Ekranlaşdırılmış ədəbi
əsərlər
Layihədə Frans Kafkanın "Məhkəmə" əsəri əsasında çəkilmiş eyniadlı filmi təqdim edirik
Süjet: Əsərin qəhrəmanı, bank işçisi Yozef K. yuxudan ayılanda həbs olunduğunu görür. Ona hər gün səhər yeməyi gətirən qulluqçunun əvəzinə otağa qara geyinmiş adamlar girir. Onlar K.-ya hansısa cinayətdə günahkar olduğunu və yaxınlarda hər şeyin aydınlaşacağını deyirlər. K. şübhə etmir ki, bu, ya anlaşılmazlıq, ya da kobud, yersiz, zarafatdır. Amma onun məsələni aydınlaşdırmaq cəhdləri alınmır. Bu adamlar kimdir? Hansı idarədəndir? Onun həbsinə order hanı? Niyə hüquqi dövlətdə belə özbaşınalıq baş verir? Naməlum adamlar onun əsəbi suallarına yumşaq cavablar verərək mətləbdən yayınırlar. K.-ya bildirirlər ki, o, həmişə olduğu kimi, işə gedə, gündəlik öhdəliklərini yerinə yetirə və adi həyatını yaşaya bilər. Çünki onun işi üzrə hələ yalnız ilkin istintaq aparılır. Bankda işləyən üç həmkarı isə onu hər yerdə müşayiət edir və nəzakətlə susurlar. O, işdən qayıdandan sonra mənzilinin sahibəsi frau Qrubaxla səhərki hadisə barədə danışır və onun işdən xəbərdar olduğunu biləndə təəccüblənir. O, K.-ya məsləhət görür ki, baş verənləri ürəyinə yaxın buraxmasın.
K. baş verənlərə ciddi yanaşmasa da, təşviş keçirir. O, frau Qrubaxın mənzillərindən birinə yerləşmiş frölayn Bürstnerlə səhərki hadisə haqda danışır və sonda onu ehtirasla öpür. Günlər keçir, K. gərgin işləyir və hadisəni unutmağa çalışır. Amma tezliklə ona telefonla xəbər verilir ki, bazar günü işi üzrə məhkəmə keçirilir. Bazar günü K. deyilən ünvana gedir. Kasıb bir mənzilin qapısında bir qadın onu adamla dolu zala buraxır. K. məhkəmədə qətiyyətlə danışaraq istintaqın aparılma metodlarını ifşa edir. Kütlə onun çıxışına gah gülür, gah alqışla cavab verir, gah da narazılıqla qarşılayır.
Bir həftə sonra K. çağırış gözləmədən özü həmin ünvana gedir. Keçən dəfə onu qarşılayan qadın bu gün iclas olmadığını deyir. K. anlayır ki, qadın da onun işindən xəbərdardır. O, hansısa məhkəmə məmurunun arvadıdır və ona xəyanət edir. Daha sonra aldanmış ər gəlir, arvadının yüngüllüyü isə onun vecinə deyil. K.-nın işindən xəbərdar olan kişi ona məsləhətlər verir. Onlar uzun, qaranlıq dəhlizlərdən keçəndə barmaqlıqlar arxasında nəsə gözləyən adamları görür. Bunlar da K. kimi ittiham olunanlardır. K. binanı tərk etməyə tələsir. Getdikcə, psixikası dəyişən K. anlayır ki, ətrafdakı bütün adamlar niyəsə bu iş haqda bilirlər. Və o, hansısa nəhəng sistemlə mübarizə aparır. Əyalətdə yaşayan, məhkəmə barədə məlumatlı olan dayısı K.-nı yoluxur və onu tanış vəkilinin yanına aparır. Vəkil də bu barədə bilir və onun müdafiəsindən imtina etmir. Bu zaman K.-nı vəkilin baxıcısı gənc Leni tovlayır. Leni dəyişkən və işvəli qadındır. K. getdikcə sakitliyini itirir. Bir gün bank rəhbərliyi K.-ya bir italyan qonağa abidələri göstərməyi tapşırır. O, mərkəzi kilsəyə gəlir və birdən onu kimsə çağırır. Özünü həbsxananın keşişi adlandıran adam məlumat verir ki, onun məhkəmə prosesi ilə bağlı işlər pis gedir. Keşiş ona "Qanunun qarşısında" adlı pritça danışır və bununla da K.-nın durumunu ona anlatmaq istəyir.
Sonra onun mənzilinə qarapaltarlı iki adam gəlir. Sanki onları gözləyən K. müqavimət göstərmək üçün əsas görmür. Onu kimsəsiz daş karxanasına gətirərək öldürürlər...
Frans Kafkanın "Məhkəmə" romanı (əsər ilk dəfə 1925-ci ildə yayımlanıb) dünyanın nəhəng, gözəgörünməz bir bürokratik maşın tərəfindən idarə edildiyini, insanların onun qarşısında gücsüzlüyünü, sınmasını, məhvini və mövcudluğun absurdluğunu göstərən romandır. Romanın yazılışı Kafkanın həyatındakı müəyyən qırılma nöqtələri ilə üst-üstə düşür. 1914-15-ci illərdə o, sevgilisi Bauerlə münasibətlərini kəsir. Öz durumunu yazıçı ittiham olunanla, sevgilisi ilə son söhbətini isə tribunalla müqayisə edir. Bundan sonra o, "Məhkəmə"ni yazmağa başlayır. Görünür, yazıçının tamamlamadığı bu romanı onun ovqatının, yaşantılarının analizi kimi meydana çıxıb.
"Məhkəmə" ilk dəfə dünya kinosunun əhəmiyyətli rejissorlarından biri, texniki, maraqlı, yeni təsvir həlləri, fərqli təhkiyəsi ilə seçilən amerikalı Orson Uells (1915-1985) tərəfindən ekranlaşdırılıb. Uells teatrda çalışarkən Şekspirin "Yuli Sezar" əsərinə o dövr üçün novator sayılacaq yeni yanaşma edir: müasir geyinmiş aktyorlar dekorasiyasız oynayır. 1938-ci ildə isə Herbert Uellsin rejissorun "Dünyaların savaşı" romanı əsasında hazırlanan radiotamaşanın efirə gedəcəyi barədə anons verilir. Radiotamaşadakı hadisələr 1939-cu il Nyu-Cersidə cərəyan edir. Aktyorlardan biri radiotamaşanın başlamasını elan edir, sonra hava proqnozu, daha sonra "Ramon Rakello və orkestri"nin konserti səslənir. Az sonra musiqinin səsi Marsın səthində qəribə partlayışların müşahidə olunması xəbərilə kəsilir. Daha sonra bir professor-astronom (Orson Uells tərəfindən
səsləndirilir) Marsda həyatın olmasını təkzib
edir. Konsert davam edir, ancaq tezliklə yenidən
xüsusi xəbər buraxılışı ilə kəsilir.
Radionun müxbiri hadisələrin baş verdiyi ərazidə
metal silindrə bənzər bir şeyin endiyini bildirir. Əhali təşvişə düşür.
Və sonra bunun Orson Uellsin
hazırladığı radiotamaşa olduğu bildirilir.
Uellsə uğur gətirən "Vətəndaş
Keyn" (1941) filmi dünya kinosuna əhəmiyyətli təsir
göstərdi. Bütün dövrlərin ən yaxşı filmlərindən
sayılan, ən yaxşı ssenari nominasiyasında Oskar alan "Vətəndaş Keyn"in əsas qəhrəmanı
Çarlz Keyn gerçək sima-qəzet maqnatı Uilyam
Herstin prototipidir. Müxtəlif fəaliyyət
və situasiyaları vahid axında birləşdirən dərin
təsvirlər, yuxarı və aşağı nöqtələrdən
çəkilişlər, kadrdaxili montaj, hərəkətli
kamera, müəmmalı təhkiyə filmin xarakterik cəhətlərindən
idi.
"Məhkəmə" əsərini
rejissor 1962-ci ildə ekranlaşdırır. Uells
bu filmini özünün ən yaxşı əsəri
sayırdı. Almaniya, İtaliya və Fransanın birgə
istehsalı olan filmə rejissor bir müddət pul tapmaqda çətinlik
çəkmişdi.
Rejissor romanı yaşadığı dövrə
uyğunlaşdıraraq müasirləşdirib. Bu, daha
çox əhvalatın vizual hissəsinə aiddir. Yəni personajların qiyafəti, istifadə etdikləri
əşyalar müasirdir, yaşadıqları, işlədikləri
binaların dizaynı, interyeri də həmçinin.
Bundan başqa, rejissor
dövrünün üç cazibədar, məşhur
aktrisasını (Janna Moro, Romi Şnayder, Elza Martinelli) çəkib
və onların oyunu əhvalata hardasa seksuallıq gətirib. Bədii mətnin finalı dəyişdirilib. K.filmin sonunda partlayış nəticəsində
öldürülür.
Bütün
hallarda müəllif romanın atmosferini ekrana fiksə edə
bilib: qeyri-müəyyənlik, hansısa gözəgörünməz,
bədheybət sistemin idarəçiliyi, reallıqdan
doğan fantasmaqoriya. Romanın sonunda
keşişin danışdığı pritçanı
rejissor iynəli ekranla həll edib. (Animasiya
texnikasıdır, 1931-ci ildə rus-fransız rəssam-qrafiki,
animator Aleksandr Alekseyev tərəfindən kəşf edilib.
Bu zaman eyniölçülü uzun nazik iynələr
ekran səthinə yerləşdirilir).
Filmdə təsvirlərin dərinliyi, kadrların dolu ikən
nəsə sonsuz boşluq təəssüratı verməsi,
hissiyatını itirmiş obrazlar sürrealist Rene Maqritin rəsmlərinin
kompozisiyası ilə eyniləşir. Onun tablolarında
predmetlər, insanlar dərin, sonsuz boşluqda tənhadılar
və fərqli mənalarla yüklənirlər. Kəskin kölgə və işıq təzadı,
məkanların daralmış təsviri soyuqluq,
sıxıcılıq ötürür. Aşağıdan
və yuxarıdan çəkilişlər, personajların
başlarının tavana yaxın yerdəymiş kimi çəkilməsi,
köndələn, məkanda kəskin dəyişən
rakurslar, interyerlərdəki boşluq və
dağınıqlıq narahat ovqat, gərginlik
aşılayır. İlk epizodların birində qara
geyimli naməlum adamların ağ köynəkli
K.-nı əhatəyə alması qəhrəmanın bundan
sonrakı durumunun çıxılmazlığının təsviridir.
Personajların üzü donuqdur, onlar, sanki
hardansa idarə edilən, ətalətə təslim olmuş
kabuslar kimidir. Fasiləsiz, yorucu dialoqlar əhvalatın
absurdluq qatını gücləndirir. K.
tez-tez nəhəng predmetlərin - binaların, antik heykəllərin,
kitabxananın fonunda peyda olur. Hətta
epizodlar var ki, K.-ni izləyən, ittiham edənlər
üçbir, dördbir halda eyni kadrda yerləşir,
onların fonunda K. formaca kiçik, çarəsiz, təklənmiş
görünür. Məkanlardakı
labirintlər, qaranlıqlar, bəstəkar Tomazo Albinoninin
"Adacio"su filmə apokaliptik ruh qatır. Beləliklə, Orson Uells vizual təhkiyəsilə
dünya kinosunun ən yaxşı nümunələrindən
birini yaradır.
Ümumiyyətlə,
"Məhkəmə"ni janrına
görə dəhşət, qorxu filmləri ilə müqayisə
etmək olar. Düzdür, bizim bildiyimiz anlamda, ənənəvi
qorxu filmlərindəki obrazlardan, təsvirlərdən, təhkiyədən
söhbət getmir. Sadəcə, əhvalatın
qeyri-müəyyənliyi, real dünya ilə əlaqəsini
itirmiş, mistikvarı müəmmalı obraz və məkanlar
K.-ya hazırlanmış tələlər, hər an nəsə
dəhşətli, gözlənilməz bir hadisənin baş
verəcəyi təəssüratı "Məhkəmə"ni bu janra yaxınlaşdırır.
Final Orson
Uellsin kadrarxası sözləriylə bitir: "Mən vəkil
rolunu oynadım, ssenarini yazdım və filmi çəkdim.
Adım Orson Uellsdir".
K. rolunu Entoni Perkins
oynayır. Aktyorun yozumundakı K. özünəinamsız,
təlaşlı, narahat, əsəbidir. Perkins buna kimi Alfred Hiçkokun
"Psixo" filmində oynamış və məşhurlaşmışdı.
Avropada "Məhkəmə" uğurla keçir. Onu "Vətəndaş
Keyn"dən sonra, hətta Uellsin ən yaxşı filmi
adlandıranlar da tapılır. Amerikada isə
film tənqid olunur və rejissoru orijinala sadiq qalmaqalda
günahlandırırlar.
Orson
Uellsin maraqlı fikirlərindən: "Düşünürəm
ki, ənənə istənilən sənətkar
üçün sənətdə birinci dərəcəli
rol oynayır. Ənənə ilə mübarizə aparmaq zəruridir,
amma biz onu tamamilə məhv eləsək, gərginlik itir və
onda nəsə qalmır: nə avanqard, nə eksperimental sənət.
Ənənədən kənar hər cür eksperimentallıq
anlamını itirir... Biz çoxdan ənənəni
dağıtmağa başlamışıq - Birinci Dünya
müharibəsinə kimi - sürrealizmin, dadaizmin və s.
köməyi ilə. Bu, sənətin
bütün formalarına aiddir, indi isə ənənədən
heç nə qalmayıb. Ona görə də
mən ənənəni müdafiə edirəm və
özümü ekspermentator saymıram, filmlərimdə yeni
şeyləri bilərəkdən eləməmişəm.
Sadəcə, nəsə elə bir şey edəndə
ümidim var ki, bunları mənədək kimsə çəkməyib".
Qeyd edim
ki, Yeni fransız dalğasından Lar fon
Trierə kimi çox rejissor Uellsdən təsirlənib. Vudi Allen isə onun haqqında deyir:
"Orson Uells Berqman, Fellini, Renuarla bir sırada dayanan yeganə
Amerika rejissorudur".
Romanın digər ekranlaşdırılması isə
1993-cü ildə böyük britaniyalı rejissor Devid Hyu
Consa aiddir. Film orijinala yaxın
çəkilib və vizual baxımdan Uellsdən təsirlənib.
Sevda Sultanova
Ədəbiyyat qəzeti.- 2019.- 28
sentyabr.- S.21.