Fars şeiri və
Azərbaycan gözəli
İstanbulda olanlar bilər,
Haliçin ən uc nöqtəsi Əyyub təpəsində
Pyer Loti kafeləri
var. İstanbulu və
Haliçi bir başqa baxışla görmək istəyən
sevgililər əl-ələ
tutaraq, təpəyə
doğru yorulmadan qalxarlar, orada içdikləri çayla
bərabər bir-birinə
gözəl sözlər
sıralar, deyər, gülər, sevgilərini
təzələrlər.
Yeni nəsil
bilməsə də, İstanbul Pyer Lotini tanımış və onun ismini
həm bir təpəyə, həm də bir küçəyə
vermişdir.
Bir fransız
dəniz zabiti olan Pyer Loti (1850-1923)
1876-cı ildə İstanbula
ilk gəlişində həm
türklərə, həm
də İstanbula aşiq olmuşdur. Bəzi
əfsanələrə görə
isə o, hal-hazırda
onun adını daşıyan Əyyub təpəsində ailəli
bir qadına - Aziyadəyə aşiq olmuş, 3 il
sonra, yəni 1879-cu ildə "Aziyadə"
isimli romanını yazmışdır. Romanda gerçəkdən
də bir Osmanlı xanımına yönəlik ümidsiz bir eşqdən bəhs edilməkdə, onun ölümüylə
kədərə boğulan
roman qəhrəmanının axtarışları axıcı
bir üslubla dilə gətirilməkdədir.
Pyer Loti
sevgilisinə qovuşmasa
da, İstanbul və türklərə olan sevgisinin mükafatını görmüş,
1913-cü ildə təkrar
İstanbula gəlincə,
Sultan Rəşad tərəfindən
saraya dəvət edilmiş, İstanbul mətbuatında "Türk
dostu fransız" olaraq salamlanmışdır.
Hətta Fransanı günahlandıran və Türkiyə müstəqillik
savaşının tərəfdarı
olan yazılarına görə 04.10.1921-ci il tarixində Türkiyə Böyük
Millət Məclisi millət vəkilləri ona bir məktub
göndərərək təşəkkür
etmişdilər.
Eşq bu qürurlu fransız zabitini elə yandırıb-yaxmış ki,
Parisdəki evini belə, türk üslubunda döşəmiş,
İstanbuldan apardığı
bir məscid minbərini evinin baş köşəsinə
qoymuş, eynilə İstanbulda kafelərdə
gördüyü şəkildə
nargilə içməyə
başlamışdır. Dedi-qodulara qulaq
assaq, sevgilisinin tabutunu da Parisdəki
evinə götürdüyünə
inanmağımız lazım
olacaq.
Fransada Pyer Loti
kimi türklər, ərəblər, farslar mövzusunda araşdırmalar
edən çox tanınmış mütəxəssislər
yetişmişdir. İkinci Dünya müharibəsi
sonrası yetişən
alimlər içində
Louis Massignon ərəblər
üzərinə, Henri Masse farslar üzərinə,
Albert Qabriel də osmanlılar üzərinə
çox əhəmiyyətli
işlərə imza atmışlar.
Henri Masse (1886-1969) Parisdə Şərq Dilləri Universitetində türkcə,
farsca, ərəbcə,
sanskritcə öyrənmiş,
sonra Misirə gedərək 1911-1914-cü illərdə
ərəbcəsini inkişaf
etdirərək İslamiyyət
üzərinə bilgilər
toplamışdır. Amma sonradan Fransaya geri dönərək doktorluq dissertasiyasını
Şeyx Sədi Şirazi üzərinə
müdafiə etmiş,
arxasınca Nizami, Sədi, Cami, Firdovsi, hətta Mövlana Cəlaləddin
Rumi haqqında məqalələr yazmışdır.
Qədim farscanı da öyrənən Henri
Masse bütün ömrünü
İran və fars şairləri
üzərindəki tədqiqat
işləriylə tamamlamışdır.
Pyer Lotinin İstanbul gözəli Aziyadə ilə başlayan türk və Türkiyə sevgisi Henri Massedə də eyni şəkildə
olmuş və bir Azərbaycan gözəlinə duyduğu
eşqlə də İrana maraq duymağa başlamışdır.
Son Osmanlı ziyalılarından
biri olan Münəvvər Ayaşlı
(1906-1999) "Eşitdiklərim, gördüklərim, bildiklərim"
adlı kitabında
Henri Massenin eşqindən
belə bəhs edir:
"Əfəndim prof.
Masse qısaboylu, sümüyü
xırda vücudlu, ağ, qısasaqqallı,
son dərəcə istiqanlı,
sevimli, sevimli olduğu qədər də kübar və zərif idi. (...) yenə bir
gün prof. Masse ilə öz mənzilində söhbət
edərkən: "Mən
də Pyer Loti kimi bir eşq
üzündən farsca
öyrəndim. İrana bu
dərəcədə bağlandım".
Mən heyrət
içində onu dinləyirdim. Zira həyatının ən böyük və ən gizli sirrini açıqlayırdı.
Məni özünə sirdaş etmişdi. Mən susaraq onu dinləyirdim. Yaşı səksənə
gələn Monsier
Masse birdən-birə gəncləşmişdi,
sanki. İşığı sönmüş gözlərində gənclik
və eşq atəşi yanırdı.
Solmuş bənizinə, yanaqlarına
xəfif rəng gəlmişdi. Özümü
bir eşq məbədində zənn
edir, huşu içində onu dinləyir və dinləyirdim... Bəli, prof. Massenin de Pyer Loti Aziyadəsi kimi bir aziyadəsi
varmış və bu gənc xanım
iranlı deyil, bir Azərbaycan türküymüş... Gənc və
gözəl bir xanımmış. Monsier
Henri Massenin 50-60 il gizlədiyi bu eşqini, görəsən, məndən
başqa bilən vardırmı? Bəlkə var, bəlkə
də yoxdur. Parisdə əbədi uyuyan Monsier Massenin və İranın kim bilir hansı şeir dolu köşəsində adını
belə bilmədiyim məchul sevgili, mərhumə Azərbaycan
gözəli türk xanımının məzarlarına
könül bağçamdan
ən gözəl güllər...".
Prof. Massenin ruhunu darmadağın edən, bütün həyatını
fars şeirinin
eşq bağçalarında
dolaşdıran Azərbaycan
gözəli əcəba
kim idi?
Orxan Aras
Ədəbiyyat qəzeti.- 2019.- 21 sentyabr.- S.7.