanın qapısını döyən, onu qarabaqara izləyən
tale ilə qarşıdurmadır. Ömrün
çiçəklənən fəslində taleyin amansız
zərbəsini alan Arzunun yazılarında
da taleyin, bəxtin insanı təqib etməsi leytmotiv təşkil
edir.
Məni
qara bir tale
İzlədi addım-addım.
Qapadım
gözlərimi
Yaddaşımı qanatdım.
A.Nehrəmlinin şeirlərinin kontekstində insanı təqib
edən, yaddaşı yaralayıb qanadan tale insandan kənarda
deyil, insanı daim öz əhatə dairəsində
saxlayır, insanın ömrünün, gününün
havası ilə yaşayır, laylası ilə yatıb-durur. İnsan ömrü uzunu
taleyin əhatə dairəsindən kənara çıxa
bilmir:
Mürgülü,
yuxulu günlər,
Laylansız ağı tək inlər.
Oyanma,
yuxun çəkilər,
Gəlim, qoşa yataq, bəxtim.
Burada
sözün yaddaşından gələn “bəxtin
yatması” ifadəsi ilə şeirin məzmun və məna
yükünün, emosional enerjisinin intertekstual səviyyədə
incə bir təması, kəsişməsi var. Azərbaycan
xalqının folklor yaddaşında bəxt yatanda insanın
oyaq qalması yunan əsatirində göylərin cəza
verdiyi Sizif əməyinə bərabər tutulur. Bəxti yatan insan nə qədər zəhmət
çəkir çəksin, özünü oda-közə
vurur vursun, əməyi hədər gedir. Ona
görə də “görürsən ki, bəxtin yatdı, sən
də yat” (Aşıq Ələsgər) qənaəti
yaranır. Bəxtin yatması həm də
bəxtin insana dönük çıxması, xəyanət
etməsi, ondan üz döndərməsidir. Yatan bəxt də, insanı qarabaqara izləyən
tale də insana meydan oxuyur, onu təhrik edir, daim ünsiyyətə,
dialoqa, mübarizəyə səsləyir.
Taleyin əlində
təklənən insanın umub-küsəcəyi, üsyan
edəcəyi ən simsar ünvan da ona dönük
çıxan bəxtidir:
Gün
axtardın, il dolandın,
Kölgələndin, daldalandın.
İgid tək
igid olmadın,
Min dəfə
öl, qorxaq bəxtim...
Ərk
etdiyi bəxtlə (ərk etdiyi insanla da!) dialoqu bu tərzdə
yalnız qadın qura bilər və bu misralarda bəxtin
obrazı ilə yanaşı, onun sahibi olan qadının (!)
obrazı da maraq doğurur və geniş bədii informasiya
daşıyır: bəxt qadın qarşısında öz
üzərinə düşən qoruyucu-xilaskar kişi missiyasını yerinə yetirmir...
Bir məsələni də vurğulamağa ehtiyac
duyuram ki, müharibə, xüsusilə İkinci Dünya
müharibəsi mövzusunda Azərbaycan nəsrində
möhtəşəm əsərlər yaransa da, şerimiz
müharibənin ağrılarını nəsr səviyyəsində
canlandıra bilməyib. Ermənistan-Azərbaycan müharibəsinin
mükəmməl bədii həllini verən əsərləri
isə gözləyirik. Bu mənada, A.Nehrəmlinin
gənc yaşında qəhrəmanlıqla həlak olmuş əsgərə
– həyat yoldaşına həsr etdiyi əsərlər
müharibə fəlakətlərinin bədii dərki
baxımından ciddi əhəmiyyət daşıyır.
Tale-insan təqibində, qaç-qovunda qorxaq taleyə
qalib gəlmək üçün insanın köməyinə
çata biləcək qadir qüvvə isə mənəvi
bütövlük, insana və sabaha inamdır, bəxtin əhatə
dairəsinin pərdələri arxasından görünən
işığı görüb ona tərəf can
atmaqdır.
A.Nehrəmli bu bütövlüyü SÖZDƏ tapır və
daim sözə – özünü sözlə ifadə etməyə
can atır, “doğulacaq şeirin ağrısını
çəkir”, sözü doğma övlad kimi dünyaya gətirir.
Hardasa əl
çatmayan,
Hardasa
ün yetməyən,
Hardasa
ocaq üstə
Söz
bişir, söz dəm alır...
Misra-misra
uçuram,
Bənd-bənd
aşıb keçirəm,
Sözə
kimi gedirəm...
Sözə kimi gedən İnsanın daxilən
bütöv qalması, taleyə baş əyməməsi onun
qarşısında yeni üfüqlərin
açılmasına imkan yaradır, onun gözlərində
dünyanın ağ-qaradan fərqli rəngləri cilvələnir. Elə buna
görə də Arzunun sərt ağrı yükü
daşıyan şeirləri oxucunu qaramata, ümidsizliyə qərq
eləmir. Onun misralarından sevginin, fədakarlığın
nə olduğunu öyrədən, sözə ana məhəbbəti
bəsləyən nurlu bir qadın siması boylanır...
A.Nehrəmlinin şeirlərinə plastika gətirən,
hərəkət və əyanilik verən amillərdən
biri müəllifin mətndə sözün mənalarını
oynada, hərəkətə gətirə bilməsidir. Məsələn,
“qaçmaq” sözü idman meydançasında qaçmaq, dərddən
qaçmaq, dediyinin üstündə durmayıb sözündən
qaçmaq kimi mənalarda işlənərkən şerin
tutumu genişlənir. Sözlər oynadıqca
onların yaratdığı fərqli mənalar mətnin məzmununa
dərinlik və sanbal gətirir:
Evimizin
arxası
geniş
idman meydançası,
uzun
qaçış zonası.
Gəl
orda görüşək,
birgə
qaçaq, ötüşək.
Sən
sözündən
mən
dərdimdən
qaçdığımız kimi...
A.Nehrəmlinin yazılarında diqqət çəkən
məqamlardan biri də şeir mətnlərinin nəsrə
“ayaq verməsidir”. Onun şeirlərində nəsr
üçün səciyyəvi olan müşahidələr
və detallar maraq doğurur və həmin detallar bəzən
nəzmin çərçivələrini sındırır,
ölçülərdən kənara çıxır.
Bu baxımdan, gül bazarında alveri baş
tutmayan, aldığı-satdığı üşüyən
gülsatan kişiyə həsr olunmuş “İçində
kişilik haqqı üşüyür” şeiri səciyyəvidir.
Mətn boyu lirik düşüncəni epik təhkiyə
elementləri müşayiət edir, gülsatan kişinin
obrazı hekayə içində təqdim olunur:
Gələndə
ümiddən arzusu boyda
Çiçəklər basdırıb, bağ da
qurmuşdu.
Bəlkə
də bu kişi gülləri kimi
Yaddan
çıxarılmış, unudulmuşdur..
A.Nehrəmlinin nəsr təcrübələri şeirdən
qidalanır. Bu yazıların əksəriyyəti qafiyələrə,
misralara, bəndlərə sığmayan, qafiyələrdən,
misralardan, bəndlərdən azad edilmiş şeir kimi
qavranılır. Uşaqlıq və gənclik illərinin
xatirələrini yenidən yaşamaq, zamanın soldurduğu
rəngləri “bərpa etmək” üçünsə
mütləq sözün ağrısını çəkməyə,
sözü övlad kimi dünyaya gətirməyə ehtiyac
var. Arzunun kiçik həcmli xatirə hekayələri də
ürəyin bətnindən doğulub.
“Qırmızı donunu sarı xəzana dəyişmiş
güllər” adlı hekayə gənclik romantikası ilə
müharibə fəlakətinin təzadlı, kədərli və
şairanə tablosunu canlandırır.
Dünyanın düz vaxtı Nehrəm kəndinin
“Qırmızı torpaq” məhəlləsinə göydən
qızılgüllərə bağlanmış vərəqələr
səpələnir. Qara Yaqubun oğlu – vertolyot pilotu Yusif bu vərəqələrdə
sevdiyi qıza öz ürəyini açır: "Mənim
Arzum! Sənin Yusifin!".
Sonra bu tabloya çardaqda üzərinə qara
çadır çəkilmiş sandıqdakı əsgər
paltarı - Yusifin döyüş geyimi əlavə olunur.
Yusifin paltarını bağrına basan Arzunun gözlərinə
soba borusu ilə dam örtüyü arasında
sıxışıb bir-birinə sarılmış
başıaşağı bir cüt qızılgül
sataşır.
Bir vaxt inad edən, onu sevən oğlanın kəndi güllərə
qərq etməsindən qəzəblənən şıltaq
qızın illər sonra dilinə gətirdiyi sevgi etirafı
müharibənin amansız sifətinə vurulmuş sərt
şillə kimi səslənir, müharibənin
sındırdığı qadın taleyinin sözlə
yaradılmış faciəvi mənzərəsini
tamamlayır: "Mənim Yusifim, sənin Arzunam!"
Başqa bir hekayə dünyada tanınan və sevilən
böyük müğənni Rəşid Behbudovun Nehrəmdə
verdiyi konsertlə bağlı xatirədir. Konsertə
baxanlar arasında saçları saman sarısı bir qız
çocuğu da var. Rəşid Behbudov geniş kənd
meydanında qurulmuş səhnədə “Zübeydə”
mahnısını oxuyur. Meydana
toplaşanlar heyranlıqla zəmanənin əfsanəsinə
baxır. Sarışın qızın
şıltaqlıq etdiyini görən Rəşid Behbudov səhnədən
enib onu oxşayır, sarı saçlarından öpür.
Kəndin ötkəm adamlarından olan müəllimə ərklə
uşağa – “sarı şeytana” söz atır...
Sonra.
“Zübeydə” mahnısı da, müəllimənin
atmacalı sözü də o çocuğun
yaddaşından silinmir ki, silinmir. İllər keçir,
sarışın qız böyüyür, qız anası
olur...
Sonrası.
Bu
yazıda sizə təsvir etməyə
çalışdığım bir tale portreti...
Və daha sonrası.
Yaxşılıq,
gözəllik, aydınlıq...
Doqquz aylığından övladına həm ata, həm
də ana olan Arzu xanım, adı ilə o konsertin uzaq xatirəsini
yaşadan hüquqşünas qızının – qaraqaş,
alagöz Zübeydənin toyuna hazırlaşır.
Vətənin
gözü aydın olsun!
Məti Osmanoğlu
Ədəbiyyat qəzeti.- 2019.- 14 sentyabr. S. 27.