M.C.Cəfərovun yaradıcılıq
təkamülü mərhələləri
Məmməd Cəfər Cəfərovun elmi-nəzəri
və ümumiyyətlə, bütün
yaradıcılığını mərhələlər
üzrə təsnif eləmək bir görkəmli alimin həyat
və sənət yolunu, bu yolların əsas istiqamətlərini
düzgün müəyyənləşdirmək deməkdir. Əlbəttə,
bu məsələ, göründüyü qədər də
asan deyil. Çünki Məmməd Cəfərin
səksən üç illik ömür yolu, altmış ilə
yaxın tənqidçi-ədəbiyyatşünas-nəzəriyyəçi
kimi fəaliyyəti çox genişdir, rəngarəngdir.
Əgər o, yalnız ədəbi tənqidlə
və ya ədəbiyyatşünaslıqla məşğul
olsaydı, bu mərhələ təsnifatını aparmaq heç
də çətin olmazdı. Məmməd
Cəfər bir məcraya sığan, bir istiqamət üzrə
fəaliyyət göstərən alim olmamışdır.
Onun yaradıcılıq aləmi çoxcəhətlidir
və Ədəbiyyat deyilən bir humanitar sahənin
bütün aspektlərini əhatə edir. Ədəbiyyat
tarixçisi kimi o, ayrıca "Ədəbiyyat tarixi" dərsliyi
yazmamışdır (orta məktəbin IX sinif dərsliyi nəzərə
alınmazsa), lakin Azərbaycan ədəbiyyatının
müxtəlif dövrlərinə və ayrı-ayrı sənətkarların
həyat və yaradıcılıq yoluna həsr etdiyi məqalələr,
monoqrafiyalar, portret yazılar bir yerə cəm olsa, bir ədəbiyyat
tarixi kitabı araya-ərsəyə gələr. Məmməd
Cəfər ayrıca "Ədəbiyyat nəzəriyyəsi"
dərsliyini də yazıb ortaya
çıxarmamışdır, lakin o, Azərbaycan filoloji
fikrində ən güclü nəzəriyyəçi alimlərdən
biridir, tənqidi realizmin, romantizmin, dil və üslub məsələlərinin,
şeirin vəzni və sənətkarlıq problemlərinin Məmməd
Cəfər "dərsliyi" yaradılmışdır. Məmməd Cəfər ayrıca "Azərbaycan
tənqid tarixi" də yazmamışdır. Lakin onun
"Nizaminin fikir dünyası", "Füzuli
düşünür", "M.F.Axundovun ədəbi-tənqidi
görüşləri" və M.Arifin tənqidçi fəaliyyətinə
aid monoqrafiyaları ədəbi tənqid tariximizin ən qiymətli
səhifələridir. M.C.Cəfərov XIX əsr
rus ədəbiyyatı tarixinin üç mükəmməl
cildini ədəbi, elmi ictimaiyyətə, müəllim və
tələbə auditoriyasına bəxş etmiş, hələlik
bu sahədə alternativi olmayan tədqiqatçıdır.
O, dünya ədəbiyyatının da mahir bilicisi idi.
Məmməd Cəfərin elmi-nəzəri fəaliyyətini
şərti olaraq üç mərhələyə
ayırmaq olar.
Ona görə "şərti" deyirik ki,
M.Cəfər altmış ilə yaxın elmi fəaliyyəti
ərzində müəyyən bir problemlə yalnız bir
zaman daxilində məşğul olmamışdır, eyni
problemə sonrakı illərdə də müraciət
etmişdir.
Birinci mərhələ 1937-1950-ci illəri əhatə
edir. M.Cəfərin yaradıcılığında bu mərhələni
"Axtarışlar dövrü" adlandıra bilərik.
İlk məqaləsini S.Vurğun
yaradıcılığına, ilk kitabını isə rus ədəbiyyatı
tarixinə həsr edən, rus və Qərbi Avropa klassiklərinə
aid məqalələr yazan M.Cəfər hələ sırf ədəbiyyat
nəzəriyyəçisi və ədəbi tənqidçi
kimi formalaşmamışdı. Söhbət
onun qırxıncı illərə qədərki elmi fəaliyyətindən
gedir. Bu illərdə M.Cəfərin yazılarında gələcək
elmi yazıları üçün stimul ola
biləcək bir üslubun əlamətləri yaranır. M.Cəfərin dili, ifadə tərzi öz sadəliyi
və aydınlığı ilə oxucuların diqqətini cəlb
edir. Artıq qırxıncı illərin əvvəllərində
Mirzə Fətəli Axundovun ədəbi-tənqidi fəaliyyətinə
həsr etdiyi namizədlik dissertasiyasında Məmməd Cəfərin
elmi üslubu tam formalaşır. Bu
üslubda ədəbiyyat tarixçisi, ədəbiyyat nəzəriyyəçisi
fəaliyyət növləri vəhdət təşkil edir.
İkinci mərhələ 1950-1965-ci illəri əhatə
edir. Əgər birinci mərhələni
"Axtarışlar" dövrü kimi səciyyələndirsək,
ikinci dövrü "Tapıntılar" mərhələsi
adlandıra bilərik. Məmməd Cəfərin
bir alim kimi yaradıcı siması, məşğul olduğu
elmin bütün sahələrinə bələdliyi və bu
sahələrin hər birində yeni elmi tədqiqatlarlarla diqqəti
cəlb etməsi məhz bu illərdə bütün
parlaqlığı ilə üzə çıxır.
"Ədəbi düşüncələr"
və "Füzuli düşünür" Məmməd Cəfərin
yaradıcılığında həmin mərhələnin
ilk zirvələri kimi mənalandırılmalıdır.
Bu toplularda Məmməd Cəfərin bir mötəbər
ədəbiyyat tarixçisi kimi geniş erudusiyalı bir tənqidçi-ədəbiyyatşünas
və filosof vəhdəti nəzərə çarpır.
Füzuli yaradıcılığına fəlsəfi
baxımdan ilk yanaşma da məhz Məmməd Cəfərin
Füzuliyə həsr etdiyi silsilə yazılarda təcəssüm
edir, öz elmi həllini tapır.
Mütəfəkkirlərdən yaza-yaza o, özü də
mütəfəkkirə çevrilir.
Həmin mərhələdə Azərbaycan elmi-nəzəri-filoloji
fikrində iki böyük alimin nüfuzu qəti şəkildə
təsdiq və etiraf olunur ki, onlardan biri Məmməd Arif
Dadaşzadə, digəri Məmməd Cəfər Cəfərov
idi.
Bu mərhələdə Məmməd Cəfər bir
sıra elmi-nəzəri tədqiqatların ilkini, təməlini
qoyur. Böyük mütəfəkkir Hüseyn Cavid
haqqında ilk monoqrafiyanın müəllifi məhz Məmməd
Cəfər Cəfərov olur. Beləliklə,
Cavidin yaradıcılığı repressiyanın qəddar təcavüzündən
xilas olur və Cavidşünaslıq elmi yeni bir mərhələyə
qədəm qoyur. "XX əsr Azərbaycan
romantizmi və Hüseyn Cavid" mövzusunda
yazdığı doktorluq dissertasiyası (1963) da M.Cəfərin
"ilk"ə imza atdığı tədqiqatlardan biri idi.
"Azərbaycan ədəbiyyatında
romantizm" tədqiqatı isə təkcə Cavid
yaradıcılığını deyil, bütün XX əsr
romantiklərinin yaradıcılığını da
özündə əks etdirir və qətiyyətlə demək
olar ki, bu sahədə ilk cığırı Məmməd Cəfər
açır.
Əgər belə demək mümkünsə, Azərbaycan
romantizmini Məmməd Cəfərsiz, Məmməd Cəfəri
Azərbaycan romantizmsiz təsəvvür etmək
qeyri-mümkündür.
Məmməd Cəfərin Azərbaycan ədəbiyyatşünaslığında
ədəbi əlaqələr üzrə ilk tədqiqatçılardan
biri olduğu qeyd-şərtsiz qəbul edilir və bu problemə
M.Cəfər hələ otuzuncu illərdə yazdığı
ilk məqalələrində müraciət etmişdi. Ayrı-ayrı
rus klassikləri haqqında məqalələri ikinci mərhələdə
yenə davam edir, lakin məsələyə daha geniş bir
müstəvidə yanaşmaq cəhdi "Azərbaycan-rus ədəbi
əlaqələri tarixindən" monoqrafiyasında öz
elmi təcəssümünü tapır. Bu
sahədə də onun xidmətləri danılmazdır.
Nəhayət, ikinci mərhələdə Məmməd
Cəfər Azərbaycan ədəbi tənqidinin ən
mötəbər, nüfuzlu nümayəndələrindən
biri kimi diqqəti cəlb edir. Onun tənqidçilik
fəaliyyəti müasir ədəbi inkişafın istiqamət
və meyillərinə təsir göstərən, ədəbi
prosesin hər cür zəiflik və əyintilərini
vaxtında görən, tənqidin rəhbərlik rolunu əyaniləşdirən
missiyanın həyata keçirilməsi üzərində
qurulmuşdu. 1950-1965-ci illərdə Məmməd Cəfər
müasir ədəbiyyatın bir çox problemləri
("Azərbaycan uşaq ədəbiyyatı",
"Şeirimiz son beş ildə",
"Ədəbiyyatımızın yeni nəsli"
"Yüksək sənətkarlıq uğrunda" və
s.) barədə geniş, əhatəli məqalə və məruzələrlə
ədəbi tənqidin nüfuzunu xeyli artırır. Mir Cəlalın
"Açıq kitab", Səməd Vurğunun
"Aygün", Hüseyn Abbaszadənin "General",
Qabilin "Mehparə" əsərləri M.Cəfər tənqidində
mükəmməl təfsirini tapır. İlyas
Əfəndiyevin o zaman "mübahisəli"
"Körpüsalanlar" povesti ilə bağlı
yazısı isə sanki bütün mübahisələrə
son qoyur, sağlam, düşündürücü tənqidin
mövqeyini ifadə edir.
Məmməd Cəfər
yaradıcılığının ikinci mərhələsi təkcə
elmi-nəzəri fəaliyyəti ilə deyil, həm də
onun bir tənqidçi-ədəbiyyatşünas kimi məşğul
olduğu sənət sahələrinə forma-sənətkarlıq
yenilikləri gətirməsiylə də diqqəti cəlb
edir. Bu baxımdan onun ədəbi portret səciyyəli
yazıları daha çox maraq doğururdu. Onun Sabir, Cəlil
Məmmədquluzadə, Həsənbəy Zərdabi, Səməd
Vurğun, Üzeyir Hacıbəyov, Rəsul Rza, Süleyman Rəhimov,
Süleyman Rüstəm, Əziz Şərif haqqında
yazıları ədəbi portret janrının ən mükəmməl
nümunələridir.
Məmməd Cəfər təkcə ədəbiyyat
qayğıları ilə yaşamırdı. Məlumdur ki, Məmməd
Arif Dadaşzadə, Mehdi Hüseyn kimi görkəmli tənqidçilər
yeri gəldikcə teatr tənqidi ilə də məşğul
olmuş, Azərbaycan teatrının problemləri,
ayrı-ayrı teatr tamaşaları, görkəmli aktyorlar və
rejissorlar haqqında məqalələrlə mətbuatda
çıxış etmişlər. Məmməd
Cəfər də bir tənqidçi kimi bu prosesdən kənarda
qalmamışdır. Onun Sidqi Ruhulla və
Mərziyə Davudova haqqında qələmə
aldığı yazılar teatrı, rejissor və aktyor
işini yaxşı bilən bir mütəxəssisin
düşüncələrini əks etdirir.
Məmməd Cəfərin elmi-nəzəri, tənqidçi-ədəbiyyatşünaslıq
fəaliyyətinin üçüncü mərhələsi
1966-1992-ci illəri əhatə edir.
Üçüncü mərhələ Məmməd Cəfər
yaradıcılığının apogeyidir. M.Cəfər
vaxtilə toxunduğu, lakin yalnız məqalələr, ədəbi
portretlər şəklində qələmə
aldığı mövzuları monoqrafiyalar və dərslik səviyyəsinə
çatdırır. Bu mənada "XIX əsr
rus ədəbiyyatı" üçcildliyi onun şah əsəridir.
Üçüncü mərhələdə Məmməd
Cəfərin ədəbi tənqidçi kimi fəaliyyət
sferası daha da genişlənir. Onun müasirləri olan şair və
nasirlər haqqında ədəbi portretləri, "Həyatın
romantikası", "Sənət yollarında", "Həmişə
bizimlə" kitablarında toplanan məqalələrinin əksəriyyəti
müasir Azərbaycan ədəbiyyatının problemlərinə
və ayrı-ayrı poeziya, nəsr və dram əsərlərinin,
teatr tamaşalarının ("Teatr sənəti və teatr
tənqidi", "Səhnədə yeni kənd",
"12-ci gecə" və s.) təhlilinə həsr
olunmuşdur. Xüsusilə, 60-cı illərdə ədəbiyyata
gələn gənclərin (Anarın, Elçinin, Y.Səmədoğlunun
və b.) yaradıcılığı ilə bağlı məqalələri
M.Cəfərin bir tənqidçi kimi ədəbi
zövqünün, özünəməxsus tənqidçi
kriteriyasının sabitliyini, obyektivliyini və
prinsipiallığını yetərincə sübut edirdi.
Məmməd Cəfər Azərbaycan tənqidi və ədəbiyyatşünaslığının
klassik nəslinə mənsub olan nümayəndələrindən
biri idi.
Əli Nazim, Məmmədkazım Ələkbərli, Mustafa
Quliyev, Mikayıl Rəfili kimi özündən əvvəlki
tənqidçi və ədəbiyyatşünasların
yarımçıq qalmış ömürlərini, başa
çatdırmadıqları, yaza bilmədikləri
mövzuları, problemləri başa çatdırdı,
lakin özünün müasir tənqidçi təfəkkürü
ilə, yenilik, novatorluq meyilləri ilə seçildi, fərqləndi.
Ustad tənqidçi, ədəbiyyatşünas,
nəzəriyyəçi səviyyəsinə yüksəldi.
Elmira Əlizadə
Ədəbiyyat qəzeti.- 2019.- 21 sentyabr.- S.29.