Bir badə
dolu şərabdır
susqunluğun.
İçdikcə qəhərlənir insan taleyi,
qəhərləndikcə puç olur röya.
Sənsizliyin atmosferində
Elə susqunsan...
Yağışdan sonrakı hava kimi.
Elə hava kimi məni
sinənə alıb,
buraxdın ellərə...
Elə hava kimi yox oldum
sənsizliyin atmosferində.
Elə susqunsan ki,
qan damarlarda axmağa ürək verməz,
meyil etməz göz də baxmağa.
Bir badə
dolu şərabdır
susqunluğun.
İçdikcə qəhərlənir insan
taleyi,
qəhərləndikcə puç
olur röya.
Səssizlikdir susqunluğun.
...Bethovenin kar qulaqlarında səslənir
həyat.
Piano məhv olur barmaqlarında,
simfoniyada bir-bir notlar donur.
Do...
Re...
Sol...
Hə...
sol tərəfimdə
addımlayar susqunluğun.
Elə sol tərəfimdə
səslənərsən addım-addım.
Çəng olur ümidlərin
çələngi,
xərçəng olur sabahların alnında doğan günəş.
Yox olmağa
nə var ki?
Yoluxmağa nə var?
Ölməyə sükut cəbhəsinə
gedərəm.
Təki sən bir misra
da sus.
Təki
sən bir kəlməlik də...
Adı ürək
Gözlərindən zəng aç gözlərimə,
əllərindən teleqram vur!
Yağdır baxışını susuzdur
tavanım.
Süzdür yağışını kəndlərim
yanır sənsizlikdən.
Mən dənizin maviliyindən,
mən tənha otaqların səssizliyindən
sənə səslənirəm.
Gəl...
Gecədən səhərə bir
addımlıq yol var,
təki sən unut keçmişi,
təki əllərini unut əllərimin içində,
özünü burda qoyub çıx get özündən!
Bu gündən sabaha
bir nəfəslik yol var.
Sadəcə, yum gözlərini gözlərimə,
yalnız tök səsini boğazıma.
Şamlar
insan barmaqlarıdır
qaranlıqda,
yanır insan bədənləri tək
otaqlarda...
İyirmi
birinci əsrin
iyirmi birinci kamerasının adı çöküşdür.
Qalxın,
lütfən,
bir dəqiqəlik sükut edin!
İçimdə bir şəhid var, adı "ürək".
Çölümdə bir pambıq düzü var, adı Vətən.
Balıqlar iztirabdan yorular bədənimdə,
axı damarlarımdan bir çay axır adı "həyəcan".
Eyvanlar evlərin
"etiraz yumruğudur"
buralarda.
Dəstəyi qoy, lütfən,
darıxmağı zəng
etsən də,
kimsənin səsini
duymayacaqsan.
Sənə çatan yollarım
əbədi tıxacdı
səndən keçən
dörd yollarda qırmızı işıq
yanır...
Sənə dayanmışam.
Sənə dözürəm...
Bir səs
Səni
düşünməyim gəlir
gir ağlıma addımla!
Səni
ölməyim gəlir
Bir gecə ol,
at körpüdən məni.
Al xəyalımı əllərinə,
ver dodaqlarını
düşlərimə,
səni düşünməyim
gəlir,
qəfildən bir səs ol!
Bir səs...
Mən səni
səsindən tanıyıram.
Ümid Nəccari
Ədəbiyyat qəzeti.- 2019.-
28 sentyabr.- S.7.