Yaddaşın semantikası

 

İnsan faili-muxtar yaradılıb. Milyonlarla insan öz gücündən, potensialından xəbərsiz bu dünyadan köçüb gedir. Yaddaşın potensialı sonsuzdur, yaddaş yaradıcı insan üçün xammaldır. Yon İrvinq yazır ki, bizə elə gəlir, biz öz yaddaşımızın sahibiyik, əslində, tam əksinədir, yaddaş bizə sahiblik edir. Deyilənlərə görə, bizim yaddaşımız həm irrasional, həm də sürüşkəndir. Onlar insanın bədənini bir dalğa kimi bürüyür və öz müxtəlifliyi ilə xatirələr dünyasına rəng qatırlar. Maraqlıdır, görəsən, insanın xatirələrini araşdırmaq üçün onları eksperiment və təcrübəyə necə cəlb eləmək olar?

Norveç alimləri Hilda və İlva Östbi bacılarının yaddaş haqqında müştərək yazdıqları son dərəcə unikal kitab var: "Dəniz atının ardınca suya baş vurmaq". Həmin əsərdə müəlliflər yazırlar ki, uzun illər boyu alimlər laboratoriya şəraitində yaddaşla bağlı təcrübələr aparılarkən xatirələri hisslərin təsirindən təcrid etməyə çalışıblar. Buna nail olmaq mümkündürmü? Təcrübələr göstərir ki, mümkündür.

Endel Tulvik kanadalı araşdırmaçıdır və dünyada semantik və epizodik xatirənin fərqini izah edən ilk alimdir. Semantik xatirələr insanın özü, dünya haqda bildikləri və tanıdıqlarıyla bağlıdır. Epizodik xatirə isə elə bir şeydir ki, ona çatmaq üçün zaman maşını ilə keçmişə səyahət etmək, həmin xatirəni yadımıza salmaq, onunla bağlı detalları xatırlamalıyıq. Amerika rejissoru Vudi Allenin "Parisdə gecəyarısı" filmini xatırlayın. Bu film haqqında vaxtilə "Antikvar fayton" adlı bir yazı da yazmışdım. Vudi Allenin filmlərindən ana xətt kimi keçən zərif yumor bu filmdən də yan ötməyib. Filmin qəhrəmanı yenicə evlənməyə hazırlaşan gənc və uğursuz bir yazıçıdır, öz nişanlısıyla Parisə səyahətə gəlib. Lakin bu əfsunlu şəhərin gecələrindən birində qəfildən qarşısına antikvar fayton çıxır və o, bu faytona minib keçmişə gedir. Burda ədəbiyyatın və incəsənətin nəhəng simalarıyla rastlaşır. Fitsceraldla, Pikassoyla, Salvador Dali ilə, Heminqueylə, Tomas Eliotla tanış olur. Filmin bu yerində Aqşin Yeniseyin "Yeni il tənhalığı" şeirini xatırladım: "Taksi də baha gedir XIX əsrə". Antikvar fayton Allenin qəhrəmanını XX əsrin əvvəlinə müftə-müsəlləm aparıb gətirir. O, nişanlısını heç cür inandıra bilmir ki, həqiqətən də keçmiş zamana gedib, orda Heminqueylə fikir mübadiləsi aparırmış. Nişanlısı onun dəli olduğunu zənn edir, gələcək qayınatası onun hər gecə hara qeyb olmasını bilmək üçün detektiv tutur. Filmdə dramatizm və yumor hissolunmadan bir-birinə hopub. Bu da Vudi Allenə məxsus bir taktikadır.

Filmin qəhrəmanı nostalji dükanında işləyən bir adamın həyatından bəhs edən roman yazır. Nostalgiya indiki zamanın inkarı, daha çox keçmişlə yaşamaq deməkdir. Bu uğursuz yazıçı elə öz yazdığı əsərin qəhrəmanına çevrilir. Onun yazdığı əsər elə özünün həyatıdır. Bu yazıda Vudi Allenin filmini xatırlamağım təsadüfi deyil. Bu film semantik xatirə ilə epizodik xatirənin sintezidir.

Epizodik xatirələrin vətəni semantik anılar, yaddaşdır. Yaddaş mənbə rolunu oynayır və xatirələri beyində kataloqlara bölür, valideynlərimizlə bağlı xatirələr bir bölümdə, sevgilimizlə bağlı yaşantılar ayrı bölümdə, dostlar və digər insanlarla bağlı əlaqələrimiz isə başqa rəflərdə qərar tutur. Yaddaş və onun tutumu, xarakteri, sürüşkənliyi həmişə məni düşündürüb. "Sonuncu dərviş"i yazanda özümü büsbütün "yaddaş kitabxanası"nın ixtiyarına vermişdim və əsərin epiloqunda qısaca beyin məşqləri etdim. Məkan və zaman, təsvirlər, dil və üslub - bütün bu komponentlər sən demə, yaddaşın qara qutusunda saxlanılırmış. Bütün bədii mətnlərin, yaradıcı sənət əsərlərinin əsas məqsədi kim olduğumuzu bilmək istəyidir. Hər yaranan əsər insanı yenidən kəşf edir. Zehni proseslərə bağlı olan şüurun kamerası dərinliklərə - təhtəlşüura enir və yazı prosesində unudulmuş nəsnələr su üzünə çıxır. Duyduğunuz, gördüyünüz, öyrəndiyiniz hər şey dəyirmanda üyüdülən taxıl kimidir. Bəzən fikrinizdəki süjeti yazmaq üçün masa arxasına keçərsiniz, di gəl, düşüncənizin axarı sizi tamamilə başqa səmtə çəkib aparar, sonda nəzərdə tutduğunuz mətn deyil, tamamilə gözlənilməz bir hekayə ortaya çıxar. Yaradıcılığın belə izaholunmaz gedişləri var.

Yaradıcı adamların əsərlərində onların daxili mahiyyətləri və bizim onlara bəslədiyimiz münasibət öz əksini tapır. Bu da yaradıcı insan üçün bir görkdür.

Yaddaş insanın ən qiymətli sərvətidir. Yaddaşın yoxdursa, keçmişin də yoxdur, o keçmiş ki, insan məhz onun sayəsində həyatı öyrənir, təcrübə qazanır, kamilləşir. Yaddaş insan ömrünü kompakt şəkildə onun beynində saxlayır, insan istədiyi vaxt onu kino lenti kimi geriyə fırladıb xatırladığı fraqmentlərə yenidən nəzər sala bilir. İnsanın evolyusiyası, təkamül prosesi də keçmişin üzərində inkişaf edir. Yaddaş həm də maddə ilə anlayış arasındakı vəhdətdən doğan həqiqətlər toplusudur. Əslində, heç nə bizim yaddaşımızdakı kimi deyil. Keçmişdə baş vermiş hansısa bir hadisənin üzərindən zaman keçdikcə o hadisə də köhnə şəkillər kimi saralır, rəngləri itir, təfərrüatlar seyrəlir, sonda solğun, pozuq bir kadra çevrilir və sən onu yüz il əvvəlin kino lenti kimi bir az maraqla, bir az da həyəcanla izləyirsən.

Keçmişlə bağlı xatirələri yazıya köçürərkən hiss edirsən ki, beynin qeyri-ixtiyari hadisələri redaktə edir. Tam səmimi olmağa çalışırsan, bəzən alınır, bəzən yox. Nələrisə təfərrüatı ilə yazmaq özünüzü öz yumruğunuzla yerə yıxmaq deməkdir. Özünüzə qarşı qəddar olursunuz, amma yenə də tam səmimi ola bilmirsiniz. Zamanın dəyişdiyi olaylar yenidən, bu dəfə sizin əlinizlə təhrifə uğrayır. Yanlış anlaşılmaqdan qorxursunuz. Beləliklə, bizim eqomuz xatirələrimizin qatı düşməninə çevrilir. Öz düşüncələrini dəstəkləmək üçün uydurduqları hekayələrin arxasında gizlənən yazıçılar gerçəyin üzünə dik baxa bilmirlər. İş xatirə, anı yazmağa gələndə mütləq gerçək hadisələrin onlara toxunan tərəflərini ixtisar edirlər və ya detaldan yan keçirlər. Halbuki, hadisənin mahiyyəti məhz o detalda gizlənir. Keçmişin insana utanc gətirən məqamları yazmadıqca yazıçıya iztirab verir, yazdıqda isə onun əleyhinə işləyir. Bəs nə etməli? Keçmişi tərəfindən rahatlığı pozulan insanların bu keçmişdən xilas olmasının yeganə yolu səmimi etiraflardır.

Bəzən hansısa hadisənin təfərrüatlarını xatırlamaqda çətinlik çəkirdim, o anda təxəyyülü köməyə çağırırdım. Bu anda gerçəyin təhrif olunduğunu anlayırdım, amma gerçəyi tam ifadə etmək mümkünsüzdürsə, başqa yol qalmır. Bəzən bu hadisələrin hansının gerçək, hansının uydurma olduğunu ayırd etməkdə çətinlik çəkirdim. Uzaq keçmişdə qalmış hadisənin bəzi məqamlarını dəqiqləşdirmək üçün yaxın qohumlardan biriylə söhbət etdim, qəribədir, o, həmin hadisəni mən xatırladığımdan tamamilə fərqli formada xatırladı və onun dediklərinin dəqiq olduğunu əminliklə vurğuladı. Görəsən, mənim yaddaşımda o əhvalat niyə başqa biçimdə qalıbmış? Yoxsa zaman bizdən xəbərsiz hadisələri kollaj edir? Çox vaxt söhbət əsnasında keçmişlə bağlı əhvalatları xatırlayanda adları, məkanları belə qarışıq salırıq, hətta mübahisə etməkdən belə çəkinmirik. Bəlkə elə qarşı tərəf də hansısa məqamda yanlışa yol verir?

Hə, yaddaş olduqca mürəkkəb mexanizmdir. Kompyuter yaddaşının tutumu olduğu kimi, insan yaddaşının da ölçüsü var. Alimlər müəyyən edib ki, beynin sağ və sol yarısı quş qanadına bənzəyir. Sağ hissə məlumatı həkk edir, sol hissə isə xəyal gücü və romantik əlaqələr üçün istifadə olunur. Demək, yaddaş qutusu insan beyninin sağ yarımkürəsində yerləşir. Çox qəribədir ki, biz yaddaş qutusuna yığılan keçmişi beynin sol yarımkürəsində yerləşən xəyalın gücüylə yenidən canlandıra bilirik. Biz informasiya əsrində yaşayırıq və yaddaşımız həddən artıq yüklənmiş vəziyyətdədir. Beynimiz hər gün onlarla informasiya qəbul edir və sözsüz ki, yaddaş bu informasiyaları özündə saxlaya bilmir. Deyilənə görə, Avropa alimləri müasir texnologiyaların köməyi ilə insan yaddaşının yaxşılaşmasına şərait yaradan yeni proqram hazırlayıblar. Əslində, zəifləyən insan yaddaşı deyil, gün ərzində sel kimi axıb gələn informasiya axını yaddaşa təzyiq göstərməkdədir. Texnologiya nə qədər inkişaf etsə də, insanın təbii yaranışına hansısa detalı əlavə edə bilməz. Texnologiya yalnız robot yarada bilir, robotun isə yaddaşı olmur.

Bu kitab hansı zərurətdən yarandı? Söz və rəsm yaddaşı maddiləşdirən yeganə üsullardır. Biz keçmişi yalnız sözlər və rəsmlər, şəkillər, filmlər vasitəsilə "geri" qaytara bilirik. Beynimizin labirintlərində dolaşırıq, unudulmayan xatirələr bizi keçmişə doğru sürükləyir. Tək bircə görüntü keçmişin sərt qabığını parçalayır və içindən çoxdan unutduğunuz adamlar, cizgiləri itməkdə olan küçələr çıxır. Yaddaşımızın bizi keçmişə daşıyan gücü bəzən zəifləyir, hansısa hadisəylə bağlı ən vacib detalı unuduruq. Bir müddət keçəndən sonra qatarda və ya avtobusda gedərkən, yaxud sakit bir guşədə kitab oxuyarkən qəfildən həmin təfərrüatı xatırlayırsınız. Gördüyünüz bir adam, bir məkan, oxuduğunuz kitabdan hansısa söz, fikir sizə ipucu verir. Yaddaşınızın itirdiyiniz guşəsi işıqlanır və siz hər şeyi aydınlığı ilə xatırlayırsınız. Yaşı 70-80 civarında olan bir ixtiyarın yaddaşında iki-üç xatirə qalır ki, qarşısına çıxan hər kəsə o hadisələri danışır. O hadisələr o qədər təkrar danışılır ki, bayatlaşır. Qoca ağzını açanda artıq bilirsən ki, hansı hadisəni danışacaq. Mexaniki şəkildə təkrarlanan bu bir ovuc xatirə ixtiyar adamın qosqoca ömründən qalan yeganə mirasdır. Keçmişindən bir-iki boyat xatirə qalan qocalar o hadisələri təsbeh kimi bütün günü o üz-bu üzə çevirirlər. Belə insanlarla tez-tez qarşılaşırıq və hər dəfə əli həyatdan, keçmişdən üzülməkdə olan, ölümün soyuq nəfəsi üz-gözündə dolaşan ixtiyar insanları görəndə həyatın amansızlığı, etibarsızlığı, ömrün faniliyi içimi üşüdür...

Yaddaş sözlər vasitəsilə mənim yaşadığım, mənim gördüyüm tarixi fiksə edir.

Bu gün həm də gələcəyin tarixidir, gələcək həm də keçmişə görə var olacaq. Bu günümüzə keçmişin sayəsində gəlib çıxmışıq. Həm də insanın həmişə keçmişə ehtiyacı var, o, keçmişindən heç də asanlıqla qopmur. Zaman bizi keçmişdən ayırsa da, xəyal bizi həmişə geriyə qaytarır. Fantaziyamız itirilmiş zamanı yaddaşımızda bərpa edə bilir. Yazılan kitablar da bizi keçmişə aparan "sehrli xalat" misalındadır. Bu baxımdan, yəqin ki, yazdıqlarımızda bir fayda var. Hər halda, yazılan qalır.

Yaradıcı əzablardan sonra xoşbəxtcəsinə masa arxasından qalxıb qalib bir  tövrlə gülümsəmək var. Bu ləzzəti yaşamaqdan ötrü yazmağa dəyər.

 

Kənan Hacı

 

Ədəbiyyat qəzeti.- 2019.- 21 sentyabr.- S.30.