Şəhriyar Del Gerani

 

Axşamdı, əzan vaxtıdı, Allahu-əkbərim sənsən,

günaha batan çağımdı, siratəl-mustəqim sənsən.

Sənsən ey... dönüb-dolaşıb mənim xəyalımdan keçən,

Adın dilimdə zikr olan, hamım, büsbütünüm sənsən.

İlin-günün bu vaxtında ay əcəb dəli eşq bu,

əcəb gülməli eşq bu,

Gülmə, başın çəkər axı...

Bu məşum eşqim xətrinə Allah məni bağışlayar,

Bu kəm-kəsir bəxtə görə, yəqin ki, mən

Allahı...

 

***

 

Nəfs evində qul olanın tamahı daşdan keçər.

Sabahına gün ağlayar, şah üçün başdan keçər.

Oğul, hər yoldan ötəni quyuya sallamazlar,

küsmə, olsun, qardaşın işi qardaşdan keçər.

Gövhərini canan üçün xərc eyləyən ac olmaz,

zər qədrini bilən bilir, zərgər ehtiyac olmaz.

Haqq yolun tutub getməsən, Zöhrədən əlac olmaz,

Karvanqıran müsibəti səhər o başdan keçər.

Fəsli-güldə suyun eşqi əhdi yardan eyləməz,

şair olan Haqqı tanır, mədhi yardan eyləməz.

Hal bilənlər heç bi dərdi Şəhriyardan eyləməz

güzgülənib canım içrə gözümdə yaşdan keçər...

 

Qucaqlayıb yatınız içinizdəki uşağı,

əlindəki oyuncağı,

ömrün üfüqlərində görünən günəşli günləri,

sevgili gələcək yaxını,

hər nəyi, hamını...

Dimdikləri bərkiməmiş quşları da,

sizə atılan daşları da,

hələ-hələ qış görməmiş ağacları,

yaz gəlməmiş çiçəkləri,

qar tutmamış dağları,

ağlanmamış gecələrdə yaş dəyməmiş balıncları.

Siz ey bu şeiri oxuyan gözəlim hamı:

həyata oxşayan hər ki var, qucaqlayın.

Səadət - həm qucaqlaya bilməkdi ən

uzağındakı adamı...

 

***

 

Bir qərib axşamçağında dost oldu

mənə ağaclar,

daşlar məni tanısaydı, böyləcə susmazdı quşlar,

ömür bəlkə hər gün bitər, gün doğar

sevdalar başlar,

gözün yaşına döndüsə, suyun da günahı var.

Gör neçə müddət olalı yuxumdan atlar keçəli,

gül dolar saçın ətrinə, ruhum qanadlar açalı,

eşqi Leyla olan kəsin cismi səhraya köçəli

hər itin-qurdun yanında utanlacaq ahı var.

Üşümək eyni küləyə, islanmaq eyni yağışa,

eyni duada gülüşmək, tutulmaq eyni qarğışa,

Yox e... innən sora sənnən çətin ki

könlum barışa.

Bu ömür alınmadı...

 

Şübhəniz olmasın Tanrının ədalətinə:

hamı üçün eyni olur ana bətni.

Daha sonra kimiləri torpağa, suya, külə qayıdır,

kimiləri İsa gedişli -

çəkildiyi çarmıxdan göy üzünə, ata bətninə.

Tullayın bütün parfümlərinizi!

Körpə qoxusundan başqa, bütün ətirlər əvvəl-axır

gülə qayıdır.

Nədən ki,

Məryəmin bətnindən deyil, çarmıxdan dünyaya

gəlmişdi İsa...

Qayıdacaqsa, hamı qayıdacaq,

hər şey geri dönəcək.

Qayıdacaqsa, İsayla birlikdə çarmıx da gələcək.

yonulduğu ağaca çevrilib İsadan üzr istəyəcək...

İslanacaqsa, yağışlar da əvvəl-axır islanacaq.

Üşüyəcəksə, küləklər əvvəl-axır üşüyəcək.

Dağılacaqsa, əvvəlcə miflər dağılacaq,

bütlər yıxılacaq.

Günəş əbədi qürub edəcəksə,

daha əvvəl kölgələr işığa sığınacaq.

Həmin gün kitablardan deyil,

zamanlardan boylanacaq tarixin unutduğu

qəhrəmanlar,

bizə bütün həqiqətləri pıçıldayacaqlar.

həmin gun

çarmıxa oxşayacaq bütün ağaclar...

 

Boğazımdan heç keçməz demirəm,

hər şey yaxşı olacaq.

Mən sənə demirəm qal, ki

yollarına baxmıram.

Qurban olum, arxayın get,

deyirəm, darıxmıram...

Niyə belə uzaqdasan, qollarımdakı qadın?

olar ki, bu ağacın kölgəsinə qısılsaq,

bir az da doğmalaşsaq.

Gözlərindən axan yaşın adı nədir, bilmirəm,

olar ki, bu yağış da yağmasa,

bu külək əsməsə,

təbiət yorulsa...

Yağış yağmasın olar,

 

küləklər əsməsin.

Qoy bizi bu şəhərin küçələri unutsun,

yarıyolda qalmayaq.

O qaraçı qızcığaz da üstümüzə gəlməsin,

olar ki, bircə dəfə biz "xoşbəxt olmayaq...".

Heç kəs başa düşmür bizi deyirsən,

yadlar, doğmalar,

yağışlar, küləklər, o qaraçı qız.

Neyləyək?

Səni and verirəm qurumamış qaranquş

yuvalarına,

belə olma...

Bəlkə başa düşər bizi adamlar

bu şəhəri küçə-küçə ayaqyalın yerisək...

 

***

 

Gün gəlir

bədənindəki ağrıların

xatirələrə çevrildiyinə inanırsan.

Məsələn, yaxşı bilirsən

Ki,

nevrozun sarışan halları

kimin gedişidi,

kimin gəlməyişidi,

kimdəki keçmişindi...

Xatırlandıqca daha çox inanırsan ağrılarına,

daha çox ağlayırsan keçmişinə,

daha çox udur səni qapqara boşluq...

Bir

daha çox hamılaşırsan,

daha çox heçkimləşirsən,

daha çox yadlaşırlar dost-doğma adamlar...

Allaha bir ömürlük bu duanı pıçıldayırsan:

İlahi, məni bütün bədənlərdə unutdur...

 

"Unudulacaq bütün sevdalar"

 

Vaqif Bayatlı Odər

Unudar insan Tanrını

Tanrı insanı unudar.

Günəş gecədə dincələr,

gecə günəşi ovudar.

Qadın çiçəyi unudar,

unudar çiçək arını...

Suların da yaddaşında

unudular balıqlar

balıq unudar çayları.

Anamızın laylaları

əvvəlcə bizi uyudar

sonra başqa uşaqları...

Ayılarsan ki, bir sabah

açılıb bütün silahlar,

atılıb bütün adamlar.

Ölən ölüb, qalan qalıb

amma hamı unudulub.

Ağaclar kölgəsindən,

quşlar göyündən unudulub.

Köhnəlib bütün arzular,

hamı dünənindən unudulub

unuduldu bütün sevdalar...

 

***

 

Sevgi bir vətənlik yermiş qadın bədənində.

Sevgisizlik ömrün qürbətiymiş, əslində.

Mənə qalsa,

yağışları küçələrdən

duaları hecalardan

qaranlığı gecələrdən ayırardım

sənin xətrinə...

Ağacın olsaydım, çoxdan qurumuşdum

ümidin olsaydım, çoxdan puç olmuş.

Axx... mən çoxdan yorulmuş, çoxdan yorulmuş!

Elə-elə mən oldum yağışına islanan,

küləyinə üşüyən.

Elə-elə mən oldum asi düşən Allahına, tapınıb

bəndəsinə.

İtin olsaydım, təkcə özümə hürərdim,

sənin bütün yadların mənəm deyəsən.

Sevgi bir məzarlıq yermiş

gəzdirərsən bədənində.

Hamı-hamı sənə gülər,

Amma sən

əvvəl-axır dəfn edərsən

özünü lap əvvəlinə - ana bətninə...

Elə-elə mən oldum yağışına islanan, küləyinə

üşüyən.

Elə-elə mən oldum asi düşən Allahına tapınıb

bəndəsinə.

Elə mən yorulmuş,

bu mən yorulmuş...

 

Şəhriyar Del Gerani

 

Ədəbiyyat qəzeti.- 2019.- 28 sentyabr.- S.10.