Bir kəhrəba işıltı

 

Ömrü yazarından ömürlü olan bu ağrılı şeiri Nurəngiz Gün unudulmaz Turan xanımın - Cavid əfəndinin ciyərparəsinin vəfatı günü qələmə almışdı; sentyabrın 12-də!  Cavid əfəndini İblisə uymuş bəşəriyyətin polyar qışına - Sibir gedər-gəlməzinə yola salan 1938-ci ilin 21 sentyabr günündə isə Nurəngiz xanımın özü dünyaya göz açmışdı. Tale oxşarıydı Turan xanımla; hər ikisi ömrü boyu yolunu gözləmişdi Sibirdən dönəsi əzizlərinin... Hər ikisi ümidlə açmışdı bəxt qapısını. Baxışlarında bir dünya "Günəş tayası", təbəssümlərində Ay işığı gətirmişdilər. Bu səbəbdən hər ikisinin taleyindən "badi-səba yeli" əsmişdi hər vaxt. Tənha gecə məhbəslərinin sazağı sızım-sızım sızmışdı yuxularına.

Ona görə bu şeirdə kədər var, nisgil var, məlal var! "Oy, yoncalar, oy, ağaclar, oy, qapı tıqqıltıları" təlaşı, "ey, fələk!" harayı, təşvişlər, əndişələr, qiyamət gününün rüzgarları var!

İndi sentyabr ayı birinin vəfat, birininsə doğum gününü qapsayır...

İndi hər ikisi haqq dünyalarındadı! İndi hər ikisinin əziz ruhuna ağrılı elegiya kimi oxunur bu kövrək misralar...

 

Sərvaz Hüseynoğlu

 

Nurəngiz GÜN

 

(Oda)

 

Badi-səba yelləri!

Oh, Sərvlər!.. Küknarlar!..

Sübhün neysan selləri, oy!

Gözəllik Tanrısının

yavrusu ölmüşdür!..

Vıyıldayır

pəncərədə-pərdədə bir xəfif

Tərənnüm!..

            Bir kəhrəba işıltı...

Vəssalam.

 

Oy yoncalar!.. Ağaclar!..

Yolun saçlarınızı

Söz deyin...

Pıçıldayın Cavidin

ən isti sözlərini, Onunçun!

 

Rica edirəm, Səma,

quşların diyarı!

Çağır sən, qoy gəlsin,

Yığışsın bütün quşlar,

Şığısın Ana-quş!

Qiyamət qoparsın,

Onun axşam duasını

Qoy Ana-quş oxusun!..

 

Hayqırsın himn kimi,

Fırtınalı küləklərdə

qapı tıqqıltılarına

qulaq asmış... qarımış

Atasız-anasız

bir yalqız qız üçün!

 

Ox, Allah! Tarixin

çərxinə, sırtına... bax!

Bircə eksponatlığa

yoxmuş bunun nər kişisi,

37 qorxulu Bəyaza

çiyin kimi, ər kimi,

yavuq-zad düşməyə!

 

, nənəm, toydan gələn

Göydəki əlvan Ana!..

Sən oxu!..

Özün oxu,

Humanizmin sərhədsiz,

çəpərsiz əfəndisi

əfəndi Cavidin

daxması boş qalmış

əfəndi yavrusunu!

 

Əvət, ey mərhəmətlər!

Təşvişlər, Daş Yazılar!..

Turandır O!.. Sarbandır!..

Allah onu yaratdı ki,

bütün iran-turanlar

bütün təlaş, həlak

büsbütün Cavid yükü

həyat boyu

            onun karvanı olsun!

 

Yerdə qalan nədir ki?

Kəramətsiz yuxular...

Arxivlər...

Masadan lal baxan:

lupalar, sənədlər...

divanə eynəklər...

pəncərədə-pərdədə vıyıldamış

Tərənnüm!..

            Bir kəhrəba işıltı...

 

Ey fələk! Neynirdin,

Xəyanət gəzdirən

Tale Kabuslarını?!

Xitam ver! Silinsin,

Gecə məhbəslərində

İzinsiz vurnuxmuş

yalquzaq gözlərin

içləri!!!

Pozulur axı talelər,

Ya Tanrım!

 

Oh, sevgili müəlliməm!

Uzanır əllərim

Səma tabutlarına sənə!

İndi necə göndərim

danə-danə yaşları...

könül qaranquşlarıma?..

Göydəki 37 yazılı

Babam-Anam-Tifaqım,

Oh, küllü iran-turana, oh...

... axşam

parıltılarıma...

 

Nurəngiz GÜN

 

Ədəbiyyat qəzeti.- 2019.- 21 sentyabr.- S.14.