Çağdaş satirada "Molla Nəsrəddin"
ənənələri
Bir həqiqəti
də inkar etmək olmaz ki, zəmanənin satiraya ehtiyacı
duyulsa da, hazırkı mərhələdə satirik əsərlər
çox yazılmır və yaxud da yazılır, ancaq mətbuat
orqanlarında lazımınca yer ala bilmir. Bununla belə, demək
olmaz ki, çağdaş ədəbiyyatımızda satira
yoxdur. Əlbəttə, xeyli sayda var
və bu, özünü ayrı-ayrı şair və
yazıçıların dərc edilmiş əsərlərinin
xronikasında da göstərir. Satiraya maraq və daxili tələbat,
"Molla Nəsrəddin" ənənələrinin
uğurla davam etdirilməsi müstəqillik illərində
çap olunmuş kitablarda da əksini tapmışdır.
Xeyrəddin Qocanın "Biz bizə bənzərik"
(2010), "Xeyrəddin Qocanın gülüşü"
(2015), Baba Pünhanın "Acı həqiqət",
"Yalan çeynəyə-çeynəyə", "Mən
nə dedim ki?!" (2002), Polad Qasımovun "Narıncı
köynək" (2009), "Kreslo günahı" (2015),
Əvəz Qurbanlının "Məzardan səngərə"
(2015), Elşad Xaqanın "Nigarançılıq"
(2018) kitablarını satiranın inkişafında yeni bir
addım kimi dəyərləndirmək olar.
Polad
Qasımovun "Təmizlik dərsi", "Pul iyi",
"Tapıntı", "Maşallah olsun", "Prokurora
cavab" kimi satirik hekayə və felyetonlarında "Molla Nəsrəddin"ə
məxsus ideya və məzmun zənginliyi, lakonik ifadə tərzi,
üslub və janr rəngarəngliyi, canlı xalq dilindən,
folklordan bəhrələnmə önəmli yer tutur.
Hər
sözündə Vətən deyir,
Amma
kasıb malı yeyir?
- deyən
Polad Qasımovun satirik poeziyasında Sabir satiralarının
ruhu duyulur.
"Ədəbiyyat
qəzeti"ndə yazıçı Anarın "Bir
güllə bahar olmaz (2016, 5 noyabr), "Qərib Mehdinin
"Rentabelli toy" (2018, 12 noyabr), Səxavət
Tağların "Söyüş hesabına qazanc" (2018,
20 yanvar), Əyyub Qiyasın "Nə satırlar" (2018, 21
aprel) və başqa hekayələri satirik səpkidə qələmə
alınmışdır.
Yazıçı
Anarın "Əməkdaşımız Razı
Narazıoğlunun patriarx korifey Mənəm Mənəmovla
söhbəti" epiqrafı ilə qələmə
aldığı "Bir güllə bahar olmaz" hekayəsində
xalqın əsrlər boyu yaratdığı milli-mənəvi
dəyərlərimizə, klassik sənətkarların
yaradıcılığına və ölməz irsinə
yabançı münasibət satirik bir dillə tənqid
obyektinə çevrilir. Dialoq şəklində qurulan hekayədə
əsərin mənfi personajı Mənəm Mənəmov
özündən razı, heç kəsi bəyənməyən,
klassik irsə, böyük söz sahiblərinə qiymət
verməyən, yad təmayüllərə meyil edən,
kökdən uzaqlaşmış, yanlış
düşüncəli bir tipdir. O, Nizami, Füzuli, Vaqif, Sabir,
Mirzə Cəlil kimi qüdrətli sənətkarlara, mənəvi
abidəmiz olan "Kitabi-Dədə Qorqud" dastanına
qarşı çıxır və müxtəlif arqumentlər
gətirməklə onların xalqımızın tarixindəki
rolunu kiçiltməyə və inkar etməyə
çalışır.
Yazıçı
son dövrlərdə əsasən, gənclər arasında
yayılan bu mənfi tendensiyanı satirik qələmlə
ifşa edir və belə düşüncəyə malik
insanların düzgün yolda olmadıqlarını
açıb göstərməyə müvəffəq olur.
Əlbəttə, satirik nəsrimizdə bu cür əsərlərin
yaranması zəruri bir tələbatdan, cəmiyyətdə
az da olsa, düşüncələrdə, fikirlərdə xaotika,
çaşbaşlıq salan, xarici təsirlərə meyiletmə
tendensiyası formalaşdırmağa çalışan
qüvvələrə yazıçının tutarlı və
sanballı cavabıdır. Belə əsərlərin
yazılması öz soykökündən uzaqlaşmağa
meyil edən insanlar üçün bir ibrət dərsidir.
Şair-publisist Sərvaz Hüseynoğlu "Bir güllə
bahar olmaz" hekayəsinə münasibətini "Xalq
yazıçısı Anara açıq məktub"da
bildirmiş və bu cür Mənəm Mənəmovların
sayının çoxaldığını, hətta televiziya
kanallarında yer aldıqlarını göstərmişdir
("Ədəbiyyat qəzeti", 2016, 12 noyabr).
Qərib
Mehdinin "Rentabelli toy" hekayəsində isə toyu gəlir
mənbəyinə çevirən tamahkar insanlar tənqidə
məruz qalır. Səxavət Tağların
"Söyüş hesabına qazanc" satirik hekayəsində
ermənilərin Qarabağın işğalından əvvəl
azərbaycanlıların evlərində işləməsindən,
tamahkarlıqlarından, hər cür təhqirlərə
dözərək öz məqsədlərini həyata
keçirməyə cəhd göstərmələrindən
söhbət açılır.
Yazıçı
Vüqar Əhmədin "Plyus bədii
yaradıcılıq" ədəbi almanaxında (2018) dərc
edilən "Təzə zibil" və "Aktyorun dəfni"
hekayələri də satirik üslubda qələmə
alınmışdır.
Yazıçı
Ələmdar Cabbarlının 2018-ci ildə "Mütərcim"
nəşriyyatında çapdan çıxan
"Qızıl" adlı povest və hekayələr
kitabında toplanmış "Mirzə əfsanəsi",
"Zurnaçı", "Ağsaqqal",
"Möhbalının tərcüməçiliyi",
"Qol" və s. hekayələrində çağdaş
dövrün ictimai-siyasi bəlaları, rüşvətxorluq,
bürokratiya, özündən razılıq,
süründürməçilik kimi mənfi hallar tənqidə
məruz qalır...
"Ədəbiyyat
qəzeti"ndə satirik şeirlər də dərc edilib.
Şair Arif Abdullazadə vaxtilə C.Məmmədquluzadənin
yaradıcılığına müraciət edərək
yazıçının satirik "qəhrəmanlar"ının
silsilə obrazlarını yaratmışdır. Qəzetdə
digər müəllifin - Ağasəfanın "Bəsdir"
şeirində (2018, 17 mart) Qarabağ problemini həll etməyə
qadir olmayan "üçlüyün" seyrçi və
ermənipərəst mövqeyi tənqid olunur:
Bəsdir!
Bezdirdi bizi
Bu
"üçlüyün" gopları.
Bizi! Bizi
gözləyir
Laçının,
Xankəndinin,
Şuşanın
qapıları.
Şeirdə
şairin nifrəti, qəzəbi, üsyankarlığı
açıq-aydın görünür.
Xosrov
Hatilin "İlbizlər daraşıb zeytun
bağına" (2018, 22 sentyabr) şeirində isə Azərbaycanın
var-dövlətini, sərvətini talayanlar ilbizlər şəklində
simvollaşdırılır.
Şeir
ictimai eyibləri, dövrün sosial problemlərini, xalqın
maddi və mənəvi sərvətlərini talamaq
baxımından C.Məmmədquluzadənin "Mikroblar"
felyetonu ilə yaxından səsləşir: "Qərinələrlə
millətimizin şirin canına milyonlarca ac mikrob
daraşıb qanını sormaqdadır. Məhz bu həşəratdır
milləti xəstə edən, məhz bu mikroblardır onu bədnam
edən!" ("Molla Nəsrəddin", 1908, ¹ 9).
Çağdaş
satirada M.Ə.Sabir ənənələrinin
davamçısı Əvəz Qurbanlının da xüsusi
yeri var. Onun "Yeni müsavat"da dərc edilmiş
"Nazir", "Qalenvagendə" satiralarının əsas
tənqid hədəfləri nazirlər və nazir
övladlarıdır. Mükalimə əsasında qurulan
"Vəssalam, şüttamam" satirasında
("Mediafax.az") dövrün ictimai mənzərəsi yaradılmış,
cəmiyyətdəki sosial ədalətsizliklər,
haqsızlıqlar iki şəxsin dialoqu əsasında
oxuculara çatdırılmışdır.
Elşad
Xaqanın "Nigarançılıq" kitabında
şairin lirik şeirləri ilə yanaşı,
"Ərköyün oğlum", "Tərəqqi",
"Nigarançılıq" adlı bəhri-təvilləri
də yer almışdır.
Ayrı-ayrı
şair və yazıçıları bir araya toplayacaq əsas
satirik mətbuat orqanı "Kirpi TV"dir.
Jurnalda Məmməd
Əfşanın, Musa Qənbərlinin, Firdovsi Aslanın,
Qafar Süleymanın və başqa şairlərin satirik
şeirləri yer almışdır. "Kirpi TV"nin
redaktoru, təcrübəli şair, publisist və
yazıçı Məmməd Əfşanın "Dədəm",
"Ağlama, balam, ağlama", "Sənə nə?",
"Aman-aman..." şeirlərində rüşvətxorluqla
haram pul yığıb xalqın malını mənimsəyənlərdən,
ağır sosial problemlərlə üz-üzə qalan yoxsul
insanların həyatından, bayağı mahnılarla
xalqın zövqünü korlayan şou əhlinin səhnəni,
ekranları zəbt etməsindən və s. kimi sosial, mədəni,
məişət məsələlərindən, ictimai bəlalardan
bəhs edilir. Məmməd Əfşanın "Sənə
nə?" (¹ 3) satirası da "Dədəm" şeiri ilə
mövzu və ideya baxımından həmahənglik
yaradır. Şair jarqonlardan istifadə yolu ilə yüksək
vəzifə sahibinin qarşısındakılara
yuxarıdan-aşağıya, həqarətlə
baxmasını mənfi tipin öz danışıq aktı
vasitəsilə ittiham edir. Çatdığı mənsəblə
qürur duyan, insanları təhqir etməkdən zövq alan
biganə məmurun prototipi zəmanənin real obrazı kimi təqdim
olunur. Şair Sabirsayağı mənfi tipin öz dili ilə
özünüifşa üsulunu seçərək satirik
boyaları daha da tündləşdirir və oxucunun nifrətli,
qəzəbli baxışları ilə üz-üzə qoyur:
Rahat
kürsü, yağlı peşə, çoxlu pul,
Bu zirvəyə
qalxa bilməz hər oğul.
Eyləmişəm
çoxlarını kölə-qul,
Özüm
isə xanam-bəyəm, sənə nə?
Şair bədii,
ritorik suallar vasitəsilə satiranın təsir
gücünü daha da artırmış və oxucunun diqqətini
harınlaşmış, yüksəldiyi kürsüdə
özünü "sahibi-ixtiyar" sayan, insanları öz
quluna çevirən antipodun real cizgilərini rəsm edə
bilmişdir. Beləliklə, dövrün tipik obrazını
öz "qəhrəman"ının timsalında oxucuya
tanıtdırmağa müvəffəq olmuşdur.
"Kirpi
TV" "Molla Nəsrəddin" ənənələrinin
üslub və ifadə tərzinin özünəməxsusluğunu
yaşadan digər satirik şairlərin əsərlərinə
də geniş yer vermişdir. Musa Qənbərlinin
"Pensiya" (¹ 1) şeirində də insanların sosial
problemlərindən, gündəlik qayğılarından,
ağır yaşam tərzindən bəhs edilir. Satira konkret
faktlıdır. Cavabdeh qurum və şəxsin adının
çəkilməsi satiranın real gerçəkliyə əsaslandığını
göstərir. Bu konkret faktlı satirada öz həmvətənlərinin
taleyinə biganəlik, laqeydlik, "mən salim olum..."
prinsipi ilə yanaşma tərzi ifşa obyektinə çevrilir.
Şeirdə insanları süründürməçiliklə
get-gələ salanlar, bir çox ailələrdə
insanların yeganə ümid yeri olan pensiyaların gecikdirilməsi,
həyatın iflic vəziyyətə salınması
satiranın əsas leytmotivini təşkil edir:
Dərd
bürüyüb can-cəsədi, başı da,
Azuqə
yox yola verək qışı da,
Son
zamanlar artırıblar yaşı da,
Qismət
olmur hər qocaya pensiya.
Məlumdur
ki, "Molla Nəsrəddin" juralında elm, təhsil, məktəb
məsələləri prioritet mövzulardan biridir. Eyni
tendensiya çağdaş satirik poeziyada da geniş əksini
tapır. Firdovsi Aslanın "Təftiş gəlib" (¹ 3)
satirası Sabir satiralarında istifadə olunan "Bəxtəvər
olsun başın, bəxtimiz oğlan imiş!"
satirasına parodiya şəklində qələmə
alınıb. "Molla Nəsrəddin"də elm, təhsil,
məktəb məsələlərindən bəhs edən
satiralarda sxolastik təlim üsulları, təlimin keyfiyyətsizliyi,
mollaların şagirdlərə qarşı sərt cəza tədbirləri
tənqid hədəfinə çevrilirsə, "Kirpi
TV"də yer alan bu mövzulu satirik parçalarda isə məktəbə
gəlir mənbəyi kimi baxan rüşvətxor təftişlər,
müfəttişlər ifşa olunurlar:
Fikri-xəyalı
pulda, gözləri əllərdədir,
Mat-mat
baxma üzümə gətir görək hər nədir.
Satira
özündə bir çox janrları ehtiva etdiyindən onda
məzmun və ideya rəngarəngliyi ilə yanaşı, həm
də forma zənginliyi də diqqəti cəlb edir.
Jurnalda
yer alan mövzular olduqca rəngarəngdir. İctimai-siyasi, ədəbi-mədəni,
sosial, ekoloji, ailə-məişət və s. problemlər
satirik publisistikanın əsas leytmotivinə çevrilib. Bu
publisistik nəsr nümunələrini mövzusuna və
problematikasına görə aşağıdakı şəkildə
qruplaşdırmaq olar:
1.
İctimai-siyasi və tarixi-etnoqrafik (Bala Nəsrəddin
"Hansı millətik?", Məmməd Əfşan
"Biz kimik?", "Gəlin özümüzü və
izimizi qoruyaq", M.Hüseynoğlu "Bəy
babamızın tövsiyəsi) və s.;
2. Sosial
problemlər (M.Əfşan "Eşitdiklərimiz və
gördüklərimiz", Sərhəd Məmmədov
"Buna deyərlər milləti və dövləti
aldatmaq", "Soyuducu anbar, yoxsa ticarət mərkəzi?",
Ənvər Əliyev "Qaşını düzəltdiyi
yerdə", Şahin Səmədli "Avropanın cənub
sərgüzəştləri və ya bizim həkimlərin
möcüzələri", Ənvər Əliyev "Heyif
milyonlardan") və s.;
3. Elm və
təhsil məsələləri (Tat Qüdrət "Modul məktəb
və onun müəmmalı işləri", Firdovsi Aslan
"Təftiş gəlib") və s.;
4. Ekoloji
problemlər (Əli Elmanoğlu
"Yaşıllıqların daha bir qənimi", Atəş
"Gəlirik dənizə sarı, keçəmmirik
hasarları") və s.;
5.
Rüşvətxorluq, oğurluq və əliəyrilik (Vəfa
Qafarova "Müxalifətin görmədiyi inkişaf",
Şahin Səmədli "VEMTAZ-ın oyunu və ya inanmayan
daşa dönsün", Sərhəd Məmmədov
"Qeyb olmuş sürülər") və s.
Azərbaycan
təbiətinin, onun maddi və mənəvi sərvətlərinin
qorunması kimi önəmli məsələlər də
"Kirpi TV"-nin əsas hədəflərindəndir.
"Kirpi
TV"-nin "El-oba deyimləri" rubrikası forma, struktur və
məzmun özəllikləri baxımından "Molla Nəsrəddin"
jurnalındakı "Atalar sözləri", "Hikmətli
sözlər" başlığı ilə dərc
edilmiş parodiya və perifrazlara çox bənzərdir.
Yığcam, lakonik, sərrast və mənalı satirik
cümlələrdən ibarət olan "El-oba deyimləri"ndə
dövrün sosial problemləri orijinal üslubda və satirik
tərzdə təqdim edilir.
Jurnalın
onuncu nömrəsində isə Krılovun məşhur
"Balıq, ördək və xərçəng" təmsilindən
bir fon kimi istifadə olunmuşdur. "Qarabağ problemi"
yazılmış qovluq karikaturanın ortasında təsvir
edilmişdir. Avropa Şurasını təmsil edən ördək
qovluğu havaya qaldırır, Amerika (xərçəng)
öz tərəfinə çəkir, Rusiyanı simvolizə
edən balıq isə qovluğu tamamilə əks istiqamətə
yönəldərək özününküləşdirməyə
cəhd göstərir. Rəssam Hafiz Nəsiroğlu bu
taleyüklü problemin hegemon dövlətlərin əlində
bir alətə, vasitəyə çevrildiyini və həmin
qüvvələrin məsələnin guya onların əli
ilə həllini tapacağını satirik karikaturalar vasitəsilə
əks etdirmişdir.
Ümumiyyətlə,
bütün bunların yekunu olaraq demək olar ki,
çağdaş satira "Molla Nəsrəddin" səviyyəsinə
yüksələ bilməsə də, onun klassik ənənələrini
müəyyən qədər davam etdirməyə
çalışmışdır. İnanırıq ki,
satirik şair və yazıçılarımız cəmiyyətdə
gedən ictimai-siyasi, sosial və mənəvi problemlərə,
daxili aşınmalara biganə qalmayacaq, yeni-yeni əsərlərlə
satiranın və "Molla Nəsrəddin"in ölməz ənənələrinin
inkişafına təminat yaradacaqlar.
Gülbəniz Babayeva
Ədəbiyyat qəzeti.- 2019.- 7
sentyabr.- S.29.