İlk məqaləmi o
çap etmişdi
Dostlarımın
təşəbbüsü və iştirakı ilə
2013-cü ildə Azərbaycan Yazıçılar Birliyində anadan
olmağımın 60 illiyi qeyd olunurdu. Sağ olsunlar, xeyli
tanış-biliş - həmkarlarım,
tələbələrim, el-obamızın adamları buraya
toplaşmışdılar. Tədbir başlayanda salona nəzər
yetirdim, bir nəfər daha çox diqqətimi cəlb etdi:
bu, Abbas Abdulla idi. O, salona daxil olarkən birinci sıranın
birinci yerində əyləşmişdi. Doğrusu, mənim tərəfimdən
heç bir təşəbbüs olmamışdı, Abbas Abdulla özü xəbər
tutub gəlmişdi.
Bəs
Abbas Abdullanı hansı hiss, hansı duyğu buraya
gətirmişdi. Onun sirrini ondan və məndən başqa
heç kəs bilmirdi.
Ötən
əsrin 70-ci illərində bir hadisə geniş
yayılmışdı: gənc şairlərə
"uğurlu yol" yazılmasını nəzərdə
tuturam. Əslində, gənc şairlərin özləri
də buna cəhd göstərirdilər və həmin
məsələdə mən onları heç də
qınamıram. Tanınmaq üçün ən optimal yol
idi: həm xeyir-dua alırdın, həm də ədəbi
ictimaiyyət arasında yadda qalırdın. Başqa
tələbə yoldaşlarım kimi, mənim də
şeirlərim - cızma-qaralarım var idi, amma şeir
qoşmaqla müqayisədə məqalə yazmağa daha
çox meyillənirdim. Məqalələrə də ki,
"uğurlu yol" yazılmırdı.
Bir gün
səhifəyarımlıq məqaləmi götürüb
"Ədəbiyyat və incəsənət" qəzeti
redaksiyasına getdim. Redaksiyada qapının yanında
yazılmış "Abbas Abdulla" sözlərini oxuyub
həmin otağa daxil oldum. Abbas Abdulla qəzetdə məsul
bir vəzifədə işləyirdi, amma onunla bir dəfə
də olsun görüşməmişdim. Mənə çox böyük
hörmətlə yer göstərdi, əyləşdim. Sonra
soruşdu ki, nə yaxşı gəlmisən? Mən də
bildirdim ki, Azərbaycan Dövlət Universitetinin Filologiya
fakültəsinin beşinci kurs tələbəsiyəm, sizin
qəzet üçün məqalə gətirmişəm.
Məqaləni
alıb oxumadan stolun bir tərəfinə qoydu və
mənimlə hal-əhval tutmağa başladı. Xeyli
söhbət etdik: tələbəlikdən,
gün-güzərandan, ədəbiyyatdan və
doğulduğumuz yerdən. Doğulduğum yeri
biləndən sonra bizim aramızda belə bir dialoq oldu:
-
Kəndiniz Sədərəyə yaxındır?
-
Təxminən 30-40 kilometr olar.
-
Deyirlər ki, Sədərəkdə televizorlar
Türkiyənin kanallarını göstərir?
-
Doğrusu, xəbərim yoxdur.
-
Həə, həə, mən bilirəm, göstərir.
Sonralar onun
qohumu və bizim tələbə yoldaşımız Arif
Acalovdan eşitdim ki, Abbas hərdən Sədərəyə
gedib Türkiyə kanallarına baxırmış.
Bir az da
söhbətləşəndən sonra Abbas Abdulla mənə
dedi ki, narahat olma, məqaləni oxuyacağam, əlaqə
saxla. Mən Abbas Abdulladan xoş əhval-ruhiyyə ilə
ayrılıb evə gəldim.
Beşinci
gün (3 noyabr 1973-cü il) "Ədəbiyyat və
incəsənət" qəzetini alıb baxanda (o vaxtlar
qəzet beşinci günlər çıxırdı)
gözlərimə inanmadım.
"Şəfəqlər" adlı məqaləm çap
olunmuşdu. Məqalə Cənubi Azərbaycan şairəsi
Jalənin eyniadlı şeirlər kitabına həsr
edilmişdir. Bunu Abbas Abdullanın mənə
arzuladığı "uğurlu yol" kimi başa
düşdüm.
Abbas
Abdullanın Azərbaycan Yazıçılar Birliyində
mənim 60 illiyimə həsr edilən tədbirə
gəlməsinin sirri məhz burada idi. O, həmin gün
mənə ilk ədəbi-tənqidi məqaləsini çap
etdiyi tələbənin bugünkü nailiyyətlərinin
səbəbkarlarından biri kimi göründü.
Allah
sənə rəhmət eləsin, Abbas Abdulla, sənin
necə də böyük ürəyin var idi!
Kamran ƏLİYEV
Ədəbiyyat qəzeti.-
2019.- 14 sentyabr. S. 31.