Füzuli xatırlayır: Ey Füzuli!
Üçüncü esse
İsa Həbibbəyliyə ithaf
edilir
...O
biri gözdən uzaq, "qara dəlikdən"
çox-çox uzaqlardakı dünya hardansa
sıyrılıb çıxır və yavaş-yavaş
canlanmağa, ona yaxınlaşmağa başlayır. Nəhayət,
özünün bütün cizgiləri ilə bərqərar
olub gözə görükür. "Qara dəliyin" bir
az əvvəl donmuş kölgə kimi görünən
sakinləri hərəkətə gəlir, bir-birini eşitməyə,
duymağa başlayır, bütün əvvəlki
donuqluqlarından sıyrılıb çıxırlar. Onlar
yaşamağa başlayırlar. Onların yaddaşı
işə düşür. Onlara "daşa dön!" əmrini
verən və indi də "canlan!" deyən o gözəgörünməz
xilqətin eşqi ilə yaşamağa başlayırlar.
Öz adi, alınlarına əvvəlcədən
yazılmış və böyük zamanın konkret əsrinə,
ilinə, gününə pərçim olmuş həyatlarına
ağır-ağır, amma şövqlə davam edirlər. Və
bu zaman görürlər ki,
onlara könül azadlığını bəxş edən
şair hər şeydən usanmış kimidir.
Füzuli,
həqiqətən də, hər şeydən yorulmuş,
yaşamağı ilə yaşamamağı arasında
heç bir fərq görməyən, danışmaqdan
çox susan, fikrinin hara uçub getdiyini bəzən özü də bilməyən bir
Allah bəndəsidir. Onun ən böyük arzusu
rahatlıqdır. Bu ona bütün ağrılarının, əzablarının,
yorğunluğunun xilas yeri kimi görünür. Beynindəki
burulğanlardan, qəlbindəki təlatümdən
çıxıb qaçmaq, rahatlıq tapmaq - bütün
zamanların, xüsusən də, İntibah
dövrünün bütün şairlərinə xas olan,
onlarla bir doğulan və onlarla bir ölməyən əbədi
şair arzusu. Elə buna görə də o usanmadan
xatırlayır...
Ona
elə gəlir ki, içində tamam başqa bir adam
yaşayır. Bu başqa adam ona həm yaddır, həm də
tanış. Ürəkdən istəyir ki, bu yad və
tanış adamı başa düşsün, dərk eləsin,
bilsin görsün, bu məxluqun məsləki, qayəsi nədir?!
Hərdən ona öz qəlbini açmaq, duyduqlarını
onunla bölüşmək, dərdinə şərik etmək
və dərdinə şərik olmaq istəyir.
İçində
gizlənmiş o adam isə ünsiyyətə girməyə
tələsmir, açılsa da, gec-gec ona açılır.
Füzuli bu ünsiyyətin alınması üçün,
davam etməsi üçün əlindən gələni
edir, qəlbini ilham adlı amansız bir cəllada gecəbəgecə
təslim edir, o qəribə məxluqun yanına getmək üçün
hər gecə təzədən özünə yol
açır. Hər gecə bu yolla gedir, təsəlli kimi qəbul
etdiyi, kimlərinsə dediyi "var sübh" sözləri
var olarkən və sabah yenidən açılarkən o, yenə
də gecə gəldiyi yerə qayıdır,
axtardığını tapmayanda ruhdan düşür, səbr
kasası aşıb-daşır, amma ki, bu zaman yenə də
hər şeyə və hamıya nifrət eləmir.
Çünki o, həmişə hamını sevməyə
hazırdır. Və hamını sevərkən o öz
böyük sənətini yaradır. İçindəki o qəribə
məxluq üçün yaradır. Onu nəyəsə
inandırmağa, onunla mübahisə etməyə,
keçmiş günlərdən söhbət açıb
özünü ona sevdirməyə çalışır.
"Ey xoş ol günlər ki, mən həmraz idim canan ilə..."
deyir. Füzuli xatırlayır...
Bu
gözəgörünməz məxluqun da adı, çox qəribə
idi ki, Füzuli idi. Çünki hər şeirinin sonunda
şair məhz ona müraciət edir, məhz onunla mübahisə
edir, onu anlamağa və özünü ona anlatmağa
çalışırdı. Başqa bir Füzuliyə.
Füzuli
Füzuliyə müraciət edirdi. Onu bu gen aləmdə ondan
yaxşı duyan biri var idimi?! Yox idi.
Ey
Füzuli, kimə suzi-dilimi şərh qılım
Yox mənim
kimi yanan atəşi-hicran içrə.
Kim
kimə müraciət edir?! Kim kimə ürəyini
açmağa çalışır?! Və kim kimi
axtarır?! Ürək yanğısını kimə
"şərh qılmaq" istirlər?!
Füzulinin
də öz Füzulisi var imiş...
İçində
hamıdan gizlənən və bu şairin ondan nə istədiyini
başa düşə bilməyən, bəlkə də
başa düşmək istəməyən öz qəribə
məxluqu.
Şair
olan bəndə öz-özünə kənardan baxarkən
öz-özünü tanıya bilirdimi?!
Xatırlayırdısa, bilirdi. Xatırlamaq çətin
olanda baxıb gördüyü o qəribə məxluq ona
ancaq tanış gəlirdi. Bəlkə də o bu qəribə
məxluqu yuxularında görmüşdü?! Yaşıl
dumana bürünmüş bir adanın - "qara dəliyin"
gözəgörünməz sahibinin simasında?!
İkiləşmə
isə davam edir və özünün ən yüksək dərəcəsinə
çatır:
Qəmzə
tiğin çəkdi ol məh,
olma qafil, ey
könül
Kim
müqərrərdir bu gün ölmək sənə,
şivən mənə.
Könül
ölməyə məhkumdursa, şivən o könül
sahibinin üz tutduğu məxluqa qalır. Sən öz
ölüm "büsatını" özün görə
bilirsən. Bundan böyük bir xoşbəxtlik ola bilərmi?!
Bu
ikiləşmə həm də gözəgörünməyən
daxili mübarizənin nəticəsi kimidir. Dünya ilə, ətrafın
ilə, tanıdığın, bildiyin nə varsa, onunla
mübarizədən sonra sən qələmi
götürüb yaza bilirsən: "Ey Füzuli!" Və
bunu yazanda sən xatırlayırsan. Ancaq özündən
özünə müraciət xatırlama prosesinin
mayasında dura bilər. Füzuli isə hər şeirində
özü ilə didişir, özü ilə düşmən
olur, barışır, özünə nifrət edir,
özünü sevir, özü ilə mübahisə edir,
özünə sübut edir, özünü qınayır,
özünə acıyır, özünü mühakimə
edir, özünə qəsd edir, özünü
bağışlayır. Bütün bunlarla bir yerdə
Füzuli xatırlayır...
"Ey
Füzuli" xitabı xatırlamağın ilk
addımıdır. İkiləşmə Füzulidə olan
qədər heç bir qəzəl ustasında olmayıb.
Adı çəkmək, özünə xitab eləmək
janrın tələbi kimi başqa qəzəl yazanlarda, hətta
ustadlarda belə estetik-bədii
müstəvidə qaldı. Füzulidə isə bu, həm də
şəxsi müstəvi oldu. Döyüş meydanına
çevrildi. "Pəhləvanlar, badpalər səyridəndə
dörd yana" başqa yerdə deyil, atlarını burada səyridirdilər.
Amma
onun da ikiləşməsi birləşməyə, həsrətlə
ümid edilən birləşməyə gətirmədi. Onun
da ümidləri puç oldu. Öz içindəki o qəribə
məxluqa nə qədər üz tutub haray çəkmək
olar?! Nə qədər ümid eləmək olar ki, nəhayət,
səsini eşidəcəklər?! Çifayda! Eşitmirlər.
Füzuli içindəki o qəribə məxluqla
bacarmadı. Bacarmadığına görə də
özündən sonra onu birdəfəlik sevib geri qayıda
bilməyənlər üçün nəhəng bir
"qara dəlik" yadigar qoydu. Hamı onu sevənləri
ora yığdı. Əsrlərlə davam edən möhtəşəm
bir büsat qurdu.
Amma
ümid eləmə böyüklüyünə söz ola
bilməzdi...
Füzuli
başdan-başa ümiddir. Başdan-başa ümid və
başdan-başa bütün ümidlərin daşa dəyəcəyinə
məhkum olmanın labüdlüyünü anlayan və
bununla barışmayan mübarizə ruhudur.
Onun
böyüklüyü başa düşdüyü və qəbul
etdiyi bu labüdlüyün bağlı qapısına
vurduğu gücsüz zərbələrdədir. Hər
vurduğu zərbə ilə onun yaddaşında nə isə
baş verir. Füzuli
xatırlayır. Bəzən bu xatırlamalar adda-budda şəkildə
olsa da, Füzuli xatırlayır...
Onun
böyüklüyü "Sizif zəhmətinin"
böyüklüyüdür. Heç kimə və
hamıdan əvvəl onun özünə lazım olmayan
"vüsal" adlı dünya "malının"
aydından aydın görünməyi və yalnız ona
görünməyidir.
Bir
Allah bəndəsi özü özünə müraciət
edirsə, deməli, bu dünyada daha heç bir ümidi, pənah
aparacağı yeri qalmayıb. Sən özün
özünün son umacaq, son sığınacaq nöqtənsən.
Səndən o yana heç nə yoxdur. Yazmağa başlayanda
üzünü bütün dünyaya tutursansa və
yazdığının sonunda bu dünya
kiçilib-kiçilib yalnız təkcə səndə məhdudlaşırsa,
deməli, hər şeyin axırıdır.
Füzuli
göstərdi ki, bu, həm də hər şeyin əvvəlidir!
Onun
hər gecə ölən ümidi sübh yenə dirilirdi və
hər şey təzədən! Və hər sübh onun
üçün "bir təsəlli" kimi yenidən
açılanda o bilirdimi ki, bu gecə də, bu qəzəlin
sonunda da gəlib çıxacağı o son nöqtə yenə
də özü olacaq?! Yenə də həsrətlə bir təsəlli
kimi sübhü gözləyəcək?! "Bir təsəllidir
sənə ol söz ki, derlər var sübh".
Dünya
ilə savaşa çıxanların, Möhtəşəm
Mahiyyəti dərk etmək uğrunda mübarizə
aparanların, onun sirrini əlindən almaq istəyənlərin
hamısı əvvəl-axır böyük məğlubiyyətlərini
anlayıb özləri özündə sığınacaq
axtardılar.
O
böyük məhəbbətin o sakit adama cavabı nə
oldu?!
Və
bu məhəbbətin adı nə idi?! Və bu məhəbbətin
məkanı hara idi?!
Öz
səltənətinin - "qara dəliyin" düz
içində oturub fikrə dalmış Füzuli ürəyi
əsə-əsə əsl vətənini
xatırlayırdı:
Edəmən
tərk, Füzuli, səri-kuyin yarın
Vətənimdir,
vətənimdir, vətənimdir, vətənim...
Füzulini
başdan-başa məhəbbət aşiqi, "şəbi-hicran"
tərənnümçüsü kimi qələmə verənlər
təmiz gecə ulduzlu asimana baxıb oradakı ulduzların
sayını dəqiq saymaq istəyənlər qədər
sadəlövhdürlər.
Füzuli
başdan-başa "Mən kiməm?" sualıdır.
Mən
kiməm? Bir bikəsü biçarəvü bixaniman...
Bu sualı o özünə nahaqdan vermir. Bu beytin içindəki
konkret cavaba görə də vermir:
Taleyim
aşüftə, iqbalım nigun, bəxtim yaman...
Cavab, əlbəttə ki, bu deyil. Cavab, əslində,
onun bütün yaradıcılığıdır. Xatırladıqları və
xatırlamadıqlarıdır. O, sanki bu sualın
içində gizlənib. Elə gizlənib ki, hamının
gözündən qaçıb, şairi yaxşı
tanıyan heç kim bu adamı
xatırlamır və indi artıq o özü
özünü xatırlamaqdadır...
Və o
xatırlayır:
Ey xoş
ol günlər ki, mən həmraz idim canan ilə...
Və
yaxud:
Ruzigarım
xoş keçirdi, ah kim, dövran
dönüb,
Oldu əhvalım xərab, ol ruzigarım qalmadı.
Və
yaxud:
Tutuşdu
qəm oduna şad gördüyün könlüm,
Müqəyyəd
oldu ol azad gördüyün könlüm...
Yenə də
adda-budda qığılcımlar... Keçən
günlər və indiki günlər. Yenə
də bunların müqayisəsi. Yenə də
müqayisə "indinin" xeyrinə deyil:
Ey məh,
mənimlə dostlarımı düşmən eylədin,
Düşmən
həm eyləməz bu işi kim, sən
eylədin...
Füzuli
unuda bilmir və Füzuli xatırlayır:
Sənin
mehrü-vəfa göstərdiyin
əğyarə çox gördüm
Qələtdir
kim, səni bimehr oxurlar,
bivəfa derlər...
Füzuli "qara dəlik" adlanan o dəhşətli
məkanda belə onu unuda bilmir.
Səni tərk
etməzəm çün mən,
məni
sən dəxi tərk etmə.
Füzuli
"hadisələrin üfüqünün" kandarında
bardaş qurub əyləşib və Füzuli yenə də
xatırlayır:
Əql yar olsaydı, tərki-eşqi-yar etməzmidim?!
İxtiyar olsaydı, rahət ixtiyar etməzmidim?!
Və elə
o dəqiqə də, amma başqa bir qəzəlində
öz sualına özü cavab verir:
Ey
Füzuli, qılmazam tərki-təriqi-eşq kim,
Bu fəzilət daxili-əhli kamal eylər məni.
Bir az əvvəl ölməyə dəyərdi. İndi yaşamağa dəyər. Və
yaşamaq üçün bütün İndiyə
ünvanlanan dərindən dərin bir vida ahı çəkib
yeni güc ilə ayağa durmaq istəyən O,
özünü burada, bu "qara dəliyin" içində
deyil, "hadisələrin üfüqündə" deyil,
dünyanın o başında, hamının unutduğu
yaşıl bir adada görür.
Amma "görmək" hələ "olmaq" demək
deyil. Bu ada da onun üçün yavaş-yavaş
"qara dəliyə" çevriləcək. Burada da onu sənətinin kölgələri rahat
qoymayacaq. O buradan da istədiyi məkana qayıda bilməyəcək.
Və o, nəhayət, başa düşəcək
ki, həyatın mənası nədir. Bu,
sevmək deyil, bu, hicran deyil, bu, heç vüsal da deyil.
Həyatın əsl mənası
xatırlamaqdır. Və o
xatırlamağa başlayacaq. Əsiri-möhnəti
olduğu doğma Bağdadı, onun çirkli və isti
küçələrini, doğulduğu anı, tifilliyini,
könül azadlığını, dünyanın qəmini
"dili-ehmalına" salmağı arzuladığı gecələri,
daha nələri, daha nələri...
Füzuli heç zaman usanmır.
Füzuli
xatırlayır...
Kamal Abdulla
Ədəbiyyat qəzeti.- 2019.- 28
sentyabr.- S.6-7.