Axşamdı, əzan vaxtıdı,
Allahu-əkbərim sənsən,
günaha batan çağımdı, siratəl-mustəqim
sənsən.
Sənsən ey... dönüb-dolaşıb
mənim xəyalımdan
keçən,
Adın dilimdə zikr olan, hamım, büsbütünüm sənsən.
İlin-günün bu vaxtında ay nə əcəb dəli eşq bu,
nə əcəb gülməli eşq bu,
Gülmə, başın çəkər
axı...
Bu məşum eşqim xətrinə Allah məni
bağışlayar,
Bu kəm-kəsir bəxtə
görə, yəqin ki, mən də
Allahı...
***
Nəfs evində qul olanın tamahı daşdan keçər.
Sabahına gün ağlayar, şah üçün başdan keçər.
Oğul,
hər yoldan ötəni quyuya sallamazlar,
küsmə, nə olsun, qardaşın işi qardaşdan keçər.
Gövhərini canan üçün
xərc eyləyən
ac olmaz,
zər qədrini bilən bilir, zərgər ehtiyac olmaz.
Haqq yolun tutub getməsən,
Zöhrədən əlac
olmaz,
Karvanqıran müsibəti səhər
o başdan keçər.
Fəsli-güldə suyun eşqi əhdi yardan eyləməz,
şair olan Haqqı tanır, mədhi yardan eyləməz.
Hal bilənlər heç bi dərdi Şəhriyardan eyləməz
güzgülənib canım
içrə gözümdə
yaşdan keçər...
Qucaqlayıb yatınız içinizdəki
uşağı,
əlindəki oyuncağı,
ömrün üfüqlərində
görünən günəşli
günləri,
sevgili gələcək
yaxını,
hər nəyi, hamını...
Dimdikləri bərkiməmiş quşları
da,
sizə atılan daşları da,
hələ-hələ qış
görməmiş ağacları,
yaz gəlməmiş
çiçəkləri,
qar tutmamış dağları,
ağlanmamış gecələrdə
yaş dəyməmiş
balıncları.
Siz ey bu şeiri
oxuyan gözəlim hamı:
həyata oxşayan
hər nə ki var, qucaqlayın.
Səadət - həm də qucaqlaya bilməkdi ən
uzağındakı adamı...
***
Bir qərib axşamçağında
dost oldu
mənə ağaclar,
daşlar məni
tanısaydı, böyləcə
susmazdı quşlar,
ömür bəlkə
hər gün bitər, gün doğar
sevdalar başlar,
gözün yaşına
döndüsə, suyun
da günahı var.
Gör neçə müddət
olalı yuxumdan atlar keçəli,
gül dolar saçın ətrinə,
ruhum qanadlar açalı,
eşqi Leyla olan kəsin cismi səhraya köçəli
hər itin-qurdun yanında utanlacaq ahı var.
Üşümək eyni küləyə, islanmaq eyni yağışa,
eyni duada gülüşmək, tutulmaq
eyni qarğışa,
Yox e... innən sora sənnən çətin
ki
könlum barışa.
Bu ömür alınmadı...
Şübhəniz olmasın Tanrının
ədalətinə:
hamı üçün
eyni olur ana bətni.
Daha sonra kimiləri torpağa, suya, külə qayıdır,
kimiləri İsa gedişli -
çəkildiyi çarmıxdan
göy üzünə,
ata bətninə.
Tullayın bütün parfümlərinizi!
Körpə qoxusundan başqa,
bütün ətirlər
əvvəl-axır
gülə qayıdır.
Nədən ki,
Məryəmin bətnindən deyil,
çarmıxdan dünyaya
gəlmişdi İsa...
Qayıdacaqsa, hamı qayıdacaq,
hər şey geri dönəcək.
Qayıdacaqsa, İsayla birlikdə çarmıx da gələcək.
Və yonulduğu ağaca çevrilib İsadan üzr istəyəcək...
İslanacaqsa, yağışlar da əvvəl-axır islanacaq.
Üşüyəcəksə, küləklər də əvvəl-axır üşüyəcək.
Dağılacaqsa, əvvəlcə miflər
dağılacaq,
bütlər yıxılacaq.
Günəş əbədi qürub
edəcəksə,
daha əvvəl kölgələr işığa
sığınacaq.
Həmin
gün kitablardan deyil,
zamanlardan boylanacaq
tarixin unutduğu
qəhrəmanlar,
bizə bütün həqiqətləri pıçıldayacaqlar.
Və həmin gun
çarmıxa oxşayacaq
bütün ağaclar...
Boğazımdan heç nə keçməz demirəm,
hər şey yaxşı olacaq.
Mən sənə demirəm nə qal, nə
də ki
yollarına baxmıram.
Qurban olum, arxayın get,
deyirəm, darıxmıram...
Niyə belə uzaqdasan, qollarımdakı qadın?
Nə olar ki, bu
ağacın kölgəsinə
qısılsaq,
bir az da doğmalaşsaq.
Gözlərindən axan yaşın adı nədir, bilmirəm,
nə olar ki, bu yağış
da yağmasa,
bu külək də əsməsə,
təbiət də yorulsa...
Yağış yağmasın nə
olar,
küləklər də əsməsin.
Qoy bizi bu şəhərin
küçələri unutsun,
yarıyolda qalmayaq.
O qaraçı qızcığaz
da üstümüzə
gəlməsin,
nə olar ki, bircə dəfə biz də "xoşbəxt olmayaq...".
Heç
kəs başa düşmür bizi deyirsən,
nə yadlar, nə doğmalar,
nə yağışlar,
nə küləklər,
nə də o qaraçı qız.
Neyləyək?
Səni
and verirəm qurumamış
qaranquş
yuvalarına,
belə olma...
Bəlkə başa düşər
bizi adamlar
bu şəhəri
küçə-küçə ayaqyalın yerisək...
***
Gün gəlir
bədənindəki ağrıların
xatirələrə çevrildiyinə
inanırsan.
Məsələn, yaxşı bilirsən
Ki,
nevrozun sarışan halları
kimin gedişidi,
kimin gəlməyişidi,
kimdəki keçmişindi...
Xatırlandıqca daha çox inanırsan ağrılarına,
daha çox ağlayırsan keçmişinə,
daha çox udur səni qapqara boşluq...
Bir də
daha çox hamılaşırsan,
daha çox heçkimləşirsən,
daha çox yadlaşırlar dost-doğma
adamlar...
Və Allaha bir ömürlük
bu duanı pıçıldayırsan:
İlahi,
məni bütün bədənlərdə unutdur...
"Unudulacaq bütün sevdalar"
Vaqif Bayatlı Odər
Unudar insan Tanrını
Tanrı insanı unudar.
Günəş gecədə dincələr,
gecə günəşi
ovudar.
Qadın
çiçəyi unudar,
unudar çiçək
arını...
Suların da yaddaşında
unudular balıqlar
balıq unudar çayları.
Anamızın laylaları
əvvəlcə bizi uyudar
sonra başqa uşaqları...
Ayılarsan ki, bir sabah
açılıb bütün
silahlar,
atılıb bütün
adamlar.
Ölən ölüb, qalan
qalıb
amma hamı unudulub.
Ağaclar kölgəsindən,
quşlar göyündən
unudulub.
Köhnəlib bütün arzular,
hamı dünənindən
unudulub
Və unuduldu bütün sevdalar...
***
Sevgi bir vətənlik yermiş qadın bədənində.
Sevgisizlik ömrün qürbətiymiş,
əslində.
Mənə qalsa,
yağışları küçələrdən
duaları hecalardan
qaranlığı gecələrdən
ayırardım
sənin xətrinə...
Ağacın olsaydım, çoxdan
qurumuşdum
ümidin olsaydım,
çoxdan puç olmuş.
Axx... mən çoxdan yorulmuş, çoxdan yorulmuş!
Elə-elə mən oldum yağışına islanan,
küləyinə üşüyən.
Elə-elə mən oldum asi düşən
Allahına, tapınıb
bəndəsinə.
İtin
olsaydım, təkcə
özümə hürərdim,
sənin bütün
yadların mənəm
deyəsən.
Sevgi bir məzarlıq yermiş
gəzdirərsən bədənində.
Hamı-hamı sənə gülər,
Amma sən
əvvəl-axır dəfn
edərsən
özünü lap əvvəlinə
- ana bətninə...
Elə-elə mən oldum yağışına islanan,
küləyinə
üşüyən.
Elə-elə mən oldum asi düşən
Allahına tapınıb
bəndəsinə.
Elə mən yorulmuş,
bu mən yorulmuş...
Şəhriyar Del Gerani
Ədəbiyyat qəzeti.- 2019.-
28 sentyabr.- S.10.