Günəşin gəlinciyidi

bütün göy üzündəkilər...

 

Saçların küləkdən asır özünü,

Külək ipə dönür

göy üzü budaqlarında...

Baxışlarımı həbs edirlər gözlərində,

göz yaşlarımsa dodaqlarında

azadlığa qovuşur.

Beləcə kibritlərin üşüdüyü ağaclarda

yeni əlifbayla yazılır

bir cüt alın yazısı...

Gözlərini bağlayın Tanrının,

Kədərin edamını görməsin...

Söndürün göy üzünü!..

 

Günəşin gəlinciyidi

bütün göy üzündəkilər...

 

Rəvan Cavidə

 

Oynamaq istər mənimlə,

Anasını itirmiş səkilər.

Qucaqlayar ayağımı,

gözü boynuma dikilər.

 

Ayağım oyuncaq olmaz,

boynum sığınacaq yeri.

Mən sənin deyiləm, səki,

mən özüm səndən biri...

 

Addım səsi doğma anan,

atan oldu bu ləkələr...

Gəlin köç bu uzun yola,

Bəlkə səndən əl çəkələr...

 

Çək üzünü göy üzündən,

baxmaqdan kərpic-kərpic

gözündən qara sökülər.

Yıxılarsan sevinc-sevinc...

 

...Sən hələ bilmirsən səki,

Günəşin gəlinciyidi

bütün göy üzündəkilər.

 

Tanrıların doğum günü

 

Dənizlər qurban kəsir,

dalğaları, qadan alım.

Düşüb duaların qaşı,

boşdur yeri, qadan alım.

 

Tanrıların doğum günü -

adamların qurban yönü.

Yaratdığın yenib səni,

yeri, yeri... qadan alım...

 

İşıqları asdırdılar,

...yazıları küsdürdülər.

Göy üzünü basdırdılar,

diri-diri, qadan alım.

 

Yeyin tanrıları, yeyin!..

Görək sonra nədir düyün?!

Yığışın qurban deyin,

qəbirləri, qadan alım.

 

Daş adamam, sən demiş,

Ömrüm daşdan süzülür.

Qanım daşdandı, dərdiş,

axır, hörülür...

 

Acıb yolları yedim,

Div dedilər adıma.

Axı, mən kiməm? - dedim,

Yollar düşdü yadıma.

 

Yolları yorğun görüb,

Atdım çiynimə getdim.

Ot ağrıdan yolları,

Addım-addım keyitdim.

 

***

 

Əynimə çox böyükdü,

Bu sevginin köynəyi.

Bir az üzü qırışıb,

Tündləşibdi eynəyi...

 

Qocalmır təbəssümü,

İllərin yatağında.

İtirirəm özümü

Yaddaşın otağında...

 

Hərdən məni soruşur,

Axsaq xatirələrdən.

Qoxusu məktub yazır,

Nərgizli tirələrdən...

 

İndi saçı ağarıb,

Sənli keçən günlərin.

Belini it bağladı,

Gəlin köçən günlərin.

 

Gözümdə hələ qalır,

O baxışın ləkəsi.

Qorxma, qorxulu deyil,

Keçibdi təhlükəsi...

 

Tural Turan

 

Ədəbiyyat qəzeti.- 2019.- 21 sentyabr.- S.15