"Mən"
olmağımın tarixçəsi
Parçalar
Universitetdə oxuyanda
(1968-1973)
XIX yüzildə buna qarşı maarifçilərimiz
qalxıb türk keçmişini və "türk"
sözünü reablitə etdilər. Ancaq bu
türkçülük sovetlərin Müsavatın
"burjua millətçiliyinə" qarşı
başladığı savaş üzündən intellektual
çevrədən qırağa çıxıb genişlənmədi.
Sovet dönəmində "azərbaycanlı"
kimliyi "türk kimliyini" əvəz etsə də, əslində,
türk kimliyinin müsəlman kimliyini
sıxışdırmasının sonucu idi. Millətin özünüidentifikasiyası, kimliyi
"müsəlmanlıqdan" qurtarılandan sonra onun yerinə
nəsə qoyulmalıydı, "türkün"
qoyulması Türkiyə ilə, Güneylə
ayrılığı aradan götürdüyündən,
"azərbaycanlı" dada çatdı.
Bizdə şərqşünasların, bəzi
filosofların Ortaçağ müsəlman mədəniyyətini
ateist pafosa əl atmadan işıqlandırması Sovet
ideolojisinin paradokslarından biri idi. Ateizm və
marksizm-leninzm dərslərində böyük dinlərin
"tiryək" olmasını demədən söhbət
aparmaq mümkün deyildi. Ancaq bəlkə
də 50-ci illərdən sonra, qonşu auditoriyalardaca bəzən
elə həmin müəllimlər müsəlman
filosoflarından ateizmin qəzəbi olmadan
danışırdılar. Hətta
danışırdılar sevə-sevə. Özü
də bilinmirdi, sevgi İslama idi, yoxsa onun biçimləndirdiyi
mədəniyyətə?
Bu, rus şərqşünaslığında belə
idi. Sonra Azərbaycan alimləri də ondan yararlanaraq
İslam dünyasına qeyri-ateistik yanaşmaya keçdilər.
Beləcə, Müsəlman Doğusunun mədhiyyəsi
ruslaşdırma siyasətinə qarşı cavab oldu:
"Biz sizdən əskik deyilik, biz sizdən daha qədimik və
arxamızda daha zəngin mədəniyyət - Şərq
durur". Bax, bu kontekstdə "voobşe"nin
yerinə "ümumiyyətlə" demək ümmətçilik
yox, millətçilik oldu. Dediklərim "nə
olur-olsun, rusunku olmasın" prinsipini açır. Latın əlifbasına keçmək arzusu da, əslində,
bu prinsipdən qaynaqlanırdı.
Ancaq birinci kursda mən hələ millətçi
deyildim. Sadəcə, avtobusda, küçədə olan
rusları (daha düzü, qeyri-azərbaycanlıları)
sayanda onlar çox çıxdıqlarından qanım
qaralırdı. Hərçənd
Bakının küçələrində rus
oğlanları yox, bizimkilər atamanlıq edirdi. Tərsinə olsaydı, əzildiyimizə,
alçaldığımıza görə antirus olardıq və
bunun üçün məktəbdə Yerevandakı ermənisayaq
"millətçilik kursunu" keçməyə gərək
qalmazdı.
Hərbçi
adam, ideyasına görə, sivillərdən
brutal olmalıdır. Ancaq küçələrdə,
hətta rus zabitləri də bizə yanlarındakı
qadınlarını qoruya bilməmək dərəcəsində
maymaq, ürəksiz görünürdülər. Hansısa tərbiyəsiz azəri gədəsi rus
mayorunun yanında onun qızına sataşanda əl-tapança
davası düşməzdi. Sözsüz, belə gədələr
az tapılardı, çünki
oğlanı qızının yanında pərt edən
adamlara hamı pis baxırdı. Qardaşım Elçin
yadıma saldı ki, bizim uşaqlığımızda
Ağdamda bir gədə kinoteatra qadını ilə gələn
rus zabitini belə alçaltmışdı və heç kim onu qınamamışdı. Olay
60-cı illərdə olmuşdu və Elçinin yozumuna
görə, bu, rus işğalına ürəklərdə
gizlənmiş şüursuz, bilincsiz nifrətin nəticəsi
idi. "Bilincsiz", yəni "qeyri-ixtiyari nifrət"
elə sözdür ki, hər şeylə bağlı arqument
ola bilər, ona görə də onu
heç də həmişə ciddi qəbul etmirəm. Mən inanmıram ki, o çağın
Ağdamında ürəklərdə
"işğalçı rus" ideyası vardı. Bəlkə də adamlar, sadəcə, bu gədədən
çəkinmişdilər, çəkinməsəydilər
utandırardılar. Belə gədələrə
görə Ağdamdakı hərbi hissənin zabitləri
bizim əlimizdən yanıqlı olmalı idilər, yoxsa,
bilmirəm, bəlkə gördükləri
yaxşılıqlar elə yaramazlıqları unutdururdu?
Yanıqlı idilərsə ermənilər
qalxanda ürəklərində onların tərəfində
olmalıydılar. Bu məsələ
işıqlandırılmamış qalır. Xankəndidə (Stepanakertdə) hərbçilərlə
yerlilərin arasındakı ilişgilər və
Ağdamdakı ilişgilər son tariximizi bilmək
baxımından araşdırılmalı konudur. Yeri gəldi bir məsələni də deyim. Bir filmdə bunu aydın görmüşdüm ki,
türk albayının üzündən-gözündən,
oturuşundan-duruşundan bilinir ki, hərbi geyimnin çevrədə
necə sayqı oyatdığını yaxşı bilir.
Azərbaycanda Sovet hərbi geyiminin ərənlik,
igidlik aurası yox idi. Ancaq bazarlarda arvadlar
əsgərlərə pul, meyvə verirdilər,
çünki onlara baxıb uzaq eldə əsgərlikdə
olan uşaqlarını yada salırdılar. Əsgərlərin
pulu götürməsi isə necə də olsa dilənçi
jesti ilə anışdığı üçün hərbçi
imicini azəri gözündə bir az da
aşağılayırdı.
Sovet Azərbaycanında dövlət və partiyanın
yuxarı qatlarında ruslarla bağlı çəkingənlik
vardı, hərçənd bu çəkingənliyi
"konyakla ələ alınan (yəni ucuz başa gələn)
rus məmuru" heç edirdi. Rüşvət məsələsində,
adətən, Azərbaycan məmuru rus və ya Moskva məmurundan
daha baha başa gəlirdi. Bu anlamda ruslar azərilərdən
xeyli "ucuz idilər". Söylədiyim qaba, bazar
metaforasını doğrultmaq üçün faktlar da sərgiləmək
olar: rus ustası eyni səviyyəli azəri ustasından ucuz
olardı, rus qızını "bişirmək", almaq
daha ucuz başa gəlirdi və s. Rusların "anacan"
anlamını verən gözəl "matuşka"
sözünün bakılı qədeşlərində
"matışkəyə" çevrilməsi bu prosesin
bir başqa görüntüsü idi.
Bax, Azərbaycanda
belə bir kültürsəl dispraporsiya vardı! Yəni yuxarılar ruslardan çəkinirdi,
aşağılarsa onları saymırdı. Bu
dispraporsiyanı lap artırırdı o ki Bakıda yaramaz bir
qayda formalaşmışdı: azəri insanı rusla rusun
dilində danışmalyıdı, bilməsə də
hıqqına-hıqqına danışmalıydı. O
hıqqına bilməyəndə isə Bakı rusunun
heç ağlına da gəlməzdi ki, "yerindən
qalxıb" bizim türkcəmizə doğru "bir
addım atsın". Güman Sovet dönəmindən
başlayaraq "küçədəki atamanlığa"
baxmayaraq, bizdə dilimizlə ilgili psixoloji qəlib
formalaşmışdı - dilimizi kültür, güc
sarıdan bizdən üstün saydıqlarımıza güzəşt
etmək. Elə ona görə də
indinin özündə belə, Anadolu türkü ilə
rahatca öz türkcəmizdə danışa bilmirik, dilimizi əyib
"bana", "gəliyorum/gediyorum" deyirik. Halbuki, multikultural dünyada bir-birinin dilini anlayanlar
bir-biri ilə hərəsi öz dilində
danışırlar və beləcə çoxdilli ünsiyyət
alınır. Bunu 80-ci illərin
axırında anladan bir məqalə yazdım və hətta TV-də
çıxış da yapdım. Sonralar
haradasa ondan sitat gətirildiyini gördüm, deməli, kimlərəsə
çatmışdı. Mən
özüm millətçi olanda bizdəki rusdillilərlə
öz dilimizdə danışmağa başladım. Bəzi Ukrayna telekanallarında da görmək olar
ki, ruslar və ukraynalılar hərəsi öz dillərində
bir-biri ilə danışırlar.
Bir qəribə faktı da söyləyim. O çağlar da, indi də
Bakıda it-pişiklə danışıq dili rus dili idi. Neyçünsə iti rus dilində əzizləyirlər,
utandırırlar (bəs atları?). Sarcalıda
isə itə dilimizdə acıqlanırdılar. Bu yaxınlarda oxudum ki, Avropada hansı uluslarda isə
itlərlə danışıq dili almancadır - bu qəribə
faktı rus dilinin ekspansiyası ilə bağlı
danışanda necə susmaq olar?!
***
Deməli, universitetin birinci kursunda mənim kimilərdə
ruslarla ilgili öfkəli olmağa heç bir əsas yox idi. Bircə yaşlı rus
arvadları avtobusda-filanda hərdən "sizi biz adam etmişik" deyib adamı hirsləndirirdilər,
çünki cavabında heç nə edə bilmirdin. Nə qadın xeylağını döymək
olardı, nə də onunla ağız-ağıza vermək
olardı. Əvəzində rus arvadı
belə deyəndə avtobusda ondan da həyasız azərbaycanlı
qadın tapılırdı.
Ruslarla mümkün kültür ziddiyyətini bir də
rus qızları neytrallaşdırırdı. Azərbaycanlı
oğlanlara rus qızları heç bir milli-kültür
ayrı-seçkiliyi bəsləmirdilər.
Bakılı qızların gözündə "rayonnu"
oğlanlarla bağlı "çuşka" damğası
(əslində, türkcədəki "çoşka"
donuz balasından gələn sözdür) güclü olsa da
hətta bu oğlanlara da bakılı rus qızları
"çuşka" kimi baxmırdılar. Bu anlamda Jirinovski
rus qadını haqqında Rusiya Federasiyasının yumşaq
gücü (soft power) kimi danışanda heç də gop etmir. İndi Türkiyəni
demirəm, Avropanın özündə də, rus modellərinin
etirafına görə, babat rus qızını görəndə
kişilərin gözləri fənər kimi yanır.
Onlara siqnal gəlir ki, kef üçün asan və ucuz
qız gəlir! Sözsüz, bu, Qərbi
Avropada belə idi, çünki qadın haqlarının sayəsində
öz qızlarının "ayağı yer
almışdı". Baltikyanı
respublikalarda isə rus qızının ruslaşdırmada
yumşaq gücü çox yumşaq olduğu
üçün zəif idi.
***
Qayıdım özümə. 9-cu sinifdə Kraçkovskinin
"Quran" tərcüməsini bir az
oxuyandan sonra mən ateistləşməyə başladım və
bu zaman, yəqin, atamın da antiislam arqumentlərinə normal
qulaq asdım. Axırda "millət nədir"i,
"İslam nədir"i qanmayan məxluqa çevrildim.
Universitetdə mən tam musiqiləşmiş oğlan
oldum. Sonralar kimsə yadıma saldı ki, həmişə
tənəffüsdə bitlzsayağı melodilər
düzüb-qoşaraq zümzümə edirmişəm.
O çağ mənə elə gəlirdi ki, melodi
uydurmalarımda lap Lennon, Makkartni qədər klass göstərirəm.
İndi düşünürəm ki, bu melodilərim
suyunun suyu idi. Sözlərin müəllifi
də özüm idim, ancaq bu sözlər mənim aləmimdə
ingilis dilini andıran fonetik kombinasiyalar idi, ingilis dilinin
özü deyildi. Sonralar ingilis dilini belə
yamsılayıb oxuyan bir neçə gənc gördüm.
Tənəffüsdə mənim bu musiqi
"yaradıcılığımı" qızlar,
oğlanlar görməmiş, eşitməmiş deyildilər,
bəs niyə mənə sataşmırdılar? Bəlkə
öz aralarında ələ salırdılar? Ancaq ələ salsaydılar, tüstüsü
çıxardı, axı. Kamal çox, Rəhim, Eldar az mənə sataşmağa, ələ
salmağa bənd idilər. Ancaq nədənsə
onların məni dolamaq arsenalında "bəstəçiliyim"
hədəf olmamışdı.
Sözsüz, müəllimə ağlımı
göstərmək zəifliyi məndə də vardı. Kamalın
dolamaq hədəfi bu idi. Guya mən (bəlkə
doğrudan da mən) dərsdə Bəxtiyar Vahabzadəyə
özümü göstərmək üçün sual verirəm.
O, əlini qulağına tutub deyir, a bala, yaxın gəl, de
görüm nə deyirsən. Yaxına gedib soruşuram, deyir,
bir az da yaxına gəl. Lap yaxına gələndə,
guya deyir, hə, düz deyirsən, get otur.
Kamal belə dəyəndə hamı gülürdü,
mən də gülməli olurdum ki, axmaq yerində
qalmayım.
Ancaq o çağlar mənim bir eyibim lap qabarmışdı:
tez-tez, özü də sözlərin axırını yeyə-yeyə
danışdığım üçün müəllimlərin,
doğrudan da, məni başa düşmək problemi olurdu. 80-ci illərin axırında televizyonda, radioda
çıxış etməyə başlayanda
danışığımı yavaşıtdım ki, məni
başa düşsünlər. Düzdür,
bunun üçün məşqdə Demosfenlik edib
ovurdlarıma daş qoymadım ki, əziyyətdən
yavaş danışım. Ancaq hər
halda yavaş danışmağa öyrəşmək elə
də asan olmadı. Xeyri isə təkcə
televiziyon-radio çıxışlarıma yox, mühazirələrimə
də oldu. Hərçənd söylədiklərimin
çətin başa düşülməsi bütün
ömrüm boyu mənim problemim oldu. Anar
neçə dəfə tədbirlərdə açıqca
demişdi ki, mən Niyazini başa düşmədim. Adamlar, adətən, özlərini bilgisiz göstərməmək
üçün belə şeyləri boyunlarına almırlar.
Boyunlarına alırlar bir halda, hamıya aydınca
görünəndə ki, adam cəfəng
danışır. Anarın mənə
münasibəti göstərirdi ki, onun üçün mən
cəfəng danışanlar siyahısında deyiləm.
Bəs onda niyə həmişə başa
düşmədiyini deyirdi?! Güman ki,
onun gözündə mən nəsə yüksək elmdən
gələn nəsnələri populyarlaşdıra bilməyən
adamların siyahısında idim. Bəlkə indiyənəcən
də xeyli adam mənim təkcə
danışığımı yox, yazılarımı da elə
sayır. Bu faktları xeyli düşünəndən sonra mən
nədənini tapıb haqqında məqalə yazdım: biz
azərbaycanca əyri strukturların prinsipində qurulmuş
çıxış və yazılara öyrəşməmişik.
Daha çox öyrəşmişik primitiv sadəlikdə
olan konstruksiyalara. Örnəyin belə cümlələrə:
cib telefonumuz olmadığından mən evə getdim, orada
anamı gördüm, anama dedim və s.
Davamı gələn sayımızda
Niyazi MEHDİ
Ədəbiyyat qəzeti.- 2019.- 28 sentyabr.- S.28.