Şeirin Tanrı tərəfi
"Şeir rakursu"
rubrikası
Yoxdan var
Bəlkə də, şeir yazmağın, ən insafsız tərəfi aldanışla bağlılığı,
hətta deyərdim, iç-içə, əl-ələ
olmasıdır. İstedadsızlığını gizlətmək imkanından
məhkum olmuşlar -
"şairlər" daim
belə düşünürlər
ki, onların yazdıqları hər nə varsa İlahidən
gəlir, birbaşa Tanrıyla, qeyblə bağlıdır. Şeirin
göylərlə əlaqələndirilməsini
əksərən "şairlər"
belə izah edirlər: "Yazmağa başlayana qədər bilmirəm ki, nə yazacağam, hər şey öz-özünə baş
verir və bir də görürəm
ki, misralar səhifələrə düzülüb".
Düşünmək lazımdır ki,
təkcə şeirdə
yox, əksər yaradıcılıq növlərində
ruhi vəziyyət oxşardır. Yaradıcılıq zamanı yaranan çox nəsnənin mahiyyətində "yoxdan
var olmaq" gücü var. Əksi olsaydı, onda təbii yaradıcılıqdan
söhbət gedə bilməzdi və sənət başdan sona idarə edilən bir nəsnəyə çevrilərdi
və möhtəşəm
əsər yazmaq nəsibi çoxlarının
qismətinə yazılardı.
Əsas olan şeirin (hər hansı yaradıcılıq nümunəsinin)
enerjisinin müəllifin
varlığında necə
toplanmasını anlamaqdır.
Bəs "yaradıcı
enerji" necə yaranır?
Enerjinin doğuluşu
Yaradıcı insan özünü düşünməyə "sövq edəndən"
sonra onun ruhunda bir gərginlik
yaranır. Həmin daxili gərginlik enerjiyə çevrilir və yaradıcı adam
o enerjidən müəyyən
qədər xəbərsizdir.
Sonra həmin enerji təfəkkürdə və
onun yaratdığı
ovqatda öz ifadəsini tapır.
Bu qədər sadə prosesi sırf İlahi ilə bağlamaq "hər nə varsa göydən gəlir" təsəllisi,
yaxud düşüncə
məhdudiyyətidir. Saysız-hesabsız
istedadsız, məzmunca
təkrar, yaxud yenilik adına
sırıdıqları gərəksiz
şeir müəllifləri
var ki, onlar
istedadsızlıqlarına, yaxud "şeir istehsalına" Allahı
da şərik etmək istəyirlər. Allahın bu qədər istedadsız, yaxud "istehsalçı" şairlə
ortaqlığına inanmaq
çətindir. Əgər
belə bir proses məhz onların dediyi kimi varsa, onu
daha çox Nizami, Füzuli, Nəsimi kimi şairlərin (yaxud müasir dövrün müstəsna istedadlarının)
yazdıqlarına şamil
etmək daha məntiqli olar. Müasir dövrdə isə əksərən hər şair yalnız bir neçə dəfə oxşar ruhi məqamı yaşaya, o ovqata köklənə bilər, əksi ya özünü "özünə" inandırmadır,
ya da başqalarının
qulağından əriştə
asmaq xəyalına qapılmaq...
Toplanmaq
Şeirlər həm də yuxu kimidir, onlar
gündəlik yaşantıların,
bildiklərinin, gördüklərinin,
düşündüklərinin cəmindən yaranır. Yaşantıların cəmindən formalaşanlar
həyati, öyrəndiklərimizin
nəticəsitək meydana
çıxanlar isə
daha çox intellektual yaradıcılıq
nümunəsi kimi meydana çıxır.
İnsan
qəlbi hər iki halda "meydan" rolunu oynayır. Füzulinin dediyi "Yoxdan
varı söz" fikrinin "kənar rakurs"u, çox güman, budur.
Təqlid qanunu
Yaradıcı proses həm də sövq-təbii surətdə, bir qədər də təqlidlə bağlıdır.
İnsan
yazmaqla - hətta öz həyatını qələmə almaqla belə, öz yaşantılarını "təqlid
edir". Təqlidin ifrat
forması arzuladığını
ötməkdir. Buna "yaradıcı təqlid"
də deyirlər.
Yəni
"idealının vurğunluğu"ndan
aşır və prosesin özünün təqlidçisinə çevrilirsən
və bu da, öz növbəsində,
"müəllifə" daha böyük yaradıcı həzz verir. Çox şeir yazmaq
şeir yazmaq prosesinin təqlidçiliyinə
çevrilməkdir. Və bu
cür prosesdən həzz almaq prosesi - şeir yazmağı müəllifin
qələmə aldıqlarını
Tanrıyla bağlamasına
sövq edir. Çünki təqlid, zamanla
təbiilik duyumunun özünü belə yamsılamağa gətirib
çıxarır. Orta əsrlərdə
şövqlə vuruşanlar
hesab edirdilər ki, onların yerinə Allah vuruşur, yaxud Yaradan onlar
tərəfdən döyüşür.
Məsələn, döyüşçü nə qədər güclü zərbə endirsə, Allah da qarşı tərəfi daha zərblə vuracaq. Oxşar vəziyyət yaradıcılıqda
da (özünü inandırma kontekstində)
bu və ya başqa şəkildə
haradasa duyulmaqdadır.
Bağlılıq
Şeir yazmaq və yazdıqlarının hər
birinin gərəkliliyinə
inanmaq şairi poeziyaya qara parça arxasından baxmağa sövq edir. Şeirin Tanrı tərəfi,
çox güman, göylərlə bağlılığı
olmamış deyil, amma bu, proseslə
- şeirin yazılması
ilə bağlı məsələ də deyil, şeirin gəlib çıxdığı
nöqtəyə qədərki
proseslə əlaqəlidir
və yalnız müstəsnalara, nadir istedadlara,
seçilmiş söz
adamlarına nəsibdir.
Şairin ən böyük
bədbəxtliklərindən biri özünü "Allahla aldatması"dır.
Belə etməklə - yazdıqlarını
göylərlə bağlamaqla
şairlər bir sıra hallarda şeirin insan tərəfindən saf-çürük
edilməsinin, şərhinin
qarşısını almağa
çalışırlar. Sonuncu dinlə peyğəmbərlik məqamı
yekunlaşdı, sonuncu
şair isə hər bəşəri şeirlə doğulur...
Fərid Hüseyn
Ədəbiyyat qəzeti.- 2019.-
28 sentyabr.- S.9.