Torpağın
döyüşü
Azər Abdullanın yaxınlaşan
yubileyi üçün
Azər bəy
başqa yazıçılardan, rəssamlardan
yazıçılığında rəssamlığı, rəssamlığında
yazıçılığı ilə seçilir. Bu qarşılıqlı bağlılıq,
simsarcasına əməkdaşlıq həmişə onun
dadına çatıb. Bir
yazıçı kimi formalaşmağında hələ
özündən xəbərsiz gizli rəssamlığının,
bir rəssam kimi təkmilləşməsində
yazıçılığının müstəsna əhəmiyyəti
olub. Yazıçılığının rəssamlıqla,
rəssamlığının yazıçılıqla birləşməsi,
nəsrdə rəssamlıq, rəssamlıqda nəsr ünsürləri,
təhkiyə, danışıq, ünsiyyət
çalarları yaratmaqla həm nəsrini, həm rəssamlığını
sırf nəsrdən, rəssamlıqdan seçilən edir, hər
birində ustalıqla pərdə kimi formal, məzmun keçərliyi
yaradan çoxüzlü bir müstəvinin fərqli
şüalanmasını xatırladır. Onun nəsri
dolğun, bütün çalarları, rəngarəngliyi,
sanki dəqiq işıq effekti, gizlinləri üzə
çıxaran, tuşlandığı hədəfi rentgen
şüasıtək dəlib keçərək, gözlə
görünməyən pərdələrin ən qaranlıq
qatlarını qaldırıb, daxili, sirli nöqtələri,
əlamətləri daha qabarıq göstərib gözlə
görünən edən, zərif-incə mətləbləri,
gözoxşayan qeyri-adi, heyranedici mənzərələri
mahiyyətin içindən çıxarıb özəyinəcən,
oxucunun, tamaşaçının ayrı-ayrı bucaqlardan
daha təkmil, çoxtərəfli görməsinə, duyub dərk
etməsinə nail olan, sanki gözəl bir tablodu, diri, canlı rəsm əsəridi.
Ya rəsmi, tablosu oxunaqlı,
oxucunu-tamaşaçını özünə çəkib
ovsunlayan sehrkar nəsr əsəridi, şirin, nəsr dilində
dil açıb səninlə danışan mənzərələr,
tablolar şəklində öz-özünü açıb
bütün qayəsini-mahiyyətini, fərdi-əks xarakterləri,
olub-olacaqları obrazlar silsiləsinin ləhcəsiylə sənə
nəql edən maraqlı həmsöhbətdi, təhkiyəçidi.
Nəsr rəssamlıqla, rəssamlıq nəsrlə əl-ələ
verib beləcə birləşəndə, bir-birinə
arxa-dayaq olanda istər nəsrin, istər rəssamlığın
başqalarında olmayan özünəxas yeni, orijinal keyfiyyətləri,
çalarları
yaranır.
Elə mürəkkəb mövzular var,
yazıçı onun öhdəsindən asanlıqla gəlsə
də, bəzən ən adi yazıların əlində
girinc qalır.
Nə qədər qan-tər töküb əziyyət
çəksə də, heç nə alınmır. Azər bəy belə çətinliklərdən
çoxdan azaddır. Çünki bu məqamda
onun dadına yaxın məsləkdaşı rəssamlıq
çatır. Həmin mövzunun elə nəfis,
səlis tablosunu yaradır, bu tablonu nəsr kimi öz dilində
elə dindirib danışdırır, nəsr kimi oxucuya,
tamaşaçıya çatdırır, nəticədə
gözləmədiyi çox dəyərli rəsm-nəsr əsəri
alınır. İtki, mümkünsüzlük,
qarşılıqlı, bərabərhüquqlu mübadilə
nəticəsində qazancla, mümkünsüzlükləri
mümkün etməklə sonuclanır. Çünki
mövzunun dili, xarakteri, necə onun qəlbinə girmək,
ünsiyyət qurmaq yolu, forması tapılır.
Ya əksinə, elə hal, vəziyyət,
mühit, mənzərə, xarakter açımı var,
tabloya oturmur, tabloyla, rəsmlə, rəmzlə yox, dil
açıb özü səninlə öz dilində
danışmaq, ünsiyyət qurmaq, dərdləşib,
ürəyini boşaltmaq, bir sirdaş, həmsöhbət
kimi yüngülləşmək, simsarlaşmaq istəyir. Onda nəsr rəssamlığın işini öz
öhdəsinə götürüb, doğma, ayrılmaz
qardaşı kimi boyakarlığın yanında olur. Onun əsərini nəsr dilində
danışdırır. Ya hər ikisi eyni zamanda işə
girişib, görünənləri göstərməyə, səssizlikləri,
sezilənləri lallıqdan çıxarıb səsləndirməyə,
körpə uşaq kimi şirin-şirin dil
açıb danışdırmağa məcbur edir.
Azər bəy xoşbəxt
yazıçılardandı. Öz nəsr əsərlərinə
özü tablolar, illüstrasiyalar çəkir. Ən dahi rəssam
belə, yazıçının əsərini onun özü
kimi görüb, duyub tanıya, həmdərd ola,
təfəkküründə canlandıra bilməz. Bu baxımdan Azər bəyin bəxti gətirib,
yazıçı Azər rəssam Azər olub, öz nəsrini
tablo-tablo oxucuya çatdırır. Gözü
önündə canlandırır. Oxucu bu mənzərəni,
tablonu
gözüylə görür, seyr edir.
Nəsr indi də səninlə tablo dilində
danışır. Oxucu, tamaşaçı tablonun səsini,
rənglərin çılğınlığını, dəcəlcəsinə
çığırışını, qızğın,
ehtiraslı rəqsini, sayrışını aydınca
eşidir, dərk edir. Deməli, həmin əsəri
həm görmə, həm eşitmə üzvləri ilə
daha təkmil bütün rəngi, çaları ilə birgə
geniş bir əhatədə anlayır.
Bu baxımdan Azər bəyin nəsri elə bil rəsm,
tablo, rəsmi, tablosu nəsrdi. Tablo səninlə həmsöhbət
olub danışır, dərdləşirsə, səni simsar
sanıb öz qəlbini açır, şirin səsi, ləhcəsi
uzun müddət qulağından getmirsə, roman, povest, hekayəsi
danışıqdan, nəql etməkdən çox, mənzərə,
hal, ovqat, vəziyyət yaradıb, mənzərə-mənzərə
göz önündə canlanır, uzun müddət göz
önündən getmir. Onu söz, cümlə
şəklində yox, rəsm, tablo, canlı mənzərə
şəklində görürsən, qavrayırsan.
Azər bəy
rəssamlığa cəmi 5-6 il əvvəl
başlayıb. Ancaq bu 5-6 ildə 50-60 illik dönməz, məhsuldar
yaradıcılıq yolu keçən istedadlı rəssamlar
qədər zəngin təcrübəyə yiyələnib,
qısa vaxtda formalaşmış, püxtələşmiş,
yetkin, özünəxas duyumu, açdığı
cığır, görmə qabiliyyəti olan bir rəssam səviyyəsinə
yüksəlib.
Onda bu həvəsi, fəhmi, gizli rəssamlıq qabiliyyətini
özündən xəbərsiz hələ körpə ikən
Azərə bildirməyə doğulduğu, gənckən tərk
etdikləri doğma, qədim Qərbi Azərbaycan
torpağı oyadıb (buna görə Azər bəy indi də
yolunda canını verməyə hazır olduğu o yerlərə
minnətdardı). Gözəlliyi, saf havası, qeyri-adi
dağı-dərəsi, füruzəyi üzük
qaşıtək nişanlı dağların daş
barmağında min rənglə bərq vuran sərin
bulaqlarıyla dağ səbri, dözümü,
inadkarlığıyla qətrə-qətrə, misqal-misqal qəlbinə,
ruhuna, canına damızdırıb. Elə
bil o yerlər qarşıdakı amansız qətl-qiyamı,
qırğın-qiyaməti, addımbaşı dəhşətli
soyqırımla üzləşən faciəli köç
axınını öz sakinlərindən qabaq bilirmiş.
İllər boyu misqal-misqal, qətrə-qətrə
insanlarının ruhuna, canına köçürmüş,
hopdurmuş xain düşmən əlinə düşməsin,
həmin didərgin insanlarının qəlbində, ruhunda bu
qəsbkar ölkədən çıxarılıb əbədi
öz sakinlərinin, bütöv Azərbaycanın qəlbində,
ruhunda yaşasın. Qayçıyla kəsilib
götürülmüş kimi, o ölkədən birdən-birə
kəsilib, götürülüb, yoxa çıxan, Şərqi
Azərbaycanla birləşib bütöv Azərbaycan olan o
yerlər həmişəlik ermənilərə
gözdağı olsun, sonradan sonraya olsa da, başa
düşsünlər, indi oralarda qalan o qarayanıq,
qısır, bərəkətsiz, cansız, ölü torpaq,
o yerlər deyil. Ölü cəsəddi, quru qəfəsdi,
ruhu, canı çoxdan uçub gedib sakinləriylə,
çoxdan əbədiyyətə qovuşub. O
ölü, qarayanıq torpaq ancaq onları özünə
gömültmək, onlara gor yeri olmaq üçün orda
qalıb, onlara ancaq gor yeri kimi yarayar. Bəlkə
heç gor yeri kimi də yaramaz, atar üstündən,
onları özünə qəbul etməz, özünə
gömültməz. Çünki sudu,
torpaqdı saf olduqlarından heç vaxt murdarlıq, ləkə,
üfunət götürmür.
İndi 30 ildən çox o yerlərə ayağı dəyməsə
də, bu sızma yox olmaq yerinə qayıbdan daha da güclənib,
qarşısıalınmaz bir sel-daşqın kimi qəfil
üzə çıxaraq Azər bəyi həm qorxudub, həm
sevindirib. O
yerləri yüz kilometrlərlə uzaqdan bura - doğma
Bakıya gətirə bildiyinə ürəyində bir
qürrə duyub. İşğalçı
şeytan ermənilərə keçməyə qoymayıb.
Azər bəy o yerləri illər boyu doğma anası
kimi öz köksündə beləcə qoruyub saxlayıb. Soyuqda-sazaqda qəlbinin
hərarətiylə isidib onu. Qanı
qaralanda, heç nədən bədbinliyə, ümidsizliyə
qapılandasa o yerlər onun qoluna qüvvət, gözünə
nur, işıq verib. Bu işıqda, nurda
Azər bəy bir şeyi bütün aydınlığı,
arılığı ilə duyub, dərk edib. Baxıb görüb o yerlərin övladı tək
o deyil axı. O yerlər əzəli-qədimdən
halal-hümmət Azərbaycan torpağı olduğundan onun
kimi yüz minlərlə-milyonlarla azərbaycanlınındı.
O yerlərin qətrə-qətrə, misqal-misqal qəlbinə
sızdırdığını o da dağ səbri,
dözümü, inadkarlığıyla qətrə-qətrə,
misqal-misqal kətana köçürüb. Qoy
o yerlər təkcə onun yox, bütün Azərbaycan
xalqının olsun. Qəlbindən
düşürüb tablo-tablo, rəsm-rəsm doğma
xalqının əmanətinə buraxıb, o yerin
gücü, enerjisi, düşmənə qarşı
amansız qəzəbi, nifrəti, döyüş əzmi
bütöv Azərbaycan boyda olsun. Ermənilərin
xırda, xain gözlərinə sığmayacaq qədər
bütöv, böyük, hüdudsuz azad Azərbaycan boyda.
Əli Həsənli
Ədəbiyyat qəzeti.- 2019.- 14 sentyabr. S. 29.