Keşməkeşli taleli şair haqqında düşüncələrim

 

Məmməd İsmayıl haqqında

 

Keçən əsrin 50-ci illərində saz-söz diyarı Tovuzdan üç şair çıxdı: Rasim Kərimli, Məstan Əliyev, Məmməd İsmayıl. Rasim Kərimli ədəbiyyat aləminə sevimli şairimiz Səməd Vurğuna həsr elədiyi "Şeir bağçasının bağbanı şair" şeiri ilə, Məstan Əliyev "Gedirəm, ay ellər, sözüm-söhbətim" şeiri ilə, Məmməd İsmayıl "Ağacdələn" şeiri ilə gəldi. Rasim Kərimli xalq arasından çıxdı, ürəkləri fəth edən, nəğməyə dönən şeirləri ilə yadda qaldı. Tənqidçi Bəsti Əlibəylinin doğru olaraq göstərdiyi kimi, xalqın içindən çıxdı, xalqa da qarışıb getdi. Məstan Əliyev qoşmanın publisistikanın ən gözəl nümunələrini yaratdı. Həyatında keşməkeşlər baş verdi. Bu istedadlı şair ədəbi prosesdən kənar düşdü. Rasim Kərimli, Məstan Əliyev Beynəlxalq arenaya çıxmaq gücündə olmadılar. Əslində, buna can da atmadılar. Azərbaycanın poeziya hüdudlarını yararaq Beynəlxalq aləmə çıxan, keçmiş Sovetlər Birliyi ölkələrində Avropada söz sahibi, nüfuz sahibi kimi tanınan Məmməd İsmayıl oldu. Poeziyada da, nəsrdə uğur qazandı. Aşıq yaradıcılığını dərindən bilən alim kimi diqqəti çəkdi. Tərcüməçilik fəaliyyəti diqqətəşayandır. Son illərdə mətbuatımızda, bəlkə , ən çox çap olunan yazardır. Azərbaycan Yazıçılarının sonuncu qurultayında giley-güzar etdi. Əslində, gileyə əsas yox idi. Mən ona açıq məktub ünvanladım. Sağ olsun, ehtiram göstərdi, cavab vermədi.

Möhtərəm Prezidentimiz İlham Əliyevin bugünlərdə "Əsrin müqaviləsi"nin 25 illiyinə həsr olunmuş yığıncaqda göstərdiyi kimi, keçən əsrin 90-93-cü illəri Azərbaycan xalqı üçün çox ağır keçdi. Qardaş Türkiyə bu dövrdə Azərbaycan mütəxəssislərindən səmərəli istifadə etdi. Alimlərimiz, bəstəkarlarımız, musiqişünaslarımız, yazarlarımız Türkiyəyə işə dəvət olundular. Sərvər Qəniyev orada Simfonik orkestr yaratdı. Bəstəkarlarımız Emin SabitoğluCavanşir Quliyev "Bəstəkarlar məktəbi", Cahangir Zeynalov isə teatr yaratdı. Anar bir il müddətində iki cilddən ibarət, hər cildi 1000 səhifəni içinə alan "Oğuz şeirinin min beş yüz ili" adlı möhtəşəm antologiya yaratdı. Antologiya bütün türk dünyasını əhatə  etdi.

O vaxt Türkiyəyə işə dəvət olunanlar arasında Məmməd İsmayıl da vardı. Həmin vaxtdan Məmməd İsmayıl Çanaqqala Universitetinin müəllimidir. Türkiyədə Azərbaycan ədəbiyyatını, Azərbaycan poeziyasını sədaqətlə, yorulmadan təbliğ edir. M.P.Vaqifin şeirlərini müqəddimə ilə "Yaralı durna" adı ilə Türkiyədə çap etdirmişdir.

Şairin Türkiyədə "Bu qan yerdə qalan deyil", "Türkün sevgisi", "Bəxtimə düşən gün" və b. bir neçə kitabı çıxıb. Onun bu kitablarında və Azərbaycanda çap olunan əsərlərində vətən sevgisi, xalq sevgisi qırmızı xətt kimi keçir.

Deyirlər, ağlayanın göz yaşının nə olduğunu əvvəllər ağlamış adam bilər. Əsl vətənpərvərlər vətəndən kənar düşəndə, onlarda vətən həsrəti, vətənə məhəbbət güclü olur. Mən bunu yaşamışam. Yaxşı bilirəm ki, qürbətdə keçən həyat qaranlıq bir gecəyə bənzər, qürbətdə döyünən ürək arı pətəyi kimi para-para, şana-şana olar. Məmməd İsmayılın mütəmadi olaraq mətbuatda çap olunan həsrət yüklü şeirlərindən, məqalələrindən, povestavtobioqrafik romanından görünür ki, özü qardaş ölkədə olsa da, ürəyi vətən həsrəti ilə çırpınır. Bir gün Azərbaycansız yaşamır. Həmişə ədəbi prosesin içindədir. "Azərbaycan" jurnalı və "Ədəbiyyat qəzeti" onun yaradıcılığına geniş yer verir, əsərlərini səxavətlə çap edir. Bu o deməkdir ki, Yazıçılar Birliyionun mətbu orqanları şairə qayğısını əsirgəmir.

Nə gizlədim, Musa Yaqub, Ramiz Rövşən və Vahid Əzizə ana südü kimi halal olan "Xalq şairi" fəxri adı veriləndə siyahıda onun da adını görməyi arzuladım. O buna layiqdir. Adətən, xaricdə işləyən və ya xaricə üz tutan azərbaycanlıların bəzisi nankorluq edərək dövlətimizə, yüksək vəzifəli şəxslərə qara yaxmaqla məşğul olurlar. Məmməd İsmayılda bunun əksini görürük. Onun yeganə gileyi ətinə, qanına, canına hopan qürbətdir.  "Mən qürbətdə deyiləm, qürbət mənim içimdə" - deyir.

Bu il noyabr ayının 1-də görkəmli şairimiz Məmməd İsmayılın 80 yaşı tamam olur. Qələm dostumu, eloğlumu bu münasibətlə ürəkdən təbrik edirəm. Ona ən böyük nemət olan, qədrini itirəndən sonra bildiyimiz cansağlığı arzulayıram. İnanıram ki, 30 ildən artıq üzvü olduğum, əvəzsiz ocaq saydığım Yazıçılar Birliyi şairin yubileyi ilə əlaqədar lazımi tədbirlər həyata keçirəcəkdir.

 

Qəzənfər PAŞAYEV

 

Ədəbiyyat qəzeti.- 2019.- 28 sentyabr.- S.5.