Keçmişdən
gələcəyə gedən metro qatarı, yaxud dəyər
məsələsi...
Məncə,
ədəbiyyat - uşaq ədəbiyyatından, yəni
nağıllardan başlayır. Dünya uşaq ədəbiyyatının
çox qədim tarixi var. Şifahi xalq ədəbiyyatındakı
nağıllar, əfsanələr buna sübutdur.
Dünyanın bütün xalqları öz övladları -
hər bir müllətin gələcəyi olan körpələr
üçün ədəbiyyat yaratmağı özünə
bir qayda olaraq vəzifə bilib. Dünya tarixi inkişaf etdikcə,
ədəbiyyat tarixi də inkişaf mərhələsində
olub və zaman-zaman mövzular öz klassik formasını itirərək
müasirləşməyə başlayıb. Artıq uşaq
ədəbiyyatının sehrli xalça, sehrli güzgü,
tilsimli alma ağacı, div, yeddibaşlı əjdaha
dövrü geridə qalıb və bu gün uşaqlar daha
çox virtual diktələrin təsiri ilə formalaşan qəhrəmanlarla
maraqlanırlar. Burada bir acınacaqlı məqam da var,
uşaqların sevdiyi həmin o virtual qəhrəmanlar, əslində,
yaradıcı adamların, yəni ədiblərin
fantaziyasından doğur, lakin uşaqlar kitab səhifələrində
yaranan və yaşayan həmin qəhrəmanları kitab səhifələrindən
deyil, daha çox kompüter oyunları, filmlər vasitəsilə
tanıyırlar.
Bu
gün hər şey marketinq xidmətlərinin səviyyəsi
ilə ölçülür. Çin durmadan müxtəlif
uşaq geyimləri istehsal edərək dünya bazarlarına
idxal edir və uşaqlar öz virtual qəhrəmanlarının
geyimində şəkil çəkdirməkdən
xoşlanırlar. "Hörümçək adam"
(Spider-man), "İks adamlar", "Betmen" və s.
Bunlar dünyanın müxtəlif ölkələrində
böyüyən uşaqların yuxuya getməzdən əvvəl
dinlədiyi müasir nağıl qəhrəmanlarının
adıdır. Bu qəhrəmanlar valideynlərin söz bazasındakı,
yaddaş bazasındakı klassik uşaq qəhrəmanlarını
- Məlikməmmədi, Divi, Cırtdanı, Göyçək
Fatmanı... məğlub etdi. Bu qəhrəmanlar (ingilis,
amerikan supermenlər) Çin istehsalı olan paltarlarla,
kompüter oyunları ilə, çantaların, uşaq
köynəklərinin üstündəki şəkillərlə
dünyanı fəth etdi və biz də dünyanın bir
parçası olaraq, əslində, həm də arxasında
böyük iqtisadi və ticari maraqlar olan mübarizədə
(hər birimiz fərdi şəkildə) məğlub olduq.
Artıq uşaqlarımızı geri qaytara bilməyəcəyik,
bəlkə heç onları geri qaytarmaq lazım da deyil, amma
öz yenimizi yaratmağın vaxtı çatıb,
özü də çoxdan çatıb.
Azərbaycan
yazılı uşaq ədəbiyyatının kifayət qədər
böyük tarixi və öz ənənələri var. Bu
baxımdan dahi N.Gəncəvinin "Sirlər xəzinəsi"
poemasındakı müəyyən mətnlərin
uşaqların qavraya biləcəyi şəkildə işlənməsi,
M.Füzulinin "Meyvələrin söhbəti" əsərinin
uşaq ədəbiyyatındakı yeri, daha sonrakı mərhələdə
XIX əsrin ikinci yarısından başlayan və XX əsrin
80-ci illərinin axırlarına qədər uşaqlar
üçün yazılan mətnlər son dərəcə
maraqlıdır. Mirzə Cəlilin və Ə.Haqverdiyevin,
S.S.Axundovun və A.Şaiqin, M.Ə.Sabirin və A.Səhhətin
bu istiqamətdə ortaya qoyduğu işlər hələ də
uşaqların diqqətini çəkə bilər.
Sovetlər
süqut edəndən sonra nəşriyyat işində
baş qaldıran durğunluq 20 illik fasilə ilə
yazılı ədəbiyyatın bütün istiqamətlərdə
inkişafına böyük zərbə vurdu. Sovet
dövründə nəşriyyat işi və ümumilikdə
ədəbiyyatın özü ən geniş istifadə edilən
təbliğat vasitələrindən biri sayılırdı
və hər il dövlət proqramı (ideoloji proqram) çərçivəsində
onlarca kitab çap olunur, azyaşlı uşaqların
ixtiyarına verilirdi. Bu sətirlərin müəllifinin, mənim
də uşaqlıq dövrüm o illərə təsadüf
etdiyindən bu barədə müəyyən statistika təqdim
edə bilərəm. Sumqayıt şəhərində
yaşayırdım və evimiz şəhərin ən iri
kitab mağazasının - "Bilik" mağazası olan
binanın yuxarı mərtəbəsində idi. Uşaqlar
üçün kitabların qiyməti 5 qəpikdən
başlayaraq uzaq başı 1 rubla qədər olurdu. A4
formatlı, rəngarəng illüstrasiyaları ilə
gözoxşayan nağıl kitabları, heyvanlardan, quşlardan
bəhs edən rəngarəng broşürlər, dünya
xalqları nağılları seriyasından müxtəlif
kitablar kitab rəflərində uzaqdan adamı cəlb edirdi. Mənim
kitabxanam o illərdən formalaşmağa başladı.
Açığını deyim ki, əlimə düşən
hər kitabı oxuyurdum. Sovet təbliğat maşını
Leninin uşaqlığını bütün sovet
uşaqları üçün ideal etmişdi və mən hətta
Mariya Prilejayevanın "Lenin ömrü" kitabını
(təxminən 300 səhifəlik kitab) da oxumuşdum. A.Səhhətin
"Koç" və "Azərbaycan
nağılları" mənim ən sevimli kitablarım idi.
Daha sonra "Koroğlu" dastanı da bu sıraya əlavə
olundu. Ə.Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları",
Mirzə Cəlilin "Uşaqlar üçün hekayələr",
A.Şaiqin "Qoçpolad", M.Müşfiqin "Şəngülüm...",
R.Rzanın "Çöl quşları" kitabları mənim
mütaliə vərdişimin formalaşmasında müstəsna
rol oynadı. O dövrdə Hikmət Ziyanın təmsilləri,
M.Namazın uşaqlar üçün yazdığı
şeirlər də maraqla qarşılanırdı. Amma Zahid
Xəlilin "Ballıca" (1981, Bakı, "Gənclik"
nəşriyyatı) kitabı və oraya daxl olan "Qəlbinurun
macəraları" povesti fantastika və macəra ədəbiyyatının
qapılarını üzümə açdı. Mən
bir-birinin ardınca "Robinzon Kruzo" (D.Defo), "Kapitan
Qrantın uşaqları" (J.Vern), "Dəfinələr
adası" (R.Stivinson), "Başsız atlı" (M.Rid)
kimi dünya uşaq klassikasını mütaliə etdim.
Buraya "Azərbaycan dastanları", "Azərbaycan
bayatıları" kimi kitabları da əlavə etmək
lazımdır. Məncə, insan özünü
formalaşdırmaq üçün bu və digər şəkildə
mütaliə mərhələsi keçməlidir, bu,
yuxarıda adları çəkilən kitablar yox, tamamilə
başqa siyahı da ola bilər, amma kitab oxumadan, özü də
kitab oxumağa nağıldan, macəradan başlamadan yüksək
ideyalar haqqında düşünməyə dəyməz.
"Don Kixot", "Qulliverin macəraları",
"Spartak", "Ovod", "Şaqren dərisi" və
başqa kitablar mütaliə həzzinin zirvəsidir.
Bu
gün evlərdə gələcəyin azərbaycanlıları
yetişir və həmin uşaqlar sabah bizim onlardan sonra gələn
nəsillərə məktəbdə elm oyrədəcək,
xəstəxanada ona resept yazacaq, zavodda nəsə istehsal edəcək,
yəni bir sözlə, gələcəyi o uşaqlar idarə
edəcəklər, amma necə? Əgər bu günün
yeniyetməsi və gənci bir gün gözlərini
açanda hansısa metro stansiyasında qatara minib, enərkən
qulağındakı qulaqcıqla gələcəyə
düşəcəksə, o zaman mənim gələcək
dediyim nəsnə təhlükə
qarşısındadır. Biz övladlarımızı gələcəyə
gözü və qulağı açıq, özü də
metro ilə yox, ayaqyalın, piyada göndərməliyik. Onlar
monitorla bərabər kağızın qoxusunu, mətbəə
rənginin qarasını da hiss etməlidirlər.
Uşaqlarınıza kitab oxumaq marağı
aşılayın, əfəndilər! Onların cib
telefonları üçün kontur almağa, ziyanlı
qidalara pul xərcləməyə imkan
tapdığınız məqamda, hər ay 5-10 manat da kitaba
pul ayırın, inanın, həm o 5-10 manat ailənizin gələcəyinə
qoyduğunuz kapitaldır.
Biz
Qarabağ müharibəsi ilə bir yerdə sərasər 3 nəsil
itirdik. Bu, kifayət qədər böyük rəqəmdir və
burada valideynləri, müəllimləri, bütövlükdə
cəmiyyəti ittiham etmək haqsızlıq olar.
Çünki gözlərimiz qarşısında baş verən
olaylar ittiham notlarını bir kənara qoymağı tələb
edir. Çadırlarda, qaçqın düşərgələrində,
yataqxana köşələrində qəhrəman
yetişdirmək özü bir qəhrəmanlıqdır və
fəxrlə demək olar ki, yuxarıda
sadaladığımız məkanlarda qəhrəmanlar
yetişdi. Min cür məhrumiyyətlər içərisində
məktəbə gedən, dərslərini hazırlayanlar oldu
və onlar bu gün ölkədə müəyyən
faydalı işlərlə məşğul olurlar. Amma o
şəraiti bizə, həm də müəyyən mənada
cəmiyyətə, ətrafa qisasçılıqla baxan
insanlar da verdi. Bu da təbiidir. Artıq şərait dəyişib.
Cəmiyyətin inkişafı yolunda yaranmış süni
boşluqlar dolub, bu gün nəşriyyatlar müxtəlif
adda, özü də son dərəcə keyfiyyətli,
dünya standartlarına uyğun kitablar istehsal edir. Bəli, qəsdən
çap edir yox, istehsal edir yazıram.
Nəşriyyatlar
hazır məhsullarla işləməyə
üstünlük verir, çünki bu, iqtisadi cəhətdən
onlar üçün əlverişlidir. Ən azından
müəllifə sifariş üçün qonorar vermirlər.
Haradasa, nəşriyyatların ağır iqtisadi durumunu nəzərə
alsaq, buna müəyyən mənada haqq qazandıra bilərik.
Çap məhsullarının qiymətinin
bahalığı, ölkənin kitab ticarəti
bazarındakı mövcud alıcı qıtlığı
buna əsas verir, amma bu məqamda, ilk növbədə,
azyaşlı oxucular və uşaq ədəbiyyatı
"ziyanla işləyir". Bir şeyi nəzərə
almaq lazımdır, müəllifin əmtəəsi, onun
istehsalı yazdığı mətndir. Müəllifin (təbii,
söhbət peşəkarlardan gedir, şair-operatorlardan,
yazıçı-baytarlardan, dramaturq-elektriklərdən yox)
başqa qazanc yeri yoxdur və o, yuxusuz gecələrinin, gərgin
axtarışlarının nəticəsi olaraq ortaya
qoyduğu mətnə görə haqqını
almalıdır. Bizdə isə müəlliflərə əksər
vaxtlarda xeyriyyəçi kimi yanaşırlar. Hər kəs
öz haqqını tələb edir, iş müəllifə
çatanda çox vaxt minnətlə deyirlər ki, imzanı
reklam edirik. Bu, absurd yanaşma, üstəlik, həm də xəstə
düşüncəsidir.
Son 5
ildə "Teas Press", "Qanun", "Bilik", "Qələm",
"Hədəf", "Altun kitab" və adını
unutduğum bəzi nəşriyyatların müəlliflərlə
müştərək işi sevindiricidir. Təbii, belə
olduqda müəlliflər də əməkdaşlıq etdiyi
nəşriyyata şəraitə görə müəyyən
güzəştlər etməlidirlər. Bu halda
qarşılıqlı iş birliyi daimi işlərin və
layihələrin yaranmasına səbəb ola bilər, lakin nəşriyyatlar
bu sahədə ədalət prinsiplərinə
üstünlük verməli, istedadlı imzalarla əməkdaşlıq
etməlidirlər. Yalnız bu cür yanaşma ilə həm ədəbiyyat,
həm oxucu, həm də təbii ki, nəşriyyat
özü udar.
Bizdə
müəyyən mənada müəllif
hüquqlarının pozulması ənənə
halını alıb. Bu isə daha çox saytlarda hiss olunur.
Saytlar ağına-bozuna baxmadan istənilən materialı (xəbərindən
tutmuş ədəbiyyatına qədər) tirajlayırlar və
bu zaman onlara bir söz deyən olmur. Sadəcə, istinad etdikləri
mənbəni göstərməklə işlərini bitirirlər.
Əfəndilər, belə olmaz. Tutaq ki, mən "Ədəbiyyat
qəzeti" ilə əməkdaşlıq edirəm və
orada yazılarım çap olunur. Mən həmin
yazıları bir dəfə çap etmək
üçün qəzetə təqdim edirəm və bunun
müqabilində qonorar alıram. Yəni mətnin (yaxud tərcümə
materialının) sahibi mənəm və mənim icazəm
olmadan həmin mətn başqa mənbədə
tirajlanırsa, bu zaman mütləq mənim (müəllifin)
razılığı (ən azından etika xatirinə
şifahi razılığı) alınmalıdır və
buna görə mətnin sahibinə simvolik də olsa qonorar
ödənməlidir. Yalnız bu halda biz müəllifləri
iqtisadi çətinliklərdən xilas edə bilərik və
inanın, yalnız bu halda ortaya daha maraqlı mətnlər
çıxacaq. Çünki rəqabət yaranacaq, sayt daha
maraqlı yazını tirajlamağa üstünlük verəcək
və müəllif daha maraqlı mətn yazmağa məcbur
olacaq, əks halda, ayın sonunda hesabına pul gəlməyəcək.
Bu prinsip bütövlükdə Avropa, Amerika, Latın
Amerikası, yapon ədəbiyyatında çox böyük
uğurlara imza atıb, məhz bu prinsipə görə müəlliflər
daha gərgin, rəqabət prinsipi ilə işləməyə
həvəs göstəriblər.
Bu məsələ
müəlliflərdən müsahibə alarkən də
öz aktuallığını itirməməlidir. Əgər
bir yazıçı müsahibə vermək
üçün 1-2 saat vaxt sərf edirsə, buna görə
ödəniş almalıdır, çünki müsahibə
alan tərəf bunu öz iş qrafikini doldurmaq
üçün edir, bu isə qarşı tərəfin
iş qrafikinə müdaxilə etməklə ərsəyə
gəlir. O şəraitdə qonorar iki yerə bölünməlidir
və bu, normalda belə olmalıdır.
Bir qədər
də TV-lərlə bağlı... Televiziya və radio
kanallarının müxtəlif populyar verilişləri var və
həmin verilişlər ölkə səviyyəsində
öz reytinqi ilə seçilir. Həmin verilişlərdə
qonaq qismində dəvət alan ədəbiyyat, elm
adamlarından, sadəcə, efiri doldurmaq üçün
istifadə edirlər. Bəzən bu kateqoriya insanlar reklam məqsədi
ilə efirə çıxmağa can atan həkim, müğənni,
usta ilə eyni götürülür. Bu, teleradio haqqında,
müəllif hüquqları haqqında qanunlara birmənalı
olaraq ziddir. Dünyanın heç yerində efiri doldurmaq
üçün dəvət olunan qonağa 3-cü dərəcəli
"kənar əşya" kimi yanaşmırlar. Adi bir misal
gətirim: 2002-ci ildə Türkiyə Respublikasında səfərdə
olarkən TRT kanalına dəvət aldım və
teleseriallar, türk teleserialları və Azərbaycan tamaşaçısı
mövzusunda təxminən 40 dəqiqə söhbət etdik.
Məni kanalda qarşılayanda pasportumu almışdılar və
çəkiliş başa çatan kimi verilişin
prodüserinin otağına dəvət olundum. Adam
üzrxahlıq və xeyli təşəkkür
etdikdən sonra mənə 900 TL qonorar verdi və bu, o vaxtın
kursu ilə 250 dollara qədər pul edirdi. Mən demirəm
ki, kanal hər dəvət etdiyi qonağa 250 dollar ödəməlidir,
xeyr, amma yuxarıda qeyd etdiyim kimi, simvolik ödənişlər
olmalıdır. Bu, kanalların da nüfuzuna müsbət təsir
edər və ortaya daha maraqlı rəqabət faktoru
çıxar. Nəzərə alsaq ki, dəvət
aldığımız həmin o reytinqli verilişlərin
aparıcıları hansı imtiyazlardan, maddi
üstünlüklərdən yararlanırlar, o zaman mənim
nə qədər haqlı olduğumla razılaşarsız.
TV-lər evlərə gedib veriliş çəkirlər və
bu zaman ev sahibləri xərcə düşür, ən
azından çay süfrəsi olsa belə, açmağa məcbur
olurlar. Lakin bu qətiyyən qəbuledilməzdir. Əgər
bir yerdə veriliş çəkirsənsə, o yerin
haqqını ödəməlisən! Film çəkilişləri
zamanı bir məkan icarəyə götürülür və
buna görə məkan sahibinə ödəniş olur. Bir
aktyor çəkilişə dəvət alırsa, o gün
çəkilsə də, çəkilməsə də
günü yazılır, bəs niyə efiri doldurmağa dəvət
alan ədəbiyyat (yaradıcı adama) adamına o cür
yanaşılmır? NİYƏ?! Çünki hər
şeydə şou axtaran "ədiblər" buna meyillidirlər,
TV-yə də bu sərf edir. Müğənni efirə
çıxmaqla özünə toy "tutur", bəs yazar
necə, oxucu tuta bilirmi? Əsla! Bunu yoluna qoymağın və
tənzimləməyin üsulu var - QANUN qəbul etmək.
Mütləq bu məsələlərlə bağlı qanun
hazırlanmalı və təxirə salınmadan tətbiq
edilməlidir. Bu gün vergi islahatları bütün sahələrdə
öz müsbət izlərini göstərir, əminəm ki,
TV-lərlə bağlı qaldırdığım məsələ
ilə də yaxın zamanlarda həm teleradio şurası, həm
mətbuat şurası, həm də AYB (ümumiyyətlə,
bütün yaradıcı və ictimai birliklər) ekspertləri
səviyyəsində konkret işlər görüləcək.
Bəlkə də ilkin mərhələdə müəyyən
vergidən azadolma qaydaları tətbiq ediləcək ki, bu da
müəyyən mənada tərəflərin maliyyə-iqtisadi
durumunun normallaşmasına stimul verəcək.
Qayıdaq
ədəbiyyata - ağrılı yerimizə. Yuxarıda qeyd
etdiyim məsələlərə bir də kənardan baxanda
görürəm ki, hələ ki yalnız nəşriyyat
sahəsində müəlliflərlə iş və əməkdaşlıq
məsələsində müəyyən irəliləyişlər
var, qalan sahələrdə "istismar" davam edir. Ən
populyar verilişlərin, ən məşhur saytların da hələ
ki öz "tərəfdaşlarına" pul ödəmək
fikri yoxdur, sadəcə, onlardan istifadə etməklə
özləri qazanmaq istəyirlər, bu isə ədəbiyyatın
nüfuzdan düşməsinə stimul verir. Əfəndilər,
bir şeyi başa düşün, atalarımızın
yaxşı misalı var, "ucuz ətin şorbası olmaz".
Biz özümüzü kiminsə verilişində
görünməklə tanıtmaq yolu tutmuşuqsa, vayyyy... Təbii
ki, oxucu olmayacaq.
Pul
verib aldığım kitablarla, hədiyyə olunan
kitabların fərqi. Pul verib aldığım kitabları
daha tez oxumağa çalışıram, çünki
verdiyim pulun dəyərini bilirəm. Dəyərimizi bilək,
əfəndilər, dəyərimizi...
2-3
sentyabr 2019
Əyyub QİYAS (Qi Or
El)
Ədəbiyyat qəzeti.- 2019.-
14 sentyabr. S. 28-29.