Gəl yanıma
Sevgilim!
Aləmdə təksən,
dur elə tək gəl yanıma!
Amma unutma, çiçəyim,
əldə çiçək
gəl yanıma!
Titrədim titrək kirpiyin
"Hə" dediyi çağda mənə,
İllərdir gözlər bu
anı canda ürək, gəl yanıma!
Təklərindən tikilən Kainatın bir bax təkinə,
Ulduzları da yolun üstündə ləçək,
gəl yanıma!
Varlığın bütün gözəllikləri
sayrışmada səndə,
Yaranışdan - təpədən-dırnağa göyçək, gəl
yanıma!
Bələnib yer dumduru sevincə daşından quşuna,
Hamının bildiyin heç
kim bilməyəcək,
gəl yanıma!
İşıqlandırsın hücrəmi çöhrəndəki ilahi
nur,
Tanrıdan pay aldığımsan sən, ey mələk,
gəl yanıma!
Qarışıb dünyanın sevişən
rənglərində min çalar,
Allansın yanağında həyadan
çiyələk, gəl
yanıma!
Uçuşurlar, qonuşurlar arılar
çiçəkdən-çiçəyə,
Salxım-salxım balını daşdandırdı
pətək, gəl yanıma!
Gizlində bircə Bulaq var, tək o bilir yanğımızı,
Dəymədən bədən bədənə,
ondan içək, gəl yanıma!
Bu Kainatdır yurdumuz, şah bağçasında
evimiz,
Axtarsınlar yerdə bizi, göydə itək, gəl yanıma!
Ocağım yandıranımsan, qəmimi
söndürənimsən,
Şehlənsin ayağın altında
biçənək, gəl
yanıma!
Ağaclarında bağların hər
dadda meyvənin ətri,
Eşqimizin torpağında bir
sərv əkək, gəl yanıma!
Tək sən al Uluseldən daşan sellərin qarşısını,
Bircəciyim! Nə işin varsa da, əl
çək, gəl yanıma!
Rahid Ulusel
Ədəbiyyat qəzeti.- 2019.-
21 sentyabr.- S.21.