Zərli poqonlar
işığında tövbə məqamı
(Mirzə Fətəli Axundzadə, Abbasqulu ağa Bakıxanov, İsmayıl
bəy Qutqaşınlı,
Ömər bəy Şirvani...)
Rütbə - çin məsələsi
XIX əsr Azərbaycan
mədəniyyətində "ədəbiyyat-həyat" problemidir. Rütbə nə
dərəcədə ədiblərimizin
yaşam və yazı üslubunu müəyyənləşdirib? Görəsən, onlara hansı yol sərfəli idi: poqonlu, ordenli-medallı mundirlər geyinmək, yoxsa qələmilə sözə xidmət etmək? Məsələn, M.F.Axundzadə hərbi
rütbəsini, məmurluq
xidmətini "Təmsilat"
müəllifi olmaqdan
üstün tuturdu, ya da yazıçılığını,
filosofluğunu rəsmi
dövlət fəaliyyətinin
davamı hesab edirdi? Əlbəttə, zabit rütbəsi
onu müəyyən maddi çətinliklərdən,
məişət qayğılarından
sığortalayırdı. Ona görə də həmişə rütbəcə
yüksəlməsinin marağında
olmuşdu. Səhnə əsərləri
yazması da şəxsi karyerasına kömək etməliydi.
Dönə-dönə qeyd edirdi ki, "bu işgüzar
və ağıllı
amirin (knyaz Vorontsovun - R.K.) iltifatı
sayəsində, mənim
yazıçılıq qabiliyyətim
özünü göstərdi".
Yaxud şairlərimiz
və yazıçılarımız
rus zabitlik kodeksi ilə sufi-irfan əxlaqını
necə birləşdiriblər? Suallar çoxdur...
Çiyinlərində polkovnik və general nişanları
gəzdirən Mirzə
Fətəli Axundzadənin,
İsmayıl bəy Qutqaşınlının, Abbasqulu
ağa Bakıxanovun və Ömər bəy Şirvaninin tövbə məqamları
bizdə bu maraqdan yarandı...
Heç şübhəsiz, onların
içində həmişə
bir tövbə gözləntisi olub. Könüllərində, düşüncələrində Mütləq Varlıqla
"mənlər"inin görüşünü
istəyiblər.
Tövbə insanın Allah qarşısında
bir hesabatıdır. Tövbə etməklə
insan içindəki təhlükəli, gözlənilməz
(sensasiyalı) həqiqətdən
qurtulmuş olur.
Lap körpəlikdən rus padşahına "girov" verilmiş, yad dillərin (rus, fransız) mühitində böyümüş,
tərbiyə görmüş
bir şəxsin əməli heyrət doğurur. İsmayıl bəy ömür-gün
yoldaşını da
götürüb, qutsal
torpaqlara uzun, ağır səfərə
çıxır ki,
"bəlkə ruhu rahat olub nicat
tapa".
Doğrudan, tövbə gizli sirr kimi mənəviyyat
hadisəsidir. Necə olub ki,
general İsmayıl bəy
Qutqaşınlı yaşanılmış
ömrün məna bütövlüyünün bərpası
üçün saflaşma
ehtiyacı duyub?
"Yaradanın evinin ziyarətinə, qara üzümüzü onun qapısına sürtməyə, bu qədər kərəminin
şükürünü bəyan
etməyə" ("Səfərnamə")
gedib.
Düşünürəm, bəlkə kapitan rütbəsində Varşavadakı
müsəlman suvari alayları üçün
Qubadan atlıların
toplanması zamanı
"insanların hissiyyatının
alçaldılması"nda (Ş.Şamiloğlu) iştirakını
unuda bilmirdi? Rus-İran
müharibəsində "Allahu əkbər" nidasını ucaldan dindaşlarını od ağızlı toplarla susdurduğuna görə peşman idi? Hər halda
prof. Ə.Tahirzadə
də belə düşünür:
"Taxılan orden
və medalların işığında dəliqanlı
çılğınlığında gözləri qamaşan, qürur duyan, fərəhlənən bu
Rusiya zabitləri yetkinlik yaşına çatanda nələr törətdiklərinin, Rusiyanın
əlində necə bir alətə çevrildiklərinin fərqinə
vardılar və yaşamlarının sarsıntılı
dönəminə girdilər. Onlar həm öz xalqları qarşısında,
həm də Allah qarşısında günahlarını
yumağa çalışırdılar,
bu məqsədlə üzlərini həm xalqa, həm də Tanrıya çevirdilər...
Ömrünün sonlarını dərin iztirab və peşmanlıq içində
yaşayan İsmayıl
bəy Qutqaşınlı
da məhz həccə - Tanrı evinə gedərək günahlarından arınmağa
can atırdı" (Ə.Tahirzadə. "H.İ.B.Qutqaşınlı haqqında
bilmədiklərimiz").
Tövbə bir əxlaq məsələsidir. Bu o Ömər
bəydir ki, Şamaxının nüfuzlu,
hörmətli kişilərindən
olub, səxavəti və xeyirxahlığı
ilə ad qazanmışdı.
Şirvan ədəbi mühitində
şair kimi də qəbul olunurdu. Dövrünün tanınmış şairləri ilə məktublaşırdı. S.Ə.Şirvani "Təzkirə"sində
"Qəzəli - Ömər
bəy" başlığı
altında qəzəllərindən
nümunələr vermişdi.
(Ə.Qədimov. "XIX əsr Ordubad ədəbi mühiti").
Rus-türk savaşında, Qars
döyüşü zamanı
"yaralanan Ömər
Paşa"nın tövbə məqamı çatır: "Ləşkəri
- rus mülki Karsda olan zamanlar
Ömər bəy dövləti - Rusiyyədən
rugərdan olub, əsgəri - ruma mülhəqq oldu. Dövləti - Rum məzkuru həman-həman
öz mənsəbi və nişanı ilə qəbul edib və məvacib
qərar qılıb,
özlərinə sərəsgər
etmişdir. Əlan məmaliki
- Rumda "Yaranal Ömər Paşa" ismiylə məşhurdur".
(S.Ə.Şirvani. "Təzkirə").
Bəlkə Ömər bəy Şirvani bir kafir qoşununa general olmağı müsəlman
əxlaqına sığışdırmırdı?
Mirzə Fətəlinin son günləri
idi. Hamı onun tövbə
etməsini, Uca Allahdan günahlarının
bağışlanmasını diləyəcəyini gözləyirdi.
Özü də dindarların,
cahil insanların ona münasibətini yaxşı bilirdi. Bir-birinin ardınca körpələrini əlindən
alan Allahına
qarşı bir küskünlüyü, bir
asiliyi vardı. Dağ da olsa,
dözməzdi: "Zalım
əcəl də çatmır ki, (Kəbənin Allahına
and olsun ki, xilas oldum) deyim...
İki yaşında kiçik bir qızım vardır ki, məhəbbətinə sonsuz
dərəcədə könül
bağlamışdım. Təsadüfən bu günlərdə
öldü. İndi onun
fərağında ağlayıram,
yanıram" (Cəlaləddin
Mirzəyə yazdığı
məktubdan).
"Həmin günlərdə
onun yanında olmuş İsrafil bəy Yedigarov ondan xəbər alır: "Mirzə, siz necə dəfn
olunmaq istərdiniz?"
Bu birbaşa deyilmiş
suala qəti cavab gəldi: "Bilirsiniz ki, heç bir dini qəbul etmirəm. Ölü bədənin yaratdığı
narahatlıqdan dirilərin
necə can qurtardığının
isə mənim üçün heç bir fərqi yoxdur. Necə istəyirsinizsə, elə də dəfn edin".
Mirzə Fətəli artıq heç bir möcüzəyə inanmırdı. "Ona
baş çəkməyə
gələn axunddan soruşur: "Bilmirəm,
sizin Allahınız məndən nə istəyir?" (bax:
N.Cabbarlı. "Axundov şəxsiyyəti").
Abbasqulu ağa Bakıxanov rus dövlətinə göstərdiyi hizmətlərə,
sədaqətə görə
polkovnik rütbəsinə
qədər qalxmışdı. Çar Nikolayın
ziyafətində iştirak
etmişdi, Puşkin ailəsi ilə unudulmaz görüşü
baş tutmuşdu.
Elə həmin hökumət də bu pak, sufi əxlaqlı, müdrik, möhtərəm
insanı şərləyib
Quba üsyanını
dəstəkləməkdə suçlayır...
O, sevimli Əmsar kəndində ömrünü
rahatca başa vurmaq əvəzinə, mübarək ziyarətə
çıxır və
orda ən mübhəm sirrini dilə gətirir: "Allahım, mən hər iki dövlətin
nişanını almışam,
indi sənin nişanın qalıbdır
onu da sən
mənə ver".
Abbasqulu
ağanın bu tövbəsi (etirafı) səxsiyyətinin ali məqamı ilə bağlıydı.
Səxsiyyət Allahla,
Allahda təsdiqlənir.
Məkkə ilə Mədinə
arasında - Dəşti-Fatimə
adlanan vadidə tövbəsi və kəlmeyi-şəhadəti Bakıxanov
şəxsiyyətinin qutsal
məkanda dəyərinin
təsdiqi idi.
İbn Farisin lüğətində "ət-tauta"
(bəzi ləhcələrimizdə
and içəndə" ət-tövbə"
deyirlər) sözü
var, leksik mənası "qayıdış"
deməkdir.
"Medallı və poqonlu mundirin içində böyük
bir ürək gəzdirən" (S.Vurğun)
XIX yüzilin bu möhtəşəm insanlarının
Allaha qayıdışı
yalnız dünyagörüşümüzün
deyil, həm də mənəviyyatımızın
yüksək işarələridir...
Rüstəm KAMAL
Ədəbiyyat qəzeti.- 2019.-
21 sentyabr.- S.9.