Hacı Zeynalabdin
Tağıyev
Bakıya
qayıdır
Faytonla yox, qatarla yox, təyyarə ilə
də yox, tariximizə və mənəvi sərvətlərimizə
diqqət və qayğı ilə yanaşan Prezident İlham
Əliyevin sayəsində Sovet imperiyasının
xarabalıqları üzərindən keçib əbədi
olaraq heykəlləşmək üçün ötən əsrin
önlərində tikdiyi şəhərə - tarixdən
öz yerini tutmağa qayıdır...
Mənim Tağıyev sevdam bir hadisə ilə
bağlıdır. XX əsrin 80-ci illərinin ortalarında indiki
AMEA-nın Nizami adına Ədəbiyyat
İnstitutunda işləyirdim. 1982-ci ildə müdafiə
edib elmlər namizədi olmuşdum. Bir
gün XX əsr ədəbiyyatı şöbəsinin
müdiri, görkəmli alim və yazıçı Kamran
Dadaşoğlu məni yanına çağırdı.
Gördüm ki, otağında nimdaş geyinmiş,
ayağında fəhlə batinkası olan bir qoca qadın var.
Dadaşoğlu məni ona təqdim edib dedi: - Sara xanım, bu
çox etibarlı oğlandı, mənim gənc dostumdu,
milli ziyalıdır, ona inana bilərsən. O səni notariusa
aparacaq.
Sonra mənə
üzünü tutub dedi: - Nizaməddin, bu qadın
milyonçu Tağıyevin qızıdır. İllərdi
çiynində içi sənədlərlə dolu tor setka
atasına bəraət qazandırmaq üçün
müvafiq idarələrin qapılarını döyür.
Xalq düşməninin qızı deyə, onu heç kim qəbul etmir, qulaq asan yoxdur. Heybəsində
atası haqqında yazdığı dissertasiyanı da gəzdirməkdən
kor olub. Onu apar beşmərtəbənin
yanındakı notariusa.
Beşmərtəbənin
yanındakı dayanacağında basabas olduğu
üçün Sara xanım ləng düşdü:
Sürücü ona acıqlanıb dedi: - Ə, çoban
oğlunun qızı, tez düş də.
Qəzəb
məni boğdu özümü saxlaya bilmədim: - O
çobanın sənin kimi minlərlə qoyunu olub. O,
milyonçu H.Z.Tağıyevin qızıdır. Adamlar təəccübdən donub
qalmışdılar. Xatırladım ki, indiki "Azərbaycan
tarixi" muzeyinin güzgülü zalı Sara xanımın
yataq otağı olub, ay etibarsız, gidi dünya... Özümə söz verdim ki, böyük
milyonçu və mesenat Hacı Zeynalabdin Tağıyevi xalqa
tanıtmaq uğrunda mübarizə aparacağam. Səhərisi
bu olayı Nizami adına Ədəbiyyat
İnstitutunun koridorunda akademik Kamal Talıbzadəyə və
professor Kamran Məmmədova (Dadaşoğluna)
danışdım. Kamal müəllimin göy
gözləri doldu, Dadaşoğlu bir bərk söyüş
söydü.
Və bundan sonra mən Tağıyevin mühitini,
taleyini və tariximizdəki əməllərini tədqiq etməyə
başladım. Tez-tez Sara xanıma baş çəkir,
imkanım daxilində bazarlıq edir və ən
başlıcası söhbətlər edirdim. Bir dəfə soruşdum ki, Tağıyevi niyə
qadağan ediblər?
Çox
səbəblər dedi və dedi ki, o, V.İ.Leninin əsərlərində
tənqid olunub. Mən bu "Tənqidi"
axtarıb tapdım. Lenin, əslində,
mühəndis Behbudovla bağlı (o, Tağıyevin ailəsi
üçün söz çıxarmışdı və
Tağıyev də ona fiziki cəza vermişdi!) məhkəməni
udmaq üçün kadet partiyasının üzvü olan vəkil
Maklakova çoxlu pul verdiyinə görə Maklakovu (Lenin
kadetlərlə düşmən idi) tənqid etmişdi.
Xoşbəxtəm ki, ilk dəfə
H.Z.Tağıyev tarixinə və taleyinə münasibətdə
uzun illərin yasaq buzunu sındırmaq mənə nəsib
olub. Onu düşmən elan etmiş sovet
rejiminin kəshakəs vaxtında - 1987-ci ildə
"Dalğa" verilişində böyük milyonçu və
xeyriyyəçi Hacı haqqında çıxış
etdim. Azərbaycanın yeganə
televiziyasında bu veriliş efirə gedəndən sonra
Bakı küçələrində
tanımadığım adamlar - bakılılar məni qucaqlayıb
öpürdü.
"Ədəbiyyat
və incəsənət" qəzetində
"Unudulmuşlar haqqında uvertüra" cəmi bir
nüsxəsi çap olunmuş "Amal" qəzetində
(14 may 1992) "Tarixdən qayıdan adam"
məqaləsini dərc etdirib, milləti Hacının tarixi
haqqını bərpa etməyə çağırdım. Azərbaycan tarixi və onu yaradan şəxsiyyətlər
barəsində ucuz-ucuz hədyanlar yazmış rəsmi
tarixşünaslar yazmış rəsmi
tarixşünaslığa, onun başında duran alim-məmur
elitasına qarşı çıxaraq H.Z.Tağıyevi
milli-mənəvi həyatımızın refermatoru kimi təqdim
etdim. O vaxt bu çox çətin məsələ idi,
yaxşı ki, tarix belə çətinlikləri arxada
qoyaraq əzəmətlə irəliləyir.
O zaman
baş redaktor N.Həsənzadənin böyük cəsarəti
sayəsində "Ədəbiyyat və incəsənət"
(18 sentyabr 1987) qəzetində çap olunmuş
"Unudulmuşlar haqqında uvertüra" məqaləsində
sovet rejiminin qadağan etdiyi üç taleyüklü problem
qaldırmışdım: AXC-nin tarixini bərpa etmək;
şah və şair Xətainin 500 illik yubileyini keçirmək;
böyük milyonçu və mesenat H.Z.Tağıyevə
Bakıda abidə qoymaq. Kommunist funksionerlər və
yazıçılar bu məqaləni hücumla
qarşıladı. MK-ya
yazmışdılar ki, "Nizaməddin Şəmsizadə ədəbiyyatımızı
alt-üst edib", abidəni kapitalist Tağıyeva yox,
binaları tikən fəhlələrə qoymaq
lazımdır. Lakin başqa cür düşmənlər
də var idi: "Unudulmuşlar haqqında uvertüra" məqaləsini
milli yanğı qarışıq sevinclə oxudum. Bu yazı səksəkələrdən xilas olan
ürəyimizdən, axır ki, dillənməyə macal tapan
vicdanımızdan xəbər verir. Doğrudan
da, unudulmuş tarixi və ədəbi simalarımızı,
onların tarixi inkişafımızdakı rolunu öz rəngi
ilə göstərmək zəruridir. Unudulmuş
şəxsiyyətlərin mənəvi həyatımıza
qaytarılması, laqeydlik dumanının o üzündə
qalmış faktorların aşkarlanması yenidənqurma
epoxasının təsiridir. Unudulmuşların
həyata qaytarılması tariximizin, mədəniyyət və
ədəbiyyatımızın çoxəsrlik yolunda qoyub
keçdiyi mərhələlərin ayrı-ayrı şəxsiyyətlərin
və faktların aşkarlanıb yaddaşlara olduğu kimi həkk
olunması zəruridir" (Qara Əhmədov, Qazax rayonu).
"Unudulmuşlar
haqqında uvertüra" çap olunandan sonra 90 yaşlı
fədakar tədqiqatçı, böyük ziyalı Qulam Məmmədov
M.F.Axundov Kitabxanasında məni tapıb zəng vurdu və
dedi: - Alqış belə cəsarətə, belə qeyrətə,
bu, millətə böyük xidmətdir.
Və nəhayət, mən "Tariximizin Tağıyev
mərhələsi" ("Həftə" 15 yanvar 1998)
adlı geniş bir tədqiqat məqaləsi yazdım. Bir gün bir xanım mənə
zəng vurub kövrələ-kövrələ dedi: - Mən
Tağıyevin nəvəsi Səfiyyə xanımam, Amerikada
yaşayırdım. İnanmazdım ki, babam
haqqında belə məqalə yazıla, sizə minnətdarlığımı
bildirirəm. Cəsarətinizi və milli
qeyrətinizi alqışlayıram.
"Meydan"
epopeyasının sovet qoşunları tərəfindən
dağıldığı bir vaxtda - 1988-ci il
dekabrın 25-də S.Vurğunun ev-muzeyinin direktoru A.Vəkilova
zəng vurub mənə bildirdi ki, H.Z.Tağıyevin 150
illiyini qeyd edirik. Sən orada
çıxış etməlisən. Milli ruhlu
ziyalıların toplandığı kiçik zalda mən,
yazıçı Manaf Süleymanov, təhsil muzeyinin əməkdaşı
Aliyə Abbasova, jurnalist Teyyub Qurban çıxış etdik.
Burada H.Z.Tağıyevin tarixi xidmətləri və
şəxsiyyəti haqqında geniş nitq söylədim,
yazıb apardılar. Fəqət, axşam
bu mövzuda müsahibəmi televiziyada vermədilər. 1988-ci ilin iyun-iyul aylarında çətinliklə
razılıq alıb o zaman heç kimə etibar etməyən
Sara xanım Sarayeva - Hacının yeganə yadigarı ilə
atası haqqında uzun söhbətlər edib bir dəftər
qeyd yazdım. Həmin dəftər arxivimdədir.
Məqsədim H.Z.Tağıyev haqqında
"Görkəmli adamların həyatı"
seriyasından kitab yazmaq idi. 1989-cu ilin may ayında Aybəniz
xanımın təşəbbüsü ilə mən, həyat
yoldaşım Qızqayıt xanım, mərhum Vəli Məmmədovun
xanımı və adlarını unutduğum bir neçə
şəxs Sara xanımın Sabir adına Texnikumun
arxasındakı mənzilində onun 90 yaşını qeyd
etdik. Bu barədə fotolar arxivimdə
saxlanılır.
Kim idi H.Z.Tağıyev, nəyə görə sovet cəmiyyəti
onun adını yasaq etmişdi, hansı əməllərinə
görə biz onu tarix yaradan şəxsiyyət kimi qiymətləndiririk?!
Sovet rejimi laxlayandan, icazə veriləndən sonra onun həyatı
və əməlləri haqqında çoxlu məqalələr
yazıldı.
İ.İsmayıl və İ.İbrahimovun
"El atası" (1994) kitabı çap olundu. 1993-cü ildə H.Z.Tağıyevin fəaliyyətini
əks etdirən ikicildlik "Himam ər-rical"
("Kişilərin hümməti") kiril əlifbası ilə
çap olundu. Buraya N.Nərimanovun və
Axund Yusif Talıbzadənin qiymətli əsərləri də
daxil idi.
Həm XX
əsrin əvvəllərində, həm də əsrin
sonlarında - bizim dövrə həsr olunmuş əsərlərdə
onun iki doğum tarixi göstərilir: 1823 və 1838.
M.İsmayıl və M.İbrahimovun "El atası"
kitabında Hacının 1823-cü ildə doğulması barədə
12 oktyabr 1899-cu il tarixində Tbilisidən
Zaqafqaziya şeyxülislamı Ə.Axundzadə tərəfindən
verilmiş D 475-99 nömrəli şəhadətnamə əsas
göstərilir.
1988-ci ilin yayında Sara xanımla görüşərkən
onun evində Hacının portretinin altında
"1838-1924" yazılması diqqətimizi cəlb
etmişdi. Bu barədə bir neçə dəfə Sara
xanımdan soruşmuşdum. O, hər dəfə mənə
demişdi ki, atam 1838-ci ildə anadan olub, 1823 rəqəmi səhvdir.
Yeri gəlmişkən deyim ki, Sara xanım
atasının mədəni-tarixi xidmətləri haqqında
dissertasiya yazmışdı. Ömrü
boyu onu çap etdirə bilmədi, qul xislətli alimlər
ona mane olub, atasına "sinfi düşmən"
damğası altında çıxmağa imkan vermədilər.
Bir məsələni də dəqiqləşdirək.
Onun haqqında yazanlar H.Z.Tağıyevin 1924-cü il sentyabrın 1-də Mərdəkandakı
bağ evində (digər evləri əlindən
alınmışdı) öldüyünü yazırlar. Sara xanımın dediyindən məlum olur ki,
H.Z.Tağıyev beyin iflicindən vəfat edib.
H.Z.Tağıyevin Azərbaycan iqtisadi-mədəni həyatındakı
xidmətləri böyük tədqiqatların, cild-cild
kitabların mövzusu olmağa layiqdir. Onların müəyyən
qismini yada salaq...
Hacı İçərişəhərdə, məşhur
başmaqçı Tağının ailəsində anadan
olub. Yeddi yaşında atasına bildirib ki, bənna olmaq
istəyir. Bənnanın əlinin
altında palçıq daşıyan işləyir. Bir gün atası evə əliboş
qayıdır. Zeynalabdin isə 5 qəpik
qazanıbmış. O, qazancını atasına verir. Atası bu pula çörək və
bağırsaq alır. Ailə nahar edib
dağılışanda, ata ailəni saxlayır, tələb
edir ki, Zeynalabdin üçün dua etsinlər. Deyirlər ki, məşhur milyonçu olanda da
Hacı palçıq vannası əzməsin deyə,
çiyninə qoyduğu palanı yadigar
saxlayırmış. O günlərini Hacı
Fransının ən bahalı hotellərində, ən məşhur
milyonçular, ən gözəl Avropa xanımları ilə
keçirdiyi nahar məclislərində də bir an belə unutmayıb.
Hacı Zaqafqaziyanın ən ziddiyyətli neft şəhərinə
sahib kimi çox gec, təqribən 50-60 yaşlarında daxil
olub. İlk quyudan neft çıxmayıb, erməni şəriki
ona xəyanət edib. İkinci quyudan neft
fontanı isə dənizə axıb, yığmağa,
rezervuar tikməyə pul olmayıb. Nə
isə, XX əsrin milli intibahının əsaslarını
hazırlayan milyonçu Tağıyev Nobel, Potşild kimi
dünyanı lərzəyə gətirən adamlarla öz
xalqı, öz vətəni, öz milləti uğrunda rəqabətə
girməli olub.
İlahi, bu, tarixin ironiyası deyilmi, bu gün, yəni
XXI əsrin önlərində də Bakı neftinin mənfəətinə
həmin nobellərin, rotşildlərin nəvələri
göz dikiblər. S.Vurğunun məşhur misraları yada
düşür: "Tarix utanmazmı yaratdığından?!". Doğrudan da, "hələlik bir yanda
qalsın bu sual"...
H.Z.Tağıyevin ilk böyük xidməti Bakıya
Qubadan Şollar suyu çəkdirmək idi. Bakıya daha ucuz başa gələn
Kür çayından yox, Qubadan su çəkmək
uğrunda Hacı 1899-cu ildən - ingilis mühəndisi
V.V.Lindley Bakıya gəldiyi gündən 1917-ci ilin
yanvarında - Bakı-Şollar su kəməri istifadəyə
verildiyi günə qədər 18 il ərzində
mübarizə aparır. Bütün
bürokratik, maddi və mənəvi maneələri dəf edərək
Bakıya çirkli Kür suyunun yox, təmiz bulaq suyunun gəlməsinə
nail olur. Bu mübarizənin özü
böyük bir söhbətin mövzusudur.
H.Z.Tağıyevin ikinci böyük xidməti 1880-ci ildə
Bakıda milli teatr binası tikdirməsidir. Əslində,
indiki Musiqili Komediya Teatrının yerini Hacı dəyirmanlar
tikdirmək üçün almışdı. Fəqət, o, burada bütün Şərqdə
iki ən böyük teatr binası tikdirir. Bu zaman Azərbaycan dramaturgiyası yalnız
M.F.Axundzadənin 6 komediyası ilə təmsil olunurdu. H.Z.Tağıyev Teatrı nəinki teatr, habelə XIX
əsrin sonlarından başlayaraq dramaturgiyanın
yaranmasına xidmət etdi. Mən hesab edirəm
ki, Azərbaycan milli teatrının tarixini, hansısa klubda tələbələrin
M.F.Axundzadənin pyesini oynadığı 1873-cü ildən
yox, professional teatrın fəaliyyətə
başladığı 1880-ci ildən başlamaq həqiqətə
daha uyğundur.
1919-cu ildə H.Z.Tağıyev Teatrının 30 illiyi təntənə
ilə qeyd olunub. Bütün milli ziyalılar iki sıra
düzülərək Hacının gəlişini gözləyirmişlər.
Böyük bəstəkar Ü.Hacıbəyov bu gəlişə
xüsusi təntənəli marş həsr edir. Sara
xanımın dediyinə görə, bu marşın əlyazması
M.F.Axundzadə adına Kitabxananın
fondunda saxlanılır.
H.Z.Tağıyevin üçüncü xidməti
Bakıda ilk Qızlar Seminariyası açması idi. Bu məqsədlə
o, hazırkı Əlyazmalar İnstitutunun binasını
tikdirib. Mənim şəxsi arxivimdə bu
məktəbdə dərs prosesini əks etdirən çoxlu
fotoşəkil saxlanılır. Burada
Avropa kabinet üsulu ilə dərs keçilir. Məsələn, biologiya kabineti musiqi, yaxud ilahiyyat
kabinetindən öz tərtibatı ilə seçilirdi.
Bu məktəb uzun mübarizədən sonra 1901-ci il oktyabrın 7-də
açılmışdı. Bu məktəbi
açmaq üçün o, çarın arvadına qiymətli
hədiyyələr göndərmiş, məktəbə bu
rus xanımının adını verəcəyini vəd
etmişdi.
Bundan əvvəl Hacı 1894-cü ildə öz vəsaiti
ilə Mərdəkanda Kənd Təsərrüfatı Məktəbi
açdırmışdı.
Böyük milyonçunun dördüncü xidməti
Şərqdə milli mətbuatın formalaşmasına
hamilik etməsi idi. Onun vəsaiti ilə Hindistanda fars dilində "Həblülmətin",
Bakıda "Həyat", "Füyuzat",
"Kaspi", "Təzə həyat" kimi məşhur
qəzet və jurnallar çıxırdı. XX əsrin
üç böyük fikir nəhəngi, milli
intibahımızın dönməz təbilçiləri -
Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev və
Əlimərdan bəy Topçubaşov bu mühitin yetirməsi,
bu mətbuatın, fikir hərəkatının liderləri
idi. Ə.Topçubaşov, H.B.Zərdabinin
kürəkəni, Hacının yaxın dostu idi. Sonralar
bu üç fikir adamları Şərq: türk-müsəlman
dünyasının məşhur qurucuları oldular. Bu, ilk növbədə, H.Z.Tağıyevin xeyirxah əməllərinin,
sərvətinin və uzaqgörənliyinin bəhrəsi idi.
Bəs, H.Z.Tağıyevin milli iqtisadiyyatın təşəkkülündəki
xidmətləri?! Bu da xüsusi tədqiqat və
kitabların mövzusudur. Bu istiqamətdə bir ibrətli
fikri söyləməklə kifayətlənirəm...
XIX əsrin lap sonlarında çara xəbər verirlər
ki, Qafqazdan gəlmiş bir müsəlman öz vəsaiti ilə
rus kilsələrini təmir etdirir. Çar bu adamla
maraqlanıb onunla görüşür. Bu şəxs kim idi? Nəyə görə o,
xristian kilsələrini təmir etdirir? Çarla
həmin şəxs nə barədə söhbət
etmişdir?
Həmin qafqazlı müsəlman sərvəti və səxavəti
ilə dünyada məşhur olan Azərbaycan milyonçusu,
maarifpərvər xadimi və yurdunun əsl vətəndaşı
H.Z.Tağıyev idi.
Onun ehtiyacı olan rus kilsələrini təmir etdirməsi
belə bir xeyirxah niyyətlə bağlı idi. Hacı
toxuculuq kombinatını tikəndən sonra dəzgahların
xeyli hissəsini İngiltərədən gətirtmişdi.
Bir hissəsi isə İvanovdan alınmalı
idi. Lakin Marozov başda olmaqla Şərqdə
qüvvətli parça ticarəti bazarını itirməkdən
ehtiyat edən rus kapitalistləri H.Z.Tağıyevə dəzgah
satılmasına mane olur, onu yalnız bez istehsalı ilə
kifayətlənməyə məcbur edirdilər. Bu barədə icazə üçün çara
müraciət etsə də, Tağıyevin təşəbbüsləri
nəticəsiz qalmışdı. Çar
onu qəbul etməmişdi. Çarın
diqqətini cəlb etmək, onunla görüşüb öz
niyyətini həyata keçirmək üçün Hacı
rus kilsələrinin təmiri kimi ağır bir işə xərc
qoymuşdu.
Görüş zamanı çar Hacıdan soruşur
ki, sən özün müsəlman ola-ola nəyə görə
xristian kilsəsini təmir etdirirsən? Müdrik Hacı ona cavab
verir: - Dinimiz ayrı olsa da, Allahımız birdir. Məscid kimi, kilsə də Allahın evidir. Onu uçulmuş görmək və tikməmək
müsəlman üçün də, xristian
üçün də günahdır.
Bu cavab çarın xoşuna gəlir. İmperiyanın
başçısı həmin xeyirxah adamın arzusunu da bilmək
istəyir. H.Z.Tağıyev xahiş edir
ki, ona İvanovdan toxuculuq dəzgahı satılmasına icazə
versinlər. 70 il sovet sənayesində
müntəzəm xidmət etmiş o dövrün ən
böyük sənaye mərkəzi olan Tağıyev fabriki
belə bir fədakarlıqla yaranmışdı. Ümumiyyətlə, H.Z.Tağıyev millətin
maddi və mənəvi tərəqqisi naminə belə fədakarlıqlar
çox etmişdi.
Bir dəfə
Sara xanımdan soruşdum: Sovet hökuməti Hacını
incitməyib ki?! O dedi ki, yox. Çünki Hacı Zeynalabdin hələ
sovet hakimiyyəti gəlməmiş vəsiyyət edib
demişdi: - Sərvətimin üçdəbirini xalqa
paylayın. Bolşevik komissarlarına isə deyib: "Mənim
heç nəyim olmayıb, mənə heç nə
lazım deyil. Əgər bu, xalqın hakimiyyətidirsə,
sərvətimin hamısını xalqa çatdırıram".
20 yanvar 1922-ci ildə N.Nərimanova məktubunda oxuyuruq
ki, o hələ 25 sentyabr 1921-ci ildə Xalq Komissarları
Sovetinə xüsusi layihə təqdim edib ki, mənim təcrübəmdən
istifadə edin, mən millətimin quruculuq işindən kənarda
qala bilmərəm, kağız kombinatını,
balıqçılıq sənayesini və dəyirmanları
mənə həvalə edin, sizə fayda gətirim. Lakin bolşevik
"şpanalar" bu müdrik
çağırışı eşitməyə qadir deyildilər...
Bəzən tarix də kar olur. Tarixin onu yaradanlara
qarşı laqeydliyi övladın anaya laqeydliyidir.
1924-cü il sentyabrın 1-də Asiya və
Avropada məşhur olan milyonçu, xeyriyyəçi,
böyük vətəndaş və islahatçı
H.Z.Tağıyev beyin iflicindən Mərdəkandakı evində
vəfat edir.
Az
keçməmiş bu evi də onun ailəsindən
alırlar. Genişliyə, əzəmətə
öyrənmiş general qızı, H.Z.Tağıyevin ikinci
və sevimli xanımı Sona xanımı dar, ikiotaqlı bir
mənzilə köçürür, fəqət, burada da
rahat buraxmırlar. Sona xanım dəli olur...
Tarix ən ədalətli hakimdir. O, həqiqətləri yerbəyer
edir.
Nizaməddin Şəmsizadə
Ədəbiyyat qəzeti.- 2019.- 21 sentyabr.- S.18-19.