Xilasın axtarışında, yaxud
XXI əsrə verilən suallar
Günel Eyvazlının "İşıq"
kitabına daxil olan mətnlərin təməl
metaforalarını kitab, mədəniyyət, tarix təşkil
edir. Bunlar onun yalnız yaradıcılıq
axtarışlarının nəticəsi deyil,
düşüncə obyektivinin fokuslandığı müstəvidir.
Mətnləri arasından tez-tez keçən bir söz var:
kitabxana. Bu söz həm də "tarixi
apriori"dir kitabda. Günel tez-tez kitablar arasında gəzişdiyini
vurğulayır, mətnləri seçir, "mənim həyatım
qaçışdır", - deyən Borxes sayaq zaman və məkanlar
arasından ucqarların mifologiyasına, yaxud əksinə gedişlər
edir. Ona görə burada mifoloji qəhrəmanların,
onların həyat hekayətlərinin eninə-boluna təsvirindən
tutmuş ədəbi totemlər, arxetiplərin
sıralanmasına qədər "saxlanc mədəniyyəti"nin faktları öndədir. Ərəb
nağıllarından tutmuş əfqan romanına, qədim
yunan, Çin mistikasından tutmuş çağdaş fəlsəfi
fikrin vardığı hüdudlara, Bethoven, Motsart, Paqanini, Lui
Armstronq, Vaqif Mustafazadə musiqisindən tutmuş rəssamlıq
incilərinə qədər polifonik rəmzlər Günelin mətnlərində
iç-içədir və ümumən, dünyanın
obrazını özündə əyaniləşdirən bu mətnlərlə
Günel kosmoloji dərinlik ölçülərini müəyyənləşdirə
bilir. Dünya nizamsızlığına xilas və Xilaskar
axtarır:
"Bəlkə də əsrlərdir gözlədiyimiz
xilaskar elə oxumadığımız kitablardır. Bəlkə də
Nuhun gəmisi adlandırdığım bu fani dünya qədim
kitabxana məbədinin divarına toxunaraq dayanacaq. Sonra yenidən öz oxu ətrafında növbəti
dövriyyəsinə qədəm qoyacaq. Bəlkə
biz hamımız xilaskara çevrilməklə xilas
olacağıq".
Bu kitabda
Güneli maraqlandıran səbəblər zamanın mahiyyətindən
doğan problemlərlə bağlıdır: qloballaşma
dövrünün mədəniyyəti, onun milli-əxlaqi dəyərləri
üstələyən, laxladan neqativləri, getdikcə
ucuzlaşan, tənhalaşan və darıxan insan amili və
qadın faktı! Daha başqa məsələlər
də var, amma sadaladığım bu amillər dominant təşkil
edir.
Kitabda
rastlaşdığım bu fikri, nədənsə, onun
açar sözü kimi qavradım: "Sivilizasiyanın
qarşısında dayanan əsas məqsəd insana
düşünməyi öyrətməkdir (Tomas Edison)".
Bütün düşüncə adamları kimi, Günel də
çağımızın, qloballaşma erasının
insanı heçə çevirən sürətindən
narahatdır və "İşıq" dolu mətnləri
ilə daim ünvanlar nişan verir, seçir, təqdim edir. Postmodern dünyanın gətirdiyi hər cür
nizamsızlığa qarşı çıxıb yeni mədəniyyət
əyyamlarına açılır. Bəzilərində
yaradıcılıq enerjisi kimi, bəzilərində
manifestasiyaların realizəsi kimi, bəzilərində də
səriştə və biliyə çevrilmənin təzahürünü
verməklə düşüncə hüdudlarına zəmin
yaradır.
"Biz kitabları rəflərə düzmək
üçün alırıq. Vizual
görüntü üçün. Oxumamış
qərar veririk, oxumamış qamçılayırıq.
Bəlkə şeytanın da deyiləsi
sözü vardı. Biz isə əsrlərdir
ona daş atırıq. Bəs dünya
düzənini qaynadan kimdir? Bu vəhşətlərin
arxasında şeytan dayanmırmı? Axı
o, bu qədər daşın qarşısında o,
çoxdan ölməliydi".
Bəlkə bəşər övladının
darıxması bu üzdəndir?! Günel "Yabançı"
essesində Kamyudan, "Həşərat"da Kafkadan bəhs
etməklə yeni epoxanın işləklərinə ayna
tutur. Qloballaşan, öz oxundan
çıxan dünyadan, onun tənhalaşan, darıxan,
ağrıyan, həşərata çevrilib dəyərini
itirməkdə olan insanlarından bəhs etməklə gələcək
üçün həyəcan siqnalı çalır. Hər dövrün öz məhvetmə mexanizmi var,
əslində. Cəmiyyət insanın
içindəki bütün işıqlı duyğuları
məhv edib ondakı əsl "mən"i "mən"dən
uzaqlaşdırır, yerdə qalan isə buz kimi soyuq
görünüşü olur. Və sonra
günahkar olduğu bu "çevrilmə"də onun
soyuqluğuna ölüm hökmü kəsir. O zaman ədəbiyyatın
missiyası nə ilə səciyyələnir? Sadəcə,
reallığın ifadəsini vermək! Fiksiya deyil,
reallıqdır ədəbiyyat! Belə
olmasaydı, kəsilən ölüm hökmləri ondan yan
keçərdi, xalqın və millətin taleyindən
keçən dramatik situasiyalar onun da tərcümeyi-halında
boşluğu və yoxluğu ifadə etməzdi.
Günel
kitabına çox uğurlu ad seçib:
"İşıq"! Yanmadan işıq
olmaq mümkündürmü? Bu ad həm
müəllif qayəsindəki niyyəti, həm də
ümumiyyətlə, ədəbiyyatın məna və
tutumunu önə çəkmək baxımından simvolik
çalar ehtiva edir. "Cəmiyyəti,
xalqı, şüuru, təfəkkürü
formalaşdıran, yetişdirən bədii ədəbiyyatın
missiyası olduqca müqəddəsdir. Çətin
olsa belə, bu missiyanı çiyinləri üzərində
daşımaq dünya bədii ədəbiyyatı
üçün olduqca məsuliyyətli işdir".
Sənətin gücü həm də bundadır. O, dünyanı
sarmış kataklik proseslər içində
özünün dincliyi, düşünməsi
üçün həm də bir huzur, nəfəsdərim məqamıdır.
Günel o insanlardan yazır ki, onlar bəşəriyyətin
irəliyə doğru inkişafında Tanrıya xidmət
ediblər, yəni xaosu kosmosa çeviriblər. Ümumbəşəri
bədii təfəkkür hadisələri meydana qoyan bu sənətkarlara
qurulan edam kürsüləri isə hər
zaman mövcud olub. Bu da həqiqətdir ki,
dünyanın hər tərəfində hökm
sürmüş total rejimlər, sərt repressiv durumlar belə
sənətin həqiqi estetik duyumunu, bədii enerjisini
söndürə bilməmişdir. Xeyir və şər,
sənətkar və edam, müharibə və həyat, həqiqət
və riya arifmetikası hər zaman İsa, Nəsimi, Höte,
Bulqakov, Cavid, Müşfiq dühasında
qaldırılmış, əbədi
qarşı-qarşıya qoyulmuş mübarizə təliminə
çevrilmişdir. Bəs düşüncə
arsenalından gedən hər zərrə hansı
boşluğu ifadə edir, görəsən? Günelin
"Pikasso" pyesinin qəhrəmanı Salvador Dalinin dilindən
deyildiyi kimi: "gör biz nə qədər Allah
öldürmüşük".
Günelin
məqalələri öz ruhu, mahiyyəti etibarilə estetik
ifratlara, total rejimlərin yol verdiyi sənətkar qətliamlarına,
edamlara qarşıdır və daş-qalağın, məhdud-nihilist
təftişin qurbanına çevrilmiş sənətkarların
adını mətnlərindən dönə-dönə
keçirir. Bəlkə əsl sənətə, ədəbiyyata
xidmət edilən yerdə edam
kürsülərinin hər zaman qurulduğunu bildiyi
üçün?! Axı böyük istedadla bərabər
sənətkara öz yaradıcı enerjisini bütün
potensialı ilə sərgiləməsi üçün huzur
da gərəkdir. Günelin kitabından adı dəfələrlə
keçən Bulqakovun "Master və Marqarita"sında unutmadığım
bir fikir var: "Sənətkara işıq lazım deyil. Ona huzur lazımdır". Gözəl
fikirdir, çünki sənətkar olmanın özü
artıq işıq deməkdir. Ona, sadəcə,
huzur vermək, dəyərli əsərlər yazması
üçün imkan yaratmaq lazımdır.
Günel daha çox yunan mifologiyasına, arxetip
yaddaşa nüfuz edir. Ədəbiyyatın, sivilizasiyanın
bütöv bioqrafiyasının mənzərəsini
cızmağa çalışır. Müəllif,
sanki hər addımda oxucuya əyan etməyə
çalışır: hər şey, bütün bədiyyat
enerjisi ilə daha qədim qatlara bağlıdır. Hər
hansı məsələnin, mövzunun Azərbaycan ədəbiyyatı,
mədəniyyəti içrə təzahürlərini
aramadan öncə onun dünya hadisələri, dünya mənzərələri
içrə ünvanını aramaq lazımdır:
"Niyə bədii ədəbiyyatımız deyil,
dünya ədəbiyyatı ifadəsindən istifadə etdim? Əslində, böyük ədiblərin
əsərlərini oxuduqda, yaradıcılıq nümunələri
ilə tanış olduqda yalnız
kitabın üzərində müəllifin adına nəzər
salmaqla hansı ölkənin yazıçısı
olmasının fərqinə varırsan, yazılan əsərin
daxilinə eniş edəndə müəllifin kimliyini unudaraq
özünü, qəlbinin səsini əsərdə taparaq
bütöv bir orqanizmə çevrilirsən. Bütövə
qovuşursan.
Bütün əsərlər arasında qırılmaz
bir bağ var. Hamısı bir-birindən asılıdır. Bir əsər
digərinin davamıdır. Tamamıdır.
Məgər bu silsiləni səmavi kitablarda hiss etmədinmi?
Biri digərini təsdiq etmədimi?".
Doğru
fikirdir! Arxada yetmiş illik sovet
dövrünün acı gerçəkliyi var və bu
gerçəklik bizə sübut etdi ki, dünya mədəniyyəti
deyilən zəncirdən hansısa halqanı
çıxarıb atmaq ədəbi-mənəvi və elmi
şüurda necə boşluqlarla nəticələnir.
Amma onu da qeyd etmək lazımdır ki, tipoloji baxımdan kəsişən
proseslərin tarixən gəlişməsini təsvirə
çəkən bu məqalələrdə
çağın mənzərələri içrə gəzişmək
varsa da,
başlanğıc hədəfə - nüvə,
kök məqamına həssaslıq daha vacib
görünür. Mifoloji yaddaş, dastan kültürü,
nağıllar, uşaq ədəbiyyatından
başlamış bu günün elmi-fəlsəfi, ədəbi
estetik mətnlərinə qədər uzanan magistral xəttin
bərpasını və ona qayıdışı müəllif
"qloballaşmış dünya qazanında həll
olunmağımıza" çəkilən sipər hesab
edir. Çünki yaddaş daha çox sənətdə,
ədəbiyyatda dərk olunan abstraksiyadır, bu mənada
müəllifin etnik-ontoloji yaddaş sayılan sənətə
həssaslığının əsasında həm də tək
xalqın deyil, ədəbiyyatın da manqurtluğuna olan
nigaranlığı dayanır. Ədəbiyyatın
keçmişindən imtina edənlərin Aid səltənətinə
çevrilməsini istəmir.
Günel publisist yazılarında, esse-düşüncə
məqamına köklənmiş məqalələrində,
eləcə də bədii çalarları ilə seçilən
mətnlərində əsasən nəyi arayır? Birmənalı şəkildə
insan həqiqətini, onun xilasını! Qloballaşma
epoxasının iflic etdiyi, başını
dumanlandırdığı, yeni paradiqmalara meyil edən
insanın nicatı hansı tərəfdədir? Şərqdə, ya Qərbdə? Şəxsən mənə görə bu
qarşılaşma çoxdan öz
aktuallığını itirib. Çünki
Şərq cəmiyyəti öz rituallar bolluğu, didaktika, ənənə
sadiqliyi, ilahi eşq məqamı ilə bizi tənhalıqdan
qopara bilmədi. Bəs Qərb necə?
O da intellekt gücünün, nəhəng elmi kəşflərin,
texnoloji sivilizasiyanın qanadında uçuşaraq sonucda dirəndiyi
dalanda çilik-çilik olub, ümid puçluğunda
gözdən itdi. Müasir insan darıxır! Nə vaxtilə
məhəbbət dini yaratmaq istəyən Feyerbaxın
çabaları, nə "dünyanı gözəllik xilas
edəcək" qənaətindəki inam, nə də
aqnostikin "qalib gələcəkmi cahanda kamal" fəlsəfəsi...
Bütün yollar sınanıldı. Nə üçünsə insanlıq yaşca
böyümədi. İndiki dəbə uysaq, nicat
üstinsandadır, - deməliyik! Günelə
görə də bu belədir.
Çağımızın Qərb intellektuallarını məşğul
edən postinsan təlimini Günel öz düşüncəsinə
uyğun - mənəviyyatda qorunan əxlaq qanunları ilə
şərh edir: "Nitsşenin daima qulağımda səslənən
sədaları "Əgər insan meymundan yaranıbsa, demək
insan da üst insana çevrilə bilər" sözləri
məni yenə də Nəsimi zirvəsinin ətəklərinə
gətirir. Bir zaman qədim insan necə ki,
Allahların evi olan Olimp zirvələrinə müqəddəs
zirvə kimi baxırdısa, mən də ilbəil artmaqda olan
və hündürlük ölçüsünü daima dəyişən
əlahəzrət Himalay möhtəşəmliyi qədər
Nəsimiyə heyranlıqla baxıram".
Günel ədəbiyyatı yeni ideologiyanın qurucusu
kimi görür. Postinsan anlayışının müasir
çözümünü verməyə
çalışır. Müasir dünya
üçün indi güc amili əsasdır, Günel isə
öz qəhrəmanını - üstinsanı təklif edir.
Xilası mənəvi yüksəlişdə,
ruhun uçuşunda arayır. Harmoniyaya
xidmət edən İsa peyğəmbəri, Nəsimini əbədi-bəşəri
kamillik yolunun çağırışçıları,
mürşidləri adlandırır. Onların
missiyasını eyniləşdirir. İsa
özünü Allahın oğlu, Nəsimi isə Allah
adlandırırdı. Günel üstinsan
amilini mənəvi əzabdan keçib nura qovuşmaqda
görür. Bu mövqe onu yəsəvi təliminə,
hürufilik elminə, sufizm prinsiplərinə
yaxınlaşdırır. Ümumtürk miqyasında mənəvi
məkanın yaranmasında böyük rolu olan bu təlimlərin
gücü, insanın öz batininə enməklə xilas
nizamnaməsinə imza atması kimi təcrübədən
keçirilmiş Şərq üsulu yenidən təklif
edilir:
"Müasir təlimlər (Hermetik) insanın əzab,
emosiya, nifrət kimi keyfiyyətlərini itirən zaman üst
insana çevriləcəyini iddia edirlər. Və bu
cür transformatik düşüncə tərzi bəziləri
tərəfindən Allah qanunlarına qarşı
çıxırmış kimi qiymətləndirilir. Halbuki, Allah qanunu deyilən nəsnə elə
üst insan olma möhtəşəmliyini bizə dəfələrlə
təkrarlayır. Allaha çevrilmə, Allah olma,
möhtəşəm olma, üst, post olma sözləri ilə
eynilik təşkil edir".
Günel yazılarında fenomenoloji estetikanın prinsiplərindən
çıxış edir. Edmund Hüsserlin mətnə
tətbiqdə uyğun bildiyi metoddan yararlanır,
"araşdırma predmetini, bəhs etdiyi mətni mötərizə
içinə alır". Yəni dəyərləndirdiyi
mətnin daxili mahiyyətini meydana qoymaqla məşğul
olur. Onun bütün qatlarının,
semantik, stilistik hissələrinin bir-birinə bağlanan mahiyyətini
isə özünün dünyagörüşü əsasında
dəyərləndirməyə çalışır.
Roman Yakobson "Hər şey mətndirsə, bəs hansı
ədəbiyyatdır?", - deyirdi. Günel də
çeşidli mətn bolluğu arasında gəzişmələr
edir. Bütün məqamlarda müqayisə
mexanizmi funksional görünür. Bu
müqayisələrdə gah Şərq önə
çıxır, gah da Qərb öyülür.
Günel birmənalı olaraq inkişafı nişan
verən mətnlərə fokuslanır və harda bunun örnəyini
görürsə, hansı ədəbi fakt təzahürlərini
gerçəkləşdirirsə, Günel o səmtə, o
predmetə işıq salmağı borc bilir. "Fiqaro" məqaləsində
Qərbin, hətta öz cizgi filmlərinə belə, klassik
musiqini yerləşdirmək, uşağı maarifləndirmək,
zövq aşılamaq çabasına biganə qala bilmədiyi
kimi, "Təsvirin təkamül prosesi və ya boğazdan
yuxarı yazılan vətən şeirləri"
yazısında vətənpərvərlik mövzusunda
sloqançılıqdan, şüarçılıqdan o yana getməyən mətnləri tənqid
predmetinə çevirir. Əslində, qeyd
etdiyim sonuncu məqamı mən Günelin özü
üçün itirilmiş vaxt hesab edirəm. Çünki ümumən bu hal bütün
dövrlərin poeziyası üçün xarakterik olub.
Buna baxmayaraq, çoxluq heç zaman bədii təkamülün
kriteriyası sayılmayıb. Poeziyanın
çevrəsi həmişə bir neçə şairlə
qapanır, qalanlar həmin çevrənin ətrafında
dolaşırlar. Şeirimizin
çağdaş mənzərəsi üçün də
səciyyəvi olan bu durumun yenidən heç bir ad çəkilmədən
tənqidi heç bir nəticə vermir və bu məqamda
obyektivi istedadlı, əsl poetik nümunənin üzərinə
salıb ordan çıxış etmək daha məqsədəuyğun
olardı.
Digər bir məsələ, Günel bu gün mifoloji
gerçəklik kimi qavranılan və Avropadan milli filoloji
arsenalımıza ayaq açan ədəbi ideyalar, fəlsəfi-estetik
fikirlər, metodoloji istiqamətlərə diqqət yönəltməklə
oxucuları ilə yeni əsr havasını
bölüşür. Amma qeyd edim ki, ətraflı nəzəri
dərk tələb edən cərəyanlar məsələsi
tələsik, ötəri yanaşmanı sevmir. Düzdür, bir neçə məqalə daxilində
çağdaş ədəbiyyatı XX əsrin elmi-nəzəri
müstəvilərinə otuzdurmaq mümkün deyil. Amma analitikasına varmaq üçün onların
ehtiva etdiyi mahiyyət və məntiqi tutmaq gərəkdir.
Bu baxımdan, Günelin "Ədəbiyyatın
inversiyası" məqaləsi mənə mövzunun
görüntüsünü yaratmaq, məxsusu aktuallandırma
təsiri bağışladı. Bəlkə də məqalədə
sərgilənən binar mövqe, B.Y.Lukyanovun "Estetika
dünyası" kitabından modernizmlə bağlı
müəllif fikirləri ilə Günelin düşüncələri
arasında dəqiq ayrıntının olmaması, nümunə
gətirilən müəllifin suallarına verilən
cavabların qaçaraqlığı bu cür kolossal
mövzunun praqmatik həllinə imkan vermədi. Modernizm estetikasını yalnız "gözəlliyin
məhv edilməsi" kimi ümumi fikirlə səciyyələndirmək
olmaz. Ən azı ona görə ki, onlar gözəlliyin
nədə ehtiva olunmasını bilirdilər (yəni
"Leonardo da Vinçinin "Cakonda" əsərinə
bığ çəkib onu korlayan rəssam" böyük
məharətlə o rəsmin surətini də çıxara
bilərdi, amma Espen Hovardsholmun yazdığı kimi: "bizim
görməyə vərdiş etdiyimizi yalnız qeydə alan
sənətin mənası varmı?"), sadəcə,
"hamının eyni düşündüyü yerdə
heç kəs düşünmür" prinsipi ilə dəyərləri
bilərəkdən korlamaq, öz daxili bədii məkanından
çıxış edərək, mövcud olan gerçəkliyə
münasibətdə subyektiv sənət yaratmağa
çalışırdılar.
Günelin məqalələrində mənim diqqətimi
cəlb edən məqamlardan biri də onun qadın məsələsinə,
qadın mövzusuna həssaslığıdır. Müstəqillik
dönəmindən sonra zamanın ardınca gətirdiyi
mövzulardan biri qadındır. Hər
zaman işlək olan bu mövzu yeni epoxada daha geniş
vurğu qazanmışdır. Səbəbi
aydındır: sovet doqmalarının müdaxiləsindən
çəkinən ədəbiyyatın bu mövzuda da gərəyincə
açmadığı, toxunmaqdan çəkindiyi nöqtələr
vardı. Odur ki, kəskin dəyişən
ictimai formasiyaların müqabilində, cəmiyyətdə
rastlanan qadın mənzərələrini nəsr, poeziya, tənqid
və publisistika da daxil olmaqla bütün ədəbi sahələri
öz materialı etməyə çalışdı.
"İşıq" kitabında müəllifin
koloritli, natural və psixoloji çalarlarla işlədiyi bir
mövzuda qadın ilk növbədə qadının nəzərlərindən
açıldığı üçün mənə son dərəcə
maraqlı təsir bağışladı. Günel
qadını yalnız ekzistensiallığı ilə görməyi
vurğulamır, həm də təsvirinə cəhd edir, cəmiyyət
münasibətlərinin qarışıqlığından
xilas edib emansipə olunmuş səciyyədə dərkinə
yetməyə çalışır. Bu
sırada dünyanın ilk qadın dramaturqu olan Afra Bendən
tutmuş "Nizami əsərlərində karma qanunu -
Kişi və qadın münasibətləri" də
mövzunun predmetinə çevrilə bilir. Yeni minilliyin bütün metamorfozlarına baxmayaraq,
qadın Günel üçün ailə, məişət və
əxlaq sferalarında güc və dəyər mənbəyidir.
O, natur-fəlsəfi məqamlara diqqət yönəltməklə
qadının mənəvi sarsıntı və
yaşamını ictimai-psixoloji müstəviyə
çıxardır. Problemin prozasını, dramaturji
inikasını, fəlsəfəsini, eləcə də
poeziyasını yaradır: "Sən Tanrısan", - deyəcək
qədər maksimalist davranıb əvvəlcə sovet
ideologiyasının, daha sonra isə postmodernin əli ilə hər
cür mənəvi-mədəni təyinatlardan
sürüşən qadını klassik pyedestalına
qaytarır.
Günelin "Ədəbiyyat qəzeti"ndə Azərbaycanın
tanınmış qadınlarının həyat və
yaradıcılığına həsr olunmuş yeni silsilə
yazılarını da həvəslə oxuyuram və
özünə də bildirdiyim kimi, bu mövzunun ədəbiyyatımızda
işlənməsini vacib hesab edirəm. İnanıram
ki, Günelin növbəti kitabı bu silsilədən olan mətnlərinin
toplusu olacaq və tale məsələlərindən tutmuş
sosial-ictimai problematika məsələlərinin
çözümünü verən bu kitabda müəllif
"qadın həqiqəti" deyilən anlayışın
sirlərinə varacaq.
Günelin özü də müstəqillik dövrü
ədəbiyyatımızda istedadlı mətnləri ilə
önə çıxan qadın obrazdır. Və daha
çox onunla seçilir ki, özünəməxsus olan bir
dairə yaradıb ədəbi prosesdə. Öz estetik ərazisi,
ədəbi dəyərləri və yanaşma qanunları
var. Bir də içinin işığı! Ətraf
qaranlıq olsa belə, bu işığa tutunub yol gedə
bilir. Ədəbiyyat isə elə burdan - yolunu tapmaqdan,
Yol olmaqdan başlayır!
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti.- 2019.- 21 sentyabr.- S.8-9.