Piano dilləri, yaxud
Bəxtiyar Vahabzadə eşqə dair
...Uşaq yaşlarından indiyə qədər oxuduğum, oxuyub əzbərlədiyim, ya da yaddaşıma, onun daxilindəki yalnız mənə aid olan hücrəsinə hopdurduğum şeirlər var, özü də necə, sakit tonlu, həzin, mətləbin, mövzunun yalnız ürəyinə toxunan və toxunduqca qəribə intibalar yaradan mətnlər... Bu mətnləri biz sonradan unuduruq, təkcə ona görə yox ki, yaşlaşırıq, yaddaş yeyilir, dolur, yaddaş saxlancına təzədən yüklənmə əmri verilmir, başqa bir məqam var burda zənnimizcə, yaddaşa yığdığın şeylər nə qədər təmiz olsa da, sonradan çirklənir, həyat belədi, toz qonur üstünə, hansısa aqressiv vəziyyətin təsirinə məruz qalır və sair. Çünki yaddaşımızın ən təmiz yerində qərar tutan bu nəsnələr ətrafla təmasa möhtacdır, təmas yaranmalıdır ki, o şeylər diri qalsın, həyatın tozuna bələnsə də, güc tapıb özü-özünü yeniləsin, üstündəki min ilin tozunu çırpa bilsin. Əks halda, yəni biz buna layiq olmayanda o təmiz şeylər qeyb olur, izi-tozu belə qalmır. Baxmayaraq ki, bəzi şairlər gənclik çağında yazdıqları şeirləri belə, ahıl vaxtında əzbər deyə bilirlər. Amma bunun həmin o ruhi vəziyyətlə bir əlaqəsi yoxdu, məncə. Sadəcə, hafizə psixologiyasıdır. Ən yaxşı yaddasaxlama o olardı ki, o nəsnə içini tam olaraq doldursun, əzbər demək istəyəndə sözlər dilinin altında qalsın və ən yaxşısı da nə qədər gözəl olur-olsun, o mətni heç yazmamaqdı, çünki, ya bəlkə, hər şey çirklənir...
***
Çoxları Bəxtiyar Vahabzadəni ictimai pafoslu şair kimi tanıyır. Bu şeirlərdə doğrudan da, ictimai xarakterli hadisələr dövrün nəbzinə uyar şəkildə, həm də Bəxtiyarın zövqü və üslubu libasında təqdim edilir. Bəxtiyar Vahabzadə istiqlal şairidir, "Gülüstan" poemasının, digər ağır ictimai ruhlu əsərlərin müəllifidir.
Ancaq... hər bir şair ən dürüst formada özünün eşqə dair qımqımalarında, həsrətdən köynək geyinən mətnlərindən bilinir. Bu şeirləri oxuyanda adamda qəribə təəssürat yaranır: sanki şair bunları ömrün, gərgin ictimai fəaliyyətinin imkan yaratdığı qısa fasilələrdə iki daş arasında yazıb. Həm də vaxt darlığı ucundan bütün ehtirasını, bütün dərdini şeirlə göstərmək inadı ilə. Və ən qəribəsi heç bu da deyil; insanı təəccübləndirən ən yekə səbəb odur ki, şair bu şeirlərində sevgi temasına, həsrət, hicran motivlərinə illüstrasiya çəkmir, əlindəki fırçanı bir yana tullayıb sevgisini izhar edir və bu şeirlərin hər misrasında onun qəlbinin dərinliklərində böyük bir aşiq olması və bunu öldüyü günə qədər gizlətməməsi oxunur: ömür dediyin budur, yerdə qalan nə varsa, mənasız təfərrüatdır...
Təsəvvür edin: gündə bir şeir yazırsan, zaman keçdikcə toxunduğun məsələlər də bitir, tükənir, dönüb baxırsan, gör nə qədər mətləb var, insanlar yol gedə-gedə bu şeirlərdən seçdikləri misraları əzbər deyirlər, məclislərdə oxuyur, nümunə gətirirlər, hətta qəlbinin dərinliklərində özlərini günahkar sayan insanlar da bəzən bu şeirlərə qısılırlar. Azadlığa əl çatmadı, ömrün başa çatdı... Bu misra Bəxtiyarın Şandor Petefiyə həsr etdiyi şeirdəndir. Mən uşaq olanda rayon bazarına gedən yolda insanların o bir neçə metrilk yolda Səməd Vurğun və Bəxtiyardan nə böyük ehtirasla şeir dediklərinin şahidi olmuşam. Bəs baş əymədiniz, əymədim, bəli/ Əyilməz vicdanın böyük heykəli... Hakim barmağını basdı zənginə, xəfif bir qızartı çökdü rənginə...
Yaxud:
Bizim sənət dünyasının
Qırıq telli sazıyam.
Bircə ondan
razıyam ki,
Özümdən narazıyam.
Hər şey hikmət rənginə boyanır, sənə elə gəlir ki, artıq ən böyük həqiqətləri də beləcə, misralardan yaratdığın düzümlə kəşf edə, aça bilərsən. Ancaq... sən dünyaya gələndə səninlə bir doğulan, səni başqalarına hiss etdirən köksündəki bülbül yuvasının həniri eşidilməyə başlayır, bu andan sonra hər şey acı verir, ağrıdır, daha nəyəsə sevinməyin gəlmir.
... Mən bir qəm daşıyam,
Qəlbinə dəydim.
Nə imiş bu dünya qəmsiz, kədərsiz?
Gördüyün yuxunu mən də görəydim
Səninlə bərabər, səndən xəbərsiz.
Bu tipli şeirləri istənilən şairin sevgiyə dair şeirləri ilə müqayisə edin, tutuşdurun, çox mətnlərin temaya illüstrasiya olması ilk oxunuşdan bilinəcək.
Bəxtiyarın bu tipli şeirlərində klassik poeziyadan gələn bir dürüstlük var. Bu xassəni poetik kateqoriya kimi ifadə etməli olsaq, bunu deyə bilərik ki, adıçəkilən mətnlərdə poeziya, doğrudan da, "mütləq reallıqdır" (Novalis). Söz, sözün içindəki duyğu nə qədər dərindən gələrsə, dünya, gerçəklik bir o qədər mükəmməl şəkildə göstərilə, aşkar edilə bilər. Adını çəkdiyimiz Novalis yazırdı ki, "gözəl günlər gələcək, insanlar gözəl bədii əsərlərdən başqa bir şey oxumayacaqlar. Bütün digər kitablar unudulacaq, həmin zamanda bu kitablar dünyanı dərk edib qavramağın vasitəsi kimi kütləşəcəklər. Şair təbiəti alimin təfəkküründən daha yaxşı qavrayır. Əvvəllər şairlə kahin canbir qəlbdə idilər və yalnız sonralar zaman onları ayırdı. Ancaq həqiqi şair bütün zamanlarda kahin olub, həqiqi kahinlərsə şair. Bəşər dünyası allahların ümumi orqanıdır - poeziya onları, onlar bizi birləşdirən kimi bir nöqtənin bətnində qovuşdurur...".
Əbədi olan xassələrdən yaza bilmək güc tələb eləyir. Bəlkə ona görə ki, şair bu kimi "mətnləri" tam şüursuzluq halında yazır, könlünə, ürəyinə dolan hiss və duyğuların mətnə çevrilməli olduğunu unudur, sanki bu lal duyğuları hansı musiqi alətindəsə dilə gətirirmiş kimi davranır, mistik aura yaranır: bu ifrat dərəcədə şəxsi, intim duyğular bir təsadüf ucundan açılmalıdır. İlkin halında bu duyğular təsəvvür edilməsi mümkün olmayan nəsnələri təqdim edir, görünməz şeyləri görür, hiss edilməyən şeyləri hiss edir. Bu halətin kritikliyi, şairin yuxudaymış kimi həmin halı mətn halına salmaq ehtirasının doğulması subyekt və obyekti eyniləşdirir, qəlbi və ondan kənardakı nəsnələri bir kontekstə gətirir. İndiyə qədər ayrı-ayrı qırıntılar və fraqmentlər formasında təzahür edən zaman tam, bölünməz və həm də bu təsadüfdə artıq dərkedilməz bir şeyə çevrilir. Bu səbəbdən poeziya dünyanı qavramaq yolunda bir əlaca möhtac qalır, özündən kənardakı hər şeyi içinə çəkmək, öz daxili bataqlığına batırmaq - poeziyanın dünyanı anlamaq üsulu bundan başqa bir şey ola bilməz. Bu ümumi xassə qəribə deyil ki, həm Novalisdə, həm də XX əsrin filologiya dahisi Baxtində əsas aspekt kimi qeyd edilir, - demək, eyni həqiqətlərə çatmaq, onları eyni dürüstlüklə ifadə etmək üçün çox şey tələb edilmir - köksündəki bülbül yuvasını unutmamaq...
Əllərini üzüb məndən,
Yarım birbaş gedən oldu.
Can deyib,
can eşidərdik,
Bu ayrılıq nədən oldu?
Bəxtiyarın bu şeirindəki adi sözlər, adi
misralar bayaq dediyimiz halı dürüst ifadə edir, duyğu
düzgün tutulduğu və ən əsası təyinatı
üzrə ifadə edildiyi üçün hər şeyin
bayatılardan, Orta əsrlər şeirinin mübhəmliyindən
süzülüb gəldiyini zənn edirik. Ancaq heç
nə heç hardan gəlmir, hər şey bir yerdədir,
üstündən bu qədər zaman keçməsinə
baxmayaraq, eşqə tapınan insan duyğusu dəyişməyib.
Yandı
ürək kabab oldu,
Gül
bağçamda xəzan oldu,
Mən ki
səndən ayrılmazdım,
Bu ayrılıq nədən oldu?
Hətta
bu təsadüfdə eşq acısı, dərd, möhlət...
elə bir amplitudada verilir ki, "ayıq halda" bu mənzərəni
görmək, təsəvvürə gətirmək çətin
olardı:
Bu həsrətdən,
bu möhnətdən
Gözümün
yaşı dən-dən oldu
Və nəhayət:
Öz
eşqimdən, diləyimdən,
Ayrı düşdüm illərlə mən.
Ancaq səndən
ayrı gəzən,
Ürək
deyil, bədən oldu!
Bəxtiyarın eşqə dair şeirləri digər
şeirlərindən kəskin şəkildə fərqlənir,
ritmi, intonasiyası, daxili obrazları, bu obrazların daim rəngdən-rəngə
girməsi, sanki təbiətin bir parçasına çevrilməsi
və sair ilə. Yenə də, Novalisin fikrincə,
nağıl yuxu kimdir, real bağları
qırılmış şeylərin, möcüzə təsiri
bağışlayan nəsnələrin gəlib təsadüfən
bir kontekstdə yığışması, bir olması kimi.
Şair sözə və əşyalara, belə deyək,
pianonun dilləri kimi yanaşır, burdan, bu davranışdan
hansı "səsin" çıxmasını bilmədən
səni haçansa quşların, heyvanların və
ağacların danışdığı bir zamana
daşıyır, ani olaraq görürsən ki, qadın
sevdiyin bir bitki kimidir, səhərə qədər gözünü
yummayıb gözləməlisən ki, çiçəklərin
açmasını görəsən, əks təqdirdə
kosmosa əlin çatmayacaq.
Sən üzünü o gülə, bitkiyə,
çiçəyə tutub onu Tanrıya bənzəyən
vaxtına döndərmək istərsən. Darıxmaq aclıqdır,
heç nə ilə dəf edilməyən aclıq...
Yuxuma gəlmişdin...
Qısıldıq küncə.
Danışdıq...
Yel əsdi... Dağıldı dərd-qəm.
Kölgəyə
dönmüşdüm, Səni görüncə
Sənin
işığında yox oldu kölgəm...
Klassik poeziyada da belədir. Eşq camından içdinmi, nəinki
bu dünyada, heç qiyamətdə də bidar olmazsan...
***
... Bir yerdə oxumuşdum ki, Bəxtiyar şeiri Şəkinin
ucqar məhəllələrinin birində çalınan məktəb
zəngi ilə başlayır. Dəqiqdir,
həm də Bəxtiyar adlı şairin özünün
şeirə qarışan, onunla birləşən
obrazının təyinatı baxımından yerinə
düşür. Bu mətnlərdə Bəxtiyar
saysız-hesabsızdır, yəni obraz kimi, Şəkidə
bir dağ çayının qıjıltısından
görünən, payızın içində görünməz
olan, saçları, ürəyi, arzusu, ümidi xəzələ
qarışıb itən, yenə də görünməz
olan obraz... Bu obrazlar nə qədər fərqli olsalar da, bir məqamda,
nöqtədə birləşirlər, ancaq... bunların
heç birinə bənzəməyən bir Bəxtiyar da var
ki, o, kor olduğu məqamda tükü-tükdən seçən
məqamdadır, sevgi şeirlərində, eşqə dair
yazdıqlarında...
Gül
kol imiş, sol sağ imiş
Haqq - gerçəyi danmaq imiş.
Xoşbəxtlik
aldanmaq imiş
Mən aldanmaq istəyirəm.
... Bəzi
poetik mətnlər, şeirlər var canın
sıxılmağından, uzun illər ərzində ruhun
çəkdiyi iztirabdan doğur, ifadə olunur, özü
özünü tamamlayır, xilas edir, qurulur və yerdə
qalan mətnlərə qoşulub unudulur, bəlkə də
dincə qoyulur, bir də yenə uzun illər keçdikdən
sonra kimin o şəkildə canı ağrıyarsa, ruhu eynən
o cür əzab içində olarsa, yada düşür, yara
kimi... Amma başqa, tam fərqli şeirlər də var, kadr
arxasından gələn, o məsafədən müəllifin
tutub gətirdiyi çox nadir incilər kimi, dünyada nə
baş versə o yada düşər, kim ayrılsa onun
yanında olar, amma istəsə özü-özünü
unutdurar, canın ağrımasına, ruhun əzab içində
olmasına baxmaz, onlarla başlasa da, onlarla bitməz, onun
obrazı görünsə də, ələ gəlməz, onu
yazan adamın rəsmini heç bir nəqqaş çəkə
bilməz, çünki qələm sınar, qələmin
sınması da şeir olar, bu mətnlər bitib-tükənmir,
yazılmır, ancaq duyulur və yaddan çıxır...
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2019.- 28 sentyabr.- S.17.