Xalq yazıçısı
Anarın "istiqamətverici" sözü və ya Oqtay
Rzanın son zəngi
Oqtay Rza
ilə tanışlığımız 1993-cü ildən
başladı. O zaman Oqtay Rzanın da
çalışdığı Azərbaycan Dövlət
Pedaqoji Universitetində 1-ci kursda oxuyurdum. Amma bizim qrupda yox,
Coğrafiya fakültəsində dərs deyirdi. Mənimlə eyni kursda Coğrafiya
fakültəsində oxuyan xeyli tanışlarım və
dostlarım vardı. Oqtay Rzanın dərslərindən,
dərs zamanı söylədiyi poeziya
nümunələrindən ağızdolusu və
həvəslə danışırdılar. Dərslərində
ayrı-ayrı çaylar, dənizlər, dağlar,
ölkələr haqqında şeir deyə-deyə,
əslində, tələbələrdə poeziyaya
böyük sevgi hissinin yaranmasına rəvac verirdi. Odur ki,
onun tələbələri arasında poeziyasevərlərin
sayı daha çox olardı. Tədris ilinin
başladığı günlərdən tələbələri
ondan o qədər böyük həvəslə söz
açdılar ki, ən qısa zamanda Oqtay
müəllimlə yaxından tanış olmaq,
söhbətləşmək istədim. İlk
fürsətdə yaxınlaşdım, tanış olduq,
söhbətləşdik. Sonralar tez-tez həmsöhbət
olurduq. Əlyazma şəklində təqdim etdiyim
şeirlərimi oxuyub fikrini deyər, düzəlişlər
edərdi. Bu bizi doğmalaşdıran məqamlardan biri idi.
Nə danım, bizi doğmalaşdıran digər amil isə
eyni torpaqda doğulub boya-başa çatmağımız idi.
Oqtay
Rzanı yaxından tanıyanlar bilir ki, onun
yaradıcılığında ithaf şeirləri xüsusi
yer tutur. Belə ithaflardan birini də tanış olduğumuz
ilk vaxtlarda - 1993-cü ildə mənə yazmışdı.
Cəmi 2 misra olan həmin şeir belə idi:
Namiq!
Xoş, mənalı ömür sürəsən!
Mənim
vətənpərvər eloğlum, əhsən!
Sonralar
birlikdə dəfələrlə səfərlərdə
və eyni məclislərdə olduq. İllər
keçdikcə bir-birimizə daha da doğmalaşdıq.
1999-cu ildə Azərbaycan Yazıçılar Birliyinə
üzvlük üçün sənədlərimi
hazırlayanda haqqımda zəmanət yazan 3 ədəbiyyat adamından
biri də Oqtay müəllim oldu (digərləri İmamverdi
Əbilov və Əjdər Ol idi).
Oqtay Rza
iştirak etdiyi bütün məclislərdə xoş ovqat
yaratmağı bacarırdı. O bunu süni
şəkildə etmirdi. Hazırcavablıq, baməzəlik,
nikbin ovqat və ən əsası səmimiyyət onun
təbiətində idi. Onunla birlikdə keçirdiyim
səfərlər, görüşlər mütləq
hansısa xoş bir əhvalatla yadda qalırdı. Elə bu
yazımda da Oqtay Rza ilə bağlı uzun-uzadı
danışıb oxucunu yormaq fikrində deyiləm, onunla
bağlı yaddaşıma həkk olan çoxsaylı
əhvalatlardan üçünü yazmaq istəyirəm;
Birinci
əhvalat 2008-ci ildə Salyanda olmuşdu.
2008-ci il
iyulun 11-də Salyanda Azərbaycan Yazıçılar Birliyi
Muğan bölməsinin təsis konfransı oldu. AYB-nin
sədri, xalq yazıçısı Anar, xalq şairi
Fikrət Qoca, AYB Mətbuat Xidmətinin rəhbəri, şair
Ədalət Əsgəroğlu, yazıçı Elçin
Hüseynbəyli və digərləri ilə bərabər
Oqtay Rza da Salyana konfransa gəlmişdi.
Təvazökarlıqdan uzaq çıxmasın, AYB Muğan
bölməsi şəxsən mənim təşəbbüsüm
və bu yöndə ciddi çalışmalarım sonucunda
meydana gəldiyi üçün konfransda Anar müəllim
sədrliyə mənim namizədliyimi irəli sürdü.
2015-ci ilə qədər bölmənin rəhbəri oldum.
Konfransdan qayıdanda Salyanda yol kənarındakı
restoranlardan birində oturub çörək yedik. "Yerli
xalqın nümayəndəsi" kimi ilk badəni Oqtay Rza
qaldırdı, qonaqlara "xoş gəldin" elədi, ilk
sözü Anar müəllimə verdi və masa ətrafında
əyləşənlərə birinci badəni xalq
yazıçısı Anarın sağlığına
içməyi təklif elədi. Ümumiyyətlə,
demək olar ki, məclisi sona qədər Oqtay Rza idarə
edir, növbə ilə qonaqlara söz verirdi. Maraqlı
məqam isə məclisin sonuna yaxın yaşandı.
Artıq xeyli içmiş, kefi daha da kökəlmiş Oqtay
Rza içkini sonuncu badəyə süzüb, ucadan, bir
qədər də pafosla, "Həzərat! Təklif
edirəm ki, axırıncı sağlığı da Anar
müəllim söyləsin. Qoy, o bizə istiqamətverici bir
söz desin", - dedi.
Anar
müəllim təmkinlə badəni qaldırıb, həmin
"istiqamətverici" sözü dedi:
-
İstiqamətverici söz kimi onu deyə bilərəm ki,
burdan durandan sönra istiqamətimiz Bakıya tərəf
olacaq!
İkinci
əhvalat bundan 10 il sonra, 2018-ci ildə baş verdi. AYB-nin
Natəvan klubunun giriş qapısında tədbirdən
çıxan qocaman şairimiz Oqtay Rza ilə
rastlaşıram. Qısa hal-əhvaldan sonra xeyli
müddətdi işsiz olduğumu bildiyi üçün soruşur:
-
Hacıheydərli! İşləyirsənmi?
- Yox, Oqtay
müəllim! Hələ ki işsizəm - deyincə, 85
yaşın içində olan şairin yarızarafat,
yarıciddi cavabı çox maraqlı oldu:
- Eybi yoxdu,
ürəyinə salma, elə mən də
işləmirəm...
Üçüncü
əhvalat isə 1-2 ay əvvəl olmuşdu. Zəng
eləmişdi. Xeyli danışdıq, dərdləşdik.
Bəzi doğma bildiyi, umduğu insanlardan incikliyini ifadə etdi.
Eşidibmiş ki, artıq Qaradağ rayonunda
işləyirəm. Söhbət əsnasında bu mövzuya
toxundu:
- Ustad! (Bu
onun tez-tez işlətdiyi müraciət formalarından biri
idi). Eşitdim Qaradağ rayonunda işləyirsən.
-
Düzdü, Oqtay müəllim - dedim.
Hər 3
adda Qara sözünü xüsusi vurğulayaraq:
-
Maraqlıdı ee - dedi - Qaraçalada doğuldun,
Qaraçuxurda yaşayırsan, Qaradağda
işləyirsən...
-
Tanrının izni ilə növbəti hədəfim
Qarabağdır! - dedim.
- Pəh!
Əla! Nə gözəl dedin! Ustad! Vaxt eliyək
görüşək! Sağ ol! - dedi.
...Amma bir
daha görüşə bilmədik. Bu, Oqtay Rza ilə
aramızda olan son söhbət, son zəngləşmə
və son dərdləşmə oldu.
Ruhun şad
olsun, Oqtay müəllim!
27 avqust 2019-cu il
Namiq Hacıheydərli
Ədəbiyyat
qəzeti.- 2019.- 14 sentyabr. S. 31.