Professionallıq səviyyəsində
universallıq
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi
üzvü Nizami Cəfərovu xarakterizə edən əsas cəhət
professionallıq və universallıqdır. Əlbəttə,
Nizami müəllim professionallığı ilk növbədə
əsas ixtisası olan dilçilik elmi sahəsindəki əsərlərində
yüksək səviyyədə nümayiş etdirməkdə
davam edir. Azərbaycan dilçilik elmi ailəsi və
türk dünyası elmi mühiti Nizami Cəfərovu
müasir Azərbaycan dili, ədəbi dil tarixi, türkologiya
və ümumi dilçilik üzrə görkəmli
alim-mütəxəssis kimi qəbul edir. "Azərbaycan
dilində sadə cümlənin struktur - semantik
inkişafı" mövzusunda uğurla müdafiə etdiyi
namizədlik dissertasiyası (1985) ilə o, yeni elmi nəslin
istedadlı nümayəndəsi kimi diqqəti cəlb
etmişdir. Azərbaycan dilçilik elmində
ədəbi dil tarixi üzrə görkəmli alimlərin
qiymətli elmi tədqiqat əsərlərinin olmasına
baxmayaraq, Nizami Cəfərov bu sahədə özünün
professional elmi sözünü deyə bilmişdir. Xüsusən, XVII-XVIII əsrlər Azərbaycan ədəbi
dili haqqında Nizami Cəfərovun tədqiqatları ölkəmizin
görkəmli dilçi alimlərinin uzun illər ərzində
yaratdıqları sanballı dil tarixi tədqiqatlarına
mükəmməl elmi-nəzəri əlavələrdir.
Onun "XVIII əsr Azərbaycan ədəbi
dili" mövzusunda müdafiə etdiyi doktorluq
dissertasiyası (1991) ilə Azərbaycanda ədəbi dil
tarixi tədqiqatlarının yeni dövrü
başlamışdır. Nizami Cəfərov
Füzulidən Vaqifə qədərki dil hadisələri və
proseslərinə istinad edərək, Azərbaycan ədəbi
dilinin xəlqiləşdirilməsi və milliləşdirilməsi,
dil normalarının sabitləşməsi və möhkəmləndirilməsi
məsələlərini elmi-nəzəri cəhətdən əsaslandırılmış
şəkildə təqdim etmişdir.
Cənubi Azərbaycan ədəbi dili anlayışı
da həm elmi-nəzəri, həm də təcrübi və
metodoloji cəhətdən Nizami Cəfərov tərəfindən
yüksək professional səviyyədə işlənib
hazırlanmışdır. Cənubi Azərbaycanda
ədəb dil: normalar, üslublar" monoqrafiyası (1990) ədəbi
dilimizin bu mühüm qolu haqqında yazılmış ciddi
elmi tədqiqat əsəridir. Nizami Cəfərov
bu qiymətli əsəri ilə Cənubi Azərbaycan ədəbiyyatına
yaxından bələd olduğunu və cənubda yaşanan
dil proseslərini dərindən öyrəndiyini, ədəbi-ictimai
proseslərin fonunda əsaslı şəkildə tədqiq
edib ümumiləşdirmək vəzifəsini layiqincə
yerinə yetirdiyini nümayiş etdirir. Çap
olunduğu vaxtdan uzun bir müddət keçməsinə
baxmayaraq, cavanlıq şövqü ilə yazılmış
bu əsər indi də Cənubi Azərbaycan ədəbi
dilinin normaları və üslubları haqqında mötəbər
elmi mənbələrdən biri hesab olunur.
Akademik Nizami Cəfərov üçün türkologiya
geniş anlayış olub, yalnız dilçilik sahəsi ilə
məhdudlaşmayaraq, eyni dərəcədə də
ümumtürk ədəbiyyatı və mədəniyyəti
anlayışlarını da özündə cəmləşdirir. Nizami Cəfərovun
simasında dilçi-türkoloqla ədəbiyyatçı-türkoloq
və kulturoloq vahid bir sistemdə birləşir. Tərəddüd etmədən demək olar ki,
Nizami Cəfərovun hazırlayıb çap etdirdiyi
dördcildlik "Türk xalqları ədəbiyyatı"
geniş mənada türkologiya elminə sanballı xidmətdir.
O, ilk dəfə olaraq Azərbaycanda türk xalqları ədəbiyyatının
çoxcildlik elmi salnaməsini yaratmışdır. Bu sanballı nəsri Nizami Cəfərovun
yaratdığı türk xalqları ədəbiyyatı
epopeyası adlandırmaq olar. Görkəmli
alimin türkoloji dilçilik sahəsindəki tədqiqatları
da geniş ümumtürk elmi mühitində tanınır və
yüksək qiymətləndirilir.
Ümumi dilçilik istiqamətində isə Nizami Cəfərov
yeni bir masştab müəyyənləşdirir. İlk
növbədə klassik ümumi dilçilik modeli Nizami Cəfərov
tərəfindən modernləşdirilir. Belə
ki, o, təkcə dil ailələri baxımından deyil,
xüsusən, daha çox struktur və istiqamət
nöqteyi-nəzərindən də ümumi dilçilik
elmində türkologiyanın yerini və mövqeyini müəyyənləşdirmiş
və daha da möhkəmləndirmişdir. Nizami Cəfərov ümumi dilçilik elminə
xüsusi bir türkologiya ağırlığı gətirmişdir.
Belə də demək olar ki, Nizami Cəfərov
türkologiyanın ümumi dilçiliyini yaratmaq zərurətini
meydana qoymuş və bu istiqamətdə ciddi elmi addımlar
atmışdır. Bundan başqa, görkəmli
dilçi alim dil nəzəriyyəsinə dair də
sanballı tədqiqatların müəllifidir. O, hələ
2000-ci ildə çap etdirdiyi "Türkologiya tarixinə
ümumi baxış" kitabını zaman-zaman təkmilləşdirmək
və dərinləşdirməklə yeni dilçilik təfəkkürü
əsasında "Türkologiya" tipli tədqiqatını
(2018) meydana qoymuş, beləliklə, ümumi dilçilik
elminin türkologiyasını yaratmağın nümunəsini
göstərmişdir. Eyni zamanda, məşhur dil nəzəriyyəçisi
Ferdinand de Sössürün ümumi dilçilik sahəsində
bütün dünyada qəbul olunmuş "Ümumi
dilçilik kursu" kitabını Azərbaycan dilinə tərcümə
və nəşr etdirməklə (2013) Nizami Cəfərov
ümumi dilçiliklə məşğul olanlar arasında
bir addım da qabağa çıxmağı bacarmışdır.
Bu kitaba yazılmış "Ferdinand de Sössür: həyatı,
fəaliyyəti, dilçilik görüşləri və
"Ümumi dilçilik kursu" adlı dərin məzmunlu
ön sözü geniş mənada Azərbaycan
dilşünasının Qərb ümumi dilçilik nəzəriyyəsinə
sanballı bir müqəddimədir. Geniş
elmi dünyagörüşünü və ümumi
dilçilik sahəsindəki tədqiqatlarını nəzərə
almaqla Nizami Cəfərovu obrazlı şəkildə Azərbaycan
dilçilik elminin Ferdinand de Sössürü adlandırmaq
olar.
Nizami Cəfərov ədəbiyyatşünaslıq elmi
ilə də ardıcıl şəkildə məşğul
olmaqda davam edir. Daha doğrusu, ədəbiyyatşünaslıqla
dilçilik Nizami Cəfərovun fəaliyyətinin qoşa
qanadlarıdır. Hər iki istiqamətdəki
çoxillik və səmərəli elmi xidmətləri həm
də ümumilikdə filologiya elminin qoşa qanadı kimi
Nizami Cəfərov formatını
formalaşdırmışdır. Ədəbiyyatşünaslıq
məsələləri ilə, ədəbi tənqidlə məşğul
olmaq Azərbaycan dilçilik elminin nümayəndələri
arasında ənənəyə çevrilsə də, Nizami
Cəfərov bu sahəyə xüsusi ağırlıq verməklə
və ədəbiyyat haqqında elmin ən müxtəlif
problemlərinə daha miqyaslı nüfuz etməsi ilə sələflərindən
irəli getmişdir. Əgər biz Nizami Cəfərovun görkəmli
dilçi alim olduğunu bilməsəydik, ədəbiyyatşünaslıq
fəaliyyətinin onun "ikinci ixtisası" olduğunu təsəvvürümüzə
gətirə bilməzdik. Nizami Cəfərov Azərbaycan ədəbiyyatşünaslıq
elminin ön sırasında təmsil olunan, dilçilik qədər də
ədəbiyyatşünaslığın məsuliyyətini
daşıyan və bu sahəyə sanballı elmi töhfələr
vermiş professional bir ədəbiyyat adamıdır.
İxtisasca
dilçi olan akademik Nizami Cəfərov elmi fəaliyyətə
başladığı ilk vaxtlardan bu günə qədər
həmişə ədəbiyyatşünaslıq məsələlərinə
dair tədqiqatlar aparmış, kitablar və məqalələr
çap etdirmişdir. Ədəbiyyata dərin
marağından və geniş mütaliəsindən
başqa, cavan yaşlarında bir müddət "Ədəbiyyat
və İncəsənət" qəzetində Ədəbi
tənqid şöbəsinin müdiri kimi fəaliyyət
göstərməsi (1987-1991), Bakı Dövlət
Universitetində Filologiya fakültəsinin dekanı vəzifəsində
çalışması (1994-2001), Azərbaycan Respublikası
Təhsil Nazirliyi Elmi-metodik Şurasının "Azərbaycan
dili və ədəbiyyatı" bölməsinə sədrlik
etməsi (1997-2003) onun dilçiliklə paralel surətdə ədəbiyyatşünaslıq
sahəsində də ixtisaslaşmasını təmin
etmişdir. Buna görədir ki, müxtəlif illərdə
Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd
Füzuli, Molla Pənah Vaqif, Aşıq Ələsgər, Səməd
Vurğun, Bəxtiyar Vahabzadə, İsmayıl
Şıxlı, Anar, Elçin, İsa Muğanna, Nəriman Həsənzadə,
Gülhüseyn Hüseynoğlu, Vaqif Səmədoğlu, Zəlimxan
Yaqub, Afaq Məsud, Hüseynbala Mirələmov, Gülağa Tənha,
Yunis Oğuz və başqaları haqqında
yazdığı çoxsaylı kitablar və məqalələr yüksək səviyyəli
professional ədəbiyyatşünaslıq əsərləridir.
O, eyni zamanda, orta ümumtəhsil məktəbləri
üçün Azərbaycan dili ilə yanaşı, ədəbiyyat
üzrə də uzunömürlü dərsliklərin müəllifidir.
Ədəbiyyatın mahiyyəti - ədəbiyyat tarixinin
dövrləşdirilməsi, klassik şeirin poetikası,
aşıq poeziyasının inkişafı, ədəbi tənqidin
imkanları və iddiaları,
"altmışıncıların" ədəbi
simaları və problemləri haqqındakı tədqiqatları,
yaxud ayrı-ayrı yazıçılarla əlaqədar
portret-oçerk səviyyəsində təqdimatları Nizami
Cəfərovun ədəbiyyat məsələlərinə, ədəbi
prosesə dərindən bələd olduğunu, bir çox
hallarda istiqamət verdiyini əyani surətdə göstərir.
Nizami Cəfərov Azərbaycan ədəbiyyatşünaslıq
elmində "Kitabi-Dədə Qorqud" dastanlarındakı
"eposdan kitaba" doğru ədəbi proseslərin əsasında
bu möhtəşəm oğuznamədən həm də
ortaq ümumtürk və daha çox Azərbaycan
yazılı ədəbiyyatının başlanğıc
dövrünün ədəbi abidəsi qismində söz
açmaq təşəbbüsünü irəli
sürmüşdür. Beləliklə, Nizami Cəfərovun
simasında dilçilik elmi ilə ədəbiyyat haqqında
elm gerçək mənada qoşa qanada çevrilmişdir.
Universal düşüncə sahibi olan Nizami Cəfərov
qoşa qanadların hər ikisinin məsuliyyətini
daşımağa borclu olduğu kimi, çoxillik
ardıcıl və səmərəli fəaliyyəti sayəsində
paralel surətdə şərəfini də eyni dərəcədə
yaşamağa haqqı olan elm xadimidir. Hətta
ədəbi prosesdə iştirakı baxımından ədəbiyyatşünaslıq
sahəsindəki fəallığı və
ardıcıllığı daha qabarıq nəzərə
çarpır. Dilçilik sahəsində
daha çox doktorantların və dissertantların elmi rəhbəri,
elmi məsləhətçisi, rəsmi opponenti kimi iştirak
edən Nizami Cəfərov dilçiliyin ayrı-ayrı
problemlərinə dair monoqrafik əsərləri və ya
dilçilik üzrə akademik jurnallarda çap etdirdiyi məqalələri
ilə təmsil olunur. Ədəbiyyatşünaslıq
sahəsində isə o, elmi rəhbərlik və opponentlikdən,
akademik dövri jurnallarda məqalələri ilə təmsil olunmaqdan başqa,
həm də ədəbi prosesdə çox fəal və
ardıcıl surətdə iştirak edir. Ölkə
miqyasında keçirilmiş elə bir ciddi ədəbi-kulturoloji
forum, qurultay, konfrans, müzakirə göstərmək çətindir
ki, orada Nizami Cəfərovun mötəbər səsi,
sözü eşidilməmiş, mövqeyi ifadə edilməmiş
olsun. Azərbaycan yazıçılarının X
qurultayında poeziya haqqında məruzə ilə
çıxış etməsi (1997), sonrakı qurultaylarda və
forumlarda əlavə məruzəyə bərabər
çıxışlar etməsi Nizami Cəfərovun hələ
neçə il əvvəldən ədəbiyyatşünaslıq
sahəsində ön sıralara çıxmasının real
göstəricilərindəndir. Bu mənada
akademik Nizami Cəfərovun dilçilik istiqamətindəki
xidmətlərini yüksək qiymətləndirməklə bərabər,
həm də indiki halda onun çoxcəhətli fəaliyyətində
ədəbiyyat tərəfinin ağır gəldiyini görməmək
və göstərməmək mümkün deyildir. Əgər akademik Nizami Cəfərov elmi əsərlərinin
siyahısını tərtib edərsə, həmin
siyahıda ədəbiyyata həsr edilmiş kitablar və məqalələr
çoxluq təşkil etmiş olar. Ədəbiyyat
tədqiqatları keyfiyyət göstəricilərinə
görə Nizami Cəfərovun, bir çox hallarda isə Azərbaycan
ədəbiyyatşünaslıq elminin brendi statusu qazana bilir.
Fikrimizcə,
2018-ci ildə Azərbaycanda və Türkiyədə çap
olunmuş "Ədəbiyyat söhbətləri"
kitabı akademik Nizami Cəfərovun
ədəbiyyatşünaslıq sahəsindəki xidmətlərini
ümumiləşdirilmiş şəkildə qiymətləndirmək
üçün əsas verir. Bir qədər genişləndirilmiş
şəkildə Türkiyədə "Azərbaycan ədəbiyyatı
tarixinin etüdləri" adı ilə İstanbulun "Zəngin
yayıncılıq" nəşriyyatında çap olunan
bu kitablar bir yerdə Nizami Cəfərovun ədəbiyyatşünaslıq
əsərlərinin mükəmməl bir
külliyyatıdır. Nizami Cəfərov
üçün ədəbiyyat söhbəti "mənəvi-ruhi
özünüifadənin (və özünütəsdiqin!),
həm bir millət, həm də bir şəxs səviyyəsində...
ən mühüm, ən səciyyəvi təzahürüdür".
Nizaminin nəzərində "söz sənəti
ədəbiyyat... həm də (əslində daha çox)
dünyanı bütün çoxspektrli təzahürlərilə
ən kütləvi (və təbii, səmimi) dərk etmək
üsulu, onun magiyasına üstün gəlmək, nəticə
etibarilə özünü (insanı!) təsdiq
etmək metodudur". Ümumiyyətlə, bu
kitablarda Nizami Cəfərovun Azərbaycan ədəbiyyatının
mənşəyindən, dövrləşdirilməsindən
tutmuş çoxəsrlik inkişafı proseslərindəki
görkəmli yaradıcılarının həyatı və
yaradıcılığına, hazırkı real mənzərəsinə,
bundan sonrakı üfüqlərinə qədər geniş və
ümumiləşdirilmiş tədqiqatları öz əksini
tapmışdır. Nizami Cəfərovun
yazılarının hamısındakı özünəməxsus
üslubu, təhkiyəsi, sintaksisi, obrazlı
yanaşmaları, ümumiləşmiş sabit elmi qənaətləri
onun imzasını təsdiq edən elmi
möhürüdür. Nizaminin elmi əsərlərində
Azərbaycan xalqının mükəmməl ədəbiyyat
fəlsəfəsi müəyyən olunmuş və təkamül
prosesində təqdim edilmişdir. "Ədəbiyyat
söhbətləri" kitabı (2018) sözün həqiqi
mənasında Nizami Cəfərovun Azərbaycan ədəbiyyatı
haqqında mənalı, tutumlu, elmi monoloqudur. Azərbaycanın
ədəbiyyat cəmiyyəti onu ədəbiyyat, ədəbi
proses, yazıçı, bədii əsər haqqında əsaslı
və müdrik söz demək istedadına malik olan görkəmli
ədəbiyyatşünas kimi qəbul etmişdir. Bütün bunlar böyük dilşünasla ədəbiyyatşünas
Nizami Cəfərov arasında bərabərlik işarəsi
qoymağa əsas verir.
Akademik
Nizami Cəfərov ölkəmizdə "Azərbaycanşünaslığın
əsasları"nın
yaradılmasına öz töhfələrini vermiş mütəfəkkir
elm xadimidir. Müxtəlif illərdə çap edilmiş
"Azərbaycan mədəniyyəti məsələləri"
(2000), "Azərbaycanşünaslığa giriş"
(2001), "Azərbaycanlılar: etnokulturoloji birliyin
siyasi-kulturoloji əsasları" (2001), "Azərbaycan: Dil,
Ədəbiyyat və Mədəniyyət" (2001), "Azərbaycanşünaslıq
məsələləri" (2001), "Heydər Əliyev və
Azərbaycan" (2004), "Azərbaycanşünaslığın
əsasları" (2005; 2013), "Atatürkün Azərbaycan
siyasəti" (2008), "Azərbaycan xalqının tarixi və
tərcümeyi-halı" (2012) və sair kitabları Azərbaycanşünaslığın
ədəbi-mədəni və elmi-nəzəri əsaslarını
müəyyən edən və dəyərləndirən əhəmiyyətli
tədqiqatlardır. Nizami Cəfərov elmi
fikirdə ümumtürk mənşəli Azərbaycançılıq
ideologiyasının və nəzəri əsaslara malik Azərbaycanşünaslıq
təliminin əsas tədqiqatçılarından biridir.
Azərbaycanşünaslığa dair tədqiqatlarında
Nizami Cəfərov professional bir dilçi və ədəbiyyatşünas
olmaqdan başqa, həm aydın mövqeyə və
özünəməxsus hazırlığa malik tarixçi və
filosof, etnoqraf və kulturoloq missiyasını da böyük
bacarıqla yerinə yetirir. Bütövlükdə
akademik Nizami Cəfərovun zəngin elmi irsi möhkəm
türkoloji dayaqlara malik olan Azərbaycanşünaslıq
hadisəsidir. Atatürk Mərkəzinin rəhbəri
kimi də o, Azərbaycan-Türkiyə əlaqələrinin
inkişaf etdirilməsinə öz töhfələrini verir.
Nizami Cəfərovun təqdimatında HeydərƏliyevşünaslıqla
Azərbaycanşünaslıq milli dirçəliş və
siyasi intibahın ifadəsi mənasında birləşir. Ayrı-ayrılıqda
ümummilli lider Heydər Əliyev və ölkəmizin
Prezidenti İlham Əliyev haqqındakı məqalələri
ədəbiyyat ağırlı siyasi portretlərdir. Nizami Cəfərov Azərbaycan cəmiyyətinin
Heydər Əliyev - İlham Əliyev epoxasının da orijinal
siyasi portretini yaratmışdır. Onun
kitablarında və məqalələrində bütün mənalarda
HeydərƏliyevçiliklə Azərbaycançılıq
bir-birini zənginləşdirir və inkişaf etdirir.
Ümumiyyətlə, Nizami Cəfərovun fəaliyyətində
universallıqla professionallıq bir-birini tamamlayır. Çoxcəhətli
elmi fəaliyyəti professionallıq səviyyəsində
universallığın mükəmməl örnəyidir.
Mətnə dərindən müdaxilə etməklə aydın dəyərləndirmə
təhlilləri aparmaq, ümumiləşdirilmiş elmi nəticələr
çıxarmaq, elmi-nəzəri hədəfləri
düzgün müəyyən etməyi bacarmaq onun elm sahəsindəki
professionallığının səciyyəvi xüsusiyyətləridir.
Ədəbiyyat araşdırmalarında dil
faktlarından, dilçilik tədqiqatlarında isə ədəbiyyat
materiallarından yerli-yerində və yaradıcı istifadə
Nizami Cəfərovun fərdi üslubunu xarakterizə edən əsas
amillərdəndir. Eyni zamanda, Nizami Cəfərovun
təhkiyəsində elmi-nəzəri təhlillərin
aparıcılığı ilə dastan poetikası
notları yanaşı yaşayır. Elmi
fikirlərini obrazlı şəkildə ifadə etmək də
fərdi üslubunun üzvi tərkib hissəsidir. Nizami obrazlı düşüncəni və dastan
poetikası əlamətlərini şifahi nitqində
olduğu kimi, yazı üslubunda da yüksək səviyyədə
ifadə etməyi bacarır. Öz sözləri
ilə desək, dastan təhkiyəsi notları və nəzəri
təhlil Nizami Cəfərovun düşüncə
texnologiyası modelinin əsaslarını şərtləndirir.
Bu mənada Nizami Cəfərovun "Keçən
günlərin dastanı" adlı xatirə-povestini oxuculara
təqdim etməsi onun çoxcəhətli
yaradıcılığının real məntiqindən,
daxili dünyasından doğan qanunauyğun təbii hadisədir.
Fikrimcə, elmə və maarifçi mühitə bağlı
olan tərcümeyi-hal dünyası ilə yanaşı, elmi
mühitin hadisələri və simaları haqqında dastan
poetikası əsasında cəlbedici elmi-publisist üslubda, hətta
bir çox hallarda orijinal ədəbi-bədii səviyyədə
"Keçən günlərin dastanı"nı
yaratması uzun illərdən bəri onun elmi əsərlərində
yaşayan obrazı düşüncənin və epos təfəkkürünün
məntiqi yekunu kimi səslənir. Nizami Cəfərov
"Keçən günlərin dastanı"nda onu əhatə
edən mühitdə tərcümeyi-halında yaşayan
insanların: valideynlərinin, orta və ali
məktəb müəllimlərinin, tələbə
yoldaşlarının yaddaqalan portretlərini çəkmişdir.
"Ötən günlərin dastanı" onun müəllifi
və əsas iştirakçısı Nizami Cəfərovun
proobrazını bir yerdə ifadə edir. "Keçən günlərin
dastanı" illərdən bəri Azərbaycan eposundan,
eposdakı xaos və kosmos münasibətlərindən yazan,
"Kitabi-Dədə Qorqud" dastanlarından,
"Koroğlu dastanı"nın poetikasından bəhs edən
Nizami Cəfərovun həyatının çətinliklərini
və uğurlarını əks etdirən mənalı və
fərqli bir tərcümeyi-hal dastanıdır. Elmdə böyük məharət göstərmiş
Nizami Cəfərovun "Keçən günlərin
dastanı" mənalı ömrün böyük bir
dövrünün yekunu, gələcək günlərinin
düşündürücü bir başlanğıcdır.
Azərbaycan memuar ədəbiyyatının qiymətli
nümunəsi olan bu əsərlə - "Keçən
günlərin dastanı" ilə həm də mükəmməl
bədii təfəkkürə, səriştəli
yazıçılıq istedadına malik olduğunu da
nümayiş etdirir. Ümumiyyətlə,
Nizami Cəfərov həyatda da, elmdə də, bədii
düşüncədə də müdrik və dərin epos
yanaşmaları nümayiş etdirir. Milli
Məclisin deputatı kimi də o, müasir cəmiyyətin
ritmləri, templəri, qabarma və çəkilmələri
miqyasında düşünməyi və konkret mövqe ifadə
etməyi bacarır. Akademik Nizami Cəfərovun
altmışı haqlayıb, yüzə doğru istiqamət alan ömürnaməsi onun çoxcəhətli
həyatı və fəaliyyətinin gələcək
günlərinin də mənalı dastanının yeni fəsillərini
meydana çıxaracaqdır.
Akademik Nizami Cəfərov elmin müxtəlif istiqamətlərində
universal şəkildə və yüksək professional səviyyədə
fəaliyyətini uğurla və dönmədən davam etdirməkdədir.
9 sentyabr 2019-cu il
İsa HƏBİBBƏYLİ
Ədəbiyyat qəzeti.- 2019.- 21 sentyabr.- S.10-11.