Nizami Cəfərov:
yeni təfəkkürdən yeni üsluba
Böyük Füzuli çox
gözəl deyib:
"Novbahar olğac, tikandan bərgi-gül izhar olur". Ötən əsrin 80-ci illərinin ikinci yarısında ölkədə
yaranmış nisbi azadfikirlilik atmosferində bütün
keçmiş SSRİ məkanında
olduğu kimi, Azərbaycan elmi-ədəbi
və ictimai mühitində də yeni təfəkkürdən
çox danışılırdı.
Amma məhz danışılırdı, bununla
bağlı şifahi
və yazılı çıxışların əksəriyyəti
populist hay-küydən və
məzmunsuz şüarçılıqdan
o yana getmirdi.
Və belə bir şəraitdə
Azərbaycan mətbuatında
Nizami Cəfərov imzası artıq tarixi-ictimai zərurətə
çevrilmiş həmin
yeni təfəkkürün
təcəssümü kimi
meydana çıxdı,
milli varlığımıza
və mədəni kimliyimizə, dilimizə və ədəbiyyatımıza
yeni baxışın
mükəmməl nümunələrini
ortaya qoydu. O illərdə hələ heç otuz yaşı olmamış Nizaminin müxtəlif qəzet və jurnallarda, xüsusən
"Ədəbiyyat və
incəsənət"də işıq üzü görən məqalələri,
bu məqalələrdə
yer alan
"yaşından çox
böyük" fikir
və ideyaları mövcud stereotiplərə,
buxovlanmış düşüncəyə
əməlli-başlı meydan
oxuyur, donuq elmi təfəkkürü
silkələyirdi. Bu isə
artıq gənc alimin özəl missiyasından xəbər
verirdi və sonrakı illərdə də Nizami Cəfərov həmin missiyanı uğurla və ləyaqətlə yerinə yetirdi!
Nizami ilə mənim tanışlığım
həmin ərəfədə,
səhv etmirəmsə,
1985-ci ildə universitetin
(o zaman respublikada bu adı daşıyan
yeganə təhsil ocağının - Bakı
Dövlət Universitetinin)
yataqxanasında baş
tutmuşdu. O, müdafiəsinə
hazırlaşdığı namizədlik dissertasiyasının
avtoreferatını mənə
bağışladı: böyük
dilçi alim və parlaq şəxsiyyət Tofiq Hacıyevin rəhbərliyi
ilə ədəbi dil tariximizə dair sanballı bir iş yazmışdı.
Cəmi bir neçə il
sonra (33 yaşında!)
isə Nizami artıq elmlər doktoru idi.
Alimin doktorluq
işini ehtiva edən monoqrafiyası -
"Azərbaycan türkcəsinin
milliləşməsi tarixi"
onun yuxarıda qeyd etdiyim missiyasının
mahiyyətini və mündəricəsini əks
etdirmək baxımından
çox əhəmiyyətlidir. Özünün çoxşaxəli elmi-ədəbi
yaradıcılığının istənilən məqamında
onun milli platformadan çıxış
etdiyini görürük.
"Elmin vətəni
yoxdur, amma alimin vətəni var!" deyimini nəzərə alsaq, bu, olduqca vacib
məsələdir. Azərbaycanın müstəqillik qazandığı
ilk illərdə isə
bu cəhət ikiqat önəmə malik idi. Bu mənada Nizami
Cəfərovun geniş
spektrli məhsuldar yaradıcılığı, çoxsaylı
məqalə və kitabları təkcə Azərbaycan elmi düşüncəsinin faktı
olaraq qalmamış, milli ideya və
ideologiyanın, milli dövlətçilik nəzəriyyəsinin
tərkib hissəsinə
çevrilmişdir. Elmi axtarışlarını
pedaqoji fəaliyyətlə
uğurla birləşdirən,
uzun illər BDU-nun filologiya fakültəsinə
rəhbərlik edən
alim həm də müstəqil dövlətimiz üçün
milli düşüncəli
kadrların hazırlanmasına
dəyərli töhfələr
vermişdir.
Yaradıcılığının ilk dövründə
Nizami Cəfərovun Füzuli, Vaqif, Səməd Vurğun, Azərbaycan İntibahı
və s. barədə
fikirləri hədsiz maraqla qarşılanır,
geniş diskussiyalar doğururdu. Mən Elmlər Akademiyasında
onun "Füzulidən
Vaqifə qədər"
monoqrafiyasının müzakirəsində
iştirakçı olmuşam,
çıxış etməyib
sadəcə, kanonik və sərbəst düşüncələrin toqquşması
və dialoqunu seyr etmişəm. Həmin kitab Nizaminin güclü mətn duyumunu, prosesi hissetmə və görmə qabiliyyətini,
ədəbi-tarixi faktlara
retrospektiv və perspektiv planda yanaşma istedadını
nümayiş etdirirdi.
Eyni zamanda bəlli qəliblərlə düşünənlər
üçün idraki
müşküllər yaradır,
etirazlar doğururdu.
Ən mühümü
də bu idi: əsl alim
hamını razı salacaq fikirlər deyil, mübahisə və müzakirələrə
təkan verən, elmi düşüncə və mühitdə canlanma yaradan, həqiqət axtarışlarını
stimullaşdıran ideyalar
irəli sürməlidir
və Nizami Cəfərov da bu vəzifəni böyük uğurla yerinə yetirirdi.
Üstəlik, onun humanitar fikrin müxtəlif problemlərinə yeni yanaşmanı təcəssüm
etdirən ideyaları
yeni ifadə və yazı tərzində maddiləşirdi. Və bu
da bizim filoloji yaradıcılıqda
xüsusi "Nizami Cəfərov üslubunun"
formalaşmasına gətirib
çıxarmışdır. Alimin "Türk dünyası: xaos və kosmos", "Eposdan Kitaba", "Genezisdən tipologiyaya"
kimi kitabları, saysız məqalələri
bu üslubun əsas parametrlərinin müəyyənləşməsinə şərait yaratmışdır.
Bu isə, şübhəsiz,
bir yaradıcı insanın nail ola
biləcəyi ən mühüm uğur sayılmalıdır. Həmin üslubun
təsir və izlərini aşkar və üstüörtülü
formada müstəqillik
dövründə yaranmış
bir çox elmi-ədəbi və publisistik yazılarda müşahidə etmək
mümkündür.
2000-ci illərdən etibarən
Nizami Cəfərov fəaliyyət dairəsini
daha da genişləndirərək,
təkcə alim, fikir adamı kimi deyil, həm
də fəal ictimai xadim kimi
böyük işlər
həyata keçirməkdədir. Bir neçə çağırış
Milli Məclisin deputatı, Mədəniyyət
Komitəsinin sədri,
Atatürk Mərkəzinin
direktoru kimi o, geniş diapazonlu bir şəxsiyyət olduğunu nümayiş etdirmiş, məşğul
olduğu hər bir sahədə öz izini qoymağı,
gördüyü hər
bir işə öz möhürünü
vurmağı bacarmışdır.
Ən önəmlisi, bu mərhələdə Nizami
Cəfərov Azərbaycançılığın
bir ideologiya kimi əsaslandırılmasında,
Azərbaycanşünaslığın bir elm kimi formalaşmasında
sözün həqiqi
mənasında müstəsna
xidmətlər göstərmişdir.
Onun "Azərbaycanşünaslıq
məsələləri", "Azərbaycanlılar: etnokulturoloji
birliyin siyasi-ideoloji üfüqləri", "Azərbaycanşünaslığa
giriş", "Azərbaycançılıq
ideologiyasının etnoqrafik
əsasları" kimi
əsərləri bu baxımdan öz strateji yönümü və konseptual səciyyəsi ilə olduqca əhəmiyyətlidir.
Nizaminin parlaq şəxsiyyəti onun nəhəng yaradıcılığını üzvi şəkildə tamamlayır, elmi mövqeyindəki sabitlik şəxsiyyətindəki dəyişməzlik
ilə tən gəlir. Həyatdakı uğurlarına,
karyerasındakı yüksəlişə
rəğmən, Nizamini
tanıdığım 35 il
ərzində onun davranışında, adamlarla
münasibətində bir
dəyişiklik hiss etməmişəm,
bir insan olaraq aspirant Nizami ilə akademik Nizami arasında fərq müşahidə
etməmişəm. Bu da,
fikrimcə, təbiidir:
bizim bir çox elm və ədəbiyyat adamlarından
fərqli olaraq, onun özünütəsdiq
üçün məmur
ədalarına ehtiyacı
yoxdur, şəxsiyyətindəki
təbii cazibə və özünəməxsus
xarizma bunun üçün yetərlidir.
Nizami Cəfərovun
60 yaşı tamam olur. Mən əziz dostumu, böyük alim və ictimai
xadimi bu gözəl yubileyi münasibətilə ürəkdən
təbrik edir, ruhunun və düşüncəsinin daim
indiki kimi cavan qalmasını arzulayıram!
Məsiağa Məhəmmədi
Ədəbiyyat qəzeti.- 2019.- 21
sentyabr.- S.11.