Taleyin yazısı
Ümm-ül-Banunun "Min bir gecə"
nağılı...
1
Mən bu
yazını üç dəfəyə - bir-birindən uzaq və indi həmişəlik
bir keçmişdə qalmış illərin ayrı-ayrı
üç günündə (8 noyabr 1988; 27 mart 2006 və indi
- 7 avqust 2019) yazıb, güman edirəm ki, artıq son
nöqtəni qoymuşam və bu 31 (!) ildə
Ümm-ül-Banu (Banin) ilə görüşdüyüm
gündən etibarən onun surəti və taleyi həmişə
mənim fikrimdə olub, hər dəfə də özü ilə
qəribə bir hərarət, eyni zamanda da qüssəli bir
duyğu gətirib.
Mən
onun əsl adını bütöv yox, söhbətimiz əsnasında
özünün latın qrafikası ilə yazıb mənə
göstərdiyi "Ümm-ül-Banu" kimi yazıram və
vaxtilə artıq gənc azərbaycanlı qızı
Ümm-ül-Banu yox, Azərbaycan mənşəli fransız
yazıçısı Banin haqqında bir esse yazıb
Moskvada, "Literaturnaya qazeta"da çap etdirmişdim - bu,
Banin haqqında mərkəzi sovet mətbuatında dərc
olunmuş, hərgah səhv etmirəmsə, ilk yazı idi.
O zaman
Banin həmin esseni oxumuş və çox təsirlənmişdi.
Parisdən
mənə telefonla zəng etdi və:
-
Heç vaxt ağlıma gəlməzdi ki, rus sovet qəzeti
(bu ifadə dəqiqliyi ilə yadımdadır: "Russkaə
sovetskaə qazeta") mənim haqqımda belə xoş
sözlər dərc edəcək...
Mən
"Literaturnaya qazeta"dakı o yazını da tapıb (26
iyul 1989) yenidən gözdən keçirdim, sonra axtarıb,
Baninlə ilk görüşümüzlə bağlı, elə
o gecə Parisdə, "Kastelioni" otelində
yazdığım qeydləri tapdım və dediyim o qüssəni
də qəzet vərəqinin həmin sarısı, otel
blankındakı tələsik qeydlərin onilliklərlə
ölçülən uzaqlığı gətirirdi - bir
dalğa kimi gəlib keçən o qüssə hər
şeyin daimi bir keçmişdə qaldığını
bir daha təkrar edirdi.
İnsan
üçün keçmiş - daimidir, gələcək isə
- həm mübhəmdir, həm də payız sarısı bir
müvəqqətilik örtüyünə bürünüb
və Baninlə Paris görüşümüz, telefon
danışıqlarımız, məktublaşmağımız
- bütün bunlar da o daimiliyin hərdən mürgüləyən,
hərdən də, indi olduğu kimi, oyanan ifadəsidir.
O zamanlar
Ümm-ül-Banudan - taleyin yazısı ilə fransız yazıçısı
olmuş Banindən məktub almaq və ona məktub yazmaq mənim
üçün çox uzaq (və eyni zamanda çox da
yaxın!) bir möcüzə ilə ünsiyyətdə olmaq
demək idi.
Parisdən
mənə göndərdiyi 26 aprel 1988-ci il
tarixli bir məktubunda Banin yazırdı:
"Sizi bir yazıçı kimi təbrik edirəm. Ramiz Sizin
"Parisdə avtomobil qəzası" kitabınızı
müvəqqəti olaraq mənə verib və mən ona
heyran qalmışam. Sizin yumorunuz, Sizin
fantastik notlarınız və lirik verginiz mənim çox
xoşuma gəlir. "Mahmud və Məryəm"
çox sevdiyim və dəfələrlə oxuduğum
kitablardan birini - "Min bir gecə"ni mənim
yadıma saldı. Sizin bu əsərinizdə mən
Şərqin bütün gözəlliyini, qəddarlığını
və ehtirasını tapdım - Siz bu qəribə, gözəl
və qorxulu dünyanın atmosferini əla təsvir edirsiniz.
Fikirlərimi rus dilində dəqiq və incəlikləri
ilə ifadə etmək mənim üçün çox
çətindir, daha rus dilini yadırğamışam.
Sizin mətnləri oxuyarkən hiss etdiklərimin
hamısını fransız dilində yaza bilsəydim...".
Söhbət
1987-ci ildə mənim Moskvada, rus dilində nəşr
olunmuş "Mahmud və Məryəm" romanım, hekayə
və povestlərimdən ibarət "Parisdə avtomobil qəzası"
adlı bircildliyimdən gedirdi və Banin bu kitabı oxumaq
üçün, o zaman Parisdə, YUNESKO-da işləyən
həmyerlimiz Ramiz Abutalıbovdan götürmüşdü
(orasını da deyim ki, məni Parisdə Banin ilə tanış
edən də Ramiz Abutalıbov olmuşdu).
Oxucudan
gizlətmək istəmirəm, nigarançılıqla dolu və
qarışıq 1988-ci ildə Baninin mənim yazılarım
haqqında söylədiyi bu fikirlər xoş olduğu qədər
də, mənə daxili bir təpər vermişdi, amma indiki
halda mən Baninin məktubundan bu sitatı həmin xoş
sözlərə görə yox, ona görə gətirirəm
ki, əslində, onun özünün - azərbaycanlı
qız Ümm-ül-Banunun həyatı XX əsrin
acılı-şirinli "Min bir gecə"
nağıllarından biri idi.
Baninin adını mən ilk dəfə yetmişinci illərin
əvvəllərində professor Abbas Zamanovdan
eşitmişdim, ancaq nisbətən ətraflı məlumatı
isə mənə memar Mövsüm Əliyev vermişdi. Bütün qanı ilə,
canı ilə antisovet (və geniş mənada milliyyətçi!)
bir adam olan rəhmətlik Mövsüm Azərbaycan
Demokratik Respublikasının tarixini gözəl öyrənmişdi
və bizim mühacirət haqqında da xeyli məlumatı var
idi. Onunla aramızda etibarlı bir münasibət
yaranmışdı və mən 1975-ci ildən etibarən
Yazıçılar İttifaqının katibi işləyəndə
(SSRİ-dəki Yazıçılar İttifaqlarının ən
gənc katibi idim) tez-tez gəlirdi,
görüşürdük, M.Ə.Rəsulzadə, F.X.Xoyski,
Ə.Topçubaşov, N.Yusifbəyli, C.Hacıbəyov...
bizim söhbətlərimizin qəhrəmanları idi, hərdən
bir də bu söhbətlərə Araz Dadaşzadə (rəhmətlik
Araz ehtiyatlı adam idi, ancaq Mövsüm onun da
etibarını qazanmışdı), Yusif Səmədoğlu,
böyük riyaziyyatçı dostum Arif Babayev də
qoşulurdu. Mən 1987-ci ildə Xarici Ölkələrdə
Yaşayan Həmvətənlərlə Mədəni Əlaqələr
Cəmiyyəti - "Vətən" Cəmiyyətinin sədri
seçildikdən sonra Mövsüm Əliyevlə münasibətlərimiz
işgüzar bir əməkdaşlığa çevrildi və
Mövsüm bizim nəşr etdiyimiz "Odlar yurdu" qəzetinin
aktiv müəlliflərindən biri oldu.
Baninin əsli-kökü
haqqında da, dediyim kimi, nisbətən ətraflı məlumatı
Mövsüm Əliyevdən eşitmişdim və hələ də duman içində
olan o məlumat o zaman əzəməti bütün ölkəni
mühasirəyə almış bir Sistemin nəhəng beton sədlərini
aşaraq gəlib çıxmışdı - o sədləri
ki, haçansa onları dəf etmək, o qalın betonu
yarıb keçmək mənim üçün (və
yalnız mənim üçün yox!) ən azı
yarıfantastik bir istək, bir arzu idi, yəni haçansa bu
istək baş tutsaydı, bu, mənim təsəvvürümdə
elə Baninin özünün həyatı kimi bir
möcüzə olardı...
Və o
möcüzə baş verdi.
Bütün
imperiyaların da insan ömrü kimi başlanğıcı,
zirvəsi və sonu olur -
şeirlərdə yazıldığı, mahnılarda
oxunduğu "ucsuz-bucaqsız" Sovet İttifaqı da
tarixin bu qanunauyğunluğundan kənara çıxa bilmədi,
istisna olmadı və onun qısa (ancaq heç şübhəsiz
ki, tarixi!) ömrü şərəfsizcəsinə sona yetdi.
Banin
fransız yazıçısı idi və bu fransız
yazıçısının hər iki babası keçən
əsrin əvvəllərində var-dövlətləri
yalnız Azərbaycana, yalnız nəhəng Rusiya
imperiyasına yox, elə bil ki, bütün dünyaya
sığmayan (və o zaman, yəqin ki, daimi, əbədi
görünən!) böyük və məşhur Bakı
neft inhisarçıları Musa Nağıyev və Şəmsi
Əsədullayev idi. Şəmsi Əsədullayevin oğlu, sonralar
ADR hökumətində (F.X.Xoyskinin başçılıq
etdiyi üçüncü hökumətdə) sənaye və
ticarət naziri olmuş Mirzə Əsədullayev ilə Musa
Nağıyevin gənc və gözəl qızı
Umm-ül-Banu evlənmişdilər və hətta 80-ci illərdə
belə Bakının qoca sakinləri o milyonçular toyu haqqında
əfsanələr danışırdı. Ancaq mən o iki
milyonçu toyu barədə ilk dəfə yeniyetmə ikən
- 1950-ci illərin sonlarında Yazıçıların
Şuşadakı Yaradıcılıq Evində Xudadat bəy
Əzizbəyovun söhbətlərindən eşitmişdim və
əlbəttə, o toy əfsanəsinin
iştirakçılarının da,
tamaşaçılarının da ağlına belə gəlməzdi
ki, həmin əfsanə ilə yanaşı, o toyda çox
acı tale yazılarından birinin bünövrəsi qoyulur.
Yeri
düşmüşkən qeyd edim ki, əsl kübar bir
ziyalı olan rəhmətlik Xudadat bəy "Azərbaycanca-rusca
lüğət"in tərtibçisi idi və 23000 sözdən
ibarət bu lüğətin qiyməti ondadır ki, buraya,
annotasiyasında yazıldığı kimi, "aktiv
lüğət tərkibinə daxil olan sözlərlə bərabər,
danışıq dilində və dialektlərdə işlədilən"
(bax: Bakı, Azərnəşr, 1965) xeyli sözlər də
daxil edilib.
Ancaq biz öz mövzumuza qayıdaq.
İki
milyonçu övladının o izdivacından 1905-ci ildə
Bakıda anadan olan qıza qədim bir ad - anasının
adını qoydular: Ümm-ül-Banu və bu
qızcığazın dünyaya gəlişi özü ilə
bir tragediya da gətirmişdi: gənc və gözəl ana
Ümm-ül-Banu doğuş zamanı vəfat etmişdi.
Ümumiyyətlə,
Musa Nağıyev bir tərəfdən bəxti gətirən
adam idi - saman satan ailəsində doğulmuş, yeniyetmə
yaşlarında belinə palan salıb Bakı küçələrində
yük daşıyan Musa öz fitri istedadına,
ağlına, bacarığına, fəhminə və bəxtinə
(!) görə dövrünün ən varlı
milyonçularından biri olmuşdu, o biri tərəfdən
isə bu varlı milyonçu bəxti qara bir insan idi - birinci
arvadı Ruhiyyə Seyid qızından (ikinci arvadı isə gürcü
yəhudisi Yelizaveta Qriqoryevna idi) iki övladı olmuşdu -
Ümm-ül-Banu və İsmayıl - və hər ikisi də
gənc yaşlarında vəfat etmişdi. Bundan sonra Musa
Nağıyev qardaşı Ağa Əlinin oğlu Fərəci
övladlığa götürür və bunu da deyim ki,
milyonçu oğlu Fərəc Nağıyev Sovet dönəmində
"kapitalist övladı" damğası ilə daima qorxu
içində məşəqqətli bir aktyor, rejissor həyatı
sürüb.
Ağa
Musa Bakının ən gözəl binalarından birini (mənə
görə isə birincisini!) tikdirib başa
çatdırdıqdan sonra, həmin bina 27 yaşlı
İsmayılın şərəfinə "İsmailiyyə"
adlandı və ora əvvəlcə əsl milli mədəni-maarif
mərkəzinə çevrildi, sonra o binanın
başına, elə bil, canlı bir varlıq idi, min bir oyun
açıldı, 1918-ci il hadisələri zamanı
daşnaklar "İsmailiyyə"ni yandırdı, sonra da
orada Birinci Respublikanın - Azərbaycan Demokratik
Respublikasının parlament iclasları keçirildi, daha sonra
isə ora 11-ci rus-bolşevik ordusunun əsgərlərinin
yataqxanasına çevrildi.
Həqiqətən, tikilən qalır - o binada bu gün
AMEA-nın Rəyasət Heyəti yerləşir.
Ancaq biz, deyəsən, yenə mövzumuzdan
uzaqlaşdıq.
İllər keçdi və o qədim Ümm-ül-Banu
adı dəyişib Banin oldu.
Banin bir məktubunda
o vaxt mənim hələ oxumadığım "Qafqaz
günləri" (1943-cü ildə yazılıb) adlı
avtobioqrafik romanından bəhs edirdi: "Mən o kitabda
onların (yəni müasir Azərbaycan oxucularının -
E.), yəqin ki, dumanlı təsəvvür etdikləri
keçmiş bir dünyanı qələmə
almışam: müsəlman milyonçuları
dünyasını və o dünyada, nə qədər qəribə
olsa da, məni Avropa dayələri tərbiyə edirdi. Bir də
ki, inqilab dünyasını və həmin kapitalist aləminin
məhvini qələmə almışam ki, indi o hadisələr
barədə heç təəssüf də etmirəm...".
Bax, beləcə...
Banin
Parisdə, operetta butaforiyasını xatırladan səliqəli
Ryu Loriston küçəsindəki birotaqlı mənzilində
tək-tənha bir həyat sürürkən də
itirilmiş milyonlarının təəssüfünü
çəkmirdi və burada heç bir yalançı altruizm
yox idi: söhbət dünyanı dərk etmiş bir
hissiyyatdan, düşüncədən, rahat bir ovqatdan gedir.
2
Azərbaycanda Sovet Hakimiyyəti quruldu.
Həyat
birdən-birə dünyanın heç bir qanununa
sığmayan bir zorakılıqla "Min bir gecə"
nağıllarının qorxunc səhifələrindən
birinə çevrildi və Ağa Musanın da, Şəmsi
Əsədullayevin də milyonları keçmişdə
qaldı.
O zaman
Ümm-ül-Banunun on beş yaşı
var idi.
"Qafqaz
günləri"nın fransız dilindəki
sonuncu nəşrində (1985) isə on səkkiz yaşlı
gözəl bir qızın - taleyin qovhaqovu ilə Parisə gəlib
çıxmış pulsuz-parasız Ümm-ül-Banunun
fotoşəkli çap olunub.
Bu gün o fotoşəklə baxmaq çox təsirlidir.
Paris və on səkkiz yaşlı mühacir bir qız.
Mən bu
fotoşəklə baxa-baxa elə bil, Parisin tanınmaz-bilinməz
küçələri ilə addımlayan o qızı
görürəm və birdən-birə, tamam sürrealist bir
hadisə baş verir: elə bil, haradasa inqilab mahnısı -
"İnternasional" səslənir və sovet vaxtı
müqəddəsləşdirilmiş o təntənəli
inqilab mahnısı bu dəm qüdrətdən, qələbədən
yox, dünyanın acısından, dərdindən-ələmindən
xəbər verir.
Tərcüməçi,
mağaza satıcısı, katibə...
Milyonçular qızının artıq həmişəlik
Paris həyatının beləcə bir
başlanğıcı.
- Bilirsiz,
mən maneken də olmuşam...
Banin bu
sözləri bir gənclik şövqü ilə, səmimi və
ərköyün (!) bir əda ilə gülə-gülə
mənə Ryu Loristondakı o mənzilində demişdi və
o dəqiqələrdə 83 yaşlı o zərif, Avropa təkəbbürlü
və eyni zamanda Şərq ədalı xanımın
yaşı ilə o sözlərin şövqü arasında
çox məhrəmanə bir doğmalıq var idi.
Bunlar
hamısı, əlbəttə, taleyin oyunu idi və artıq "Min
bir gecə" romantikası yox, real həyat idi və elə
o real həyat yolları da o qızı gətirib yazı
mizinin arxasına çıxardı: Ümm-ül-Banu
fransız dilində yazmağa başladı və qısa
müddətdə bu azərbaycanlı qız Fransa bomondu
arasında nəsrdə (fransız nəsrində!) gözəl
bir bədii-estetik üslubun, stilin müəllifi Banin kimi
tanındı.
3
Tale yazısı, əlbəttə, sirri-xudadır.
Mən
Şəmsi Əsədullayevin üç qız nəvəsini
tanıyırdım, üçünün də yaşı
səksəni adlamışdı və üçü də
dünyanın müxtəlif ölkələrində,
bir-birindən min kilometrlərlə uzaq böyük şəhərlərdə
yaşayırdılar: Ümm-ül-Banu Parisdə, Züleyxa
Əsədullayeva-Veber Vaşinqtonda, Məryəm xanım
Əsədullayeva Moskvada. Elə bil, tale qlobusu əlinə
götürüb, fırladaraq, sərt, hətta amansız bir
qələmlə Yer kürəsində bir-birindən uzaq o
qürbət şəhərlərin üzərinə
nöqtə qoya-qoya bu azərbaycanlı qaçqın
qızların yaşayacağı yerləri müəyyənləşdirmişdi.
Mən
1989-cu ildə ABŞ səfərim zamanı ilk dəfə
Züleyxa xanımla Vaşinqtonda görüşdüm və
o səfərdən bir müddət sonra Mixail Qorbaçovun
göstərişi ilə 1990-cı il 20 Yanvar hadisələri
baş verdi və bu hadisələrin obyektiv səbəbləri
və nəticələri ilə bilavasitə tanış
olmaqdan ötrü ABŞ konqresmeni Cim Mudini, fürsətdən
də istifadə edərək, onunla birlikdə Züleyxa
xanımı "Vətən" Cəmiyyətinin xətti
ilə Bakıya dəvət etdim.
Konqresmen
Cim Mudi yalnız ABŞ deyil, ümumiyyətlə Qərbin ilk
rəsmi nümayəndəsi oldu ki, "Şəhidlər
xiyabanı"nı ziyarət etdi, 20 Yanvar hadisələrinə
obyektiv qiymət verdi - ancaq bu, başqa bir yazının
mövzusudur - Züleyxa xanım isə az qala yetmiş illik
ayrılıqdan sonra ilk dəfə Azərbaycana gəldi və
Bakını küçə-küçə gəzdi, son dərəcə
iti və sağlam yaddaşı onu bu binanın
qabağından o biri binanın qabağına apardı:
"- Bax, Elçin bəy, ordan dönəcəyik,
Hacı əminin (H.Z.Tağıyevin - E.) evinin
qabağına çıxacağıq!..".
"- Bax, bura ilə düz gedək, indi Murtuza əminin
(M.Muxtarovun - E.) binasını görəcəyik!..".
Bu qadın heyrətamiz bir hafizəyə malik idi.
Bu yerdə mən bir maraqlı məsələni də
qeyd etmək istəyirəm.
Hələ
1970-ci illərin ortalarında Abbas müəllim (professor Abbas
Zamanov) mənə "Əli və Nino" romanının
İstanbul nəşrini hədiyyə vermişdi və o vaxtdan
etibarən də mən Qurban Səid (Əsəd bəy)
haqqında məlumat əldə etmək istəyirdim, ancaq bu
roman "mürtəce mühacir əsəri" kimi yasaq
edilmişdi (!), müəllif barədə də heç harda
heç nə yazılmırdı.
Sovet
İttifaqında iki gizli "nəşriyyat" var idi:
"Samizdat" və "Tamizdat".
"Samizdat" - yəni ideoloji baxımdan sovet mətbuatında
çapı mümkün olmayan, senzuranın icazə vermədiyi
əsərlər yazı makinasında yazılır və
qrankalar çox zaman adi iynə-sapla tikilərək
yayılırdı. "Tamizdat" isə - kitab
qaçaqmalçılığı (kantrabandası) idi və
indiki ibarə ilə desək, gizli biznesə
çevrilmişdi: xaricdə çap olunmuş və hakim
sovet ideologiyasının yaxına baraxmadığı kitablar
gizlincə ölkəyə gətirilir və "altdan"
satılırdı.
Moskvanın məşhur "Kuznetskiy most"
meydançasında SSRİ Yazıçılar
İttifaqının kitab dükanı və o dükanın
da yanında ayrıca bir bədii salon var idi. Bədii salonun
qabağında isə "Tamizdat" alverçiləri
(kitab "farsovşikləri") var-gəl edirdi və mən
də onların daimi müştərilərindən biri idim
(söhbət 70-ci illərdən və 80-nin əvvəllərindən
gedir), Moskvaya yolum düşəndə mütləq vaxt
tapıb ora baş çəkirdim: mənim kimi etibarlı
(sınaqdan çıxmış!) müştərilərə
kitabların siyahısını verirdilər, annotasiyaları
oxuyurdun, seçdiyin kitabı sifariş edirdin, sabah
da gəlib həmin kitabı alırdın.
Sovet
İttifaqında kitab baha deyildi, ancaq bunun, aydın məsələdir
ki, "Tamizdat"ın kitablarına dəxli yox idi və
uzun sözün qısası, o zaman inanılmaz bir təsadüf
oldu - mən "Tamizdat"dan Əsəd bəyin (kitabda
müəllifin adı rusca "Gssad bey" yazılıb)
1932-ci ildə Riqada (müstəqil Latviya Respublikasının
paytaxtında) "Filin" nəşriyyatında nəşr
olunmuş 317 səhifəlik "Stalin" kitabına rast gəldim
və o kitabı aldım. Bundan sonra mən bir
müddət Qurban Səid - Əsəd bəy - Lev Nissenbaum
müəmması ilə (bu müəmma hələ də
tam dəqiq cavabını tapmayıb) bağlı
axtarışlar apardım və maraqlananlar mənim 1991-ci ildə
yazdığım "Ədəbi proses. Olum,
ya ölüm?" silsilə məqalələrimə
(üçüncü məqaləyə) baxa bilərlər
("Ədəbiyyat qəzeti", 4, 11 oktyabr 1991; eləcə
də "Azərbaycan ədəbi tənqidinin və ədəbi
prosesin problemləri", Bakı,
"Çinar-Çap", 2003, səh. 99).
Mən
bütün bunları ona görə yazıram ki, Züleyxa
xanımla söhbətlərimiz əsnasında bir dəfə
ondan soruşdum:
- Siz Lev
Nissenbaum adında bir adam barədə nəsə
eşitmisiz?
Züleyxa
xanım:
- Necə
eşitməmişəm? - dedi. - Lyova Bakıda
mənimlə bir sinifdə oxuyurdu.
Və bu
gözlənilmz cavabdan sonra mən onu sorğu-suala tutanda məlum
oldu ki, memar akademik Mikayıl Hüseynov da onlarla bir sinifdə
oxuyub və mən rəhmətlik Mikayıl Hüseynova
telefonla zəng etdim, bu dəfə də onu sorğu-suala
tutdum, ancaq təəssüf ki, nə o, nə də
Züleyxa xanım Lev Nissenbaumun sonrakı həyatı,
yazı-pozusu barədə bir söz deyə bilmədilər,
hər ikisi yalnız bunu deyirdi ki, Lyova çox
ağıllı, zirək, dərrakəli oğlan idi.
Ancaq biz yenə uzaqlara getdik.
Mən Vaşinqtonda da, Bakıda da Züleyxa xanımla dəfələrlə
görüşmüşəm, onun evində də, bizim
evimizdə də dəfələrlə söhbətlərimiz
olub və hər dəfə də bu yaşlı
qadının (80-i keçmişdi) hafizəsinə (və
enerjisinə!) heyrət etmişəm. Züleyxa xanım da dayısı
qızı Banin kimi miniatür bir xanım idi, amma Baninin zərifliyi
müqabilində, Züleyxa xanımda bir codluq, Baninin
kübarlığı müqabilində Züleyxa xanımda
bir ötkəmlik var idi və daxili enerjisi yerə-göyə
sığmayan, yaşına meydan oxuyan bu impulsiv qadın hələ
də işləyirdi, Pentaqonun (!) hansısa kurslarında
türk dilindən dərs deyirdi, doğrusu, bir az da
amerikanlaşmışdı.
- Mənə
"Züleyxa xanım" demə, xanımsız, ancaq
"Züleyxa" de, vəssalam! - deyirdi,
ancaq mən hər dəfə də o "xanım"
sözünü ixtisara salmağı unudurdum.
Həmin
ilk səfərində Züleyxa Əsədullayeva
Bakını küçə-küçə gəzdi, hər
şeylə maraqlandı və onun iti gözlərindən,
müşahidələrindən heç nə
yayınmırdı, fikrinə gələni də
ağına-bozuna baxmadan üzə deyirdi, elə buna görə
də, yadıma gəlir, "Vətən" Cəmiyyətindəki
görüşlərdən birində üzünü ictimai
xadimlərə, görkəmli elm və mədəniyyət
adamlarına tutub dedi:
- Diqqətlə
sizə qulaq asıram. Ağıllı
adamlarsız. Bəs necə oldu ki, bu
yetmiş ildə bu məmləkəti bu günə
saldız?!
Bu sual əsl
Züleyxa xanım sualı idi - bu sualda keçmiş
milyonçu qızının qəfil və sərt bir
dönüklüklə əks istiqamətə
çevrilmiş keşməkeşli, əzablar, əziyyətlər
və macəralarla dolu 70 illik həyat tərzini ifadə edən
kin-küdurət də, şəxsi-qərəzlik də,
daxili ağrı-acıların doğurduğu dəruni bir təəssüf
də var idi.
Banin isə belə aşkar tendensiyalı sual verə
bilməzdi.
Banin təbiəti etibarilə filosof idi.
Züleyxa isə praqmatik idi.
Mən Banini ilk dəfə görəndə heyrət
etmişdim ki, necə olub, bu kiçik cüssəli qadın
bizim bu fani dünyada bu qədər məşəqqətlərdən
sonra belə bir yaşa gəlib çatıb?
Mən Züleyxanı ilk dəfə görəndə
fikirləşmişdim ki, bu kiçik cüssəli qadın
bizim bu fani dünyadan, öz əsil-nəcabətinin məşəqqətlərindən
intiqam alaraq əbədi yaşayacaq, heç vaxt ölməyəcək.
Güman
ki, Züleyxa xanımın o sualının cavabı (və təqsiri!)
bütün zamanların inqilabında, inqilabların qəddarlığındadır
və o qəddarlığı az-çox duymaq
üçün istəyirəm bu dəfə də Məryəm
xanımın göndərdiyi xatirələrindən
kiçik bir parçanı yada salım:
"Üç
qardışım 1920-ci ildən sonra başlanan terrordan canlarını
qurtarmaq üçün anamla birlikdə
İstanbula qaçdılar. Mən Bakıda
xalamla qaldım. Azdan-çoxdan təhsil
almışam. Alman, ingilis, fransız, rus,
türk, bir də, təbii ki, ana dilimi mükəmməl
bilirdim və bu bilgi məndə gələcək həyatımın
heç də pis olmaması üçün arxayınlıq
yaradırdı. Mülkümüz əlimizdən
alınmışdı. Biz xalamla
kiçik bir daxmada yaşayırdıq. Amma
hardan biləydim ki, milyonçu qızı olmaq
başımıza hələ çox bəlalar gətirəcək.
Hamı kimi mən də oxumaq istədim. Hara getdimsə, dedilər, milyonçu
qızısan, sənə aramızda yer yoxdur. İşləmək istədim. Dedilər,
sənə xalqın malını etibar edə bilmərik.
Sabotaj edərsən. Beləliklə,
qaldım ac. Məhəlləmizdə bir halvasatan arvad var idi.
Günlərlə ac qaldığım vaxtlar halvasatana
yalvarıb bir tikə halva istəyərdim. Arvad da
halvanı verməzdən qabaq deyərdi:
- Hə,
milyonçu qızı, oyna, oxu, sənə halva verim.
Mən də
acından ölməmək üçün küçədəcə
qol götürüb oynayar, bildiyim mahnıları
oxuyardım, halvasatan dəli bir qəhqəhə ilə
gülüb çığırardı:
- Ay
camaat, baxın, baxın, görün bu cəmiyyət
milyonçu qızını nə günə qoyub, bir tikə
halva üçün küçədə qol
götürüb oynayır!..".
Yadımdadı,
mən Məryəm xanımın xatirələrini gecə
oxuyurdum və oxuya-oxuya da fikirləşirdim ki, o dəli qəhqəhə
ilə gülən, əslində, halvasatan arvad deyildi, ən
qədim dövrlərdən bu günə qədər
zaman-zaman bəşəriyyəti titrədən inqilablar
kabusu idi - tale isə Ümm-ül-Banunu da, Züleyxanı, Məryəmi
də seçdiyi qurbanlar sırasına salmışdı.
Şəmsi
Əsədullayev Nobel qardaşları kimi, Finlandiyada,
İranda, Türküstanda, Rusiyanın bir çox şəhərlərində
neft kontorları açmışdı və Bakıdan
başqa, Moskvada, Peterburqda iri mülklər tikdirmişdi,
Baxçasarayda türk qızları məktəbi
açmışdı, Moskvada "Teatr evi" inşa
etmişdi, hətta Kaluqada ona müraciət edən kasıb
din xadimlərinə - xaçpərəstlərə belə,
küllü vəsaitlə yardım edib kilsə tikintisinə
kömək etmişdi.
Halvasatan qadın da onun nəvəsi ilə məzələnirdi.
Məryəm xanım 70 ildən sonra Züleyxa
xanımın ABŞ-dan gəlməsi xəbərini eşidən
kimi, Moskvadan çıxıb Bakıya yola düşdü.
Xatirələrində
yazır:
"Üç gündən sonra gəlib Bakıya
çatdım, amma bilmədim hara gedim, bacımı bu boyda
şəhərdə necə tapım. Evə gəldim,
qızım dedi ki, Züleyxa xala zəng edib, bizə gələcəyini
bildirdi. Xəcalət təri məni basdı: altı nəfərin
yaşadığı balaca bir otağa bacımı necə dəvət
edim? Yadımdadır, 20-ci illərdə bizim
indiki Qoqol küçəsi ilə Nizami küçəsinin
tinindəki evimizi müsadirə edəndə dedilər ki, bir
ailə on yeddi otaqlı evdə yaşayır, yüzlərlə
ailənin isə yaşamağa yeri yoxdur.
70 il sonra biz altı nəfərdən ibarət
üç ailə bir otaqda yaşayırıq. Görəsən, günahkar kimdir? Nə isə...".
4
Mən yenə uzaq Parisə, Ryu Loristonda Baninin evinə
qayıdıram, onun söhbətlərini xatırlayıram.
Banin məni evinə, çaya dəvət etmişdi və
1988-ci ilin oktyabrında, yağmurlu bir payız axşamı
onun o balaca, amma çox xudmani və səliqəli
birotaqlı mənzilində oturub, küçə pəncərəsinin
şüşələrini, taxta sürahisini döyəcləyən
yağış tıkkatıkının müşayiəti
ilə Baninlə söhbət edirdik.
Həmin
ilk görüşümüzdə Banin sifətindən əskik
olmayan zərif və kübar bir təbəssümlə
gülümsəyə-gülümsəyə balaca
otaqdakı böyük yumşaq kürsünü göstərib:
- Burada
Bunin əyləşib! - dedi. - Siz də əyləşin!..
Və o zərif
təbəssüm, o yumor ilk dəqiqədən bir məhrəmlik
yaratdı: mən əfsanəvi Baninlə deyil, o yağmurlu
payız axşamı "Min
bir gecə" nağıllarının bir-birini əvəzləyən
- xoşbəxt və qorxunc - səhifələrindən
çıxıb Parisə gəlmiş Ümm-ül-Banu ilə
də yox, Bakıda böyümüş, Azərbaycanın mənim
üçün doğma olan ab-havası ilə nəfəs
almış, həyatın bütün keşməkeşlərinə
baxmayaraq, o ab-havanın təmini damarlarında axan qanında
saxlamış, heç kimə kin bəsləməyən, hətta
o inqilablar kabusunu belə, zarafatla ələ salan yaşlı
(və gənc!) bir xanımla danışırdım.
Baninin
daxilindəki milli mənsubiyyət hissi itib getməmişdi və 70 illik Fransa həyatı fransız
dilini onun ana dili etmişdisə də, fransız milləti, əgər
belə demək olarsa, onun ana millətinə çevrilməmişdi.
Ermənistanın Azərbaycana təcavüzü və erməni
millətçiliyinin yaratdığı yalançı
"Qarabağ problemi" elə ilk günlərdən etibarən
Fransada tamamilə birtərəfli siyasi və ictimai dəstək
tapmışdı və bu da, aydın məsələdir, həmin
ölkədəki zəngin, güclü və nüfuzlu erməni
mühaciratının coşqun (və bizə nümunə
olacaq!) fəaliyyətinin nəticəsi idi. Fransa
cəmiyyəti yalnız onların informasiyasına əsaslanırdı
və buna görə də fransızlarda bu hadisələrlə
bağlı başdan-başa yanlış təsəvvür
yaranmışdı.
Belə bir vaxtda, 1990-cı ilin lap əvvəllərində
Fransanın məşhur "Mond" qəzeti, təbii ki,
Baninin israrı ilə, onu "Azərbaycan
yazıçısı Ümm-ül-Banu" kimi təqdim
edir və məqaləsini dərc edir. Banin "vicdanlı və
obyektiv bir adam kimi öz hiddətini" bildirərək,
fransız oxucuları üçün məsələnin
mahiyyətini açır, ermənilərin Qarabağda XIX əsrin
əvvəllərində məskunlaşmağı,
onların torpaq iddialarının artıq bir xəstəliyə
çevrilməsi, daşnakların bolşeviklərlə birləşib
irqçilik siyasəti yeritməsi, Azərbaycan xalqını
"vəhşi qırğına" məruz qoymaları
barədə kəskin və əsaslandırılmış
fikirlərini söyləyir. Bu məqalə Baninin
- bu liberal əqidə və qələm sahibinin -
yaradıcılığında, olsun ki, ən sərt (qəzəbli!)
bir yazıdır.
Burası
da yadımdadır ki, mən onu Novruz bayramı münasibətilə
təbrik edəndə çox təsirlənirdi, hiss olunurdu
ki, bu təbrik onun üçün çox əzizdir, məktubla
mənə "çox şadam ki, Siz məni Novruz
bayramı münasibətilə təbrik etməyi
unutmamısınız"- yazırdı.
Bəli,
bütün bunlar belə idi, amma bütün bunlarla da bərabər,
əgər "kosmopolit" anlayışını ali mənada - bəşəri mənsubiyyət
mənasında götürsək, Banin - kosmopolit idi.
Unudulmaz
dostum, rəhmətlik Fikrət Sadığın bir şeri
yadıma düşür, mövzusu belədir ki, əgər
filan şəhərdə soruşsalar ki, haralıyam, deyərəm,
filan kənddənəm, Bakıda soruşsalar, deyərəm,
filan şəhərdən, Moskvada soruşsalar, deyərəm,
Azərbaycandan, əgər haçansa kosmosa uçmuş
olsam və orada da məndən soruşsalar ki, haralısan, deyərəm,
Yer kürəsindənəm.
Banin, bax, bu mənada kosmopolit idi, Yer kürəsinin
adamı idi.
Baxın,
elə ilk söhbətləri əsnasında İvan Bunin onu
adını dəyişməyə (guya Banin - rusca "banə",
yəni "hamam" sözünü xatırladır), rusca
yazmağa sövq etmək istəyir, ancaq bu zərif qadın
Nobel mükafatçısının nüfuzundan və
yaşından qətiyyən çəkinməyərək:
"...mən rus deyiləm və yalnız rus mühacirəti
üçün də yazmıram. Mən
özümü Qərb adamı və Qərb oxucusu hesab edirəm,
əslinə baxsaz isə mən Yer kürəsinin vətəndaşıyam"
- deyir. Daha sonra: "Siz nə üçün istəyirsiniz
ki, mən rus olub, sizin Kaşa, Maşa,
Saşalarınızdan birinə çevrilim? Məni düz
başa düşün: mən rusların əleyhinə deyiləm,
bunun əksinəyəm, ancaq mən - mənəm,
özüməm və məni özünüzə uyğun
birinə çevirməyə çalışmayın" -
deyir, hətta onu "rus şovinisti" adlandırır.
Baninin
Paris mühiti - Rusiya imperiyasından qaçıb Avropanın
mədəni mərkəzində məskunlaşmış
kasıb (və vətənsiz!), amma nəcabətlərini,
kübarlıq adət-ənənələrini qoruyub saxlaya
bilmiş ziyalılardan ibarət idi və Banin özü
yazır ki, bu zümrəyə "balet ulduzlarından
tutmuş ağqvardiyaçılaracan, zadəganlardan
tutmuş yazıçılaracan, din xadimlərindən
tutmuş sərbəst fikirli insanlaracan", "borca
yaşaya-yaşaya memuarlarını yazan və həmin
memuarlarda özlərini tərifləyib həmvətənlərini
rüsvay edən generallaracan" müxtəlif insanlar daxil
idi və belə bir mühit, şübhəsiz ki, Baninin
dünyagörüşünün formalaşmasında
mühüm rol oynamışdı.
O
yağmurlu payız axşamı Banin çay süfrəsi
üçün balaca bir piroq bişirmişdi və fürsət
düşdükcə xüsusi qeyd edirdi ki, bu piroqu
dükandan almayıb, özü bişirib və onun bu piroq
sevinci açıq-aşkar olduğu üçün mən
də fürsət düşdükcə o piroqu tərifləyirdim
(əslində, elə tərifə də layiq idi). Gözəl
bir oyun havası adamın sümüklərinə düşən
kimi, mənim bu piroq təriflərim də Ryu Loristondakı o
tərtəmiz kiçik mənzildə tənha yaşayan,
amma o tənhalığı heç vəchlə vecinə
almayan Baninin sümüklərinə düşürdü,
ona açıq-aşkar ləzzət edirdi.
Və mən bu yazını yaza-yaza tələsik həmin
bloknot qeydlərimi vərəqləyirəm.
Banin azərbaycancanı unutmuşdu, rus dilində isə
hərdən şəkilçiləri səhv salsa, xarici tələffüzü
aydın hiss olunsa da, yaxşı danışırdı və
rus dilini beləcə saxlaya bilməsində də, yəqin,
onun yaşadığı həmin o mühacirat mühiti əsas
olmuşdu.
Banin soruşdu ki, Bakıdan Parisə təyyarə ilə
neçə saatlıq yoldur?
Mən
dedim ki, Bakıdan Parisə birbaşa təyyarə yoxdur, əvvəlcə
Moskvaya getmişəm, oradakı Fransa səfirliyindən viza
almışam, sonra Parisə uçmuşam.
Banin:
- Oy-y-y!..- dedi.- Uzun bir yol gəlmisiz...
Mən təyyarədən qorxuram...
Mən:
-
Olacağa çarə yoxdur - dedim.
Və
birdən Banin daha da canlandı, işığı qətiyyən
sönməmiş mavi gözləri ilə diqqətlə mənə
baxıb elə bil ki, bir az da sevinclə:
- Siz də
fatalistsiniz?! - dedi və o saat da soruşdu:
- Yungeri oxumusunuz?
Beləcə, söhbət Ernest Yungerdən
düşdü və təəssüf ki, o zaman mən
Yungerin əsərlərini oxumamışdım. Yungerin
romanları da, fəlsəfi əsərləri də Sovet
İttifaqında nəşr olunmurdu və sovet ictimai fikri onu
gah faşistlərə qoşulmuş filosof, gah da kapitalizm cəmiyyətini
tənqid edən (ancaq partiyalı yox, "fərdi
mövqe"dən) yazıçı kimi təqdim edirdi.
Və mən
o söhbətimiz əsnasında bunları Baninə dedim.
Banin heyrət
və təəssüf qatışıq bir ifadə ilə:
- Ernestin
(beləcə, adı ilə dedi) gündəliklərini də
oxumamısız - soruşdu.
- Yox, -
dedim. - Yadıma gəlir, gərək ki, "İnostrannaya
literatura" jurnalında idi, onun haçansa bir müsahibəsini
oxumuşam, bir də haqqında bəzi yazıları. Ancaq bu qədər.
Və həmin
an Baninin gözlərindən bir kin, qəzəb
qığılcımı ötüb keçdi. Yəqin, bu, "Yer kürəsinin adamı" olan
Banin varlığının dərinlərində
mürgüləyən bir ədavətin - "inqilablar
kabusuna" qarşı, bəlkə də, konkret olaraq
bolşevizmə qarşı genetik ədavətin ifadəsi
idi.
Mən
bilirdim ki, Banin ilə Yunger çox yaxın olublar, o, Yunger
haqqında bir-neçə kitab yazıb, bir sıra əsərlərini,
o cümlədən bir romanını fransız dilinə tərcümə
edib, XX əsrin böyük simalarından biri sayılan bu
alman yazıçı-filosofu da, öz növbəsində,
Banin haqqında çox yazıb.
Sonra söhbət Buninin özündən
düşdü.
Mən
80-ci illərdə "Tamizdat"dan
Baninin indi də kitabxanamda olan "İvan Buninin son
höcəti" romanının rus dilindəki İsrail nəşrini
alıb oxumuşdum.
Banin o
povesti bu sözlərlə başlayır:
"Mən İvan Buninlə 1946-cı ildə
görüşmüşəm".
1946-cı
ildə artıq Baninin "Qafqaz günləri", "Paris
günləri" kimi romanları çap olunmuşdu və
Paris də artıq yad yox, Baninin fransız dost və
tanışlarının yaşadığı bir şəhər
idi: Kamyu, Sartr, Araqon, Elyuar, Morua, Moriak, Monterlan, Triole, K.Roy, de
Bovuar...
Paris, eyni
zamanda, onun rus mühacir dostlarının da
yaşadığı şəhər idi: İvan Bunin,
Şalyapin, Gippius, Teffi, Berberova...
Nadejda Aleksandrovna Teffi Banindən otuz yaş böyük
idi, amma bu yaş fərqinə baxmayaraq, onlar Parisdə ən
yaxın rəfiqələr olublar. Banin "İvan Buninin son höcəti"ndə
"Mən özüm Azərbaycandanam" - deyə Parisdəki
mühacirətdən bəhs edir: "Ədəbiyyat,
heç olmasa (!- E.), ona görə
yaxşı bir şeydi ki, adamları bir-biri ilə
tanış edir. Ədəbiyyat bir çox
qapıları mənim üzümə açdı, məni
müxtəlif yazıçılarla
yaxınlaşdırdı. Ədəbiyyatın
sayəsində mən ilk görüşdən sevdiyim Teffi ilə
rəfiqə oldum. Onun çox iti və
acı dili var idi. Həm də
ağıllı idi, onunla keçirilən vaxt həmişə
adamı valeh edirdi".
İvan Bunini
də Banin ilə Teffi tanış
etmişdi.
O zaman
Buninin 76, Baninin isə 41 yaşı var idi və yenə də
bu yaş fərqinə baxmayaraq (bəlkə də elə buna
görə!), biz bu gün məxsusi İvan Bunin qələminin
Baninə ünvanladığı otuzdan artıq məktubu
oxumaq imkanına malikik. O məktubların orijinalı Baninin
arxivində idi, böyük bir qismi də "İvan Buninin
sonuncu höcəti" povestində çap olunub.
O məktublar
incə, kövrək insani hisslərin əbədiliyindən
xəbər verir və Baninin həmin məktublar əsasında
yazdığı sənədli povesti də İvan Bunin qələminin
ifadə etdiyi o incə, o kövrək hisslərə layiq bir əsərdir.
Banin:
- Siz
Konstantin Simonovu eşitmisiniz? - soruşdu.
- Əlbəttə,
- dedim.
- Stalinin
adamı idi? - soruşdu.
-
Orasını deyə bilmərəm, - dedim. - Ancaq
yazıçılar arasında ən çox Stalin
mükafatı laureatı idi.
- Ən çox? Yəni neçə dəfə?
- Altı
dəfə.
Banin
gülümsədi:
- Simonovun
gözəl bir xanımı var idi, Valentina Serova. Onlar Parisə gələndə Bunini razı
salmağa çalışırdılar, çox cəhd
edirdilər ki, o, Rusiyaya qayıtsın. Bəlkə
elə bu tapşırıqla Parisə gəlirdilər?
Bilmirəm... Bunin mənə deyirdi: "Artıq Rusiya yoxdur,
Rusiya əvəzində Sovet İttifaqı var".
Və
Banin, görünür, nələrisə yadına salıb,
bir müddət susdu, sonra dərindən nəfəs alıb
yenə gülümsədi:
- İvan
Alekseyeviç Rusiyaya qayıtsaydı, əlbəttə,
xoşbəxt olardı... Ancaq onun Rusiyası daha yox idi... - Bir
neçə an susdu, sonra özü öz
fikrinə düzəliş edərək: - Yoxdur... - dedi.
Yenə
bir neçə an susub nə fikirləşdisə:
- Bunin, -
dedi. - Stalindən bir-neçə ay sonra vəfat etdi,
53-cü ilin 8 noyabrında.
Bunin məktublarında Baninə Azərbaycan dilində
"Canım" ("Djanum") - deyə müraciət
edirdi, "Doroqaə qazel" ("Əziz ceyran") -
yazırdı və bu müraciətlərdə, əlbəttə,
76 yaşlı dünyagörmüş Ustadın - aşiq
Ustadın - xəfif bir təbəssümü də var idi. Bəzən məktublarını
"Vaş pokornıy sluqa Aşik-Kerib" ("Sizin müti
nökəriniz Aşıq Qərib) - deyə
imzalayırdı və bizim məhəbbət
dastanımızın o məşhur qəhrəmanı -
Aşıq Qərib, elə bil ki, Lermontovun qələmindən
adlayıb, Astafyevin "Aşıq Qərib" operasından,
Qliyerin "Şahsənəm"indən keçib, gəlib
Ümm-ül-Banuya yetirdi.
Şahsənəm gözəl və zəngin bir qız
idi.
Banin
Şahsənəm kimi gözəl idi, amma Şahsənəm
kimi zəngin deyildi: əksinə, sadə bir həyat
sürürdü.
Bu, əlbəttə,
çox çeynənmiş səslənir, amma həqiqət
belədir: zənginlik mənəviyyatda, hisslər aləmində
idi.
Bu o zənginlik idi ki, halvasatan arvadın o dəli qəhqəhəsi
qarşısında mənəvi bir dayağa çevrilirdi.
O mənəvi
zənginlik də, görünür, həmin qorxunc inqilablar
kabusu kimi əbədidir.
Amma
bütün bunlar - mənim təəssüratlarımdır,
Banin özü isə "Qafqazlı günlər"də
yazır: "Hər dəfə xatirələrin qanadında
uşaqlıq çağlarına qayıdanda heyrət məni
bürüyür... Uşaqlıq çağlarının
yaddaşımın dərinliklərində baş qaldıran
səhnələri, sanki mənə aid deyil, sanki onları kimdənsə
borc almışam: heç cürə inana bilmirəm ki, bu
xatirələr mənə məxsusdur. Elə bil, bu hadisələr
mənim başıma gəlməyib, mən onların
arasında yad bir səyyaham...".
"Son
ümidin çağırışı", "Bizimlə",
"Mən tiryəki seçdim", "Sonra", "Yad
Fransa" əsərlərini də Parisdəki o "yad səyyah"
yazıb, F.Dostoyevskinin "Özgə arvadı"nı da
rus dilindən fransız dilinə o "yad səyyah" tərcümə
edib.
Belə bir söz də gəzir ki, Banin
xristianlığı qəbul edibmiş və mən bu barədə
ondan nəsə soruşmağı düzgün hesab etmədim. Bu yaxınlarda isə Musa
Nağıyevin nəvəsi (Fərəc Nağıyevin
qızı) Dilarə xanım müsahibəsində bunu təsdiq
edir, hətta konkret olaraq deyir ki, Banin katolik idi, ancaq baxın,
İvan Bunin məktublarında ona: "Doroqaə, prekrasnaə
Maqometanka", ("Əziz, gözəl Məhəmməd
ümməti"), yaxud "Çernaə roza nebesnıx
sadov Allaxa" ("Səmadakı Allah bağının qara
qızılgülü" - deyə müraciətlər də
edir və elə bilirəm ki, o söz-söhbətlər
şayiə də ola bilər, hər halda, İvan Buninin bu
cür müraciətləri məndə həmin
söz-söhbətə şübhə yaradır. Banin xaçpərəstdirsə, nə
üçün xaçpərəst Bunin onu "Məhəmməd
ümməti" adlandırır?
Dilarə
xanım başqa bir hadisə də söyləyir: Mirzə
Əsədullayev ikinci dəfə evləndikdən sonra,
ögey ana Ümm-ül-Banu ilə yola getmir və onu, yəni
yeniyetmə Ümm-ül-Banunu özündən 20 yaş
böyük olan istəmədiyi bir nəfərə ərə
verirlər. Sovet Hakimiyyəti qurulanda,
Ümm-ül-Banu fürsətdən istifadə edib ərindən
qaçaraq Azərbaycanı tərk edir və bundan sonra ərə
getmir.
Ancaq Banin
"İvan Buninin son höcəti"ndə ailə
qurduğunu yazır: "O (yəni Bunin - E.) bilirdi
ki, mən ərdəyəm; bilirdi ki, biz bir-birimizdən
ayrı yaşayırıq, hətta ərim heç Parisdə
də deyil". Söhbət
1946-ci ildən - Buninlə ilk tanışlıq
çağlarından gedir və o zaman Banin, özünün
dediyi kimi, evli olub.
5
Taleyin
yazısı ilə, görünür, şüuraltı hələ
də uyğunlaşmayıb, özünü "yad səyyah"
hiss edən Banin Parisdəki o balaca otağında gülə-gülə
mənə dedi:
-
Hayıf babamın o milyonlarından!..
İndi mənə lazım olardı!..
O
gülüşdə heç yüngülcə bir təəssüf
də yox idi.
Ümm-ül-Banu öz-özü ilə zarafat edirdi.
Banin
taleyinin qəribəlikləri isə davam edirdi: az qala, yetmiş illik ayrılıqdan sonra Banin
öz kitabları ilə yenidən Azərbaycana qayıtmaqda
idi.
Ümm-ül-Banu ömrünün yeni bir
başlanğıcı başlayırdı.
Mən onu Bakıya dəvət etmişdim və Banin də
həvəslə bu dəvəti qəbul etmişdi.
Amma bu səfər baş tutmadı və o, Azərbaycana
gələ bilmədi, elə bil, tale Ümm-ül-Banu ilə
oyununu hələ bitirməyibmiş.
Banin Parisdə avtomobil qəzasına düşdü və
onun sağ əli yaralandı, onsuz da zərif və zəif
orqanizmi bu qəzadan sonra özünə gələ bilmədi.
Banin daha qələm tutub yaza da bilmirdi.
Mən bu
qəzadan sonra Bakıdan telefonla ona zəng etdim və Banin
yaşıyla, yatağa düşməsiylə heç
cürə uyuşmayan gənc bir səslə zarafat etdi:
-
Elçin, Parisdə avtomobil qəzası həqiqətən
baş verdi!.. ("Glğçin, v Parije
na samom dele proizoşla avtomobilğnaə katostrofa!..").
Mənim
kitabımın adını oynadırdı...
Banin 23
oktyabr 1992-ci ildə, bizim o görüşümüzdən
düz dörd il sonra 87 yaşında
Parisdə vəfat etdi.
6
Ümm-ül-Banu, Züleyxa xanım, Məryəm xanım
- bu gün onların üçü də haqq
dünyasındadı.
Onların bu dünyadakı qorxunc və həzin, fərəhli
və qəmgin, sirli və sərt reallıqlarla dolu "Min
bir gecə" nağılları sona yetib.
"Min
bir gecə" nağılları yalnız özündən
əvvəlki minillikləri ifadə etmir, həm də
özündən sonrakı minillikləri ifadə edir.
Bu dünyadakı hər bir insan ömrü, əslində,
bir "Min bir gecə" nağılıdır, sadəcə,
hər bir missiyanın öz məzmunu, öz forması var -
kimin payına nə yazılıb.
Baninin son əsəri yarımçıq qalmış
bir romandır və o roman Məryəm ananın həyatından
bəhs edir.
Həmin romanın əlyazmasını da, bütün arxivini
də Banin Rolf Ştimmer adlı bir alman ədəbiyyat
adamına vəsiyyət edib və beləcə də bu
dünyadakı "Min bir gecə" möcüzə və
müəmmaları ilə dolu missiyasını başa vurub.
Mən onun "İvan Buninin son höcəti" əsərindən
ilk cümləni xatırladım. Həmin povestdəki
son cümləni də xatırlamaq istəyirəm.
Bu,
Hötenin məşhur kəlamıdır:
"Aller Anfanq ist schon" ("Hər şeyin əvvəli
gözəl olur").
7
Banin artıq Azərbaycana qayıdıb.
Onun əsərləri Azərbaycan dilinə çevrilib
və jurnallarda çap olunur, kitabları nəşr edilir.
Bu əsərlər əsasında pyeslər
yazılır, tamaşalar hazırlanır, filmlər çəkilir.
Onun haqqında araşdırmalar aparılır, məqalələr
yazılır.
Həmin araşdırmalarda, məqalələrdə,
müsahibələrdə onun əsil-nəcabəti -
babaları, yaxınları bir daha xatırlanır və Banin
savab qazanır.
Mən çox təəssüf edirəm ki, Baninin
bütün bunlardan xəbəri yoxdur.
Ancaq kim bilir, bəlkə də xəbəri var?
8 noyabr
1988 - 27 mart
2006 - 7
avqust 2019
ELÇİN
Ədəbiyyat qəzeti.- 2019.- 28 sentyabr.- S.2-5.