Uşaqlığımın son yayı,
beşdaş və ya...
hekayə
Nənəm Bibixanımın əziz
xatirəsinə...
İllər
keçəndən sonra anladım ki, həqiqətən də
o yay uşaqlığımın son yayı imiş. Böyüdüm.
Boyca böyüməsəm də, fikirlərim,
düşüncələrim, dünyaya baxışım
uşaq təxəyyülü nə qədər uzağı
görə bilərsə, o qədər böyüdü,
lal-dinməz oldum. Əlifbanı öyrənməmiş
kitabları sevdim, şəkil çəkməyə meyilləndim
ki, onların da bir mövzusu vardı - ata, ana, bir də
balaları şən xoşbəxt yaşayırlar, ətraf
gül-çiçək, həmişə yay fəslidi və
o yaydan beynimin bir küncündə qısılıb qalan
boyumdan böyük borular...
Bakı-Qazax
yolu üstə ətrafa səpələnmiş kiçik kəndlərdən
biri də anamın doğulduğu yer idi. Həmin, birinci sinfə
gedəcəyim il anam məni nənəmə verib kəndə
yola saldı. Uşaqlar adətən, harasa gedəndə sevinər,
mən isə kədərlənmişdim. Başımı
elektrik qatarının sürətindən soyumuş soyuq pəncərəsinə
söykəyib, göz yaşı tökürdüm. Nənəmin
fikirləri isə hardasa uzaqlarda olduğundan mənə fikir
belə vermirdi. Yüz iyirmi kilometrlik yol mənim
üçün nağıl dili ilə desək, gedər-gəlməz
yolçuluq idi. Bir də həsrət vardı bu yolda.
Atamın qəfildən evdən uzaqlaşması, həmişə
bizimlə, balaları ilə məşğul olan anamın
işə düzəlməsi, evimizin düzənini pozdu.
Bacım, qardaşım uşaq bağçasına, mən
isə kəndə gedəsi oldum. Bu ayrılıqların səbəbini
başa düşmədən əvvəlki, gözəl
günlərimizin həsrətini çəkə-çəkə
axıtdığım göz yaşları yanaqlarımı
yandırırdı. Nənəm axır ki, bu halımı
görüb, başını buladı: Olmaz, belə getməz,
narahat olma, atan da qayıdacaq, anan da əvvəlki kimi sizi
başına yığacaq, hələ qoy sənin dərslərin
başlasın, hamını başına yığacaqsan,
görərsən. Yaydı da hərə bir yerə
qaçır. Fikir eləmə, sənə
şor-çörək verim?
Başımı
buladım. Gözlərimi nənəmdən çəkmədim.
İlk dəfəydi ki, kimsə mənimlə böyük
adam kimi danışırdı. Fikrimi soruşmasa belə,
danışırdı və dodaqları
pıçıldaya-pıçıldaya yuxuya getdi nənəm.
Gözləri yumulsa da, "fikir eləmə, gözlərini
sil", - dedi.
Axşamtərəfi
kəndə çatsaq da, yay günündə canıma gələn
titrətmə məni yatağa saldı. Babam, dayım, xalam
hamısı əl-ayağa düşdülər. Nənəm
qulağımın dibində dilində qəribə sözlər
deyə-deyə kürəyimi ovur, qarnıma nanəcövhər
çəkirdi. Xalamın gətirdiyi qatıq canıma necə
yayılmışdısa gözlərim xumarlanırdı. Bir
də onda ayıldım ki, artıq səhərdi. Hamı
yatsa da, nənəm oyaq idi, çünki səsi tövlədən
gəlirdi, o, inəyi oxşaya-oxşaya sağırdı. Məni
görüb gülümsədi: Deyəsən, indi
yaxşısan, şükür, min şükür...
Yenə də
məndən cavab almamış özü təsdiq etdi ki,
yaxşıyam. Sonra tövlənin içində yuva quran
qaranquşları göstərdi. "Baaaxx, quş quşdu,
amma özünə yuva tikir, doğur, törəyir,
balasını qoruyur... ehh, nə deyim, görürəm bu
dünyanın tarazdığı pozulub bala, nəsə, hər
şey yoluna düşər inşəallah...
Tövlədən
heyvan sidiyinin iyi gəldiyindən orada dayana bilməyib
çölə çıxdım. İlk gözümə dəyən
uzaqdan görünən dəyirmi, sıra-sıra
düzülmüş borular oldu. Babamgilin evindən Haramı
dağına uzanan yol çollük-biyaban idi. Bizim ev kəndin
sıraca ən sonuncu evi sayılırdı. Elə o səbəbdən
də bağımız hamı kimi bir neçə sot yox, bəlkə
də bir neçə hektar idi. Babam bu bağda nələr əkməmişdi.
Bağ bir neçə hissəyə ayrılmışdı
narlıq, albalı bağı, almalıq, üzümlük,
qızılgüllük, əkin sahəsi də ayrı idi.
Bu bağda hər meyvədən bir neçə növ
vardı. Yay-qış evimizdə də bu bağın meyvələri
olardı. İndi isə kəndin ən sonuncu evinin
eyvanında dayanıb, bağa yox, düzəngaha, səf-səf
düzülmüş borulara baxırdım. Uzaqdan adamlar, bir
də vaqona bənzər səyyar ev görünürdü.
Maraq məni ora aparsa da, bilirdim ki, nənəm məni ora,
borulara baxmağa aparmaz. Birdən şaqqanaq səsi
eşidildi. Gülənin kimliyi mənə məlum olsa da, o
qonşu qadını heç sevmirdim. Sakitcə evə
keçmək istəyəndə məni adımla səslədi,
məcbur olub cavab verdim. Sübh tezdən olmasına baxmayaraq,
Kifayət yenə də qara qır-saqqız çeynəyirdi
və hər dəfə saqqızı ağzında
çevirdikcə dodaqlarının kənarı köpüklə
dolurdu. - Ora baxırsan, ay bəxtəvər, bunnan sonra Bəkidə
əyləşib, evüzdə Kür suyu içəcəksüzzz...
Bəkililərin əlü bala batub dəəə...
Kifayət
tövlədən əlivedrəli çıxan nənəmi
görüb çəpərin dibindən uzaqlaşdı.
Özü də hiss edirdi ki, nənəm onu sevmir. Mən nənəmi
başa düşmürdüm. O, Kifayəti sevməsə də,
bişirdiyi yeməkdən hər gün bir qazança
onların payını göndərər, qızı
Gülayəni isə dizinin dibində oturdub özü yedirdərdi.
Kifayət isə bütün olanları adi
qarşılardı. Nənəmin bir baxışından gizlənən
Kifayət həmin anlarda həyətdə vurnuxur, amma hiss
olunurdu ki, bu biri həyətə qızını
doydurmağa çalışan qonşusuna minnətdarlıqla
baxır. Nənəm də qonşu qızını yedirib
doyurandan sonra əlini onun bozarmış siçan quyruğuna
bənzər saçlarına çəkər, - ağıllı
qızım, anava oxşama , - deyərdi ki, bu söz də mənim
xoşuma gəlməzdi. Gülayə anasının
qızı idi axı, o, kimə oxşamalıydı ki?
Nəsə,
bu anlarda mənim fikrimi məşğul edən başqa məsələ
vardı ki, bu da Bakıya doğru uzanan su borularını
yaxından görmək. Fikrimi nənəmə deyəndə
o, bir an susdu, sonra "bazar günü dayınla, xalanla gedərsən,
indi ora adamla doludu, iş gedir bazar günü heç kim
olmur, gedərsən gözünün qurdu ölər".
Səbirsizliklə
o günü gözləyirdim. Belə günlərdə
bağa girmək istəsəm də, onun taxtadan olan iri
qapısını qıfıllı görürdüm. Hər
dəfəsində də nənəm deyərdi ki, baban
bağı sulayır. İlan çıxar, belə vaxtda
bağa girməzlər. Babam gecələr bel
götürüb bağın arxa tərəfinə keçər,
hardansa gələn suyun bəndini bağa tərəf yönəldərdi.
Gecələr bağ sulanır, gündüzlər
qapısı qıfıllı olardı. Bu vəziyyət məni
haldan çıxarsa da, bilmədiyim səbəblər
içimi üzsə də, dözməliydim. Sentyabra kimi
dözməliydim. Məndən üç yaş böyük
xalam hər dəfə əlinə kitabı
götürüb mənə hərfləri öyrətmək
istəyəndə kitabı onun əlindən alıb tam sərbəst
oxumağa başlayırdım. Babam, sanki musiqi dinləyirmiş
kimi məni susmağa qoymur, "oxu" deyir.
Üçüncü sinfin "Ana dili" kitabındakı
hekayələri, nağılları oxuyuram. Xalam hardansa
"Kommunist" qəzetinin köhnə, saralmış
nüsxəsini tapıb gətirir. Ona elə gəlir ki,
kitabdakıları əzbərləmişəm ona görə
də belə sərbəst oxuya bilirəm. Qəzet mənə
sarı uzadılır, onu alıb balaca bir yazını
oxuyuram: "Bu il zəhmətkeş
pambıqçılarımız söz veriblər ki, hər
hektardan...".
Babam
xalamı danlayır, "görürsən, səndən
neçə yaş kiçikdi, hələ bu il məktəbə
gedəcək, amma "Kommunist"i su kimi oxudu"...
Xalam məni
tələyə salmaq istəsə də, özü ora
düşmüşdü.
Axır
ki, arzuladığım gün gəldi. Sübh tezdən
eyvana çıxanda ilk gördüyüm Kifayət oldu. O,
harasa tələsirdi. Deyəsən, məni görmədi,
yoxsa yenə söz xatirinə nəsə deyəcəkdi. Nənəm
ocaqda nəsə bişirirdi. Yanına qaçdım, indi hiss
etdim ki, südlü plovun ətri aləmi bürüyüb.
Kifayətin də çəpərin dibi ilə niyə
sivişib keçdiyini indi anladım. Nənəm ona heç
nə deməsə də, baxışı o qadını əzirdi.
Aş qazanının yanında hazır dayanmış
qazançanı görəndə yenə də nənəmə
daxilimdə hirsləndimmi, qısqandımmı, bilmirəm. Mənə
elə gəldi ki, nənəm daxilində o qadını
sevir, lakin nəyi isə ona bağışlamır, amma nəyi?
Sakitcə
eyvanın pilləkənində əyləşdim. Nənəm
yenə də mənə baxıb gülümsədi. -
Sabahın xeyir, durmusan, nənə qurban?
Bir
anın içində yerimdən durub, nənəmə
sarı qaçdım, onu qucaqladım, anamın ətrini nənəmdən
almaq istədim. Nənəmdən süd qoxulu ocaq ətri gəlirdi.
O vaxtlar nənəmin qırx-qırx beş yaşı ancaq
olardı, amma mənə elə gəlirdi ki, nənəm
dünyanın ən yaşlı və müdrük
insanıdı. Artıq söz danışmaz, daima
iş-güclə məşğul olardı, hər kəlməsi
isə nağılvari musiqi idi... Bəstəboylu, ağbənizli,
biçimli əndamı olan şəhərli qızı
babamın qarşısında olsa-olsa hərdən çay
içərdi. Onun nə vaxt yediyini, yatdığını
heç birimiz görməzdik. Ərinə - babama ağa deyərdi,
oğullarının qarşısında
başıaçıq gəzməzdi. O mənim mələk
nənəm idi. Getdiyi evlərə çörək alıb
gedərdi. Kim təzə ev alırdısa, ora çıraq
yandırıb aparardı. Övladı olmayanlar onun köynəyini
geyərdilər ki, bəlkə Allah onlara da bir övlad verdi.
Olurdu. Doğulan uşağın adını ona qoydururdular
ki, uşaq salamat olsun. Belə idi mənim nənəm.
Hıçqırığımı
boğa bilmirdim. Nənəm əllərini uzun hörüklərimdə
gəzdirib alnımdan öpdü. Birdən mənə qəribə
sual verdi; südlü plov bişirməyi anan sənə
öyrədib? Niyə elə baxırsan, gözlərinə
qurban, nənə sənə yeməklərin sirrini öyrədəcək.
Bakıya gedəndə atan-anan məəttəl qalacaqlar ki,
bu qız nə çox iş öyrənib, nənəsinə
halal olsun... Həə.. balam, deməli, bir ləyən
düyü üçün...
Bu
günlərimdə hər yemək bişirəndə nənəmə
rəhmət oxuyuram. Elə həmin gündən üzümdəki
həsrət gözlərimə çöksə də,
sıxıldığımı, ailəmizin həsrətini
çəkdiyimi nənəmdən belə gizlətməyə
çalışdım, özümə qapıldım.
Kiçik
dayım, xalam və mən nənəmin bizim
üçün hazırladığı şor-çörəklərini
əlimizə alıb yola düzəldik. Eyvanımızdan
yaxın görünən borulara yaxınlaşdıqca heyrətlənməyə
bilmirdik. Ən azı iki metr hündürlüyündəki
boruların içinə yüz mənim kimi uşaq yerləşərdi.
Kiçik dayım qürrələnirdi ki, o boruların
içinə girib, mən isə dayım da olsa ona hirsləndim
ki, "necə adamsan, axı onun içindən su axacaq, sən
ayağını necə ora sala bilmisən?".
Dayım
gülürdü. Məndən beş-altı yaş
böyük olmasına baxmayaraq, "uşaqsan" - deyirdi.
Ondan incimişdim deyə, bir az onlardan aralandım. Boruların
yaxınlığındakı barak evə tərəf getdim.
Barakın açıq qapısından içəridə
gördüklərim ayaqlarımı yerə mıxladı. Səs,
o səs mənə tanış idi... Yekəpər ayıya bənzər
lüt kişi və o Kifayət. Kifayət yumulu gözlərini
bir anlıq açdı və ona zillənən gözlərimi
gördü. İki gözün toqquşmasında birdən-birə
yana-yana qışqırdım. Gülayənin, Kifayətin dəmir
yolunda fəhlə işləyən çəlimsiz ərinin,
balaca oğlunun əvəzinə qışqırdım.
Dayım mənə tərəf qaçdı, barakdakı
hadisəni o da gördü tez gözlərimi balaca, hələ
bərkiməyən əlləri ilə qapadı, bizə
sarı gələn xalama sarı qışqırdı ki, gəlməsin.
Əllərini gözlərimdən çəkmədən səmtimi
geri, evə sarı döndərdim. Xalam dil qəfəsə
qoymadan mənə sual versə də, dayım ona çəmkirdi:
- Kəs, uşaq qorxub, kəs!
Xalam məchul
sual qarşısında susub dursa da, gözləri mənə
sual verirdi. Başımı aşağı dikib gedirdim. Birdən
arxadan yenə o səs eşidildi:- Ədə, ədəəə
Rasim...
Dayım
geri dönmədən əlimdən tutub, məni
aparırdı. Və... bəlkə də onda ilk dəfə
doğma əlin nə olduğunu hiss etdim. O zaman
gördüklərimi dərinliyi ilə anlamasam da, hiss edirdim
ki, burada insanların başı üstündə xəyanət
kölgəsi dövr edir. Nənəm deyərdi ki, su
aydınlıqdı, amma çəkiləcək bu su kəmərinə
marağım tamamilə söndü. Bakıya çəkiləcək
Kür suyu gözümdə çirkaba bulaşdı, dəyərini
itirdi...
Beşdaş
Mən
daşları sevirəm. Daşlar haradasa azıb qalan
yaddaşdı mənim üçün. Bu bugünkü
düşüncəm. Amma zaman vardı ki, mənim və
dostlarımın oynamağa oyuncaqları yox idi. Bizim kimi
uşaqlar oyunlarımızı daşlarla, yollardan
yığdığımız şüşələrlə
oynardıq. Onda bizim indiki kimi kompüterlərimiz, dəbdəbəli
gəlinciklərimiz, hörümçək adamlarımız
yox idi. Həyat bizim üçün küçədə,
torpaq üstə, daşların arasında idi.
Bir az diqqətlə
baxsan, hər daş nəsə danışır, lakin onu
eşitmək lazım. Daş var ki, ortadan onu kəsən
olsa, içində çiçək şəkli görər.
Daş var yol daşı, daş var başdaşı. Hər
necə olursa-olsun, onlar bizimlə yol yoldaşı...
Daşları
yığıram. Qonşu uşaqları ilə birgə
beşdaş oynayacağıq. Qəribə oyundu
beşdaş. Bəlkə də primitiv, sadə bir oyun.
Əvvəl bir daşı boyundan uca atıb, yerdə
qalanları tək-tək yığırsan, sonra iki-iki, sonra
bir tək, üçü cüt beləcə oyun davam edir...
Elə
daşlar seçməliyəm ki, hamar eyni biçimli olsun, ələ
yatsın tapdığım daşları əzizləyə-əzizləyə
üfürüb, tozunu təmizləyirəm, yenə
axtarıram, başımı aşağı salıb irəliləyirəm.
Birdən başım bağın taxta qapısına dəyir,
qapı açıqdı. Sevinirəm. Sanki babamın zəhməti
ilə əmələ gələn bağa yox,
Gülüstani-İrəmə qədəm qoyuram. Bilmirəm
nəyə baxım. Uzaqdan, sanki "gəl, məni dər",
- deyən albalı ağacına sarı qaçıram bu an
babamın səliqə ilə açdığı arxa
düşürəm. Arx qannan doludu,
çığırıram, mənə elə gəlir ki,
qan gölündə üzürəm, ürəyim qalxır,
başım gicəllənir. Nənəm özünü
yetirir, qolumdan tutub, məni arxın içindən
çıxarır. - Nənə, ora qannan doludu, nənə,
qorxuram...
İlk dəfə
nənəmin səsinin ucaldığını eşidirəm:
- Ay ağa, ay ağa! Əttik tərəfdən gələn
suyu bağla, uşaq qorxdu, bağla!
Bağın
içində işləyən babamı indi görürəm.
O, işarə ilə başa salır ki, bağdan
çıxaq. Nənəm deyinir: - Bu harda görünüb
ki, bağı qannan suvarasan. Heyvanların ahı tutar
adamı. Bir dənəsinə də əl uzatmaram. Elə bilərəm
əttikdəki heyvanların qanını içirəm.
Əlimi vurmaram...
Yadımda
ilişib qalan bir söz oldü "torpağı qannan
suvarmaq". O zamanlar üçün bu sözlər bizə
yad idi, amma illər keçəndən sonra bunun da şahidi
olduq ki, torpaq uğrunda çox qanlar töküldü. Bu
sonra oldu. Onda isə hər şey başqa idi.
Evimizin
arxasında ət tədarükü kombinatı vardı. Bu
kombinat, olkənin ən iri ət daşıyıcısı
idi. Gündə bəlkə də yüzlərlə
üstü yazılı maşın buradan mal
daşıyırdı. Kombinat tərəfdən daima mal
böyürtüsü, qoyun mələməsi eşidilərdi.
Kəsilən heyvanların qanı yuyularaq kanalizasiya sistemi
olmadığından sadəcə çölə
axıdılardı ki, orda da qanlı, iyli gölməçə
əmələ gəlmişdi. Yerli camaat bağı
suvarmağa su tapmadığından bu qan qarışıq
suyun bəndini bağlarına sarı açardılar. Onu da
danmaq olmaz ki, qanlı su həqiqətən də
torpağı cana gətirirdi.
Bütün
bunları babam mənə izah etsə də, ondan yaman
incimişdim. O - babam bilə-bilə bizə qan içmiş
meyvələr yedizdirirmiş. Ən əsası isə sevə-sevə
topladığım daşlar qanlı suya
bulaşmışdı. Həmin daşları sadəcə,
yerə atmadım, onları torpağın altında
basdırdım. Bunu xalam görmüşdü qəribədir
ki, o, heç nə demədi, susdu ilk dəfəydi ki, susdu...
Həmin
yaydan sonra mənim meyvələrə olan məhəbbətim
də söndü. İndinin özündə belə nadir
hallarda meyvə yeyirəm.
Və
ya...
Sözlərin
bitdiyi yerdə nöqtələr danışar. Nöqtələr
nələr danışmaz ki...
Həmin
yay ortancıl dayımı öz dayısı qızı ilə
küçədə, özü də mənim yanımda
söhbət edərkən görənlər söhbəti
böyüdüb o həddə gətirdilər ki, babam evə
hirsli-hikkəli gəlib nənəmə əl qaldırmaq həddinə
çatdı. Düzü, özümü nənəmin
üstünə atdığımdan babam etmək istədiyi
hərəkəti etmədi. Nənəm başını belə
qaldırmadan babama bircə sual verdi:
- Nə
olub, ağa?..
Babama da
bu lazım imiş. Ağzı od püskürürdü, nənəmi
günahlandırırdı ki, oğluna düzgün tərbiyə
verə bilmədiyindən, o da küçədə qızla
söhbət edir. Bunun altından çıxmağın bir
yolu var, dedi: - Oğlun Şərəfxanımla evlənməlidi,
vəssalam!
Gözlərim
böyümüşdü, hadisənin necə olduğunu
babama danışdım. Əslində, qız bizi
saxlamışdı, əqrəbaydıq axı. Məni
öpmüşdü, dayıma - necəsən, bibioğlu, -
demişdi. Sadəcə bu. Nöqtələr isə
danışır... Dayımı zorla sevdiyi qızdan
ayırıb öz dayısı qızına təcili
nişanladılar. Səbəbsiz nəticə... Bir həftə
keçməmiş toy çalındı. Anam da toya gəlmişdi.
Sübh tezdən eyvanda nənəmlə söhbət edirdilər.
Onların söhbəti mənim dərrakəm səviyyəsində
deyildi. Mən anama baxırdım. Anam o vaxt çox dəbdə
olan krimplin kostyum geyinmişdi, ayağına geydiyi yay çəkmələri
süd rəngli geyiminin davamına bənzəyirdi. Ağappaq
barmaqlarında nişan üzüyü vardı, başqa
heç nə. Hələ ki məni görmürdü.
Anası ilə söhbət edirdi. Anam təlaşlı idi.
Vaxtsız çalınacaq toyun sədası onu
sarsıtmışdı, çünki anam da bilirdi ki,
dayımın sevdiyi qız var. Nənəm isə bircə
cavab verdi: "Atanız belə məsləhət
bildi...".
Sakitcə
arxadan gəlib anamın belini qucaqlayıram. Anamın gözləri
dolur, mənə sarı dönüb gözlərimə
baxır, sonra alnımdan öpür. Nənəm
üzünü çevirir ki, anam sıxılmasın, məni
bağrına bassın. Valideyn yanında balasını
öpmək bu yerin adətlərinə zidd idi. Anam anasına
baxıb mənə sarı dönür,
boyun-boğazımı iyləyir, nəfəsini içinə
çəkir, gözləri dolsa da, yaşları kirpikləri
ilə çəpərləyir. Sonra... sonra səsinə ahəng
verir: - Nə yaman böyümüsən, nənən sənə
yaxşı baxır,-deyir.
Toyun səhərisi
mən yuxudan duranda artıq anam getmişdi. Anamın
aldığı təzə paltarı geyib, özümü təzəgəlinə
göstərmək istəyirəm. Atası ət
kombinatının müdiri olan gəlin mənə tərəf
baxmaq belə istəmir.
Ümumiyyətlə,
o yay mənim böyüməyimə səbəb olan hadisələrdən
biri də təzəgəlinlə bağlı oldu.
Üç
gün evin içində vurnuxan gəlin yanına gələn
ana qohumları gedəndən sonra xeyli dəyişdi.
Qapısının ağzından belə keçəndə
mənə çımxırdı: - nə vaxt evinizə
çıxıb gedəcəksən?!
Əmrlə
deyilən söz uşaq olsam belə, məni tutsa da, sərt
cavab verdim: - Nənəm nə vaxt lazım bilsə, onda!
O mənə
tərs-tərs baxdı, baxdı: Onda sakit otur, dur, elə eləmə
ki...
- Mən
sənə nə eləmişəm ki?..
Hiss
edirdim ki, səsim titrəyir, hər an ağlaya bilərəm,
lakin qəhərimi boğub gəlinə baxırdım.
O isə
sakitcə məni süzür, sözün ən
yaralısını deməyə
çalışırdı: - Atan sizi atıb gedib, həə...
Sanki içimdə
nəsə qırıldı. Bu bir anlıq oldu. Yox! Yox! -
dedim. Dayım sənə görə öz
nişanlısını atıb! Atam qayıdacaq, dayım isə
heç vaxt səni istəməyəcək, heç vaxt!
Bu
sözləri deyib, qaçırdım. Hara gedəcəyimi
bilmədən qaçırdım. Sonra sakitcə həyətə
dönüb, orda heç kimin olmadığını
gördükdə bağa tərəf getdim. Axır vaxtlar
bağın qapısı açıq olurdu. Təzəgəlinin
dedikləri içimi yandırırdı, ona görə də
kişmişi üzüm kolunun yanında yerə
çöküb yana-yana ağlayır, varlığından
xəbərsiz olduğum Allaha yalvarırdım ki, atam evimizə
dönsün, yenə hər şey əvvəlki kimi olsun. Bu
an ayaqlarımın üstü ilə asta-asta
sürünüb gedən ilan belə məni çalmasa da,
dilim qəfildən tutulmuşdu. Hadisəni kənardan izləyən
babam mənə tərəf qaçdı, dayımı səslədi
ki, - bel gətirin! Xalam əlinə daş alıb
qaçdı, nənəm qatıq gətirdi, təzəgəlin
eyvanda dayanıb gülürdü. Bu gülüş nitqimi
özümə qaytardı. Babama yalvardım ki, o ilana dəyməsin,
mənə elə gəlirdi ki, həmin ilan ilanlar
padşahının qızıdı, elə o səbəbdən
də məni vurmadı. Bu, uşaq təxəyyülü
idi, lakin özümü buna inandırmağa
çalışırdım, sonradan hətta ona ad da
qoymuşdum: İlanlar padişahının qızı Pərixan!
Qonşu
uşaqları belə, mənim bu sözlərimə
inanıb, aləmə car çəkmişdilər ki, guya məni
ilanlar qoruyur. Buna Kifayət də inanmışdı. Hər məni
görəndə az qalırdı ki, əllərimi
öpsün. Gülməli idi. Təzəgəlin də mənə
qarşı münasibətini dəyişmişdi. O, sadəcə
məni danışdırmırdı. İllər keçəndən
sonra belə, o, heç bir zaman məni sevmədi. Onların
dörd övladı oldu. İki oğlan, iki qız.
Oğlanların ikisi də Birinci Qarabağ savaşında
şəhid oldular. Yas yerinə getmişdim. Dayımı
tanıya bilmədim. Həmişə yaraşığı,
şıxlığı ilə seçilən dayımı
tanıya bilmədim. Bir ildə iki oğul itirən
dayımın yerişi, duruşu itməklə bərabər,
bir gecədə saçları ağarmış, həmişə
yana meyilli olan telləri isə biz-biz durmuşdu.
Balalarının itkisi saçlarından bilinən dayım,
bir qızla söhbətin qurbanı dayım bu dünyada
xoşbəxt ola bilmədi. Həmin gün yasda ağlayan
dayım arvadı mənə baxıb, baxıb güldü.
Sadəcə
güldü. Bir anda o, gözümdə şəhid anası
yox, körpə uşağın hissləri ilə oynayan əcaib
məxluqa çevrildi. O gəlinin ocağımıza ayaq
basması ilə ailə ayrılıqlar
yaşamışdı. Dayımı ana-atasından ayıran
gəlin, heç kimi qapısına buraxmazdı.
Atasının pulu ilə qürrələnərdi. Qohumlar
arasına nifaq salardı. Sonda hamı onu tərk etsə də,
uşaqlara - şəhidlərə görə yenidən o
qapı açıldı... Qeyrət ya qanla gələr, ya
da... Şəhidlərin mübarək, vətən
torpağı!..
Nöqtələr
yenə də danışır... O yay Kifayətin qızı
Gülayə öldü... Kifayət iki balasını
günün günorta çağı tək evdə qoyub yenə
də harasa getmişdi. Gülayə evdə
yatıbmış. Kiçik qardaşı isə həyətdə
oynayır, sonra hardansa tapdığı kibriti yandırıb,
həyəti başdan- başa bürümüş quru
saralmış otluğa atır. Həyət bir anda
alışıb yanır, od evə sarı gedəndə hələ
çətin danışan balaca Rüfət yanlarını
basa-basa, ağlaya-ağlaya ən yaxın qonşu olan bizə
tərəf gəlir. Günortanın istisi olduğundan evdə
xalam və mən uzanmışdıq. Qaz idarəsinin
müdiri olan babam işdə idi. Kiçik dayım futbol
oynamağa getmişdi. Təzə evlənən dayımgil
artıq evi tərk etmişdilər qayınatası onlara ev
bağışlamışdı. Nənəm
düşünə-düşünə düyü təmizləyirdi.
Deyəsən, arada huş onu aparırdı. Birdən Rüfətin
ağlamaq səsi eşidildi. Nənəm narahat oldu: Ah, Kifayət,
Allah bilir yenə də uşağı vurdu...
Yerindən
durub qapıya tərəf getdi və birdən
qışqırdı: - Yandılar, uşaqlar yandılar!..
Bir anda
küçəyə qaçdıq. Rüfət
ağlaya-ağlaya evi göstərib; bacı... bacı...
deyirdi...
Ev
artıq alışmışdı. Nənəm ani olaraq evə
sarı dönüb, bir vedrə soyuq suyu başına
töküb, irəli qaçdı. Həmişə asta-asta
gəzən nənəmin hərəkətləri elə
sürətli idi ki, xalam və mən susub tamaşa eləyirdik.
Bəlkə də uşaq olduğumuzdan fəlakətin
ağırlığının fərqində deyildik. Birdən
xalam qışqırdı; - məmə, ay məmə!..
Bu hal mənə
təsir etdi, birdən nənəm yanar, ona nəsə olar, mən
xalamdan da bərk qışqırmağa başladım: - Nənə,
ayyy nənə!..
Nənəm
qucagında Gülayə, qapıdan sürətlə
çıxdı, artıq qonşular köməyə gəlirdilər.
Kimsə qızı nənəmin əlindən alıb,
"Moskviç"ə qoydu. Maşın sürətlə
uzaqlaşdı. Nənəm dayanmadan öskürürdü.
Birdən Kifayət göründü: Daha deyün evim
yıxılıb dənə!..
O, dizlərinə
döyə-döyə gəlib Rüfəti görəndə
bir az sakitləşsə də qəfildən mənə
baxdı: - Qızım, Gülayəm hanı?!
O yay ilk dəfə
dost itkisinin nə olduğunu anladım. Ağladım.
Hamının arsız kimi tanıdığı Kifayət qəfildən
yerə yıxıldı. Bir neçə saat sonra xəstəxanadan
xəbər gəldi ki, Gülayə vəfat edib. Nənəm
onu odun içindən çəkib çıxarsa da, zəif
ürək yaraların ağrısına dözə bilməmişdi...
Gülayənin
yaşına görə ona yas düşməsə də,
el-gün hamı yanmış evin həndəvərinə
yığışır, kimin nəyə gücü
çatırdısa bu ailəyə kömək edirdi. Kifayət
gah gülür, gah ağlayırdı. Deyirdilər ki, gəlin
dəli olub. Amma o, dəli olmadı, sadəcə bir müddət
övlad itkisini özü bildiyi kimi yaşadı. Bir gün
dedi ki, özümü asacam, mənim günahımdı,
asacam özümü... Asmadı. Əri
fağır-fağır ona baxıb, ağladı: - bizi yetim
qoyma, Kifayət, - dedi.
Onu -
Gülayəni sevməsəm də, darıxırdım. Nənəm
onu yedizdirəndə elə qəribə olurdu ki, hətta az
qala xalamnan mənə acıq da verirdi. Amma onun yaxşı
beşdaş oynamağı vardı. Evlərinə gedəndə
məni elə qarşılardı ki, sanki bir ev xanımı
idi. Gözəl çay dəmlərdi, qazları otarmağa
aparardı, qardaşına qulluq edərdi. Məndən
soruşardı ki, sənin atan yazıçıdı? Deyərdim
ki, həə! Bəs sən kim olacaqsan?
- Atam kimi,
- deyərdim.
- Mənnən
yazarsan?
- Həə,
amma nə?
-
Böyüyərik mən danışaram, sən də
yazarsan, yaxşı?
-
Yaxşı.
-
"Pioner" qəzetinə verərsən.
-
Yaxşı.
O vaxt gələcəkdə
kim olacağımı belə bilmədən ona - Gülayəyə
söz vermişdim. Yazdım. Amma mən böyüsəm də,
o böyümədi, sözləri ürəyində
qaldı. Yenə də onun xatirəsinə yazdım. Ruhu
şad olsun! Düz qırx bir il sonra yenidən yadıma
düşən uşaqlıq dostum gözlərimdə bir
damla yaşla yad edildi...
O ilin
yayı uşaqlığımın son yayı oldu. Atam məni
aparmağa gəlmişdi. Atamı yox, nənəmi
öpmüşdüm, axı o demişdi ki, atan gələcək.
Sevincimdən borulara sarı qaçmışdım. Elə
hey qışqırırdım; Atam gəlibbb... Atam gəlibbb..
Bu ara nənəmin
səsini eşidirəm:- Dur, qızım, dur, elektrik
qatarına gecikərik...
Sözün
bitdiyi yerdə...
Atam
qayıtdı. Onda mən artıq ikinci sinfə gedirdim.
Bacım, qardaşım artıq evdəydilər, məktəbə
gedəcəkdilər. Gülayənin ili tamam olmuşdu. Gələcəkdə
şəhid olacaq dayıoğlum dünyaya gəlmişdi.
Ət kombinatının müdirini işdən azad eləmişdilər.
Ən əsası isə Bakıya artıq Kür suyu çəkilmişdi.
Həmin il Bakıya güclü sel də gəlmişdi. Həmin
vaxt atam biz balalarını başına yığıb
nağıl danışırdı. Anam bizə baxıb
gülümsəyirdi. Mən Pərixanı - ilanlar
padşahının qızını yadıma salsam da,
artıq nağıllara inanmırdım, çünki o yay
uşaqlığımın son yayını
yaşamışdım sevgilər, ayrılıqlar, xəyanətlər,
itkilərlə birgə...
Yeganə Kərimzadə
Ədəbiyyat qəzeti.- 2019.- 21
sentyabr.- S.24-25.