Ekranlaşdırılmış ədəbi əsərlər

 

Layihədə Süleyman Rəhimovun "Mehman" povesti əsasında çəkilən "Qanun naminə" filmini təqdim edirik

 

Süjet: Hadisələr 1930-cu illəri əhatə edir. Əsərin əsas qəhrəmanı gənc Mehmandır. Mehman məktəbi uğurla bitirdikdən sonra universitetin hüquq fakültəsinə daxil olur. Ali məktəbi fərqlənmə diplomu ilə bitirən Mehman elmi iş götürür. Müəllimi, professor Məlikzadə də sevimli tələbəsinin hüquq nəzəriyyəsi ilə məşğul olmasının tərəfdarıdır. Ancaq Mehman elmi tədqiqatının daha əhəmiyyətli olması üçün təcrübə toplamağı qərara alır. Və ucqar rayonlardan birində prokuror olmağı seçir. O, ailənin tək qızı, ərköyün böyümüş Züleyxa ilə evlənir. Arvadı və anası Xatunla rayona yola düşür. Mehmanın getdiyi rayonda siyasi-ictimai vəziyyət mürəkkəbdir. Ondan əvvəl rayona göndərilən prokurorlar işlərinin öhdəsindən gələ bilməyiblər. Mehman burada icraiyyə komitəsinin sədri Kamilovla, müstəntiq Murtuzovla, prokurorluğun xidmətçisi Qaloşlu adamla, anbardar Məmmədxanla və başqalarıyla mübarizə aparmalı olur. O, haqsız tutulanları azad edir, həqiqi cinayətkarları isə həbsə alır. Qaloşlu adam Mehmanı ləkələməyin yollarını axtarır. Əlaltıları ilə birgə, onun daş-qaşa meyilli olan arvadı Züleyxanı qurban seçirlər. Qaloşlu adam Züleyxaya qızıl saat bağışlayır. Qaloşlu adamın qohumu Məmmədxan kənd klubunun dram dərnəyində aktrisalıq edən arvadı Balışı qısqanclıq zəminində öldürür. Mehmanın cinayəti ört-basdır etməsi üçün Qaloşlu adam onu qızıl saatla şantaj edir. Qızıl saat məsələsindən xəbərdar olan Mehman arvadına sərt reaksiya verir və saatı qaytarmasını tələb edir. Şantaja baxmayaraq Mehman yolundan dönmür, günahkarları həbsə alır. Əsər Mehmanın mübarizə prosesinin davamlı olacağını göstərən sonluqla bitir...

Əsər 1968-ci ildə rejissor Muxtar Dadaşov tərəfindən "Qanun naminə" adı ilə ekranlaşdırılıb. Muxtar Dadaşov milli kino tariximizdə əhəmiyyətli yer tutan onlarca sənədli filmin müəllifidir. Hələ on bir yaşından - 1924-cü ildən ilk Azərbaycan Dövlət Akademik Dram Teatrının müxtəlif tamaşalarında uşaq rolları, daha sonra Cəfər Cabbarlının "Sevil" pyesinin ilk tamaşasında Gündüzü oynayıb. 1929-cu ildə türk uşaq teatrının aparıcı aktyoru olub. Onun "Sovet Azərbaycanı" sənədli filmi isə 1951-ci ildə Kann kinofestivalında "elmi-kütləvi və pedaqoji filmlərə görə" münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb. Sovet Azərbaycanının 30 illiyinə ithaf olunmuş bu kinohekayədə ölkənin iqtisadi-mədəni quruculuğundan danışılır. İkinci Dünya müharibəsi dövrünün kinoxronikasının yaradılmasında xüsusi xidmətləri olan M.Dadaşov həm də istedadlı operator idi. 1942-ci ildə faşistlərin Sovet İttifaqı ərazisində törətdiyi cinayətləri araşdıran xüsusi dövlət komissiyası yaradılır. Azərbaycandan operator kimi M.Dadaşov və İsmayıl Əfəndiyev (İ.Əfəndiyev "Arşın mal alan"ın 1945-ci il versiyasında Süleyman, "O olmasın, bu olsun"da Həsənqulu obrazlarını oynayıb) bu komissiyanın tərkibində fəaliyyət göstərir, lazımi kadrları çəkirlər. Kadrlarda faşistlərin Şimali Qafqazda törətdikləri vəhşiliklərdən, bu cinayətləri təhqiq edən dövlət komissiyasının fəaliyyətindən danışılır. Onun 1943-cü ildə lentə aldığı "Almanların Şimali Qafqazda vəhşilikləri" sənədli filmi dəlil kimi məşhur Nürnberq məhkəmə prosesində göstərilir. Bundan başqa, M.Dadaşov azərbaycanlıların arxa cəbhədəki fəaliyyətindən, Bakının ətrafında düşmən tanklarının hücumunun qarşısını almaq üçün müdafiə istehkamlarının qurulmasından bəhs edən "Bakı döyüşür" (1944), İkinci Dünya müharibəsi illərində İran Azərbaycanındakı mövcud vəziyyəti anladan "Arazın o tayında" (1947) kimi maraqlı sənədli filmlərin müəllifidir.

"Qanun naminə" Muxtar Dadaşovun rejissor kimi bədii kinoda debüt işidir. Bədii mətnin əsas ideya-problematikası saxlansa da, ümumən, süjet xeyli dəyişikliklərə məruz qalaraq yığcamlaşdırılıb. Povestdə Mehmanın məktəbi bitirməsi, onu əhatə edən mühitin təsviri, daha sonra universitetə daxil olması, prfoessor Məlikzadə ilə münasibəti, Züleyxayla yaxınlaşması geniş yer tutur. Ssenaridə bunlarla yanaşı, Məlikzadənin qızı Dilguşə, Züleyxanın xalası Katibə, Mehmanın atasının dostu Mirzəoğlu obrazları, qəhrəmanın Bakıya yenidən gəlişi və s. səhnələr ixtisar edilib. Əsərdə sevgi münasibətlərinin, ailə qurmaq təşəbbüsü Züleyxadan gəlir. Mehman isə qızın sevgisini soyuq qarşılayır və ondan qaçmağa çalışır. Filmdə personajların xatirələrində əksi - münasibətlərin istilyi, qarşılıqlı olması göstərilir. Nəhayət, ən kəskin dəyişiklik Mehmanın povestdə sağ qalması, mübarizəsinin davamlı olması, filmdə isə onun qolçomaqlar tərəfindən öldürülməsidir. 

Əslində, Süleyman Rəhimovun 1944-cü ildə yazdığı "Mehman" povesti sosrealizm estetikasında, plakat üslubundadır. Əksər dialoqlarda pafos, şüarçı ritorika əsərin bədii əhəmiyyətini, emosional təsirini azaldır. Yazıçı Mehman obrazının sarsılmazlığını, prinsipiallığını lazım olduğundan artıq ideallaşdırır, üstəlik, onun didaktik, poetik nitqi səmimi səslənmir, həyatiliyinə kölgə salır. Rejissor isə mümkün qədər Mehmanı ideallıqdan arındırmağa çalışır, sxematik, hisslərini gizlədən, introvert Mehmanın əvəzinə filmdə romantik, sarsılmağı, məyus olmağı bacaran, normal həyatda adi adamlar kimi danışan qəhrəmanı görürük. Mehman obrazı müəyyən mənada həm də osetinli aktyor Bimbolat Vatayevin güclü, parlaq fakturası və onu səsləndirən Şahmar Ələkbərovun hesabına yaddaqalan oldu.

Janrca dram, kriminal, triller elementlərini özündə ehtiva edən "Qanun naminə" vizual təhkiyə baxımdan ən maraqlı filmlərimizdən biridir. Müəyyən didaktiklik olsa belə, o, kinematoqrafik məziyyətlərin sayəsində ört-basdır olunur. Film cinayət hadisəsinin baş verəcəyini eyhamlaşdıran qaranlıq kənd mənzərəsi, əndişə aşılayan musiqi ilə başlayır. Sonrakı kadrda Mehmanla Züleyxanın (Flora Kərimova) isti, nikbin ailə tablosunun göstərilməsi ilk görüntünün tonallığını əsaslandırmır. Və qəfildən xoşbəxt ailə mənzərəsini pəncərəyə çırpılan daşın, "Rədd ol buradan!" yazılan kağız parçasının yaratdığı gərginlik, qorxu ilk kadra bəraət verir.

Ekspozisiyada fonda görünən pionerlər, çalışan kəndlilər, uşaq bağçası və s. ilə dövrün mənzərəsi yaradılır. Müəllif personajların daxili məzmununu, niyyətini açıqlayan rakurslar edir: müstəntiq Murtuzov turnikdən yellənən Mehmanın baxış bucağından, daha sonra isə yuyunanda üzündən süzülən su damcılarından göstərilir. Bu zaman Murtuzovun (Mustafa Mərdanov) təhrif olunmuş portretilə onun iç dünyasına nüfuz olunur. Əksər epizodlardakı kölgə və işığın kontrastı qəhrəmanın mübarizəsinin çətin olacağını, qarşılaşacağı təhlükəni vizuallaşdırır və əhvalatı həyəcanla yükləyir. Maraqlı epizodlardan biri Mehmanın küləkli havada qaranlıq otaqda qəfil səsdən diksinərək, çaxmaq daşını yandırmaqla gələnin kimliyini müəyyənləşdirməsidir. O, çaxmaq daşını yandırdıqca əcaib üzlü Qaloşa (Rza Təhmasib) bir addım daha yaxınlaşır və belə bir dinamik kompozisiya konfliktin güclü təsvir həllini verir. Ümumiyyətlə, rejissor sözsüz, çoxmənalı təsvirlərdən çox yararlanır. Onu əksər hallarda Mehmanla Qaloşun münasibətlərinə tətbiq edir. Misalçün, Qaloşun iblisanə təbəssümü ilə Mehmanın səmimi gülümsəməsi qarşı-qarşıya qoyulur. Açıq, birbaşa təsvirlərlə, tekstlə vurğulamasa da mübarizə əsasən iki personaj - Mehmanla Qaloş arasında baş verir. Qaloş əks cəbhənin ümumiləşmiş obrazı kimi çıxış edir. Paralel montajla kəskin kontrastlar yaradılır: Mehmanın yoxsul kabineti ilə Kamilovun (Adil İsgəndərov) işıqlı, geniş kabineti, hamam səhnəsində var-dövlətə həris iki qadının Zərintacın (Nəcibə Məlikova) Züleyxa ilə maddiyyatçı söhbəti ilə dağ yolunda Mehmanın Səməd Vurğunun "Azərbaycan" şeirini səsləndirməsi və s.

Uğurlu vizual həlli olan epizodlardan biri Mehmanın iş otağında Qaloşun əhənglədiyi divarda (və bu əhənglənmiş divar kinoteatr ekranı effektini verir) həbs olunanların portretlərinin peyda olması, Mehmanın onların dindirməsidir. Züleyxanın yuxuda zəncirli qızıl saatın əqrəbləri arasında qaçması, Qaloşun ovcundakı saatın zəncirinin dar ağacına çevrilməsi və Mehmanın kiçilmiş formada ondan sallanaraq xilas olmaq cəhdi kimi səhnələrlə, rejissor əhvalatı eyni zamanda sürreal qatda işləyir. Zərintacın evinin həyətində onun üzünə çırpılan, haram yolla qazanılan pulların birdən-birə havaya sovrulması, ona göndərilən "ilahi cəza" təsiri bağışlayaraq epizoda mistik ab-hava gətirir. Kəndirdən asılmış Balışın (Janna Smelyanskaya) kölgəsinin görünməsi kölgə teatrı estetikasındadır. Məşqə gedən ağ kəlağayılı, işıqlı üzü olan Balışa qara çadralı arvadların tənə vurması yeniliklə köhnəliyin toqquşmasının koloritli təsviridir. Qonşuların evində ziyafət təşkilini görəndə, qəzəbdən Mehmanın başı hərlənir və kamera hər personaja ani baxışıyla, onların gerçək niyyətini tutur. Rejissor portret planlara çox yer verməklə dövrün obrazlar silsiləsini yaradır.

Hərçənd, bir epizodda "Mehmanın Vahidovla (Rza Əfqanlı) katibin kabinetindəki söhbətində birdən-birə "Çapayev" filminin arxa divarda görünməsi məkan məntiqinə cavab vermədiyindən çaşqınlıq yaradır". (Aydın Dadaşov) Və "Kommunist" qəzetinin 1969-cu il 7 may tarixli "Olmasın gərək" məqaləsində Mehdi Məmmədov filmin finalını tənqidində haqlıydı: "Povestdə Mehman öz düşmənlərini qansız-qurbansız ifşa edir, Qaloşlu Adamı dərhal həbsə alır. Filmin müəllifləri isə özgə final axtarmış, daha dinamik, daha dramatik hadisələrə bir epizodla yekun vurmuşlar. Rejissor və operator tərəfindən öz-özlüyündə gözəl işlənən bu epizod heyif ki, dramaturji inkişaf mənasında hazırlanmamışdır. Son kadrlarda (yeni cavan prokurorun gəlişi səhnəsində) filmin ruhuna uymayan plakat tərzi bu təsiri bir qədər zəiflətmişdir".

Ssenarini əvvəlcə Süleyman Rəhimov Firudin Aşurovla birgə yazsa da, "Azərbaycanfilm" kinostudiyasının rəhbərliyi tərəfindən bu versiya qəbul olunmayıb. İsaq İbrahimovla redaktor Əhmədağa Qurbanovun imzaladıqları rəydə ssenari barədə deyilir: "Povestdəki aktual məsələlər kinematoqrafiyaya xas olan təsvir vasitələri ilə əks etdirilməmiş, kino dilində tam dolğunluğu ilə ifadə olunmamışdır. Əksinə mexaniki ixtisar da bir qədər bayağılaşdırılmış şəkildə verilmişdir. Bu da hər şeydən əvvəl ondan irəli gəlir ki, ssenarinin müəllifləri, müqaviləyə əsasən povestin motivlərindən istifadə edib bugünkü həyatımızla əlaqədar olan yeni kinossenari yazmaqdansa, əsəri sadəcə ixtisar etmişlər; bəzən hətta bütöv epizodları belə, povestdə olduğu kimi ssenariyə köçürmüşlər. Cəsarətlə demək olar ki, kinossenarinin ideya-bədii səviyyəsi povestdən qat-qat aşağıdır". Bu səbəbdən  ssenarini Muxtar Dadaşov moskvalı Maro Erzinkyanla birgə yazır.

Maraqlı bir faktı da deyim ki, Balış rolunu oynayan Janna Smelyanskaya Bimbolat Vatayevin həyat yoldaşı idi.

 

Sevda Sultanova

 

Ədəbiyyat qəzeti.- 2019.- 21 sentyabr.- S.31.