Mirzə Cəlil nəslinin
davamçılarının
sorağında
Azərbaycan
elmi-ədəbi və ictimai fikrinin inkişafında müstəsna
xidmətlər göstərmiş, səmərəli,
çoxşaxəli elmi axtarışları, fəal, fədakar
ictimai fəaliyyəti ilə humanitar və ictimai elmin
inkişafına sanballı töhfələr vermiş
görkəmli akademik İsa Həbibbəyli ilə
tanışlığımızın tarixi, münasibətlərimizin
təmənnasız, təmiz təməli bu sanballı, sadə
və səmimi insan haqqında gen-bol bəhs etməyə
ciddi əsasdır və ümid edirəm ki, bu mövzuya
qayıdacağıq. İndi isə
böyük alimin bir elmi axtarışının qısa təsviri
ilə kifayətlənəcəyəm. Bu
axtarışların arxasından Vətən, millət
aşiqi Mirzə Cəlil Məmmədquluzadə
sevdalısı inadkar və istedadlı tədqiqatçının
bənzərsiz portreti boylanır, onun hiss, həyəcanları,
nigarançılığı,
narahatçılığı, istədiyini
tapmadığı zaman məyusluğu, kiçik
tapıntısı zamanı məsudluğu duyulur, ürək
çırpıntıları eşidilir.
...Düz
30 il bundan əvvəlin - 1989-cu ilin - növbəti dəfə
"dünyaların titrədiyi, aləmlərin mayallaq
aşdığı, fələklərin bir-birinə
qarışdığı, millətlərin yuxudan oyanıb
gözlərini açdığı" dövrün söhbətidir. Tarixin belə
təlatümlü dövründə, Vətənin
bütövlüyünün, milli ruhun, milli dəyərlərin
təhlükədə olduğu məqamlarda özünüdərkin
və milli ideyaların təbliğinə daha çox ehtiyac
duyulduğu vaxtlarda ölkədə gedən ictimai-siyasi, mədəni
və elmi-ədəbi proseslərə əsl ziyalı və
vətəndaş mövqeyindən yanaşmaq, bu proseslərdə
fəal iştirak etmək mənəvi zənginlik və
böyük hünər tələb edirdi. Məhz belə məsul
və təlatümlü zamanda "vətən, vətən,
vətən; dil, dil, dil; millət, millət, millət!.. Dəxi bu dairələrdən kənar bəni-növibəşər
üçün nicat yolu yoxdur"- deyən böyük Cəlil
Məmmədquluzadənin həyatını, fəaliyyətini,
onun bənzərsiz kəlamlarını, vətəndaş
harayını, tarixi əhəmiyyətini, çağdaş
və gələcək dövrlər üçün də
aktuallığını itirməyən dəyərli irsini
yeni dövrün tələbləri baxımından
xatırlatmağı, yada salmağı, bu istiqamətdə
araşdırmaları, onun coğrafiyasını, ideya
arealını daha dərindən tədqiq etməyi
qarşısına məqsəd qoyan İsa Həbibbəyli
dövrün ən nüfuzlu orqanı - dünya azərbaycanlılarının
milli tərcümanına çevrilmiş "Odlar yurdu"
qəzetinə bir-birinin ardınca məqalələr göndərməyə
başladı.
İstedadlı
tədqiqatçı İsa Həbibbəyli qəzetin mart
1989-cu il tarixli 5-ci nömrəsində dərc etdirdiyi
"Ənvəri kim tanıyır" adlı məqaləsində
böyük ədib Cəlil Məmmədquluzadənin mənalı
ömür yolunun, çoxcəhətli
yaradıcılığının öyrənilməsi və
təbliği sahəsində diqqətəlayiq işlər
görüldüyünü, əsərlərinin dəfələrlə
çap olunduğunu, haqqında monoqrafiyalar
yazıldığını, film çəkildiyini, heykəlinin
ucaldıldığını, xatirəsinin əbədiləşdirildiyini
vurğulayır, eyni zamanda hələ görüləsi
işlərin də çox olduğunu qeyd edir. O göstərir
ki, ədibin həyat və
yaradıcılığının hərtərəfli, daha dərindən,
günün tələbləri səviyyəsində
araşdırılmasında elm, ədəbiyyat və incəsənət
xadimləri ilə yanaşı, yazıçının ailə
üzvlərindən, nəslindən olan adamların
böyük köməyi də dəyə bilər. Tədqiqatçı
hələlik Cəlil Məmmədquluzadənin hansısa
xarici ölkədə yaşayan kiçik oğlu Ənvər
Məmmədquluzadənin sağ olduğunu güman etdiyini
göstərir, onun barəsində arxivlərdən əldə
etdiyi bəzi bilgiləri oxucularla bölüşdükdən
sonra yazır: "Bütün bunlar nə dərəcədə
doğrudur?- deyə bilmərik. Buna ancaq Ənvər Məmmədquluzadənin
özü (əgər sağdırsa), yaxud hansısa ölkədə
yaşayan övladları cavab verə bilər. Hər halda xaricdə onu tanıyanlar olmamış
deyillər. Ənvər Məmmədquluzadə, yaxud onun
ustad Mirzə Cəlilin nəvələri olan övladları
və ya onları tanıyanlar sorğumuza cavab verməklə
çox xeyirxah iş görmüş olarlar". Alimin fəhmi, hissi, gümanı, ehtimalı onu
aldatmır. Üstündən heç bir
ay keçmir ki, parlaq zəka, erudisiya sahibi İsa Həbibbəylinin
arzusu çin olur. Ənvər Məmmədquluzadə
ilə bağlı "Odlar yurdu" qəzetinə məktəb
yoldaşlarından, onu tanıyanlardan məktublar daxil olur.
Qəzet həmin məktublardan birini - Ənvərin
ögey qardaşı Müzəffərin qızı, Həmidə
xanım Məmmədquluzadənin nəvəsi Mina
Davatdarovanın "Ənvərin qürbətdəki həyatı"
adlı yazını dərc edir ("Odlar yurdu" qəzeti,
¹7, aprel 1989).
Yazıda o vaxta kimi ədəbi, elmi ictimaiyyətə məlum
olmayan və nəinki yalnız Ənvər Məmmədquluzadəyə,
bütövlükdə Mirzə Cəlilin ailə şəcərəsinə
aydınlıq gətirən çox sayda faktlar sadalanır,
onun nəslindən olanlar, sağ qalanlar, İranda,
İspaniyada, Fransada, Polşada... yaşayanlar haqqında
maraqlı məlumatlar verilmişdir. Bu yazı
onsuz da Mirzə Cəlil irsinə sevdalı, əqidəsinə
aşiq İsa Həbibbəyliyə yeni ruh, həvəs verir.
O, böyük coşqu ilə bu istiqamətdə tədqiqatlarını,
axtarışlarını davam etdirir. Bir
müddət sonra "Odlar yurdu" qəzetində onun olduqca
təsirli, düşündürən "Burdan Təbriz
görünür" adlı elmi-publisistik yazısı dərc
olunur ("Odlar yurdu" qəzeti, ¹12, iyun 1990). Müəllif məqalədə qədim mədəniyyət
mərkəzlərindən olan, füsunkar təbiəti, vətənpərvər,
səxavətli, səmimi, qonaqsevər insanları ilə
şöhrət tapan Mərəndə səfərindən, Cənubi
Azərbaycanda ədəbi-mədəni mühitdən
geniş bəhs edir. Lakin müəyyən
səbəblərdən Təbrizə gedə bilmədiklərini
qeyd edir. Müəllifin həyəcanı
anlaşılandır: "Qısamüddətli Cənub səfərimdə
böyük ədibimiz Cəlil Məmmədquluzadənin
hazırda İranda yaşayan nəvələri ilə müəyyən
əlaqələr yaratmaq niyyətində idim. Bu işə
bir il əvvəl "Odlar yurdu" qəzetində
dərc etdirdiyim "Ənvəri kim tanıyır"
adlı məqalə ilə başlamış, sonra "Səhər"
və "Şərq qapısı" qəzetlərindəki
məqalələrlə axtarışları dərinləşdirmişdim.
Təəssüf ki, Mərənddən o yana
gedə bilməməyimiz bu işə mane oldu. "Böyük
ədibin oğlu və nəvələri" adlı məqaləmi
və Ənvər Məmmədquluzadənin ailə üzvlərinin
şəkillərini "Varlıq" dərgisinə
göndərmək də müşkülə
düşdü". Bununla belə,
İsa Həbibbəyli Cənubdan unudulmaz xatirələrlə
qayıdır. Zəngin müşahidə qabiliyyətinə
malik olan müəllifin qənaətlərinə görə,
mərəndlilər Dağlıq Qarabağ ətrafında
baş verən hadisələrlə yaxından maraqlanır,
elmi-ədəbi söhbətlərə həvəslə
qoşulur, Səməd Vurğun, Mirzə İbrahimov,
Əliağa Vahid, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə,
Nəbi Xəzri kimi sənətkarları tanıyır, Məmməd
Səid Ordubadinin, Mirzə Ələkbər Sabirin əsərlərinə
bələd olduqlarını bildirirdilər.
Cəlil
Məmmədquluzadənin övladı, yaxud nəvələri
ilə
görüşmək cəhdi birinci səfərində
baş tutmasa da, bu, İsa Həbibbəylini həvəsdən
salmır. O, axtarışlarını qətiyyətlə,
inamla, inadkarlıqla, ümidlə davam etdirir. İndi o,
yalnız Ənvər Məmmədquluzadəni yox, Mirzə Cəlilin
xarici ölkələrdə yaşayan bütün
qohumlarını axtarmaq qərarına gəlir və
"Odlar yurdu" qəzetində "Haradasınız, Mirzə
Cəlilin nəvə, nəticələri" rubrikası ilə
"Məmmədquluzadə nəsli mühacirətdə"
adlı irihəcmli məqalə dərc etdirir ("Odlar
yurdu" qəzeti, ¹12, iyun 1990). Məqalədən məlum
olur ki, İsa Həbibbəyli Cəlil Məmmədquluzadə
sorağında olan axtarışlarının
coğrafiyasını genişləndirmiş, həmin
münasibətlə "Odlar yurdu" və "Səhər"
qəzetlərindən başqa, Tehranda nəşr olunan
"Varlıq" jurnalında, Varşavada çıxan
"Vanda" jurnalında məqalələr və fotolar dərc
etdirmişdir. Artıq imzası, məhsuldar və sanballı
yazıları ilə elmi-ədəbi ictimaiyyət arasında
yaxşı tanınan İsa Həbibbəyli etibarlı mənbələrə,
arxiv sənədlərinə, mövcud tədqiqatlara istinad edərək
məqalədə Cəlil Məmmədquluzadənin, onun nəslinin
tərcümeyi-halını təfərrüatı, təfsilatı
ilə təqdim edir. Təkcə mühacirətdə
məskunlaşanlar barədə məlumatlar kifayət qədər
deyildi. Odur ki, məqalənin sonunda İsa Həbibbəyli
üzünü xaricdəki həmvətənlərinə
tutur, onlara səslənir: "Siz haradasınız, ulu Mirzə
Cəlilin nəvə və nəticələri?!".
İsa Həbibbəylinin "Odlar yurdu"ndakı
növbəti məqaləsi onun nikbin əhvalından, istəyinə,
arzusuna çatacağına ümid etdiyindən xəbər
verir. O, Mərəndə
ilk səfərindən fərqli olaraq, İranla
tanışlığın coğrafiyasının genişləndirdiyini,
oradakı ziyalılarla sıx təmas qurduğunu məmnunluq
hissi ilə yazır: "Artıq Təbriz və Urmiyyə, Mərənd
və Xoy, Sofian və Qaraziyəddin, Əlamdar, Culfa,
Şüca, Bəhlulabad, Poldəşt az qala mənim
üçün bu taydakı şəhərlər qədər
məhrəm və aydındır" (İsa Həbibbəyli.
Tanıyırsınızmı. "Odlar yurdu" qəzeti, ¹13, iyul 1991). Nikbin
notlarla dolu bu yazıda müəllif, sanki oxucusuna müraciət
edir: - Məni izlə, tezliklə sənə xoş xəbər
çatdıracağam!
Sözünə
sadiq İsa Həbibbəyli bir müddət sonra "Mirzə
Cəlil ocağının istisi..." məqaləsini
yazır və "Odlar yudu" qəzetinin oxucuları ilə
növbəti görüşə gəlir ("Odlar
yurdu" qəzeti, ¹32, 20 noyabr 1992). "Düyünlər
açılır" rubrikası ilə dərc olunan
yazıdan aydın olur ki, ötən müddət ərzində
cəfakeş tədqiqatçı yorulmaq bilmədən,
tükənməyən enerji və böyük həvəslə
axtarışlarını davam etdirmiş və heyrətamiz nəticələrə
nail olmuşdur. Müəllif yazır: "Əvvəlcə
möhtərəm alimimiz Abbas Zamanovun imkanları və xarici əlaqələri
vasitəsilə, sonra "Vətən" Cəmiyyətinin,
onun orqanı olan "Odlar yurdu" qəzetinin xətti ilə
80-ci illərin əvvəllərindən etibarən
başladığımız axtarışlar böyük
yazıçının nəslinin taleyi barədəki
qalın sükut buzunu parçaladı. Mirzə
Cəlilin nəvə-nəticələri ilə
görüşəcəyimizə ümid yarandı".
Bu ümid, bu inam, bu inadkarlıq, bu istək, bu
həvəs alimə böyük uğurlar gətirir.
İsa Həbibbəyli Mirzə Cəlil ocağı nəslinin
nümayəndələrinin xaricdə yaşayan
davamçılarını nəhayət tapır, onlarla həmsöhbət
olur, xatirə şəkli çəkdirir, Ənvər Məmmədquluzadənin
Tehrandakı qəbrini ziyarət edir... İsa Həbibbəylinin
25 yanvar 1992-ci ildə Cəlil Məmmədquluzadənin nəvələri
ilə Tehran şəhərindəki görüşü
haqqında o zaman ən populyar olan "Səhər" və
"Odlar yurdu" qəzetlərində geniş məlumatlar
verilmiş, şəkillər çap olunmuşdu. "Səhər" qəzetində çap
olunmuş "Mirzə Cəlilin nəvələri
tapıldı" məqaləsi Azərbaycanda böyük əks-səda
doğurmuşdur. Məqalədən aydın olur ki,
İsa Həbibbəyli Tehran şəhərində
böyük ədibimiz Cəlil Məmmədquluzadənin nəvələri,
1979-cu ildə İranda dünyasını dəyişmiş
Ənvər Məmmədquluzadənin övladları Midhət
Cavanşiri, Teymur Cavanşiri və İrena Cavanşiri ilə
görüşmüş, şəkil çəkdirmiş, əlaqələr
yaratmışdır.
Akademik
İsa Həbibbəyli ilə söhbətlərimizdən
öyrənmişəm ki, o zaman hələ İran İslam
Respublikasına gediş-gəlişin çətin olduğu
prosesin rəsmiləşmədiyi bir dövrdə Mirzə Cəlil
Məmmədquluzadənin nəvə-nəticələri ilə
görüşmək üçün zəruri olan bu səfərin
təşkili Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri, ulu öndər Heydər Əliyevin
qayğısı ilə həyata keçirilmişdir.
Sonralar akademik İsa Həbibbəyli böyük
yazıçımız Cəlil Məmmədquluzadənin
Fransada yaşayan nəvəsi Mehri xanım Səqqətniya ilə
də əlaqə yaradıb, onunla Parisdə
görüşmüş, əlaqə yaratmışdır. Bütün bunların əsasında
o, "Cəlil Məmmədquluzadənin nəsil şəcərəsi"ni yaratmışdır. Bu, Azərbaycan
ədəbiyyatşünaslıq elmində ilk
yazıçı şəcərəsi kimi mühüm əhəmiyyət
kəsb edir.
19.09.2019
Abid Tahirli
Ədəbiyyat qəzeti.- 2019.- 28 sentyabr.-S.11.